Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9522/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4414/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 iyul 2020-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 17.11.2016-cı ildən Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsinin mühasibat uçotu sektorunun böyük məsləhətçisi vəsifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə vəzifə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirmiş, barəsində heç bir tənbeh tədbiri görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30.06.2020-ci il tarixli 1077 saylı Fərmanına əsasən Dövlət Sosial Müdafıə Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bazasında publik hüquqi şəxslər yaradılmışdır. Fərmanda qeyd olunmuşdur ki, bu Fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafıə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafıq olaraq, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafıə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Göründüyü kimi, ləğvetmə prosesi baş vermədiyi halda, ƏƏSMN-nin **********4 nömrəli əmrinə əsasən 28.07.2020-ci il tarixində əmək müqaviləsinə "xxxx" əsası ilə xitam verilmişdir. Müəssisənin ləğvi o halda mümkündür ki, həmin orqanın (və ya müəssisənin) vəzifə və hüquqları hüquq varisliyi qaydasında başqa quruma (orqan və ya müəssisəyə) keçməsin. Hazırki vəziyyətdə isə publik hüquqi şəxs bütün əmlakı, vəzifə və səlahiyyətləri ilə öz fəaliyyətini dəyişilməz qaydada davam etdirir. Dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsi ləğvetmə kimi qiymətləndirilə bilməz. Əks halda “yenidən təşkil (çevrilmə)” və “ləğvetmə” arasında nə terminoloji, nə də hüquqi fərq olardı. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mövcud vəziyyətdə ləğvetmə deyil, çevrilmə baş verdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməsi qanuni deyil, yolverilməz və absurddur. Belə ki, mövcud qanunvericiliyə görə çevrilmə şəklində yenidən təşkilin ləğetmə ilə heç bir hüquqi bağlılığı yoxdur. Hazırda fəaliyyət göstərən publik hüquqi şəxs dövlət orqanı statusunu itirdiyindən orada çalışan dövlət qulluqçuları da yalnız “dövlət qulluqçusu” statusunu itirmiş olur. Belə ki, bir qurumun (orqan və ya müəssisənin) təşkilati hüquqi forması və ya statusunun dəyişməsi orada çalışan işçinin statusuna təsir göstərə bilər, lakin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir birbaşa və ya dolayı əsas yoxdur. Dövlət orqanının ləğv edilməsi ilə əlaqədar heç bir hüquqi akt mövcud deyildir və təbii olaraq heç bir ləğvetmə prosesi həyata keçirilməmiş, ləğvetmə komissiyası yaradılmamışdır. DSMF çevrilmə şəklində qeydiyyatdan keçmişdir. Əmək Məcəlləsinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri pozulmuşdur. Görünən budur ki, Fond yalnız ona və bir neçə işçiyə münasibətdə ləğv olunub. Belə ki, qurum öz fəaliyyətini olduğu kimi, elə əvvəlki işçi heyəti ilə davam etdirir. Əgər hüquqi anlamda “ləğvetmə” həqiqətən mövcud olsaydı, bu, təbii olaraq bütün işçi heyətinə aid olardı, yalnız “seçilmişlər”ə deyil. Onu da qeyd etmək istəyir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl, Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət Sosial Müdafıə Fondunda struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağrılması barədə ərizə yazması və işdən azad olunması ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxması tələb edilmiş, əks təqdirdə ixtisar olunmaqla işdən azad ediləcəyi bidirilmişdir. Sosial məzuniyyətdə olduğu və az yaşlı övladına baxdığı üçün işə çıxmasının mümkunsuz olduğunu bildirmiş, buna baxmayaraq Nazirliyin kadrlar şöbəsinin bir neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazması üçün təzyiq göstərmişdirlər. Nəhayət Cavabdeh 28.07.2020-ci il tarixli **********4 saylı əmri ilə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Halbuki, 12.02.2019-cu il tarixdə qeydiyyata alınmış ərizəsinə əsasən ona övladının üç yaşına çatanadək sosial məzuniyyət veirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Nazirliyin 17.11.2016-cı il tarixli 09/11-1112 nömrəli əmri ilə müddətli müqavilə əsasında DSMF-nin Xətai Rayon Şöbəsinin mühasibat uçotu sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmiş və 28.07.2020-ci il tarixli **********4 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30.12.2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Həmin fərmanın 7-ci hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatınaalındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6- 1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi”nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti Fondun İdarə Heyətinə verilmişdir. Həmin Fərmanın 4.11.11-ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə Nazirlik özünün işə götürən səlahiyyətlərini itirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Qeyd edilən tapşırığın icrası ilə bağlı həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı ilə dəfələrlə əlaqə saxlanılaraq ərizə yazaraq yeni işə keçmə barədə məlumat verilmişdir. Həmçinin, bəhs edilən dövrdə İ.Xədicə ilə işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul olunma haqqında ərizələr yazmasından imtina etməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 22.07.2020-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı 23.07.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Nazirliyin Aparatının Dövlət qulluğu və Kadr məsələləri şöbəsindən onunla əlaqə saxlanılaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun struktur dəyişkliyi ilə bağlı ərizə yazaraq işə öz arzusu ilə qismən ödənişli sosial məzuniyyətdən geri qayıtmağı, öz arzusu ilə müqaviləsinə xitam verilməsi və yenidən ərizə yazaraq işə qəbul edilməsi barədə məlumatlandırıldığını göstərmişdir. İddiaçı qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiasına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində 1ci hissəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göründüyü kimi, iddaçının qismən ödənişli sosial məzuniyyətdə olması onun əmək müqaviləsinə ləğvlə əlaqədar xitam verilməsi qadağan edilməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4414/2020 saylı 02 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, 17.11.2016-cı ildən Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsinin mühasibat uçotu sektorunun böyük məsləhətçisi vəzifəsində çalışırdı. İşlədiyi müddətdə vəzifə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirərək barəsində heç bir intizam tənbeh tədbiri görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30.06.2020-ci il tarixli 1077 saylı Fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bazasında publik hüquqi şəxslər yaradılmışdır. Fərmanda qeyd olunmuşdur ki, bu Fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə, əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Göründüyü kimi, ləğvetmə prosesi baş vermədiyi halda, ƏƏSMN-nin **********4 nömrəli əmrinə əsasən, 28.07.2020-ci il tarixində əmək müqaviləsinə "xxxx" əsası ilə xitam verilmişdir. Müəssisənin ləğvi o halda mümkündür ki, həmin orqanın (və ya müəssisənin) vəzifə və hüquqları hüquq varisliyi qaydasında başqa quruma (orqan və ya müəssisəyə) keçməsin. Hazırki vəziyyətdə isə publik hüquqi şəxs bütün əmlakı, vəzifə və səlahiyyətləri ilə öz fəaliyyətini dəyişilməz qaydada davam etdirir. Dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsi ləğvetmə kimi qiymətləndirilə bilməz. Əks halda, “yenidən təşkil (çevrilmə)” və “ləğvetmə” arasında nə terminoloji, nə də hüquqi fərq olardı. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mövcud vəziyyətdə ləğvetmə deyil, çevrilmə baş verdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməsi qanuni deyil, yolverilməz və absurddur. Belə ki, mövcud qanunvericiliyə görə çevrilmə şəklində yenidən təşkilin ləğvetmə ilə heç bir hüquqi bağlılığı yoxdur. Hazırda fəaliyyət göstərən publik hüquqi şəxs dövlət orqanı statusunu itirdiyindən, orada çalışan dövlət qulluqçuları da yalnız “dövlət qulluqçusu” statusunu itirmiş olur. Belə ki, bir qurumun (orqan və ya müəssisənin) təşkilati hüquqi forması və ya statusunun dəyişməsi orada çalışan işçinin statusuna təsir göstərə bilər, lakin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir birbaşa və ya dolayı əsas yoxdur. Dövlət orqanının ləğv edilməsi ilə əlaqədar heç bir hüquqi akt mövcud deyildir və təbii olaraq heç bir ləğvetmə prosesi həyata keçirilməmiş, ləğvetmə komissiyası yaradılmamışdır. DSMF çevrilmə şəklində qeydiyyatdan keçmişdir. Əmək Məcəlləsinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri pozulmuşdur. Görünən budur ki, Fond yalnız ona və bir neçə işçiyə münasibətdə ləğv olunub. Belə ki, qurum öz fəaliyyətini olduğu kimi, elə əvvəlki işçi heyəti ilə davam etdirir. Əgər hüquqi anlamda “ləğvetmə” həqiqətən mövcud olsaydı, bu, təbii olaraq bütün işçi heyətinə aid olardı, yalnız “seçilmişlər”ə deyil. İddiaçı onu da qeyd edir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl, Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunda struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağrılması barədə ərizə yazmaq və işdən azad olunmaq ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxması tələb edilmiş, əks təqdirdə, ixtisar olunmaqla işdən azad ediləcəyi bidirilmişdir. Sosial məzuniyyətdə olduğu və az yaşlı övladına baxdığı üçün işə çıxmağının mümkünsüz olduğunu bildirməyinə baxmayaraq, Nazirliyin kadrlar şöbəsinin bir neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazmağı üçün təzyiq göstərmişdirlər. Nəhayət, Cavabdeh 28.07.2020-ci il tarixli **********4 saylı əmri ilə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən,iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Halbuki, 12.02.2019-cu il tarixdə qeydiyyata alınmış ərizəyə əsasən, ona övladının üç yaşına çatanadək sosial məzuniyyət veirilmişdir. Həmçinin, iddiaçı yeni publik hüquqi şəxsdə işlə təmin olunmağı barədə Nazirliyə ərizə ilə müraciət etsə belə, bu günə kimi ona heç bir cavab verilməmişdir. İddia tələbinə nəzər salındıqda görünür ki, iddiaçının 2 tələbi mövcuddur: 1. əmrin ləğv edilməsi, 2. işə bərpa. Məhkəmə qətnaməsində hakim 1-ci tələbi əsaslandırmağa çalışsa da, 2-ci tələbə ümumiyyətlə toxunmamış, həmin tələbi niyə təmin etməməsini əsaslandırmamışdır. Halbuki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı ilə dəfələrlə əlaqə saxlanılaraq ona ərizə yazaraq yeni işə keçmə barədə məlumat verilmişdir. Həmçinin, bəhs edilən dövrdə İ.Xədicə ilə işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul olunma haqqında ərizələr yazmasından imtina etməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 22.07.2020-ci il tarixli akt tərtib edilmişdir. Əslində isə, iddiaçı ilə Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunda struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağırılması barədə ərizə yazmaq və işdən azad olunmağı ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxmağı tələb edilmiş, əks təqdirdə, ixtisar olunmaqla işdən azad ediləcəyi bildirilmişdir. İddiaçının sosial məzuniyyətdə olduğu və az yaşlı övladına baxdığı üçün işə çıxmağının mümkünsüz olduğu bildirilmiş, buna baxmayaraq, Nazirliyin kadrlar şöbəsinin bir neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazmağı üçün təzyiq göstərmişdirlər. Maraqlısı odur ki, əgər həqiqətən cavabdehin məqsədi onu analıq məzuniyyətindən geri çağırıb işlə təmin etmək olmuşdursa, bəs niyə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edildikdən sonra, iddiaçı yeni yaradılmış müvafiq publik hüquqi şəxsdə işlə təmin edilməmişdir? Onun çevrilmə yolu publik hüquqi şəxsə çevrilən qurumda işlə təmin olunmamağı Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2020-ci il tarixli, 1077 saylı fərmanın da icra olunmaması deməkdir. Cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatından bəlli olur ki, guya, həqiqətən Nazirliyin məqsədi iddiaçını analıq məzuniyyətindən geri çağırıb onu yeni işlə təmin etmək üçün prosedur qaydalarına əməl etmək olmuşdur. Lakin iddiaçının gəlib müvafiq ərizələri yazmaq istəməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra ona yeni yaradılmış qurumda hər hansı bir iş təklif edilməmişdir. Cavabdehin nümayəndəsinin mövqeyindən görünür ki, iddiaçının əmrin ləğv edilməsi barədə tələbini qəbul etməsə də, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbinə etiraz etməmiş, onun yeni yaradılmış publik hüquqi şəxsdə işə götürülməsinin yolverilməzliyi ilə bağlı konkret bir dəlil gətirməmiş, bu hala ümumiyyətlə münasibət bildirməmiş, 1-ci instansiya məhkəməsi isə iddiaçının işə bərpa edilməsi barədə tələbini araşdırmamış, həmin tələbin niyə təmin edilə bilməməsini əsaslandırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1830/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(004)-4414/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli 2(103)-1830/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4671/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1830/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və kassasiya instansiya məhkəməsinin göstəriçlərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4414/2020 saylı 02 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30.12.2019-cu il tarixli 912 nömrəli Fərmanından müəyyən olunmuşdur ki, Fərmanın 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Fərmanın 2.1-ci bəndinə əsasən nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» 30.06.2020-ci il tarixli 1077 nömrəli Fərmanından müəyyən olunur ki, Fərmanın 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xətai Rayon Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22.07.2020-ci il tarixli aktın məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Nazirlikdə aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, İddiaçı şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Bu hal iş materiallarında olan İddiaçı tərəfindən 23.07.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubla da təsdiq olunur. İş materiallarında olan Cavabdeh 28.07.2020-ci il tarixli **********4 saylı əmrindən görünür ki, Nazirlilyın yanında Dövtət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Mühasibat uçotu sektorunda boyük məsləhətçi vəzifəsində müddətli müqavliə əsasında çalışan İddiaçı müəssisənin ləğvi i!ə əlaqadar olaraq Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla 17.11.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə 28.07.2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin “a” bəndinə əsasən, müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, ilkin olaraq qeyd edilir ki, əmrin 2-ci bəndində iddiaçının dövlət qulluğuna xitam verilməsi qeyd edilir. Lakin məhkəmələr işə mahiyyəti üzrə baxılmazdan əvvəl iddiaçı ilə işəgötürən arasında xidməti hüquq münasibətlərinin olub-olmaması aydınlaşdırmalı, belə münasibətlərin yaranması halında isə işin məhkəmə aidiyyəti ilə bağlı məsələni müzakirə etməli və məhz bundan sonra iddiaçının və cavabdehin etirazının dəlillərinin qiymətləndirilməsi təmin edilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı müzakirə aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan 28 iyul 2020-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin mühasibat uçotu sektorunda böyük məsləhətçi vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı müəssisənin ləğvi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və onunla 2016-cı il 17 noyabr tarixində bağlanmış əmək müqaviləsinə 2020-ci il 28 iyul tarixdə xitam verilmiş, müəssisənin ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdən çıxma müavinəti ödənilsin. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinin tələbi baxımında hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən cavabdeh qismində qoyulmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqandır və baxılan iş üzrə İddiaçı inzibati vəzifə tutması mübahisəsizdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 iyul 2020-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, İddiaçı inzibati vəzifə tutduğundan hazırki tələblə mübahisənin ümumi, yaxud inzibati məhkəmədə baxılması müəyyən edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, mübahisənin ümumi, yaxud inzibati məhkəməyə aid olmasını müzakirə etməmişdir. Kollegiya qeyd edir ki, qanunverici mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinin, mübahisənin predmetinin və ya hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını tələb edir. Fiziki şəxs olan iddiaçının dövlət qulluqçusu olması işdən çıxarılma barədə cavabdeh tərəfindən verilmiş əmrin 2-ci bəndindən aşkar görünür. Kollegiya hesab edir ki, iddiaçı dövlət qulluqçusu olmasa da, İddiaçı inzibati vəzifə tutması mübahisəsiz olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən bu halda iş üzrə icraata xitam verilməlidir. Həmin maddəyə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4414/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4414/2020 saylı 02 oktyabr 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9522/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9522/2021
20.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver