Məhkəmə qərarları › İş №2(103)-9572/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9572/2021

13.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9572/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3849/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı etdikləri haqsızlıqlara və əməyindən sui-istifadə edərək qarşılığını ödəmədiklərinə görə 15.000 manat maddi zərərin, bu müddət ərzində ona çəkdirdikləri izdirab və əziyyətlərə görə mənəvi zərərin əvəzi kimi 5.000 manat olmaqla, ümumlikdə 20.000 manat təzminatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21.08.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin Novxanı filialına mal qəbuledici vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin bir nüsxəsini tələb etsə də, ona verilməmişdir. O, 1 ay işlədikdən sonra Cavabdeh MMC-nin Novxanı filialına müdir müavini vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC gündəlik təlabat mallarının onlayn satışı ilə məşğul olur. Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri işdən çıxdığına görə 05.02.2021-ci il tarixdə cavabdeh ona bir ay müddətində Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri vəzifəsini icra etməyi təklif etmişdir. O, razılaşaraq 05.02.2021-ci ildən başlayaraq Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri vəzifəsini icra etmişdir. Bir ay keçəndən sonra o, rəhbərliyə müraciət edərək müdir kimi əmrinin verilməsini xahiş etmişdir. Bildirmişlər ki, onu Cavabdeh MMCnin Xırdalan deposunun müdiri vəzifəsinə təyin etməyi düşünmürlər. Digər müdirlər üç aya təyin edirlər, sən hara tələsirsən. O, Cavabdeh MMCnin Xırdalan deposunun müdir müavini işləməklə, müdirin vəzifələrini icra etmişdir. Cavabdeh MMC-nin əməkdaşlıq etdiyi “Bold Food”-a təqdim etmək üçün 2000-ə yaxın malların qiymətlərini exsel üzrə cədvələ işləmiş, qiymətləri yeniləmiş və təhvil vermişdir. Əslində bunlar müdir əvəzi kimi onun vəzifəsinə aid olmamışdır. Hesabatları aparmaq müavinin vəzifəsinə aid olsa da, cavabdeh ona əlavə işlər gördürmüşdür. Müdir müavini kimi 655 manat əmək haqqını almışdır, lakin müdiri əvəz etməsinə görə əlavə pul verilməmişdir. Onun müdiri əvəz etməsinə dair yazılı əmr olmamış, şifahi göstərişə əsasən bu vəzifəni icra etmişdir. Onun işi müqaviləyə əsasən həftədə 5 günlük olsa da, o, həftədə 6 gün işləmişdir. Buna görə əlavə haqq ödənilməmişdir. Həmçinin hər ay əmək haqqı ayın 5-də verilməli olduğu halda 7-10 gün gecikmə ilə verilmişdir. 12.04.2021-ci il tarixdə Xırdalan deposunun sahibi gəlib bildirmişdir ki, icarə müqaviləsinə xitam verəcək və deponu boşaltmağı tələb etmişdir. Rəşad Cəfərzadənin göstərişi ilə 15.04.2021-ci ildə Xırdalan deposu fəaliyyətini dayandırdı. Onları baş ofisə dəvət etdilər. O, işçiləri ilə birlikdə baş ofisə getmiş və Rəşad Cəfərzadə ilə görüşmüşdür. Ona bildirmişlər ki, "xxxx" MMC fəaliyyətini dayandırır, "xxxx" MMC adı ilə fəaliyyət göstərəklər. Ona görə bütün işçilər ərizə yazaraq işdən çıxmalı və yeni iş yerinə işə götürülməlidirlər. O, bununla razılaşmamış, ixtisala işdən azad edilməsi və müvafiq kompensasiya ödənilməsini tələb etmişdir. Daha sonra məzuniyyəftə çıxmaq istədiyini bildirmişdir. Lakin ona məzuniyyət verilməmiş və məzuniyyət üçün 5 gün əvvəl ərizə verməli olduğunu bildirmişlər. Halbu ki, digər işçilər bir gün əvvəl ərizə yazaraq məzuniyyətə çıxırdılar. O, ərizə vermədiyinə görə Rəşad Cəfərzadə onu ofisdən qovmuşdur. 16.04.2021-ci ildə bülletenə çıxmış və işə getməmişdir. 16.04.2021-30.04.2021-ci ilə kimi bülletendə olmuşdur. Cavabdeh ona 16.04.2021 və 17.04.2021-ci il tarixlərdə məktub göndərək, işə çıxmamasının səbəbləri barədə rəsmi məlumat verilməsini xahiş etmiş, əks təqdirdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad ediləcəyi barədə xəbərdar etmişdir. O, 21.04.2021-ci il tarixdə ərizə göndərək bülletendə olması barədə cavabdehə məlumat vermişdir. 05.05.20121-ci il tarixdə isə bülleteni cavabdehə göndərmişdir. O, 16.04.2021-ci il tarixdən işə çıxmasa da, hazırkı vaxta kimi onun əmək müqaviləsinə xitam verilməmişdir. Nəticədə o, başqa yerdə işə düzələ bilməmişdir. Hesab edir ki, cavabdeh qanunsuz olaraq onun əməyindən istifadə etmiş və haqqını tam ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3849/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən apellyasiya şikayət verən iddiaçı onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmış, həmçinin göstərmişdir ki, Yasamal rayon Məhkəməsi cavabdehin ona əlavə işlər gördürdüyünü və haqqını ödəmədiyini təsdiq edən sübutların məhkəməyə təqdim etmədiyini qeyd etmişdir, halbuki işin bütün sübutları məhkəməyə təqdim olunmuşdur. Bundan başqa əgər Cavabdeh MMC onun ünvanına rəsmi şəkildə məktub göndərib onu maddə ilə işdən çıxarırdısa, niyə hələ də müqaviləsinə xitam verməmişdir. Aprel ayının 15-dən işsizdir və şirkət hədə-qorxu gələrək öz xahişi ilə işdən çıxmağını tələb edir (müqavilə müddəti 21.02.2022-yə qədər uzadılıb). Hazırda faktiki işsiz olsa da, rəsmi olaraq əmək müqaviləsi qüvvədə olduğu üçün özünə başqa iş tapa bilmir. Beləliklə, bu müddət ərzində ona həm maddi, həm də mənəvi ziyan dəydiyi açıq-aşkar görünür. Lakin Yasamal Rayon Məhkəməsi bütün bu halları əsassız sayaraq, iddia tələbini rədd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh tərəf onun əməyindən sui-istifadə edərək, onunla rəsmi olaraq depo müdiri vəzifəsində olması barədə əmək müqaviləsi bağlamamamış, lakin onu depo müdiri kimi işlədərək, depo müdirinin müavininə nəzərdə tutulmuş əmək haqqı gecikdirilərək ödənilmişdir. İş materiallarında kifayət qədər sübutlar olsa da, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olaraq rədd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 21.08.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-yə mal qəbuledici vəzifəsinə işə qəbul edilmiş, sonra Cavabdeh MMC-də depo müdirinin müavini vəzifəsinə keçirilmişdir. İddiaçı 05.02.2021-ci il tarixdən Cavabdeh MMC-nin Xırdalan deposunun müdiri vəzifəsini şifahi göstəriş əsasında yerinə yetirmişdir. Bir ay sonra iddiaçı rəhbərliyə müraciət edərək müdir kimi əmrinin verilməsini xahiş etsə də Cavabdeh MMC tərəfindən bildirilmişdir ki, N.Yabovanı Xırdalan deposunun müdiri vəzifəsinə təyin edilməsi düşünülmür. Hazırda iddiaçı ona depo müdirinin müavini kimi əmək haqqının ödənildiyini bildirir, müdiri əvəz etdiyinə görə əlavə haqq ödənilmədiyi, həftənin şənbə günləri işlədəyinə görə ödənilməyən əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə cərimənin ödənilməsini, həmçinin Cavabdeh MMC-nin əməkdaşlıq etdiyi “Bold Food”-a təqdim etmək üçün 2000-ə yaxın malların qiymətlərini exsel üzrə cədvələ işləməsi, qiymətləri yeniləməsi və təhvil verməsinə görə əlavə pul ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçı qeyd etdiyi işlərin görülməsinin depo müdirinin müavini kimi onun vəzifəsinə aid olmadığını, cavabdehin ona əlavə işlər gördürdüyünü və haqqını ödəmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, həmçinin ona hər hansı maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı faktiki olaraq depo müdiri vəzifəsini icra etməsi, əlavə işlərə, eləcə də həftə sonları işə cəlb edilməsi barədə mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Göründüyü kimi iddiaçı onun Cavabdeh MMC-də başqa vəzifəni əvəz etməsi əmək qanunverciliyinə görə müvafiq qaydada rəsmiləşdirilməlidir, lakin iddiaçı həmin halın eləcə də ona maddi ziyanın dəyməsinin mövcudluğunu təsdiq edə bilməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-3849/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar