Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9493/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(008)-561/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 518000 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, 210 manat məbləğində ödənilmiş vəkilin hüquqiq xidmət haqqının, cəmi 518240 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin əvvəlində tanışı Cavabdeh ona müraciət edərək kiçik sahibkarlıq fəaliyyəti məşğul olmaq məqsədilə ilkin olaraq 100000 manat pul almış, daha sonra biznesi genişləndirmək və daha çox gəlir əldə etmək üçün 2014-cü ilin yanvar ayından dekabr ayının 25-dək ümumilikdə ondan 518000 manat pul almış və həmin pulları 4 il müddətinə qaytaracağına dair yazılı iltizam vermişdir. Lakin 4 il ərzində Cavabdeh verdiyi pullardan nə gəlir vermiş, nə də ki əsas pulu ona qaytarmışdır. Bununla bağlı cavabdeh barəsində müvafiq şikayət ərizəsi ilə Azərbaycan Respublikası DİN-ə müraciət etmiş və müraciətinə həmin qurumun BMCMİ-i tərəfindən baxılmışdır. BMCMİ-nin ona ünvanladığı 24.03.2020-ci il tarixli ********* saylı məktubunda müraciətində göstərilən məsələnin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(008)-561/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 400000 manat məbləğində borc və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(008)-561/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı əlyazma olan qəbzə istinad etmişdir. Lakin polisdə araşdırmanın nəticəsi ilə qəbz arasında fərq vardır. Məhkəmə həmin fərqi araşdırmamışdır. Bundan əlavə məhkəmə AR DİN Baş MCMİ-dən bütün sənədləri tələb etməmiş, iddianı əsassız olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatlarında əlavə olaraq qeyd etmişlər ki, cavabdehin iddiaçının xalası oğlu ilə iş birliyi olmuş, xalası oğlunun iddiaçıya borcu olmuşdur. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Cavabdeh qəbzi hədə-qorxu altında yazmışdır. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəməyə gəlməmiş, vəkili məhkəməyə teleqram göndərərək, üzürlü səbəbdən işin baxılmasının təxirə salınmasını xahiş etmiş, üzürlü səbəbin nədən ibarət olması barədə teleqramda heç bir məlumat göstərməməklə, bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(008)-561/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh ondan biznes məqsədi üçün 400000 manat məbləğində pul almış, pulu və qazancın 50%-ni qaytaracağına söz versə də, ümumilikdə 518000 manat pulu ona qaytarmamış, pulun qaytarılması barədə qəbz versə də, pulu qaytarmamışdır. Cavabdeh həmin qəbzi o, polsə müraciət etməzdən əvvəl ona vermişdir. O, pulun qaytarılmadığını gördükdən sonra polisə müraciət etmişdir. Cavabdehə heç bir hədə-qorxu halı olmamışdır. Cavabdehin gül dükanı olmuş, digər bizneslə məşğul olmuşdur. Cavabdeh qardaşlarının Rusiya Federasiyasında biznesinin olduğunu bildirmişdir. O, cavabdehin işini görüb, qardaşlarının biznesinə inanıb, həmin pulları ona vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 518000 manat məbləğində pulu 25.12.2014-cü il tarixdə 4 (dörd) il müddətinə qaytarmaq şərtilə almışdır və bu faktı öz imzası ilə təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 20.11.2020-ci il tarixli 007-12515-1220 saylı məktubundan görünür ki, İddiaçı 2014-cü ilin yaz aylarından 2019-cu ilin aprel ayına qədər olan müddət ərzində Cavabdeh birgə ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə hissə-hissə olmaqla 400000 min manat pul vermiş, Cavabdeh pulu və əldə olunacaq qazancın 50% qaytaracağını vəd etsə də, sonrakı müddətdə verdiyi vədi yerinə yetirmədiyi üçün İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmiş və bu barədə İddiaçı cavab verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Sülki Məcəlləsinin 21, 385.1, 442, 445.2, 448.1, 448.2-ci maddələrinə istinad edərək, iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. AR DİN MCMİ-dən alınmış sənədlərdən görünür ki, mülki iş materiallarında cavabdeh tərəfindən pulun qaytarılmaması ilə bağlı yazılmış qəbz, MCMİ-də yox, polisə müraciət etməzdən əvvəl cavabdeh tərəfindən yazılmışdır. Həmin materiallarda olan cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, cavabdeh həqiqətən iddiaçının xalası oğlu ilə ticarətlə- təsərrüfat malları və gül-çiçəklərin satışı ilə məşğul olmuşdur. İddiaçının onların ticarətinə sərmayə qoyuluşu olmuş, əldə olunmuş gəlirdən iddiaçıya pullar verilmişdir. Cavabdeh bildirir ki, iddiaçının şikayət etməməsi üçün həmin qəbzi yazmışdır. Cavabdeh Rusiya Federasiyasında yaşayan bizneslə məşğul olan qardaşı X2 məxsus Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən həyətyanı sahəsi olan evini satıb pulları qaytaracağını vət vermişdir. Bir neçə dəfə iddiaçıdan borc götürüb qaytarmışdır. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflər arasında ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iş birliyi olmuş, iddiaçı 2014-cü ildə birgə ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə hissə-hissə olmaqla 400.000 manat məbləğində pulu cavabdehə vermiş, həmin pulu və əldə edilmiş qazancdan da olmaqla, cəmi 518000 manat pulu cavabdeh 4 il müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, iddiaçı pul qaytarılmadığı üçün, polisə müraciət etmişdir. Cavabdeh tərəfin qeyd etdiyi qəbzdə yazılan 518000 manat məbləğində pulla, AR DİN MTMİ-dən alınmış materialda qeyd olunmuş 400000 manat arasında olan fərqə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının verdiyi izahat və MCMİ-dən alınmış materialdan görünür ki, biznesə yatırım 400000 manat olmaqla, qalan məbləğ əldə olunacaq gəlirdən verilməsi nəzərdə tutulmuş pul məbləği olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, 400000 manatın tutulması qənaətinə gəlmiş, cavabdeh apellyasiya şikayəti versə də, iddiaçı qətnamədən apellyasiya şikayəti etməmişdir. Kollegiya həmçinin apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə 518000 manat məbləğində pulun alınmasına dair qəbzin hədə-qorxu altında yazılması ilə əlaqədar cavabdehin etirazına münasibət bildirib qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldrılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh qeyd olunan qəbzi hədə-qorxu altında yazmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(008)- 561/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9493/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9493/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver