Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9596/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin istifadə hüquqlarının itirilməsi tələbi barədə” ilk, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(001)-3972/2021 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12, 32 sayı evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərin onun ünvanından pasport qeydiyyatından çıxıb hal-hazırda yaşadıqları öz ünvanlarına qeydiyyata düşmələrini onlardan dəfələrlə xahiş etmişdir. Lakin cavabdehlər neçə illərdir ki, onunla birgə deyil, Abşeron rayonu, Xırdalan qəbəsinin "AAAF" park yaşayış kompleksinin binasında özlərinə məxsus xüsusi mülkiyyətlərində yaşayırlar. Lakin qeydiyyatları onun ünvanında qalmışdır. O, yaşlı, təqaüd alan insandır. Aldığı təqaüd demək olar ki, özünə güclə çatır. Hər ay biri gəlib deyir ki, su pulu ver, o birisi gəlir ki, zibil pulu ver, özü də adambaşına hesablayırlar. Deyir ki, onlar burada yaşamırlar, burada heç nədən istifadə etmirlər, axı onların yerinə niyə pul verməlidir. Ona Mənzil İstismar İdarəsindən deyirlər ki, onların qeydiyyatları bu ünvana olduqlarına görə onlara da pul tutulur. Ona görə də onları da nəzərə alırlar. Həmçinin ona bildirilmişdir ki, “əgər pul vermək istəmirsənsə, onda zəhmət çək onları qeydiyyatdan çıxart, qoy yaşadıqları ünvan üzrə öz mülkiyyətlərinə qeydiyyata düşsünlər. Sizin də kommunal ödənişləriniz azalsın”. Dəfələrlə onlardan xahiş etsə də, cavabdehlər hələ də onun mənzilindən qeydiyyatdan çıxmaq istəmirlər. Əksinə, onu təhqir edir, şərəf və ləyaqətinə zərər vururlar. Hələ azmış kimi, onu döyüb söyürlər də. Hətta bu barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinə şikayətidə olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Həmçinin, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12, 32 saylı yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Abbasın babası özünə təzə arvad gətirdikdən sonra onu yaşadıqları ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata saldırmaq istəsə də bu baş tutmamışdır. Hal-hazırda qeydiyyatda olduqları ünvanda yerləşən fərdi yaşayış evi əvvəllər bir mərtəbəli olmuş və həmin evin 2-ci mərtəbəsi Abbas tərəfindən tikilmiş və təmir edilmişdir. Orada Abbas ailə üzvləri ilə (arvadı və uşaqları) yaşamışdır. Sadəcə babası ilə mübahisə etməmək xatirinə, münaqişədən uzaq olmaq üçün müvəqqəti kirayədə yaşamaq məcburiyyətindədir, hal-hazırda ümumi ev əşyaları da oradadır. Bundan başqa, Abbas dəfələrlə Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinə müraciət edərək, müvafiq vergiləri ödəmək istəsə də oradan ona bildirmişlər ki, illərdir ki, onların evlərinə görə ödəniş olmamışdır. O, həmin vergiləri ödəmək istəsə də babasının ata adı səhv göstərildiyinə görə ödəniş edə bilməmişdir. Oradan ona bildirmişlər ki, baban özü şəxsən gəlməlidir və ya etibarnamə əsasında ödəniş edə bilər, bələdiyyədən ona yalnız borc cədvəlini təqdim etmişlər. Babası hətta özü qəsdən münaqişə yaradaraq Abbasdan polisə şikayət etmişdir. Hətta əvvəlcə bir dəfə DİN-in 102 qaynar xəttinə də həqiqəti əks etdirməyən müraciət etmişdir. Yuxarıda göstərdiyi hallar Binəqədi RPİ-nin 7-ci PB-nin 17 iyul 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də təsdiqini tapır. Əlavə olaraq bildirmək istəyir ki, təminən 6-7 il bundan əvvəl hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı ağır xəstə olduğuna görə Abbas onu Gömrük Hospitalında (ürəyindən) əməliyyat etdirmiş və onun sağalması üçün 16.000 manat pul xərcləmişdir. Təxminən 3 il bundan əvvəl nənəsi Venera xanımı da Bakı Medikal Plazada ürəyindən (stent qoydurmuşdur) əməliyyat etdirmiş və bütün xərclərini də özü qarşılamışdır. Onlar babası ilə heç vaxt pis olmamışlar. Nənəsi rəhmətə gedəndən sonra da münasibətləri əla olmuşdur. Yalnız babası indi yaşadığı qadını tapdıqdan sonra o, tamamilə dəyişmiş və onlarla münasibətləri korlamışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il, 2(001)-3972/2021 saylı tarixli qətnaməsi ilə ilk iddia rədd olunmuş, qarşılıqlı iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(001)-3972/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan İddiaçı AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1941-ci il təvəllüdlü İddiaçı yaşayış yeri ünvan 2-dir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 235259 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X2 19 oktyabr 2017-ci il tarixdə nikaha daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Taleh Qarayev tərəfindən qəbul edilmiş 17 iyul 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən qanuni tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Binəqədi RPİnin 7-ci PB-nə göndərilməsi, habelə “Məişət zorakılığı haqqında” qanuna əsasən gələcəkdə baş verə biləcək mübahisələrin, münaqişələrin yaranmasının qarşısının alınması məqsədi ilə qəbul edilmiş qərarın surəti profilaktiki və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Binəqədi RPİ-nin 7-ci PB-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin İddiaçı ünvanladığı 17 iyul 2020-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun döyülməyi barədə müraciəti əsasında araşdırılma aparılmış və toplanmış materialda cinayət hadisəsinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı iddia etdiyi kimi onu döyən nəvəsi Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən qanuni tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti 7-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Həmçinin sonuncuya qəbul edilmiş qərar göndərilməklə, qərarla razı olmadığı təqdirdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3cü maddəsinə əsasən müvafiq olaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 6(001)- 4/2021 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Taleh Qarayevin 17 iyul 2020- ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və yenidən araşdırılma aparılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli, 742 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Onun ailə tərkibi aşağıdakılardır: oğlu - X1, gəlini – Cavabdeh1, nəvəsi – Cavabdeh2, nəticələri – X5 və X6. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş 2021- ci il yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, ünvan 2 ünvanı üzrə ödənilməli olan borc məbləği ümumilikdə - ilin sonuna vergi və maliyyə sanksiyası üzrə 164,7 manatdır (150 manat - ilin əvvəlinə qalıq, 14,7 manat – vergilər üzrə). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 15 iyul 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. 17 aprel 2021-ci il tarixdə ilkin iddianın məhkəmədə qaldırılması üçün İddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 28 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın məhkəmədə qaldırılması üçün Cavabdeh2 tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı nəvəsidir. İddiaçı ilə X2 19 oktyabr 2017-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflər mübahisəli ünvan 2 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsi ilkin iddiaya münasibətdə iddiaçının cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmadığı, qarşılıqlı iddia münasibət də isə Cavabdeh2 mübahisəli evdə doğulduğu, həmin evdə boya başa çatdığı, həmin evdə ailə həyatı quraraq yaşamağa davam etdiyi, həmin evdə uşaqlarının dünyaya gəldiyi, habelə həmin mübahisəli evin ikinci mərtəbəsində təmir-tikinti işlərini apardığı, yaşadığı evi daimi əsaslarla tərk etmədiyi nəzərə alınaraq ailə üzvləri ilə birlikdə mübahisəli evə höçürülməli olması, tərəflər arasında davamlı surətdə baş verən məişət zorakılığının mövcud olmasının iş materialları ilə təsdiqini tapmadığı, onların arasında münasibətlərin həmişə yaxşı olduğu, aralarında yalnız birdəfə münaqisə baş verdiyi, bu əsasla qarşılıqlı iddianın təmin edilməməsinin Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı mənzildən qanunsuz məhrum edilməsi ilə nəticələnə biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, ilk və qarşılıqlı iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi ilkin iddiaya münasibətdə qeyd edir ki, İddiaçı hazırda faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12 ünvanında yerləşən 32 saylı fərdi yaşayış evi özbaşına tikilidir, iddiaçı həmin evdə qeydiyyatda olsa da, həmin evə iddiaçının dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda iddiaçının həmin evə sərəncam vermək hüququ yaranmadığından hazırki iddia tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmadığı barədə birinci instansiya məhkəməsinin həmin mövqeyi və əsaslandırması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsində göstərilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1, 158.1.2, 158.2-ci maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyetrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlaka mülkiyyə hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyat keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi fərdi yaşayış evinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından ilk iddia üzrə cavabdehlərin həmin evə istifadə hüquqları yaranmamışdır. Belə olan təqdirdə isə onların qeyd edilən fərdi yaşayış evinə mövcud olmayan istifadə hüquqlarının itirilməsi yolverilməzdir. Qarşılıqlı iddia münasibətdə isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İlk iddia üzrə İddiaçı iddia ərizəsində cavabdehlərin Abşeron rayonu Xırdalan qəsəbəsi “AAAF” park yaşayış kompleksində yaşadıqlarını, Cavabdeh2 və Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12 ünvanında yerləşən 32 saylı evin ikinci mərətəbəsində yaşadıqlarını, mübahisədən sonra həmin evdən getdiklərini qeyd edirlər. Lakin iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Taleh Qarayev tərəfindən qəbul edilmiş 17 iyul 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, həmin araşdırma zamanı Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, təxminən 3 ay əvvəl atası X4 rayonu, Faiq Qayıbov küçəsində yerləşən evlərinin bölgüsündə onlara qarşı haqsızlıq edərək mübahisə etmiş, küsüb atasının evinə getmişdir. Qonşulardan və qohumlardan ayıb olmasın deyə atasından dəfələrlə evə gəlməsini xahiş etsə də bir nəticə verməmişdir. Bu səbəblə 03.07.2020-ci il tarixdə saat 20 radələrində qardaşı Vasif Həbibovla birlikdə atasının yaşadığı evə gedərək danışıb onu evə qaytarmaq qərarına gəlmişlər. Belə ki, birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12 ünvanında yerləşən babası İddiaçı evinə gəlmişlər. Evə daxil olaraq danışmaq üçün gəldiklərini babalarına demələrinə baxmayaraq babaları onları söyüb təhqir etmiş və ataları Miryusun evdə olmadığını deyərək evdən çıxarmağa bağlayıb onu itələmişdir. Bu zaman İddiaçı onu vurmaq istəyən zaman müdafiə məqsədi ilə onu itələyib və həmin vaxt qardaşı Vsif Həbibov babaları İddiaçı vurmayıb əksinə mübahisəni sakitləşməyə çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12 ünvanında yerləşən 32 saylı evin ikinci mərtəbəsində yaşadıqlarını qeyd etsələr də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində İddiaçı ərizəsi əsasında aparılmış araşdırmanın nəticələrindən onların orada yaşamadıqları açıq-aşkar görünür və cavabdehlərin 2017-ci ildə nikaha daxil olduqdan sonra daimi olaraq başqa ünvanda yaşadıqları barədə iddiaçının dəlilinin əsaslı olduğunu göstərir. Belə olan halda kollegiya qeyd edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12 ünvanında yerləşən 32 saylı evə köçürülmələri üçün əsas müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilk və qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(001)-3972/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi tələbinə dair” ilk iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9596/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9596/2021
16.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver