Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9519/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X6 etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2774/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X6 direktoru X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X4rşı “pozulmuş hüquqlarının bərpası, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X5 08 may 2021-ci il tarixli SOCAR**********0007002B00573 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, SOCAR-ın Heydər Əliyev adına X7 1991-ci ildən müxtəlif vəzifələrdə işləmişdir. 2015-ci ildən isə 12 noyabr 2015-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən zavodun əmtəə benzinlərinin hazırlanması üzrə 7 saylı istehsalatın 4 saylı əmtəə parkında 04-cü dərəcə üzrə əmtəə operatoru vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində üzərinə düşən vəzifələri layiqincə icra edilməsinə çalışmış, işə vicdanlı münasibətinə görə əmək kollektivinin hörmətini qazanmış, işlədiyi müddət ərzində heç bir irad, töhmət və digər intizam tənbehinə məruz qalmamışdır. Bütün bunlara baxmayaraq, cavabdeh zavodun rəhdərliyi əsassız olaraq ona təzyiqlər göstərir, onu yaş həddinə görə işdən çıxmaq barədə ərizə yazmağa məcbur edir və bunu müxtəlif əsassız bəhanələrlə əlaqələndirir. O, zavodun rəhbərliyinə müraciət edərək işdə saxlanmağı üçün yeniyetmə qızını, cavan ərini itirdiyini, 90 yaşında psixi cəhətdən xəstə anasına baxdığını nəzərə almaqlarını, işləmək istədiyini bildirmişdir. Zavodun rəhbərliyi ona ünvanladığı 31 mart 2021-ci il tarixli məktubda göstərmişdir ki, zavodun fəaliyyətinin optimallaşdırılması istiqamətində işçilərin təlim və qiyəmtələndirmələrinin təşkili və yeni təşkilati struktura yerləşdirilmələri nəzərdə tutulduğundan təqaüd yaşı tamam olan işçilərin öncədən xəbərdar edilməklə əmək müqavilələrinə xitam verilir. Belə ki, zavodun insan resursları şöbəsi sex rəisinə göndərdiyi məktubunda göstərir ki, İddiaçı təqaüd yaşına çatıb, onunla bağlanan əmək müqaviləsinə 1 ay müddətinə xitam verilməlidir, müddətin başa çatmasına 4 təqvim günü qaldığını nəzərə alaraq Gülnarənin 07 may 2021-ci il tarixində işdənçıxma ilə bağlı ərizə ilə işəgötürənə müraciət etməsini təmin edilməsi xahiş olunub. 08 may 2021-ci il tarixdə gecə növbəsindən çıxandan sonra kadrlar şöbəsindən ona zəng edib bildirdilər ki, sən işdən çıxmısan. O, bu təzyiqlər qarşısında əsəb və iztirablar keçirdərək səhhətində yaranan problemlərlə bağlı ambulator müalicə almağa məcbur olmuşdur. Hazırda da, müalicəsi davam edir. Cavabdeh xəstəlik bülletenində olduğu vaxt onun işdən azad olunması barədə 08 may 2021-ci il tarixli SOCAR**********0007002B00573 saylı əmrlə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə tutduğu vəzifədən azad edilməklə əmək müqaviləsinə xitam verib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2774/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə SOCAR-ın Heydər Əliyev adına X6 08 may 2021-ci il tarixli SOCAR**********0007002B00573 saylı əmrinin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X6 direktoru X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakılara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2774/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. G.X3 adına X7 növbəli iş qrafikində işləmiş, 07.05.2021-ci il tarixdə saat 20:00 da iş növbəsini qəbul etmiş və 08.05.2021-ci il tarixdə saat 08:00 da iş növbəsini təhvil vermişdir. Buna dair iş jurnalında müvafiq təhvil -təslim apararaq imzaları ilə təsdiq etmişlər. Eləcədə İddiaçı məhkəmədə də iş gününü tam olaraq gəlib işləmiş olduğunu və sonradan işdən azad olunması barədə məlumatı öyrəndikdən sonra gedib xəstəlik vərəqini açdırdığını etiraf etmişdir. Azərbaycan Respublikası Sahiyyə Nazirinin 11.05.2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı və saxlanması haqqında təlimata və əmək qabiliyyəti olmamaq vərəqələrinin doldurulması qaydaları”na görə - Əmək qabiliyyəti olmamaq vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. İddiaçı tərəfindən edilmiş etirafa eləcədə təqdim olunmuş sənədlərə əsasən məlum olur ki, əmək qabiliyyətinin olmamaq vərəqəsi işçi tərəfindən əmək müqaviləsi üzrə müəyyən olunmuş funksiyalarının icrasını bitirdikdən, iş yerini tərk edib getdikdən sonra qəsdən açılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 8 yanvar tarixli 9 nömrəli qərarına 2 nömrəli əlavəsinə əsasən işdən azad olanlara xəstəlik vərəqələri verilmir. İddiaçı əmək qabiliyyətində olmamasına dair Heydər Əliyev adına X8 heç bir sənəd təqdim etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2774/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X6 (SOCAR) etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2774/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X6 direktoru Bəxtiyar Məmmədov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2774/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X6 direktoru Bəxtiyar Məmmədov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X9 ilə İddiaçı arasında bağlanmış 870 saylı, 12 noyabr 2015-ci il tarixli əmək müqaviləsinin kserosurətindən görünür ki, İddiaçı zavodun əmtəə benzinlərinin hazırlanması üzrə 7 saylı istehsalatın 4 saylı əmtəə parkında 04-cü dərəcə üzrə əmtəə operatoru vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 3 həftəlik sınaq müddəti ilə 1 il müddətinə bağlanmışdır.(İ.vər. 21 - 23) İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X6 SOCAR**********0007002B00573 saylı, 08 may 2021-ci il tarixli əmrinin surətindən görünür ki, Heydər Əliyev adına X6 əmtəə benzinlərinin hazırlanması üzrə 7 N-li istehsalatın 4 N-li əmtəə parkının əmtəə operatoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə xitam verilmişdir.(İ.vər. 3) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 28 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş Seriya SN 00007 11282 saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, İddiaçı 08 may 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti olaraq itirmişdir.(İ.vər. 24) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən: 1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X6 direktoru Bəxtiyar Məmmədovun apelyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi işin hallarını və qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, işəgötürən Heydər Əliyev adına X9 əmək qanunvericiliyinin (ƏM 79-cu mad. 1-ci hiss.) imperativ normasına əməl etmədən 08 may 2021-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuz olduğundan ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına X6 direktoru X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2774/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9519/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9519/2021
02.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver