Məhkəmə qərarları › İş №2(103)-9529/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9529/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9529/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(008)- 5671/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 noyabr 2013-cü il tarixdə "xxxx" İKBnin 6 saylı filialı ilə Cavabdeh arasında 17-AZ-1-0-6145-13 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 16 % olmaqla 10400 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2013-cü il buraxılışlı, “RENAULT TONDAR” markalı, **-GB-***dövlət qeydiyyat nişanlı,NAPLSRALDD1206629 ban nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur.Verilmiş kreditin təminatı olaraq “RENAULT TONDAR” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişir. Həmçinin kreditin təminatı olaraq "xxxx" İKB-nin 6 saylı filialı ilə Cavabdeh və zamin İddiaçı MMC arasında 13noyabr 2013-cü il tarixli 17-AZ-1-0-6145-13 saylı zaminlik müqavilə bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürülmüş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcunundan silinməsinə dair razılıq verilmişdir. Nəticədə İddiaçı MMC tərəfindən X3 qeyd edilən Kredit Müqaviləsi üzrə Banka ödəməli olan borcundan 5658 manat məbləğində ödəniş etmişdir.Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. Müqavilənin 2.5.2-ci bəndinə əsasən müştərinin öz öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi haqqında Bankın xəbərdarığını aldıqdan sonra borcalanın Bank qarşısında öhdəliklərini tam və yaxud qismən yerinə yetirərək, tələb olunan məbləği Banka ödəyə bilər. Həmin müqavilənin 2.5.5-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə Kreditorun Borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 17-AZ-1-0-6145-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 5658 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2021-ci il tarixli, 2(008)- 5671/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 5658 manat və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5671/2019 saylı iş üzrə 19.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Sabunçu rayon Məhkəməsinin 19.09.2019-cu il tarixli Qətnaməsi əsassızdır. Belə ki, o, 23.01.2015-ci il tarixdən 22.01.2021-ci ilədək həbsxanada olmuşdur. Həmin müddət ərzində qeyd olunan mübahisəli "RENAULT TONDAR” makalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə "Nikoyl” İKB ASC tərəfindən əl qoyulmuş, avtomobil məndən alınaraq "Nikoyl” İKB ASCnin dayanacağına yerləşdirilmişdir, hal-hazırda da həmin dayanacağdadır. Həmin avtomobil ondan alınmışdırsa hansı 10400 manatdan və "xxxx" MMC tərəfindən zaminliklə onun üçün ödənmiş 5658 manatdan söhbət gedə bilər? Bir daha qeyd edir ki, o, 23.01.2015-ci il tarixdən 22.01.2021-ci il tarixədək həbsxanada olmuş, “RENAULT TONDAR” makalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil bank tərəfindən əlindən alınmışdır. Onda olmayan "xxxx" İKB ASC tərəfindən əlindən alınmış avtomobilə görə, zaminlik müqaviləsinə əsasən 5658 manat pulu ödəmək fikrincə heç bir qanuna sığmaz. Buna maddi imkanı da yol vermədiyini qeyd etmişdir. Heç bir yerdə işləmir. Həbsxanada yatmağı onun işlə təmin olunmağının qarşısını alır. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh və apellyasiya baxışı zamanı məhkəmə icraatına cəlb olunmuş müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Yelo Bank” ("xxxx" İKB ASC) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işdə olan 13 noyabr 2013-cü il tarixdə "xxxx" İKB-nin 6 saylı filialı ilə X5 arasında 17-AZ-1-0-6145-13 saylı kredit müqaviləsindən görünür ki, borcluya 48 ay müddətinə, illik 16 % olmaqla 10.400,0 manat məbləğində kredit verilmişdir. Həmçinin kreditin təminatı olaraq "xxxx" İKB-nin 6 saylı filialı ilə Cavabdeh və zamin İddiaçı MMC arasında 13 noyabr 2013-cü il tarixli 17-AZ-1-06145-13 saylı zaminlik müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş odəniş tapşırıqlarından görünür ki, X3 "xxxx" İKB-qə olan 5658 manat məbləğində borcu İddiaçı MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş 18.09.2019-cu il tarixli arayışda göstərilir ki, X3 İddiaçı MMC-yə 5658 manat məbləğində borcu vardır. Apellyasiya baxışı zamanı 13 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə ünvanlanmış sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi 29 oktyabr 2021-ci il tarixli, 016-********** saylı cavab olaraq bildirmişdir ki, Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə sorğu etdiyiniz “RENAULT TONDAR” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.11.2013-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi. B.Bağırov küçəsi döngə 4, ev 23 ünvada qeydiyyatda olan xx.xx.1991ci il təvəllüdlü Cavabdeh adına qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəlləsinin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 509.3-ci maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. İşin hallarından və ödəniş sənədlərindən görünür ki, "xxxx" İKB-yə ödənilməli olan kredit borcu İddiaçı MMC tərəfindən ödənilməklə icra edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının reqres qaydasında pul tələbi əsaslıdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh 5658 manat və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrə əsaslanmışdır. Belə ki, “RENAULT TONDAR” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.11.2013-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi. B.Bağırov küçəsi döngə 4, ev 23 ünvada qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh adına qeydiyyatdadır. Həmçinin nəqliyyat vasitəsinin Banka təhvil verilməsini təsdiq edəcək akt, hər hansı sübut iş materiallarında mövcud deyildir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(008)- 5671/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar