Məhkəmə qərarları › İş №2(103)-952/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-952/2020

15.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-952/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X8, cavabdehin vəkili X9, cavabdehin nümayəndələri X10 və X12, 3-cü şəxs Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına (3-cü şəxslər: Cavabdeh2 və “xxxxxxxxxxx” MMC) qarşı “mənzilə aid hüquqi sənədlərin verilməsi öhdəliyinin yerinə yetirilməsi, mənzilin verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında “xxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış yeni 5 saylı tikilinin, 5-ci mərtəbədə 27 saylı mənzilin ilkin hüquqi sənədlərin (protokoldan çıxarış qərarın) ona verilməsi öhdəliyinin yerinə yetirilməsinin AMEA-nın (AMEA mənzillərin bölüşdürülməsi komissiyasının) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)- 10555/2017 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 və “xxxxxxxxxxx” MMC üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 2 ünvanında “xxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış 5 saylı blok, 5-ci mərtəbə, 27 saylı mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi” məzmununda əlavə təqdim edilərək nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixdə püşkatma iclasına dəvət edilmiş, həmin iclasda AMEA üzrə mənzillərin bölüşdürmə komissiyasının üzvləri də iştirak etmiş, püşkatma prosesində 5 saylı tikilidə, 5-ci mərtəbədə, 27 saylı mənzil ona, yəni İddiaçı düşmüşdür. Həmin iclasda şəkil də çəkilmiş, başqa iştirakçılarla birlikdə mənzil verilməsi prosesində iştirak etmişlər. Həmçinin, komissiya üzvləri adından Sərdar Əliyev elan etmişdir ki, burda püşklə mənzillərin nömrələri artıq müəyyən edilmiş iştirakçılara çıxarış protokol təqdim ediləcəkdir. Bunun təsdiqi olaraq iş materiallarında xx xxxx 2017-ci il tarixdə AMEA-nın 54 əməkdaşına mənzil verilməsi haqqında məlumat da saytlarda və mətbu orqanlarda səlahiyyətli nümayəndə Sərdar Əliyevin məlumatı əsasında verilmişdir. Bundan başqa məhkəmə iclasında şahidlər də ifadə verərək, təsdiq etmişlər ki, AMEA əməkdaşlarına, o cümlədən İddiaçı məhz 5 saylı bina tikintisi üzrə 27 saylı mənzil püşkatma nəticəsində verilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfdən iştirak edən Sərdar Əliyev həqiqətən də xx xxxx 2017-ci il tarixdə AMEA əməkdaşlarının mənzil almaq hüququ olan və dəqiqləşdirilmiş siyahı üzrə 54 əməkdaşının iştirakı ilə onların dəvəti ilə püşk atma iclası keçirilmiş və müvafiq yazılı sənəd də tərtib edilmişdir. Belə ki, bu yazılı siyahıda İddiaçı da şəxsən 5 saylı bina üzrə, 27 saylı mənzilin verilməsi qrafasında şəxsi imzasını qoymuşdur. Məhkəmədə iştirak edən Mənzil Bölgü Komissiyasının üzvü, AMEA-da İşlər İdarəsinin katibi Sərdar Əliyev məhkəmə baxışında həm sərbəst ifadəsində, həm də məhkəmə tərəfindən verilən sualara cavabında bildirmişdir ki, həqiqətən püşkatma iclası mənzilin nömrəsinin və mərtəbəsinin müəyyən edilməsi üçün keçirilmişdir. Eyni zamanda İddiaçı da həmin iclasda iştirak etdiyini, 5-ci bina 27 saylı mənzilin İddiaçı püşkatmada düşdüyü onun tərəfindən etiraf edilmişdir. Lakin məhkəmə qətnaməsində Sərdar Əliyevin ifadələrində qanunla etiraf sayılan bu mövqenin göstərilməməsi işin obyektiv həllinin, obyektiv nəticənin əldə edilməsinin pozulması ilə nəticələnmişdir. Mənzil bölgü komissiyasının həm üzvü, həm də İşlər İdarəsinin məsul işçisi olan Sərdar Əliyev bu etirafedici ifadələrini məhkəmənin açıq iclasında iştirak edən şahidlərin və tərəflərin aşkar etdiyi və olduğu iclasda söyləmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10248/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10248/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-2375/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8397/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, ünvan 3 12 ünvanında “xxxxxxxxxxx” MMC tərəfindən inşa edilmiş binalardan Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına ayrılmış yeni 5 saylı tikilinin, 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzilin ilkin hüquqi sənədlərinin (protokoldan çıxarış qərarı) İddiaçı verilməsi öhdəliyinin yerinə yetirilməsinin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (mənzillərin Bölüşdürülməsi Komissiyasının) üzərinə qoyulması və həmin mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 7213/19 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-8397/19 saylı qətnaməsi ləğv edilmiş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildir ki, 2002-ci ilin 28 yanvarında İqtisadiyyat Universitetinə müraciət etmişdir. Onu öz yataqxanalarında yerləşdirə bilməmişlər. Sonra onu AMEA-ya rəsmi məktubla göndərmişlər. Məhkəmə iclasında iddiaçının vəkili X8 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Kəmalə xanımın işləməsi və yataqxanada qalması ilə bağlı mübahisə qalxmışdı. Müqavilə əsasında işə 2013-cü ildə daxil olmuşdur. 2003-cü ildə yataqxanaya gəlməsi Dövlət İqtisadiyyat Universitetinin məktubu əsasında olmuşdur. Çünki orada laborant işləmişdir. Orderin 2-ci qrafasında AMEA-nın İqtisadiyyat Universitetinin laborantı kimi yazılmışdır. Onu orada ona görə yerləşdirməyiblər ki, o AMEA-nın işçisidir. O, məktub əsasında orada yerləşdirilmişdir. İndi saxtakarlıqda ittiham etmələri tamamilə əsassızdır. 2013-cü ildən İqtisadiyyat İnstitutunda işə başlamışdır. Özü də elmlər namizədidir. İndi də İqtisadiyyat Universitetində işləyir. Lakin AMEA-nın İqtisadiyyat İnstitutundan çıxarılıb. Məktubda da işçilər və sakinlər üçün evin verilməsi qeyd olunmuşdur. Mərhum prezidentin məktubunda qeyd olunurdu ki, ya başqa mənzil verilsin, ya da yaşadıqları mənzil özəlləşdirilsin. İndi deyilənlər sonradan çıxarılıb. Protokolla 65 kv.m mənzillərin verilməsi müəyyən edilmişdir. Həmin protokolun arxasında da siyahı olur. AMEA-nın Evrostroyla bağladığı müqavilənin 1-ci bəndində əməkdaşlar və sakinlər üçün tikintinin aparılması qeyd olunmuşdur. Bu status belə müəyyən olunmuşdur. Püşkatma ilə bağlı isə ümumiyyətlə bu prosesin olması qanunvericilik aktlarında yoxdur. Lakin kooperativlərin əsasnamələrində var. Mənzil bölüşdürmə komissiyası işə başlayır. 2016-da komissiya işini başa çatdırır. Arayış hazırlanır. 33 səhifə qoşma olur. O qoşma siyahılardır. Həmin siyahıda 107 ailə yaşadığı qeyd olunur. Son nəticədə 54 şəxsin mənzil almaq hüququnun olduğu müəyyən edilmişdir. Onların içində Kəmalə xanım da var. Həmin siyahı AMEA-nın Rəyasət Heyətinin iclasına verilir. Protokola hamı qol çəkmişdi ki, 65 kv.m-lə razıdırlar. Müzakirədə mənzil komissiyasının arayışı qənaətbəxş hesab edilir. Orada yazılır ki, mənzillər verilsin. Sonra da komissiyanın fəaliyyətinə xitam verilsin. Püşkatma oradan başlayır. Tərəf qeyd edir ki, o təklifdir, püşkatma deyil. Camaatı çağırıblar ki, mənzillər paylanır. Məlumatda da dərc olunub ki, 54 şəxsə mənzil paylanıb. Sonra deyiblər ki, oktyabr ayında olan tədbirdə protokoldan çıxarış və açarlar veriləcək. Məhkəmə iclasında cavabdehin vəkili X9 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Prezidentə yataqxananın ya özəlləşməsi, ya da başqa mənzillə təmin olunması barədə müraciət olunmuşdu. Qərarda sakinlər sözünü ayırmaq lazım deyil. Birinci nə kvadrat, nə də mənzil sayı qeyd edilməmişdi. Araşdırma zamanı müəyyən olundu ki, əlavə qeydiyyata düşənlər var, qanunsuz yaşayanlar var. Ona görə komissiya yaradıldı. Qanunsuz yaşayanlardan biri də Kəmalə xanım olmuşdur. Elə şəxslər olub ki, hüququ ola-ola yataqxanada yaşamayıblar. Əvvəl onlar mənzillə təmin edilməli idi. Komissiya işə başlamış, sənədlər yenidən nəzərdən keçirilmişdir. Təkliflər ancaq püşkatma ilə mümkün idi. Hər mərtəbədə 6 mənzil var idi. 5 iki otaqlı, 1 bir otaqlı. Püşkatma səkkiz-səkkiz getmişdir. 5 qrup gəlmişdir. Hamıya püşkatma zamanı izah olunmuşdu ki, bu, mənzil təqdimetmə deyil, mənzil təklif olunmadır. Sonra komissiya qərar verəcək. Mənzili olmayanlar piket keçirmişlər. Ona görə də püşkatma ləğv olunmuş və yeni komissiya yaradılmışdır. Komissiyaya yeni şəxslər daxil edilmişdir. Yeni püşkatmada Ambudsman və mütəşəkkil cinayətkarlığın nümayəndəsi də iştirak etmişdir. Əgər xahiş olunubsa, yazardılar ki, İqtisadiyyat Universitetinin işçisidir. Təklifdə şəkil çəkilmişdir. 48 nəfər çağırılmış, sonra 1-ci mərtəbə də əlavə olunmuş və 54 nəfər olmuşdur. Onlar çağılranda mənzillər olmuşdur. Onlar bilirdilər ki, kimlərə nəyi təklif etməlidirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə digər 3-cü şəxs “xxxxxxxxxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, AMEA X11 tərəfindən həmin qurumun yataqxana və Mənzil Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 01 nömrəli protokoluna əsasən verilmiş xx.xx.2003-cü il tarixli 45 nömrəli orderlə AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi İddiaçı (ailə tərkibi 2 nəfər) AMEAnın ünvan 4 ünvanında yerləşən yataqxanasında yaşayış sahəsi 22,5 kv.m olan 21 “a” saylı mənzil ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “AMEA Aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2012-ci il tarixli 564 nömrəli Sərəncamına əsasən AMEA-nın xx.xx.2012ci il tarixli 06-10-280 saylı razılıq məktubu, “xxxxxxxxxxx” MMC-nin xx.xx.2012-ci il tarixli 01/07.12 saylı müraciəti və tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə nəzərə alınaraq, Yasamal rayonu, 571-ci məhəllə, A.M.Şərifzadə küçəsi 12 saylı ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. Sifarişçi AMEA ilə podratçı “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli podrat müqaviləsindən aydın olur ki, podratçı, ünvan 5 ünvanında AMEA-ya məxsus yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasının inşası üçün BŞİH-nin sərəncamı əsasında AMEA-ya məxsus 0.66 ha torpaq sahəsində 1 ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının layihə sənədlərinə və müqavilənin şərtlərinə uyğun olaraq tikintisini öz öhdəsinə götürmüş, müqavilənin 1.2-ci bəndində binanın layihə-smeta sənədlərinin hazırlanmasını və binanın tikintisini podratçının öz hesabına həyata keçirəcəyi, 1.3-cü bəndində AMEA-ya məxsus qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi üzərinə götürdüyü, 1.4-cü bəndində mənzillərin tikintisi başa çatdıqdan sonra BŞİH tərəfindən təsdiq olunmuş ayrıc aktı əsasında ayrılmış 0,66 ha torpaq sahəsinin və podratçının vəsaiti hesabına inşa olunmuş bütün tikinti sahələrinin müvafiq dövlət orqanlarında özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsinin sifarişçi tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, xx.xx.2012-ci il tarixli podrat müqaviləsində sifarişçiyə ayrılacaq mənzillərin sayı və girişin nömrəsi göstərilmədiyindən tərəflər arasında yaranmış anlaşılmazlıqların tənzimlənməsi məqsədilə müqavilənin ayrılmaz hissəsi hesab edilən podrat müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələr protokolu tərtib edilmiş, protokolun 1-ci bəndinə əsasən müqavilədə qeyd olunan ünvanda “xxxxxxxxxxx” MMC-nin vəsaiti hesabına tikilməkdə olan yaşayış kompleksində 5000 kv.m-in ödənişsiz əsaslarla AMEA-ya verilməsi, 2-ci bəndinə sasən AMEA-ya veriləcək mənzillərin yerləşdiyi mərtəbə, otaqların sayı, ümumi və yaşayış sahələri göstərilməklə təsdiq edilmiş siyahısının MMC tərəfindən AMEA-ya təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan və adı çəkilən yataqxanada yaşayan bir sıra şəxslərin tərtib etdikləri akta görə, AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, yataqxanada qeydiyyatda olan və yaşayan İddiaçı həqiqətən 54 AMEA əməkdaşı ilə birlikdə xx.xx.2017ci il tarixində AMEA ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanındakı yataqxananın ərazisindəki yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsində iştirak etmiş, ona püşkatma zamanı Şərifzadə ünvanındakı bir bloklu yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 99 kv.m sahəyə malik 27 saylı mənzil düşmüşdür. İddiaçı məhz sözügedən püşkatmanın nəticələrinə istinadla müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, həmin püşkatma nəticəsində onun ailəsinin payına düşmüş 27 saylı mənzilə aid sənədlərin ona verilməməsinin, habelə mənzilin digər şəxsə ayrılmasının qanunsuz olduğunu irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli qərarında mövqeyini belə əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin AMEA ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən xx.xx.2017-ci il tarixində mənzillərin bölüşdürülməsi ilə bağlı püşkatma keçirilməsi və bu püşkatma zamanı Şərifzadə ünvanındakı bir bloklu yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 99 kv.m sahəyə malik 27 saylı mənzilin İddiaçı payına düşməsinin işin mübahisəsiz halı olması və tərəflərin bunu mübahisələndirməməsi ilə bağlı qənaəti həqiqətə uyğun deyil. Belə ki, iş üzrə cavabdeh olan Azərbaycan Milli Elmlər Akademiyası istər birinci, istərsə də apelyasiya instansiyası məhkəməsində işə baxılarkən bu halı mübahisələndirmiş və bütün məhkəmə iclaslarında bildirmişdir ki, AMEA Rəyasət Heyətinin xx.xx.2017-ci il tarixli 8/21 saylı və xx.xx.2017-ci il tarixli 9/23 saylı qərarları ilə yaradılmış mənzillərin bölüşdürülməsi Komissiyasının mübahisəli mənzilin iddiaçının payına düşməsi ilə bağlı hər hansı qərarı olmamışdır. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Akademiyanın elmi işçilərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülməsinə hələ 2011-2012-ci illərdə başlanılmış, AMEA ilə “xxxxxxxxxxx” MMC arasında xx.xx.2012-ci il tarixli müqavilə məhz Akademiya əməkdaşlarını mənzillə təmin etmək məqsədilə bağlanmış və həmin vaxt İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının işçisi omamış, orada çalışmamışdır. İş materiallarından göründüyü kimi, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasında əmək fəaliyyətinə 2013-cü ildən başlamışdır və xx.xx.2003-cü ildə Bakı şəhəri, Şərifzadə küçəsindəki 12 saylı evin (yataqxananın) 21 “a” saylı mənzilinin onun istifadəsinə verilməsinə dair tərtib olunmuş 45 saylı orderdə İddiaçı Azərbaycan Milli Elmlər X1 işləməsi ilə bağlı göstərilənlər həqiqətə uyğun deyil. İddiaçı həmin vaxt Azərbaycan Milli Elmlər Akademiyasının deyil, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı olmuşdur. Halbuki, aspirantlar yataqxanasında köçüb yaşamaq hüququ verən xx.xx.2003cü il tarixli order İddiaçı məhz Akademiyanın elmi işçisi olduğu nəzərə alınaraq verilmişdir. Bu dəlillər apelyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh və 3-cü şəxs tərəfindən irəli sürülmüş olsa da, məhkəmə yaranan ziddiyyətə, həmin dəlilərə heç bir münasibət bildirməmiş, bununla bağlı hər hansı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar iddiaçının Azərbaycan Milli Elmlər X1 işləməsinin mübahisəsiz olduğu nəzərə alınmaqla çıxarılmışdı və yuxarıda göstərilənlər, yəni iddiaçının 2013-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasında deyil, Azərbaycan Dövlət İqtisad Universitetində işləməsi faktı həmin vaxt kassasiya qaydasında işə baxan məhkəməyə məlum deyildi. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmənin diqqətini o hala da cəlb edir ki, iddiaçının mübahisələndirdiyi Mənzil Komissiyanın xx xxxxxxxx 2017-ci il tarixli 3 №-li protokol qərarına əsasən Cavabdeh2 5 nəfərdən ibarət ailəsinə ayrılmış, həmin qərar Azərbaycan Milli Elmlər X3 xx.xx.2017-ci il tarixli 10/12 saylı qərarı ilə təsdiq edilmiş, mənzilə dair Cavabdeh2 ilə “xxxxxxxxxxx” MMC arasında müvafiq müqavilə bağlanmış və Cavabdeh2 mənzildə təmir işləri aparmaqla hazırda ailəsi ilə birlikdə orada yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mənzil qanunvericiliyinin tələbləri nəzərə alınmaqla mənzillərin ayrılması, uçotu və bölüşdürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulub-pozulmadığı bir daha ətraflı araşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası Ali Məhkəmənin mövqeyni nəzərə alaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Hansı ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, İddiaçı həmin yataqxanada otaq verilərkən o, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin işçisi olmuş, yalnız 2013-cü ildə AMEA İqtisadiyyat İnstitutunda işləməyə başlamışdır. İş materiallarında olan, Azərbaycan Milli Elmlər X6 xx xxx 2017-ci il tarixli 8/21 nömrəli və xx.xx.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının xx xxxxxxxx 2017-ci il tarixli 2 nömrəli protokolundan Çıxarış”dan görünür ki, mənzil qanunvericiliyinin tələblərinə əsasən AMEA-nın ünvan 2 ünvanında yerləşən aspirantlar yataqxanasında qeydiyyatda olan daimi və fasilələrlə yaşayan, mənzillə təmin edilməməsi qərara alınan sakinlərin siyahısında İddiaçı da adı qeyd olunmuşdur. AMEA Rəyasət Heyətinin xx xxx 2017-ci il tarixli 8/21 nömrəli və xx.xx.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının xx xxxxxxxx 2017-ci il tarixli 3 nömrəli protokolu”ndan görünür ki, AMEA Rəyasət Heyətinin xx xxx 2017-ci il tarixli 8/21 nömrəli və xx xxxx 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “AMEA ilə “xxxxxxxxxxx” MMC arasında AMEA-nın ünvan 2 ünvanında yerləşən Aspirantlar yataqxanasının ərazisində yeni yaşayış evlərinin tikintisi barədə bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqaviləyə uyğun olaraq, “xxxxxxxxxxx” MMC tərəfindən AMEA-ya ayrılmış mənzillərin mənzil qanunvericiliyinə uyğun olaraq AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan tam ştatla işləyən əməkdaşlarına bölüşdürülməsi qərara alınmışdır. AMEA Rəyasət Heyətinin AMEA-nın əməkdaşlarının mənzil təminatı haqqında xx xxxxxxxx 2017-ci tarixli 10/12 saylı qərarına əsasən “AMEA-nın xx xxx 2017-ci il tarixli, 8/21 nömrəli və xx xxxx 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyası”nın “xxxxxxxxxxx” MMC tərəfindən ayrılmış mənzillərin AMEA-nın Aspirantlar yataqxanasındakı qeydiyyatda olan, yaşayan və qeydiyyatda olub yaşamayan əməkdaşlarına bölüşdürülməsinə dair xx xxxxxxxx 2017-ci il tarixli 1 nömrəli və xx xxxxxxxx 2017-ci il tarixli 3 nömrəli protokolları təsdiq edilmişdir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, AMEA-nın Rəyasət Heyətinin xx.xx.2017-ci il tarixli 8/21 nömrəli və xx xxxx 2017-ci il tarixli 9/23 saylı qərarları ilə yaradılmış mənzillərin bölüşdürülməsi Komissiyasının xx.xx.2017-ci il tarixli iclasının qərarına əsasən Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən Aspirantlar yataqxanasında qeydiyyatda olan, daimi və fasilələrlə yaşayan, AMEA-nın elmi müəssisə və təşkilatlarında 0,5 ştat vahidi ilə işləyən sakinlərin (ailələrinin) mənzillə təmin edilməməsi qərara alınmış, adıçəkilən komissiyanın xx.xx.2017-ci il tarixli 3 nömrəli qərarına görə isə, “xxxxxxxxxxx” MMC tərəfindən AMEA-ya ayrılmış 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 99 kv.m olan 2 otaqlı, 27 nömrəli mənzil Cavabdeh2 5 nəfərdən ibarət ailəsinə ayrılmış, həmin qərar Azərbaycan Milli Elmlər X3 xx.xx.2017-ci il tarixli 10/12 saylı qərarı ilə təsdiq edilmiş və mənzilə dair Cavabdeh2 ilə “xxxxxxxxxxx” MMC arasında müvafiq müqavilə bağlanılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 36-cı bəndinə əsasən X5 mərkəzi aparatı və onun strukturuna daxil olan elmi müəssisə və təşkilatları, regional elmi bölmə və mərkəzləri, elmi, elmi xidmət, xidmət və sosial xidmət müəssisələri Akademiyanın vahid sistemini təşkil edir; 39-cu bəndinə əsasən Akademiyanın ali idarəetmə orqanı X4; 62-ci bəndinə görə isə, X7 Akademiyanın vəzifələrini və funksiyalarını həyata keçirən kollegial icra orqanıdır. Beləliklə, Akademiyanın vəzifələri və funksiyaları ilə bağlı qərar qəbul etmək səlahiyyəti Rəyasət Heyətinə məxsus olmaqla Rəyasət Heyətinə rəhbərliyi Akademiyanın prezidenti həyata keçirir; məhkəmə iclasında isə müəyyən edilmişdir ki, X5 müvafiq qərarı ilə AMEA-nın işçilərinə tikiləcək binadan mənzillərin ayrılması məsələlərin həll edilməsi ilə bağlı mənzillərin bölüşdürülməsi komissiyası yaradılmış, komissiya tərəfindən yataqxana sakinlərinin mənzillə təmin edilməsi üçün püşkatma keçirilsə də, həmin püşkatma ilə bağlı komissiya tərəfindən hər hansı qərar qəbul olunmamış və belə qərar X7 tərəfindən təsdiq edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd olunanları və iş materiallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar