Məhkəmə qərarları › İş №2(103)-954/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-954/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-954/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma, maddi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(006)-1314/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, ailə üzvlərinin və digər şəxslərin və digər şəxslərin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzilindən çıxarılmaları, 01 iyul 2017-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunan günə qədər hər ay 650 manat maddi zərərin (kirayə haqqının), 50 manat mənəvi zərərin, dövlət rüsumu olaraq 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisəsiz hallarına görə, "xxxx" MMC-nin direktoru Nəbi Mansurov ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı ümumi dəyəri 116.100 manat olan mənzil İddiaçı satılmışdır. Qeyd olunan müqaviləyə əsasən, 12 ay müddətində qalıq tam ödənilməlidir. Əks halda, qalan dəyərin 0,1% gündəlik cərimə hesablanacaqdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı qeyd edilən mənzil ayrılmış və mənzilin ümumi dəyəri "xxxx" MTK-ya tam ödənilmişdir.

3. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 2017-ci ilin iyun ayından müqavilə bağlanan günədək 21 ay ərzində ailə üzvləri ilə sözügedən bu mənzildə yaşayır və yaşadığı hər ay üçün 650 (altı yüz əlli) manat, cəmi (21x650) 13650 (on üç min altı yüz əlli) manat kirayə pulu ödəməlidir. Cavabdeh müqavilə bağlanan günədək ödənilməyən 13650 manat kirayə pulunun 79401 manat verilmiş materialların dəyərindən azaldılmasını xahiş etmiş, iddiaçı onun bu təklifini qəbul etmişdir. Verilmiş materialın dəyərinin xx.xx.2019-cu il tarixə qalığı (79401-13650) 65751 manat təşkil edir. Cavabdeh tam məsuliyyəti ilə söz verərək bu mənzilin dəyərinin qalıq borcunu, yəni (190000-65751) 124249 (bir yüz iyirmi dörd min iki yüz qırx doqquz) manat məbləği ən geci 2019-cu ilin aprel ayının 20-si tarixinədək mənzil sahibi İddiaçı ödəyə bilməyəcəyi təqdirdə mənzili tam boşaldaraq qəbul etdiyi formada hər bir avadanlıq işlək vəziyyətdə, səliqəli və bütün kommunal xərclər son haqqhesab ödənilməklə təhvil verməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı bildirir ki, mənzili aldıqdan və təmir elətdirdikdən sonra həmin mənzili satmaq qərarına gəlmiş, cavabdeh isə onun mənzilini almaq istədiyini bildirmişdir. Mənzilin dəyəri 190.000 manat qiymətləndirilmişdir. 2017-ci ilin iyul ayında aralarında razılıq olmuşdur ki, cavabdeh 10 gün müddətində həmin mənzilin qiymətinin 90.000 manatını nağd qaydada, 100.000 manatının əvəzinə isə inşaat materialları verməklə ödəyəcəkdir. Cavabdehin yaşamaq üçün mənzili olmadığından ailə üzvləri ilə birlikdə yaşamaq üçün həmin mənzilə köçməyi xahiş etmiş, aralarında olan münasibətlərə görə mənzilin pulunu ödəmədiyi halda, onların orada yaşamasına razılıq vermişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə 2017-ci ilin iyul ayından yaşamaq üçün həmin mənzilə köçmüş və orada yaşamış, sonradan ona hissə-hissə inşaat materialları versə də, aralarında olan razılığa əməl etməmiş 10 gün müddətində mənzilin dəyərini ödəməmişdir. Ona görə də, cavabdehin mənzili boşaltmasını tələb etsə də, cavabdeh hazırda yaşamağa yeri olmadığını deyib, müxtəlif bəhanələrlə mənzilin pulunu ödəyəcəyini, ona vaxt verməyini xahiş etmiş, xahişlərini nəzərə alaraq ona vaxt vermişdir. 2017-2018-ci illər ərzində cavabdeh 79.401 manat dəyərində inşaat materialları vermiş, qalan məbləği isə ödəməmiş, xx.xx.2019-cu il tarixdə aralarında müqavilə bağlanmışdır. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, mənzildən çıxmaqdan imtina etmişdir. Hazırda Cavabdeh, ailə üzvləri ilə birlikdə ona məxsus olan mənzildə qanunsuz olaraq yaşamaqda davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh, ailə üzvlərinin və digər şəxslərin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzilindən çıxarılmaları, 01 iyul 2017-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunan günə qədər hər ay 650 manat maddi zərərin (kirayə haqqının), 50 manat mənəvi zərərin, dövlət rüsumu olaraq 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1314/2020 nömrəli, 28 fevral 2020ci il tаrixli qətnаməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh, ailə üzvləri və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon R.Məmmədov küçəsi, 15 saylı binanın 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzildən çıxarılması, Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə (kirayə haqqı) 13.650 (on üç min altı yüz əlli) manatın və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qalması, iddiaçının öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu «şərti və qeyrisabit xarakterli» etmiş olur.

8. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Konstitusiyanın 29, Mülki Məcəllənin 21, 23, 152, 157.4-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiya məhkəməsindəki icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tikinti materiallarının satışı ilə məşğuldur. 2017-ci ildə kirayəyə ev axtaran zaman Etibar Kərimova müraciət etmişdir. E.Kərimov Nərimanov rayonunda tikilən çoxmərtəbəli binanın tikilməsinə rəhbərlik edir. Mübahisə edilən mənzili ona Etibar Kərimov kirayəyə vermişdir. Etibar Kərimov ondan 85.000 manatlıq tikinti materialları almışdır. Mənzili kirayəyə verən zaman qeyd etmişdir ki, mənzilin mülkiyyətçisi qardaşı İddiaçı olsa da, mənzil ona məxsusdur. Hal-hazırda Etibar Kərimovun ona 85000 manat borcu var.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1530/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

14. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 152, 157.4, 675, 684.1, 684.2, 697.1, 697.3, MPM-in 77.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki icraat

15. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, «yaşayış sahəsinin kirayə müqaviləsi» «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin 1- ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 18 aprel tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»-nin 8.6 və 9.9-cu bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»-ın 2-ci bəndinə əsasən notarial qaydada təsdiq olunan müqavilələr kateqoriyasına aiddir. Həmçinin məhkəmənin diqqətinə onu da çatdırıram ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın kirarəyə verilməsindən əldə edilən gəlirdən gəlir vergisi verilməlidir. Hazırda iddiaçı tərəfindən məhkəməyə «yaşayış sahəsinin kirayə müqaviləsinin» təqdim olunmaması ondan kirayə haqqı tələb etmək üçün subyektiv hüququ yaranmamışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(102)-4642/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1530/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi qismən – Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə (kirayə haqqı) 13.650 (on üç min altı yüz əlli) manatın tutulması hissəsində ləğv olunmuş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Proses iştirakçılarının izahatı:

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Hazırki apelyasiya baxışının hədləri:

20. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə (kirayə haqqı) 13.650 (on üç min altı yüz əlli) manatın tutulması hissəsində yoxlanilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

24. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

25. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır.

26. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh olunanları nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. İşin müəyyən edilmiş faktiki hallarına görə, "xxxx" MMC-nin direktoru Nəbi Mansurov ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №31 saylı alqısatqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikr, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı ümumi dəyəri 116100.00 manat olan mənzil İddiaçı satılmışdır. Qeyd olunan müqaviləyə əsasən, 12 ay müddətində qalıq tam ödənilməlidir. xx.xx.2017-ci il tarixli 371 saylı maliyyə arayışına əsasən, İddiaçı "xxxx" MTK-nin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikr, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzil ayrılmış və Mənzilin ümumi dəyərini "xxxx" MTK-yə tam ödənmişdir. Mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 2017-ci ilin iyun ayından bu günədək müqavilə bağlanan günədək 21 ay ərzində ailə üzvləri ilə sözügedən bu mənzildə yaşayır və yaşadığı hər ay üçün 650 manat, cəmi 1365 manat kirayə pulu ödəməlidir. Cavabdeh müqavilə bağlanan günədək ödənilməyən 13650 manat kirayə pulun 79401 manat verilmiş materialların dəyərindən azaldılmasım xahiş etmiş, onun bu təklifni qəbul etmişdir. Cavabdeh tam məsuliyyəti ilə söz verərək bu mənzilin dəyərinin qalıq borcunu yəni 124249 manatı ən geci 2019-cu ilin aprel ayının 20- si tarixinədək mənzil sahibi İddiaçı ödəyəcək, əks halda ödəyə bilməyəcəyi təqdirdə mənzili tam boşaldaraq qəbul etdiyi formada hər bir avadanlığı işlək vəziyyətdə, səliqəli və bütün kommunal xərclər son haqq hesab ödənilməklə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə də cavabdeh mənzili boşaltmamış, mənzildən çıxmaqdan imtina etmişdir.

32. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququəmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. İş materiallarından görünür ki, 2017-ci ilin iyun ayından bu günədək müqavilə bağlanan günədək 21 ay ərzində ailə üzvləri ilə sözügedən bu mənzildə yaşayır və yaşadığı hər ay üçün 650 manat, cəmi 1365 manat kirayə pulu ödəməlidir. Cavabdeh müqavilə bağlanan günədək ödənilməyən 13650 manat kirayə pulun 79401 manat verilmiş materialların dəyərindən azaldılmasım xahiş etmiş, onun bu təklifni qəbul etmiş və Cavabdeh ödəyə bilməyəcəyi təqdirdə mənzili tam boşaldaraq qəbul etdiyi formada hər bir avadanlıq işlək vəziyyətdə, səliqəli və bütün kommunal xərclər son haqq hesab ödənilməklə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.

34. Mülki Məcəllənin 684.1 və 684.2-ci maddələrinə əsasən, cavabdehdən iddiaçıya kirayə haqının əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur.

35. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. MM-nin 684.1və 684.2-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrıayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir.

36. Həmin məcəllənin 697.1-697.3-cü maddələrinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına əsaslanaraq, cavabdehin ailə üzvləri və digər şəxslərin iddiaçının mülkiyyətində olan qeyd edilən mənzildən çıxarılması və hər ay üçün 650 manat olmaqla, 13650 manat kirayə haqqının tutulması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

38. Belə ki, cavabdeh qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin qanunsuz olmasını hər hansı bir maddi hüquq normasının tələbləri ilə əsaslandırmamış, yalnız bildirmişdir ki, mübahisələndirilən mənzili ona iddiaçı deyil, onun qardaşı vermiş və iddiaçının qardaşı ona satılmış tikinti materiallarının dəyəri olan 85000 manatı ödəmədiyini bildirmiş, lakin apelyasiya şikayətində qeyd etdiyi dəlilləri təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, həmçinin nə birinci apelyasiya icraatında, nə də hazırki apelyasiya icraatında məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş və öz dəlillərini təsdiq edən sübutları təqdim etməmişdir.

39. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini müzakirə edib, qeyd edir ki, həmin müqavilədə cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşadığı 2017-ci ilin iyun ayından hər ay 650 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüş, iddiaçı isə hesablanacaq kirayə haqqının cavabdehin verdiyi 79401 manat materialların dəyərindən çıxılmaqla, materiallara görə qalıq məbləği cavabdeh mənzili təhvil verən gün ona ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

41. İşin materialları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş və bu günə kimi mənzili boşaldaraq, iddiaçıya təhvil verməmişdir.

42. Məhz buna görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

43. Hazırki apelyasiya icraatında iddiaçı cavabdehin mənzili boşaldıb təhvil verdiyi gün onun verdiyi materialların dəyərini ona ödəməyə hazır olduğunu bildirmişdir.

44. Kollegiya hesab edir ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

45. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(006)-1314/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar