Məhkəmə qərarları › İş №2(103)-9568/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9568/2021

05.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9568/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mətbəxin boşaldılması, eyvana yolun açılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin özünün və nümayəndəsi (anası) X1, iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə mülkiyyətində olan və Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən, 48 saylı mənzilin “Texniki pasportunda” sahəsinin 14,1 kv.metr olaraq göstərilmiş mətbəxin boşaldılması və mənzilin eyvanına gedən yolun “Texniki pasportuna” uyğun olaraq açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mənzil keçmiş ər-arvad olan iş üzrə tərəflərin birgə mülkiyyətindədir. Mənzilə dair verilmiş “Texniki pasportda” qeyd edilmişdir ki, mənzil 2 otaqlıdır, ümumi sahəsi 65.4 kv.metr olmaqla 13,8 kv.metr və 22.5 kv.metr ölçülü yaşayış otaqlarından, 9,9 kv.metr ölçülü dəhlizdən, 5,1 kv.metr ölçülü sanitar qovşağından və 14,1 kv.metr ölçülü mətbəxdən ibarətdir. İş üzrə tərəflərin nikahı 04.05.2010-cu il tarixdə pozulduğundan sonra, mənzildə onların birgə yaşamaqları mümkünsüz olmuş və hazırki iş üzrə iddiaçı “mənzilin naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaitinin paylara uyğun bölünməsi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 20.02.2017-ci il tarixli qətnaməsi ilə mənzilin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaitinin paylara uyğun bölünməsi qət edilsə də, mənzil satılmamışdır. Bundan sonra iddiaçı “ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə” iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 06.02.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Daha sonra iddiaçı “özünün mübahisəli mənzilə köçürülməsi və istifadədə qaydalarının müəyyən olunması barədə” iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 19.10.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçının, mənzilə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Nikah pozulduqdan sonra, mənzili paylarına uyğun düzgün bölünməsi məqsədilə iddiaçı “paylı mülkiyyətdə olan mənzildəki şəxsi əmlakların qaytarılması tələbi barədə” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş üzrə Məhkəmənin qəbul etdiyi 2(005)-794/2017 saylı qətnaməsinə əsasən ölçüsü 22,5 kv.metr otaqda qurulmuş mətbəx və ona aid mebellər, eyvana çıxışı bağlayan şkafın məcburi qaydada sökülməsi barədə üzərinə öhdəlik qoyulmuş və icra qurumun işçilərin iştirakı ilə salonda qurulmuş mətbəx və ona aid mebellər, eyvana çıxışı bağlayan şkaf tərəfindən sökülmüşdür. Buna baxmayaraq, cavabdeh, yenidən salonda mətbəxi bərpa etmiş, mətbəxi yataq otağına çevirmiş, eyvana çıxışı bağlamış bununla da, iddiaçının mənzildən istifadə etməsinə maneə yaratmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.07.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh və onun nümayəndəsi (anası) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iş üzrə tərəflərin nikahı 04.05.2010-cu il tarixdə pozulmuşdur. İddia ərizəsində qeyd edilən mübahisəli mənzil keçmiş ər-arvad olan iş üzrə tərəflərin birgə mülkiyyətindədir. Mənzilə dair verilmiş “Texniki pasportda” qeyd edilmişdir ki, mənzil 2 otaqlıdır, ümumi sahəsi 65.4 kv.metr olmaqla 13,8 kv.metr və 22.5 kv.metr ölçülü yaşayış otaqlarından, 9,9 kv.metr ölçülü dəhlizdən, 5,1 kv.metr ölçülü sanitar qovşağından və 14,1 kv.metr ölçülü mətbəxdən ibarətdir. İşdə olan məhkəmə qətnamələrindən görünür ki, hazırki iş üzrə iddiaçı “mənzilin naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaitinin paylara uyğun bölünməsi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 20.02.2017-ci il tarixli qətnaməsi (İş № 2(005)-675/2017) ilə mənzilin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaitinin paylara uyğun bölünməsi qət edilmişdir. Həmin ərəfədə iddiaçı “paylı mülkiyyətdə olan mənzildəki şəxsi əmlakların qaytarılması barədə” iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənın həmin iş üzrə qəbul etdiyi 2(005)-794/2017 saylı qətnamə ilə iddianın təmin edilməsi, mübahisəli mənzildə yerləşən 1 ədəd mətbəx mebel dəstinin, 2 ədəd paltar dolabının, 2 ədəd tam komplektli qapının çərçivəsi ilə bilikdə, 1 ədəd qapı üzlüyünün iddiaçıya qaytarılması qət edilmişdir. Bundan sonra iddiaçı “ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə” iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 06.02.2019-cu il tarixli qətnaməsi (İş № 2(005)-150/2019) ilə iddianın təmin edilməməsi qət edilmişdir. Daha sonra iddiaçı “mübahisəli mənzilə köçürülməsi və istifadədə qaydalarının müəyyən olunması barədə” iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 19.10.2020-ci il tarixli qətnaməsi (İş № 2(005)-924/2020) ilə iddianın qismən təmin edilməsi, iddiaçının, mənzilə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd edilmiş 19.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin işin baxılması zamanı mübahisəli mənzilə tərəflərin iştirakı ilə hakim tərəfindən yerli baxış keçirilmiş və yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzil çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzil təmirlidir və bütün zəruri avadanlıq ilə təchiz olunub. Mənzilə dair “Texniki pasportda” ölçüsü 22,5 kv.metr qeyd edilmiş yaşayış otağı mənzilin salonu və mətbəxi kimi, ölçüsü 14,1 kv.metr kimi göstərilmiş mətbəx isə yataq otağı kimi istifadə olunur. İddiaçı bildirir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-794/2017 saylı iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilmiş qətnaməsinə əsasən ölçüsü 22,5 kv.metr otaqda qurulmuş mətbəx və ona aid mebellər, eyvana çıxışı bağlayan şkafın məcburi qaydada sökülməsi barədə üzərinə öhdəlik qoyulmuş və icra qurumun işçilərin iştirakı ilə salonda qurulmuş mətbəx və ona aid mebellər, eyvana çıxışı bağlayan şkaf tərəfindən sökülmüşdür. Buna baxmayaraq, cavabdeh, yenidən salonda mətbəxi bərpa etmiş, mətbəxi yataq otağına çevirmiş, eyvana çıxışı bağlamış bununla da, iddiaçının mənzildən istifadə etməsinə maneə yaratmışdır. Buna görə də, mətbəx boşaldılmalı və mənzilin eyvanına gedən yol “Texniki pasportuna” uyğun olaraq açılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 215-ci maddəsinə görə, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər (maddə 215.3.). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər (maddə 215.4.). Qeyd edilən maddi hüquq normalarının tələbinin mövcud mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı mətbəxin boşaldılmasını və eyvana yolun açılmasını (eyvana çıxışı bağlayan şkafın sökülməsini) tələb etməkdə haqlı deyil. Belə ki, mətbəx hazırda yataq otağı kimi istifadə olunur və bu istifadənin qanunsuz olması sübuta yetmir. Çünki mənzil mülkiyyətçilər arasında naturada bölünməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi eyni əsaslarla iddianın təmin edilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar