Məhkəmə qərarları › İş №2(103)-9537/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9537/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9537/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(007)-2756/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvan 1 ünvanındakı mənzil onun mərhum həyat yoldaşı Fətiyev Şamidən onun sahibliyinə keçmişdir və o, halhazırda həmin mənzildə yaşayır. Qeyd etmək istəyir ki, 29 iyul 2002-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bu mənzil üzərində sərəncam vermək, özgəninkiləşdirmək və digər hüquqlara malikdir. Təqdim olunan sənədlərdən göründüyü kimi, kifayət qədər yaşlı insandır. Ona məxsus olan mənzildə isə qeydiyyatda olan insanların bir qismi onun bu mənzil üzərində olan hüquqlarının həyata keçirilməsinə maneçilik törədən adamlardır. Gələcəkdə bu şəxslərin onun öz hüquqlarını müstəqil həyata keçrməyinə maneçilik törətməmələri üçün onların ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Bu məqsədlə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər xx xxxxx 1976-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh3 onun mülkiyyətində olan ünvan 2 ünvanında olan mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(007)-2756/2021 nömrəli qətnaməsi ilə İddiaçı “cavabdehlər xx xxxxx 1976-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh3 onun mülkiyyətində olan ünvan 2 ünvanında olan mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2756/2021 saylı iş üzrə 12.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən hallarla məhkəmə prosesində baş verən real hallar tam birbirininəksini təşkil edir. Birinci məhkəmə prosesində hakim bildirmiş ki, bu mənzil üzərində onun mülkiyyət hüququq vardır. Cünki, mənzil həyat yoldaşından mülkiyyətçi olaraq ona qalmışdır. Bundan əlavə X8 özü bu məzildə qeydiyyatda deyildir, öz evlərində qeydiyyatdadır. Əlavə olaraq onuda qeyd edir ki, həqiqətən də bu ev üzrə də onun, X3 və X5 pay hüququ vardır. Yamən Fətiyevin ailə üzvlərinin bu mənzildə qeydiyyatda qalması o halda mümkün olardı ki, onlar iki nəfərin, yəni Maya Fətiyevanın və iddiaçının razılığı olsun. İddiaçının Yamən Fətiyevin bu mənzildə pay hüququnun mənzilin hansı hissəsinə malik olmaqda qeyri-müəyyəndir. X11 1/3 hissədə payı olması o deməkdir ki, mənzil satılarkən əldə edilən məbləğin hissəsi ona çatacaqdır. Burada məsələ pay hesabının paylanmasından gedir. Şikayətinin əvvəlində qeyd etdiyi kimi işə baxan hakim cavabdeh tərəfin məhkəməyə gəlməməsindən asılı olmayaraq işin onun xeyrinə həll olunacağı ehtimalının daha çox olduğunu bildirsə də, sonda əks mövqe tutaraq onun əleyhinə qərar qəbul etmişdir. Qeyd edir ki, sözügedən mənzilin satılması üzrədir və satışdan əldə olunan məbləğdə Yamən Fətiyevin həmin mənzildə qeydiyyatda olan ailə üzvlərinin orada heç bir müstəsna hüquqları yoxdur. Yamən Fətiyevin 1/3 pay hüququ isə onun həmin mənzil üzərində mülkiyyətçi olması demək deyildir. Qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.Əlavə olaraq bildirmişlər ki, iddiaçı Cavabdeh1 qaynanası, digər cavabdeh Yamən Fətiyevin anasıdır, həmçinin 3-cü şəxs isə birinci cavabdehin baldızı, digər cavabdeh Yamən Fətiyevin isə bacısıdır.Cavabdehlər Yamən və Kifayət Fətiyevlər rəsmi nikahda olmaqla ailəlidirlər, digər cavabdehlər isə onların övladlarıdırlar.Yamən Fətiyev də iddiaçı kimi mübahisəli mənzildə paylı mülkiyyətçidir qeyd edilən ailə üzvləri ilə öz mülkiyyətində olan və faktiki onun istifadəsində olan yaşayış sahəsində yaşayırlar.Lakin iddiaçı və 3-cü şəxs onları tez-tez narahat etdiklərindən məcbur olub müvəqqəti kirayə mənzil də tuturlar. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadə olan 0,1215 ha torpaq sahəsində yerləşən 50 nömrəli, 5 mərtəbəli binada, 82,8 kv.m ümumi, 61,9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 40 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı ⅓ hissə, X4 ⅓ hissə, X3 ⅓ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 904 nömrəli reyestr kitabının 84040 nömrəli vərəqində 14 fevral 2009-cu il tarixdə qeydiyyata alınmışdır; İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, 30.04.1964-cü il təvəllüdlü X9, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3 və 06.05.1966-cı il təvəllüdlü X10 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 50 saylı evin 40 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ⅓ hissə İddiaçı, ⅓ hissə X6 və ⅓ hissə X7 məxsus olmaqla onların mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan mənzildə xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, 30.04.1964-cü il təvəllüdlü X9, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh3 və 06.05.1966-cı il təvəllüdlü X10 qeydiyyatdadırlar. Hazırda iddiaçı, həmin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir.Halbuki, Yamən Fətiyev də iddiaçı kimi mübahisəli mənzildə paylı mülkiyyətçidir və qeyd edilən ailə üzvləri ilə öz mülkiyyətində olan və faktiki onun istifadəsində olan yaşayış sahəsində yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 50 saylı evin 40 saylı mənzili paylı mülkiyyət hüququ üzrə hər birinə ⅓ hissədə pay müəyyən edilməklə, müvafiq olaraq hazırkı iş üzrə İddiaçı, X9 və X4 mülkiyyətindədir. İddiaçı tərəfindən cəlb edilmiş hər üç cavabdeh isə, qeyd olunan mənzilə ⅓ hissədə payı müəyyən edilmiş X4 ailə üzvləridir. Belə ki, iş materiallarından da görünür ki, cavabdehlərdən- Cavabdeh1 X4 arvadı, Cavabdeh2 və Cavabdeh3 isə onun uşaqlarıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 50 saylı evin 40 saylı mənzilinin ⅓ hissədə paylı mülkiyyətçisi olan X4 ailə üzvlərinin (arvadı və iki uşağı) qeyd olunan mənzildə qeydiyyatda olmaları, o cümlədən qanunvericiliyin yuxarıda sadalanan tələbi baxımından onların həmin yaşayış sahəsindən istifadə hüquqlarının yaranması tam qanuni və əsaslıdır və sözügedən mənzilə ⅓ hissədə payı müəyyən edilmiş İddiaçı yalnız formal mülahizələri əsasında həmin cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla da, müəyyən olunmuşdur ki, İddiaçı iddia tələbində göstərdiklərinin ümumilikdə hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbləri ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə kollegiyası hesab edir ki, əsassız olan iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “cavabdehlər xx xxxxx 1976-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1999-cu il təvəllüdlü Cavabdeh3 onun mülkiyyətində olan ünvan 2 ünvanında olan mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzdündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(007)-2756/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova Hakimlər: Məmməd Məmmədov Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar