Məhkəmə qərarları › İş №2(103)-9571/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9571/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9571/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı qanuni təmsilçisi X4, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(005)-2650/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) əsas borc, 500 (beş yüz) manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı, 000320 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 22.02.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 307 nömrəli mənzil 12.04.2011-ci il tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir və cavabdeh həmin tarixdən kooperativin üzvlüyünə qəbul edilmişdir. “Hüquq" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrikenerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh tərəfindən həmin mənzilə görə 12.04.2011-ci il tarixdən 01.04.2021ci il tarixədək mövcud olan 4962,30 (dörd min doqquz yüz altmış iki manat 30 qəpik) manat kommunal borcdan cəmi 3905 (üç min doqquz yüz beş) manatı ödənilmiş, qalan 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manatı ödənilməmiş qalmışdır. Belə ki, Cavabdeh kommunal xidmət haqqı borcu 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və kommunal borcunu ödəməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(005)-2650/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manat məbləğində kommunal ödənişlərə görə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(005)- 2650/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi, qanunsuz fəaliyyət göstərən İddiaçı MMC-nin fəaliyyətinin dayandırılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. “Hüquq MTK qiymətli kağızlar üzrə bağlanmış əqdləri nəzərə alaraq 12.04.2011-ci il tarixli "xxxx" MTK müvəkillər üzvlərinin 5 saylı protokolu ilə Bakı şəhəri, Xətai prospekti 38, C2 bloku, mərtəbə 12, “mənzil sertifikatı ümumi sahə 134,15 kv.metrə” olan 3 otaqlı 307 saylı mənzil üzrə kooperativə üzv olan ilkin tələb sahibini üzvlüyündən çıxarılmış və hazırki tələb sahibi apellyatoru Cavabdeh kooperativə üzv qəbul etmişdir. 29.09.2020-ci il tarixdən DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən o, mülkiyyətçidir. Çıxarışda onun mülkiyyətində olan ümumi sahə 134,15 kv.m deyil, 121,9 kv.m qeyd olunmuşdur. Kooperativin verdiyi sertifikatla reyestr xidməti tərəfindən verilmiş çıxarış arasında mənzilin sahəsinə görə 12,25 kv.m fərq vardır. O, buna görə məhkəməyə müraciət etmişdir. "xxxx" MTK ilə İddiaçı MMC arasında sözlə bağlanmış müqavilə iş materiallarında yer almamaqdadır. Məhkəmənin buna istinad etməsi əsassızdır. İddia ona görə əsassızdır ki, onunla iddiaçı arasında kommunal xidmətlərə görə müqavilə yoxdur. Cavabdehin illər üzrə ödənilməmiş cədvəli məhkəmədə sübut kimi çıxış edə bilməz. "xxxx" MTK-nın 28.04.2008-ci il tarixli ümumi yığıncağının protoklundan belə anlaşılır ki, MTK özü şəxsi niyyətləri üçün haqq toplayır. 01.05.2008-ci il tarixdə "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədə kommunal xidmət haqları müəyyən olunmamışdır. İddiaçı MMCnin 01.05.2008-ci il tarixdən 5 il müddətində kommunal xidmət haqqı üzrə tətbiq etdiyi tarif qanunsuz və topladığı vəsait əsassızdır. 28.04.2008-ci il tarixli ümumi yığıncağının protoklunda qeyd olunur ki, mənzil sakinlərinin kommunal xidmətlərlə bağlı müraciətlərinə vaxtında və diqqətlə baxılması təşkil olunsun. Lakin bu hallar "xxxx" MTK ilə İddiaçı MMC arasında 01.05.2008, 01.05.2012 və 01.05.2017-ci illərdə bağlanmış müqavilələrdə öz əksini tapmamışdır. İddiaçı kommunal xidmətləri yerinə yetirmədiyinə və toplanmış xidmət haqlarının ona, yəni sahə mülkiyyətçisinə məlum olmayan sahələrə xərclədiyinə görə yeni müqavilə bağlamaqdan imtina etmişdir. Həmçinin iddiaçıya 14.02.2020-ci il tarixli məktubla imtina səbəblərini bildirmişdir. Belə ki, bloklarda işıqlandırma və.s lazımi qaydada həyata keçirilməmişdir. Onun "xxxx" MTK və İddiaçı MMC ilə müqaviləsi yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən 156 nəfər sakinlə İddiaçı MMC-nin müqavilə bağlaması mümkünsüzdür. "xxxx" MTK ilə İddiaçı MMC Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasına mane olur. İddiaçı mənzilin keçmiş payçısı X2 ilə 15 may 2006-cı ildə bağlanmış “C/139-13 saylı müqavilə üzrə ümumi sahəsi 139 kv.m təşkil edən mənzil sahəsini nəzərə alaraq, indiyə qədər 139 kv.m x 0,30 manat=41,7 manat kommunal xidmət tələb edir. Halbuki, onun çıxarışında mənzilin ümumi sahəsi 121,9 kv.m təşkil edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X10 apellyasiya şikayətini əsassız hesab edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, tələb bölünən olmaqla, iddiaçı tərəf iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi mübaşisələndirilən hissədə iddianı təmin edərkən qeyd etmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 307 nömrəli mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdehin 12.04.2011-ci il tarixdən 01.04.2021-ci il tarixdədək mövcud olan kommunal xidmət haqqı üzrə borcu 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manat məbləğində əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məblğində pul vəsaiti Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan 1057,30 manat məbləğində pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, mülki işin materiallarından DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. 22.04.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Kommunal xidmət haqqı borcu ilə bağlı cədvəldən görünür ki, Cavabdeh qrafik üzrə aylıq ödəniş 41,70 (qırx bir manat 70 qəpik) manat olmaqla, 2011-ci ilin may ayından başlayaraq, 2021ci ilin mart ayı daxil olmaqla 4962,3 manat borc hesablanmış, 3905,0 manat ödəniş nəzərə alınmaqla, ödənilməmiş 1057,3 manat borc müəyyən olunmuşdur. 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı 29.02.2008-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı İmişli rayonu, İmişli şəhəri, Nəsimi, ev 15-dir. Qanuni təmsilçi X5r. "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28.04.2008ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərilən təşkilatla müqavilə bağlanması və bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılması nəzərdə tutulmuşdur. Sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı arasında 01 may 2008-ci il tarixdə imzalanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, “sifarişçi” sifariş verir, “icraçı” isə əlavə muzd almadan “sifarişçi”yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “sifairşçi”nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “icraçı”ya verir, “icraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı arasında 01 may 2012-ci il tarixdə imzalanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, “sifarişçi” sifariş verir, “icraçı” isə əlavə muzd almadan “sifarişçi”yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “sifairşçi” nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “icraçı”ya verir, “icraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “icraçı” bina sakinlərinə göstərilən mənzilkommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 5 il müddətində qüvvədədir. Sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı arasında 01 may 2017-ci il tarixdə imzalanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, “sifarişçi” sifariş verir, “icraçı” isə əlavə muzd almadan “sifarişçi” yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “sifairşçi” nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “icraçı”ya verir, “icraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “icraçı” bina sakinlərinə göstərilən mənzilkommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 5 il müddətində qüvvədədir. İddiaçı 11.01.2021-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, Cavabdeh 37 (otuz yeddi) manat məbləğində kommunal xərc üçün ödəniş etmişdir. İddiaçı 09.03.2021-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, Cavabdeh 36 (otuz altı) manat məbləğində kommunal xərc üçün ödəniş etmişdir. İddiaçı 08.05.2021-ci il tarixli 108 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı, 000320 saylı və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 22.02.2007-ci il tarixində 08/5-008 saylı dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 307 saylı mənzil 12.04.2011-ci il tarixdən Cavabdeh adına rəsmiləşdirilmişdir və o, həmin tarixdən Kooperativ üzvlüyünə qəbul edilmişdir. Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanındakı çoxmənzilli yaşayış binasının Blok C2 üzrə qonşu sakinlər ilə və bina üzrə digər 156 nəfərlə kommunal xidmətlərlə bağlı müqavilələr bağlanmışdır. Həmin şəxslər sırasında Cavabdeh adı qeyd olunmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi ilə payçı X3 arasında imzalanmış C/139-13 nömrəli, 15 may 2006-cı il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 117 saylı, 15.03.2003-cü il tarixli sərəncamına əsasən "xxxx" MTK tərəfindən Xəta prospekti 38 ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti "xxxx" MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən Xətai prospekti 38 ünvanında 18 mərtəbəli yaşayış binalarının C blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 13 mərtəbəsində yerləşən və ümumi sahəsi 139 kv.m təşkil edən yaşayış sahəsini “kooperativ” “payçı”ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarından Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qeydiyyata alınmış MS-N seriyalı, 000320 saylı mənzil sertifikatının surətindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Xətai prospekti 38, C2 bloku, ümumi sahəsi 134,15 kv.m olan, mərtəbə 12-də yerləşən, 307 saylı mənzili 31.12.2012-ci il tarixdən gec olmayaraq, X1 adına qeyri-şərtsiz rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Mənzil sertifikatı sahibinə 07.04.2011-ci ildə verilmişdir. Həmin sertifikatdan görünür ki, X2 qeyd olunan mənzil sertifikatı üzrə tələblərini 12 aprel 2011-ci ildə notariat qaydada Cavabdeh vermişdir. AR ƏMDK yanında DƏDRX tərəfindən 29.09.2020-ci il tarixdə Cavabdeh adına verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 121,9 kv.m olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 307 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170, M13, m1) Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanan 14.02.2020-ci il tarixli ərizədə Cavabdeh qeyd etmişdir ki, İddiaçı MMC ilə 13.09.2018-ci il tarixdə bağlanmış xidmət müqaviləsində göstərilən xidmətlərin yerinə yetirilmədiyinə görə və ödənilən xidmət haqlarının bilinməyən sahələrə xərcləndiyinə görə İddiaçı MMC ilə müqavilə bağlamaqdan imtina edir (i/v 26). İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 03.03.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh 14.02.2020-ci il tarixli ərizəsinə əsasən qeyd olunur ki, ərizə yerində araşdırılmış, blok və motorxana işıqlandırılmış, mütəxəsislər tərəfindən liftlərə baxış keçirilərək, nasazlıqlar aradan qaldırılmışdır. Yaxın günlərdə kosmetik təmirlə bağlı tərəflərindən tədbirlərin görülməsi planlaşdırılır. Kommunal təsərrüfatın idarə olunması ilə bağlı məlumat əldə etmək üçün Cavabdeh İddiaçı MMC-yə dəvət olunmuşdur. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, İddiaçı MMC tərəfindən kommunal xidmətlərin ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında Cavabdeh tərəfindən 19.05.2021-ci il tarixli iddia ərizəsinə yazılmış etirazda Cavabdeh özü qeyd etmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binasında mənzillər ilk öncədən məqavilə əsasında vətəndaşlara satılmışdır. Sonradan isə onlara MS seriyalı, 000320 saylı və Qiymətli kağızlar üzrə Dövlət Komitəsində 22.02.2007-ci il tarixində 08/5-008 saylı dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən 307 saylı mənzili 12.04.2011-ci il tarixdə və həmin tarixdən MTK üzvlüyünə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qeydiyyata alınmış MS-N seriyalı, 000320 saylı mənzil sertifikatına əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai prospekti 38, C2 bloku, ümumi sahəsi 134,15 kv.m olan, mərtəbə 12-də yerləşən, 307 saylı mənzili 31.12.2012-ci il tarixdən gec olmayaraq, X1 adına qeyri-şərtsiz rəsmiləşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Mənzil sertifikatı sahibinə 07.04.2011-ci ildə verilmişdir. X2 qeyd olunan mənzil sertifikatı üzrə tələblərini 12 aprel 2011-ci ildə notariat qaydada Cavabdeh vermişdir. 12.04.2011-ci il tarixdən Cavabdeh "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. 29.09.2020-ci il tarixdə Cavabdeh adına verilmiş çıxarışa əsasən ümumi sahəsi 121,9 kv.m olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787ci məhəllə, ev 38, mənzil 307 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170, M13, m1) Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Göründüyü kimi, cavabdeh "xxxx" MTK-nın üzvü olmaqla, mənzil üzrə hüquqlar 12.04.2011-ci ildən ona verilmişdir. Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28.04.2008-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərilən təşkilatla müqavilə bağlanması və bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılması nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Tədiq olunmuş sübutlarla müəyyən olunur ki, sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı 01 may 2008, 01 may 2012 və 01 may 2017-ci il tarixlərdə 5 il müddətinə müqavilələr bağlanmışdır. Həmin müqavilə şərtlərinə əsasən sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi sifariş verir, icraçı İddiaçı isə əlavə muzd almadan “sifarişçi”yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “sifairşçi” nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “icraçı”ya verir, “icraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. İcraçı bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürür. Halhazırda da, sonuncu 01 may 2017-ci il tarixli müqavilə 5 il müddətinə bağlanılmaqla qüvvədədir. Göründüyü kimi, idarəedicinin təyin edilməsi və kommunal xidmətlərə görə mənzil-tikinti kooperativinin ümumi yığıncağın qərarı mövcuddur. Mənzil Məcəlləsinin 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Mülki iş materiallarında olan və cavabdehin apellyasiya şikayətində də qeyd etdiyi 14.02.2020-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh İddiaçı MMC ilə 13.09.2018-ci il tarixdə bağlanmış xidmət müqaviləsində göstərilən xidmətlərin yerinə yetirilmədiyinə görə və ödənilən xidmət haqlarının bilinməyən sahələrə xərcləndiyinə görə İddiaçı MMC ilə müqavilə bağlamaqdan imtina etmişdir (i/v 26). Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəlləsinin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Kollegiya qeyd edir ki, kommunal xidmətlərlə bağlı ümumi yığıncağın qərarı cavabdeh üçün məcburi olmaqla, sonuncu tərəfindən həmin qərar məhkəmə qaydasında mübahisələndirilməmişdir. Mənzil Məcəlləsinin 142.10-cu maddəsinə əsasən idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə bağlamaqdan imtina olunması üçün, ümumi yığıncağın qərarı mövcud deyildir. Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Kollegiya apellyatorun "xxxx" Mənzil Tikinti Kooperativi və İddiaçı MMC tərəfindən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasına maneçilik törədilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, MMMC çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyinə əsaslanmaqla, bununla bağlı sübutlar təqdim olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki halda, kollegiya apellyatorun müqavilə olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı kommunal xidmətlərə görə borcu cavabdehdən tələb etməklə haqlıdır. Kollegiya apellyatorun "xxxx" MTK ilə İddiaçı MMC arasında sözlə bağlanmış müqavilənin iş materiallarında yer almaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, həmin müqavilələr iş materiallarında mövcud olmaqla, yuxarıda həmin müqavilələrə istinad olunmuşdur. Apellyatorun iddiaçı tərəfindən təqdim olunmuş ödəniş cədvəlinə istinad olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, kollegiya qeyd edir ki, kommunal xidmətlər ümumi yığıncağın qəbul etdiyi ödəniş üzrə həmin cədvəldə hesablanmışdır. Kollegiya iddiaçı tərəfindən tələb olunan borcun məbləği ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən borc cavabdehin ümumi yaşayış sahəsinin 139 kv.m-ə görə hesablanmışdır. Lakin, iddiaçının adına verilmiş çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində mənzilə görə ümumi sahə 121,9 kv.m təşkil edir. Onda bir ay üçün kommunal xərc 121,9 kv.m x 0,3 kv.m=36,57 manat təşkil edir. 2011-ci ilin may ayından 2021-ci ilin mart ayına kimi kommunal borc (2011-ci il üçün-292,56 manat, 2012-2020-ci illər üçün- 3949,56 manat, 2021-ci ilin 3 ayı üçün-109,71 manat təşkil edir. Cəmi 292,56+3949,56+109,71=4351,83 manat) 4351,83 manat təşkil edir. Cavabdeh tərəfindən 3905,0 manat ödəniş etməsi nəzərə alındıqda, borc 4351,83-3905,0=446,83 manat təşkil edir. Buna görə də, iddia tələbi 1057,30 manat əsas borcun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 446,83 manat ödənilməmiş borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Prosessual qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 12,6 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Kollegiya apellyatorun 30 manat dövlət rüsumunun iddiaçıdan tutulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd olunmamış, qismən təmin edilmirşdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(005)- 2650/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 849,10 (səkkiz yüz qırx doqquz manat on qəpik) manat məbləğində kommunal ödənişlərə görə pul və 12,6 (on iki manat altmış qəpik) dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar