Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9599/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)-2857/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikahdadır, lakin nikahın pozulmasına dair məhkəməyə müraciət edilmişdir. İddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra öz vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini inşa etmişdir. Münasibətləri pozulduğundan cavabdeh iddiaçının həmin ünvanda yaşamağına süni maneələr törətmiş, yaşamağa imkan verməmiş, qəsdən hay-küy salmışdır. Onun bu hərəkətlərindən 102 xidmətinə, sonunda isə məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)- 2857/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini iddiaçının inşa etməsinə dair heç bir sübut mövcud deyil, bu barədə cavabdeh tərəfindən işə əlavə edilmiş həmin tikintinin məhz cavabdeh və onun qardaşının Rusiya Fedarasiyasından göndərdiyi pullar hesabına inşa edilməsini təsdiq edən bank sənədlərinə hüquqi qiymət verilməmişdir. Bundan başqa, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin bütün faktiki halları aydınlaşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X7 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)-2857/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)- 2857/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, təmin edilmiş hissədə mübahisələndirmişdir. Cavabdeh hazırkı apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, hazırkı apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin 2(026)-162/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, birgə nikahdan olan 07.12.2012-ci il təvəllüdlü X4 və 19.02.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, X6 tərəfindən tərəfindən verilmiş 21.05.2021-ci il tarixli məktubdan və həmin tarixdə Dünyamalıyeva Elnarə, Süleymanov Seymur və İsayev Həbib tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİİ mədən, korpus 125 ünvanında qonşuların imzaladığı akta əsasən 2018-ci il tarixdən 2020-ci ilin mart ayınadək özünün inşa etdiyi evdə ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş X9 mübahisəli evin qonşuluğunda yaşadığını bildirmiş, həmin evin iddiaçı tərəfindən tikildiyini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evinin tikintisi üçün müvafiq icra hakimiyəti orqanının icazəsi yoxdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, mübahisəli evin tərəflərin birgə nikah dövründə əldə edilməsi və evin tikilməsində iddiaçının pul xərcləməsi, tərəflərin həmin evdə birgə yaşayıb, istifadə etmələri işin faktiki halları ilə, eləcə də iddiaçının öz izahatları ilə təsdiq olunur. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil özbaşına tikilidir, iddiaçı həmin evə cavabdehlə birlikdə ailə qurduqdan sonra köçmüş, orada nikah pozulanadək yaşamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında rəsmi nikah pozulsa da, iddiaçının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlı olduğundan, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bununla belə, Kollegiya qeyd edir ki, mübahisəli tikili iddiaçının yaşayış yeri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, müəyyən edilmişdir ki, mübahisəli tikilini iddiaçı inşa etmiş və 2018-ci ildən 2020-ci ilədək həmin evdə yaşamışdır. Məhkəmə kollegiyası mübahisəli tikilinin onun Rusiya Federasiyasında yaşayan qardaşı tərəfindən göndərilən pul vəsaiti hesabına inşa edildiyinə, iddiaçının ora heç bir hüququ olmadığına dair apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında həmin tikilinin bir usta kimi onun tərəfindən inşa olunduğunu bildirmiş, cavabdeh isə bunu inkar etməsə də, tikilinin maliyyə xərclərini onun qardaşı çəkdiyini bildirmişdir. Bundan başqa, iddiaçı həmin tikilinin yerləşdiyi torpaq sahəsini onun özünün 2018-ci ildə 3000 manata aldığını, həmin pulun bir hissəsini aldığı şəxsə borclu qaldığını bildirmiş, torpaq sahəsinə görə qalıq borcun iddiaçı tərəfindən ödənilmədiyini cavabdeh də təsdiq etmişdir. Cavabdeh öz dəlillərinin əsası kimi qardaşı tərəfindən Rusiya Federasiyasından ona sürətli pul köçürmələri edildiyini təsdiq edən qaimələri təqdim etmişdir. Məhkəmə həmin qaimələri mötəbər sübut kimi qəbul etmir. Belə ki, qeyd edilən qaimələrdən həmin köçürmələrin 2020-2021-ci illərdə edildiyi göstərilmiş, işin hallarından isə tikilinin 2018-də inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)- 2857/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9599/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9599/2021
04.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver