Məhkəmə qərarları › İş №2(103)-957/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-957/2024

14.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-957/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-957/2024 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Nemət qızının, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4525/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşəgötürən Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən İşçi İddiaçı ilə bağlanılan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İddiaçı qeyd edir ki, bu sahədə 2000ci ildən işləyir və iddiaçının xəbəri olmadan 2020-ci ildə onunla müddətli əmək müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikaslınm Əmək Məcəlləsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2020-ci ildən Cavabdeh Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsində çalışmışdır. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu sahədə 2000-ci ildən işləyir və iddiaçının xəbəri olmadan 2020-ci ildə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki sadəcə onun iş yerinin adı dəyişmişdir. Belə olan halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4525/2023 saylı qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.1, 296.2, 296.6-cı maddələrinə, Mülki Məcəllənin 375.2-ci maddəsinə, "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1 və 35.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, o, "xxxx" MMC-yə qarşı qanunla müəyyən edilmiş qaydada mediasiyaya müraciət edəndən sonra fəaliyyət göstərdiyi Mingəçevir sahəsinin rəisi Ramin Şirinov arvadı ilə olan Vatsap yazışmasında bildirmişdir ki, cavabdehin rəhbəri Nahid müəllim onu işlə təmin edəcək, gedib sənəd yığsın, tibbi sənədləri hazırlasın, onu işə qaytaracaq. İddiaçının əlavə etdiyi sənədlərdən göründüyü kimi o, tibbi sənədlər almaq üçün 40 man ödəmişdir. Belə hesab edir ki, o, müddəti cavabdehin nümayəndəsi üzündən buraxmışdır. Əlavə olaraq işə məhkəmə iclasında baxılarkən göstərmişdir ki, işə bərpaya dair Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamışdır. Vəkil onu aldadaraq, iddia sənədlərini özündə saxlayaraq məhkəməyə təqdim etməmişdir. Sonradan isə həmin sənədləri 28 avqust 2023-cü ildə məhkəməyə təqdim etmiş, ötürdüyü müddətlə bağlı başqa əsasla məhkəməyə müddət bərpasına dair ərizə vermişdir. Hazırda bununla bağlı vəkil Şəlalə Tağıyeva barəsində intizam icraatı başlanılmışdır. Qeyd edir ki, vəkil ondan savayı başqa cavabdehə qarşı işə bərpaya dair iddia qaldırmış Vüsalə adlı şəxsə qarşı da eyni hərəkətləri törətmişdir. Ancaq məhkəmə onun müddət bərpasına dair ərizəsini hansı səbəbdən qəbul etmədiyinə dair hər hansı dəyərləndirmə aparmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Həmçinin ötən məhkəmə iclasında xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir.

10. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməmiş, iddia müddətinin ötürülməsi səbəbindən onun təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

13. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.

14. Maddə 68.2 “b” Əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər.

15. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

16. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)

17. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

18. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

19. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

20. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

21. Maddə 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

31. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) xitam verilmişdir.

32. Əmək kitabçasının surətindən və tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmrlə Cavabdeh Mexaniki Email xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir.

33. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 34/K nömrəli əmrinə əsasən müəyyən olunur ki, işçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir.

34. Cavabdeh tərəfindən təqdim olunmuş əmək kitabçalarının təhvil alınması barədə reyestrdən görünür ki, İddiaçı əmək kitabçasını özü şəxsən xx.xx.2023-cü il tarixində götürmüşdür.

35. xx.xx.2023-cü il tarixli MŞB/16-00802 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, İddiaçı ilə Azərbaycan Respublikası "xxxx" ASC Cavabdeh MMC arasındakı mediasiya prosesi xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2023-cü il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışla bitmişdir.

36. Kollegiya hesab edir ki, ilk növbədə apellyasiya şikayətinin iddia müddətinin keçməməsi ilə bağlı dəlili müzakirə olunmalı, bununla bağlı gəlinəcək nəticəyə uyğun olaraq digər dəlillərə bu kontekstdə qiymət verilməlidir. Bunun üçün ilkin olaraq iddia müddətinin, həqiqətən, keçib-keçməməsi müəyyən olunmalı, bundan sonra iddiaçının bu barədə üzrlü səbəblərinin olub-olmaması aydınlaşdırılmalıdır.

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

38. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

39. Hazırki mübahisənin həll ilə bağlı ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsi müəyyənləşdirilməli və 1 aylıq müddət həmin vaxtdan etibarən hesablanmalıdır.

40. İş materiallarına diqqət yetirdikdə məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, onun tərəfindən əmək kitabçası xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. Bu zaman iddiaçının hüququnun pozulduğu günün əmək kitabçasını götürdüyü, yəni xx.xx.2023-cü il tarixi olduğunu demək mümkündür. Lakin digər bir məqam isə iddiaçının artıq işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün mediasiya prosesi barədə təklifi xx.xx.2023-cü il tarixdə təqdim etməsi ilə bağlıdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı artıq onunla bağlanılan əmək müqaviləsinə xitam verildiyini ən geci xx.xx.2023-cü il tarixdə bilmişdir və qanunvericiliyin tələblərinə görə artıq həmin təklifin göndərildiyi xx.xx.2023-cü il tarixdən etibarən 1 aylıq iddia müddətinin axımı dayanmışdır.

41. Bu qənaətə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.

42. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası) 3.2-ci maddəsinə əsasən kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

43. Həmin qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

44. Həmin qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

45. Həmin qanunun 32.1 və 32.4.2-ci maddələrinə əsasən mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir. Həmin qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

46. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/16-00802 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, həmin tarixli arayışın alınması ilə mediasiya prosesi sona çatmış və həmin tarixdən etibarən məhkəməyə müraciət edilməsi üçün 1 aylıq müddət axımı davam etməyə başlamışdır.

47. Bu o deməkdir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ən geci xx.xx.2023-cü il tarixinədək vaxtı olmuşdur. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə yalnız xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Bununla da iddiaçı məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş olması artıq işin mübahisəsiz halını təşkil etmişdir.

48. Kollegiya apellyasiya şikayətinin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

49. İddiaçı iddia müddətini ötürməsinin üzrlü hesab edilməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, işə bərpaya dair Mingəçevir şəhərində vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlamışdır. Vəkil onu aldadaraq, iddia sənədlərini özündə saxlayaraq məhkəməyə təqdim etməmişdir. Sonradan isə həmin sənədləri 28 avqust 2023-cü ildə məhkəməyə təqdim etmiş, ötürdüyü müddətlə bağlı başqa əsasla məhkəməyə müddət bərpasına dair ərizə vermişdir. Hazırda bununla bağlı vəkil Şəlalə Tağıyeva barəsində intizam icraatı başlanılmışdır. Qeyd edir ki, vəkil ondan savayı başqa cavabdehə qarşı işə bərpaya dair iddia qaldırmış Vüsalə adlı şəxsə qarşı da eyni hərəkətləri törətmişdir.

50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı vəkil Şəlalə Tağıyeva ilə müqavilə bağlandığını və sonuncu tərəfindən aldadıldığını iddia etsə də, qeyd etdiyi müqaviləni, o cümlədən aldadıldığını təsdiq edən digər faktları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bu barədə Vəkillər Kollegiyasının İntizam Komissiyasının qərarı olduğunu bildirsə də, məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq həmin qərarı da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliklə müddətin ötürülməsinin üzrlü hesab edilə bilməsi üçün əsasların arasında tərəfin öz vəkili ilə anlaşılmazlıq olması və ya bu kimi hallar öz əksini tapmamışdır. Həmçinin o da qeyd edilməlidir ki, peşəkar yardım almaq iddiaçının sadəcə hüququdur və qanunvericiliklə yalnız kassasiya şikayətlərinin verilməsi üçün vəkilin iştirakı məcburi hesab olunmuşdur. İddiaçı istər mediasiya təşkilatına, istərsə də məhkəməyə vəkil yardımı almadan şəxsən özü də müraciət edə bilərdi və məhkəmə hesab edir ki, onun bu hüququndan istifadə etməsi, bu zaman onu təmsil edən şəxslə aralarında hansısa anlaşılmazlığın olması kimi faktorlar hazırki iş üzrə cavabdehin mənafelərinin ziddinə tövsif oluna bilməz. Kollegiya hesab edir ki, hüququnun pozulduğunu iddia edən şəxs hamıdan öncə özü ilk növbədə onun məhkəmə müdafiəsi ilə bağlı maraqlı olmalı, qanunvericiliyin ona verdiyi hüquqlardan əlavə tələblərin də olmasını nəzərdə saxlamalıdır.

51. Ümumiyyətlə qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

52. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

53. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Beləliklə, kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı hüququnun müdafiəsi ilə bağlı qanunvericiliklə ona verilmiş 1 aylıq müddəti ötürmüş, bu ötürmənin üzrlü səbəblərdən irəli gəldiyini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

55. İddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı gəldiyi qənaət çərçivəsində kollegiya, onun irəli sürdüyü digər dəlillərlə bağlı araşdırma aparmağı və bundan irəli gələrək iddiaçının xətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətinin təmin olunmasını zəruri hesab etmir və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir.

56. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

58. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4525/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar