Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-960/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı və iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi.”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Nəsimi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 25 oktyabr 2005-ci il tarixli 05/82 saylı icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən 400 kv.m torpaq sahəsi xx.xx.2005-ci il tarixdən xx.xx.2054-cü il tarixədək İddiaçı icarəyə verilmişdir (səh. 5). İcarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
2. Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, daha sonra notariat qaydasında təsdiq edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, ölçüsü isə 0,01936 ha göstərilmişdir (DƏDRX-nin xx.xx.2021-ci il tarixli, **********14 saylı məktubu, səh. A1, 118).
3. Nəsimi Bələdiyyəsi xx.xx.2021-ci il tarixli 01-390 saylı məktubla bildirmişdir ki, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında bağlanmış 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanda onun istifadə və sahibliyinə ayrılmış 400 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqaviləyə əsasən, ünvan 1 ünvanda yerləşən və onun faktiki istifadəsində olan 400 kv.m torpaq sahəsi həyətyanı sahə kimi Nəsimi Bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli 55 saylı əmrinə əsasən onun istifadə və sahibliyinə verilmişdir. Sözügedən torpaq sahəsinin icarəyə verilmə müddəti 49 il, icarə haqqı isə aylıq 7,70 manat, illik isə 92,80 manat məbləğində müəyyən edilmişdir. Bir müddət əvvəl onunla qonşuluqda yaşayan cavabdehlər Aydın və Azər Məmmədov qardaşları, öz torpaq sahəsini genişləndirmək məqsədi ilə onun istifadəsinə ayrılmış 400 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsini zəbt etmiş, onun həmin ərazidəki hasarını uçurtmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış torpaq sahəsi üzərində olan hüquqlarından istifadə edə bilmir.
6. Həmçinin iddiaçılar Cavabdeh1 və X5 cavabdeh İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” bağlanmış 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçılar Cavabdeh1 və Azər Məmmədov iddia tələblərini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi 1968-ci ildən, yəni 53 ildir ki, onların ailəsinin istifadəsində və sahiblyindədir. 2021-ci ilin fevral ayında cavabdeh İddiaçı onlara qarşı iddia qaldıraraq göstərmişdir ki, guya onunla Nəsimi Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli icarə müqaviləsi bağlanmış, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən 400 kv.m torpaq sahəsi ona icarəyə verilmişdir. Qeyd edilən icarə müqaviləsindən onların məlumatı olmamış, yalnız 2021-ci ildə iddia ərizəsindən sonra məlum olmuşdur. Hazırda həmin icarə müqaviləsi onların maraqlarına toxunur və mübahisəli olan torpaqdan istifadə və sahiblik hüquqlarını pozur. Həmin icarə müqaviləsi tamamilə qanunsuzdur. Belə ki, bu müqavilənin heç bir hüquqi əsası yoxdur. Çünki 2005-ci ildən bu günədək həmin torpaq sahəsi onların istifadəsində və sahibliyində olmuşdur. İcarə müqaviləsində isə göstərilir ki, guya İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi icarəyə verilir. Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanda yerləşən 400 kv.m torpaq sahəsi Nəsimi Bələdiyyəsinin inzibati ərazi vahidinə aid deyil və bələdiyyə mülkiyyətində deyildir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3209/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” 2(006)-3209/2021 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “torpaq sahəsinin boşaldılması və s. tələbinə dair” e-2(006)-2855/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbləri təmin olunmamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Məhkəmə hər iki tələb üzrə iddialarla bağlı qeyd etmişdir ki, tərəflərin irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə tərəflərin, qanuni sahibliklərində olduğunu iddia etdikləri torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla tərəflərə məxsusluğu müəyyən edilməmiş, eyni zamanda torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Tərəfləri iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Çünki onlar, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər, torpaq sahəsinin mülkiyyətçisi (dövlət) tərəfindən onlarla müvafiq alğı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadəsinə verilməmişdir. Bundan əlavə, məhkəmə iddia ərizələrinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə ikinci tələb üzrə iddiaçının iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə qeyd etmişdir ki, ikinci tələb üzrə cavabdehlərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda ikinci tələb üzrə iddiaçı cavabdehlərin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157-ci və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni onun iddiasına aid hissədə ləğv edilməsi, həmin hissədə onun iddiasının təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar nə onun iddia ərizəsinə etiraz edərkən, nədə hazırkı iddialarını məhkəməyə təqdim edərkən sözügedən torpaq sahəsinin onların istifadəsində və sahibliyində olması, ümumiyyətlə, həmin torpaq sahəsinin onlara aidiyyəti ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişlər. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi barədə qanunvericiliyə müvafiq dəyişikliklər məhz 2007-ci il tarixdə edilmişdir. Onunla Nəsimi Rayon Bələdiyyəsi arasında müvafiq müqavilə isə 2005-ci il tarixdə bağlanmışdır. İcarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldırmamağı heç bir halda həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Müqavilə ilə bağlı müvafiq bazada hər hansı məlumatın olmamasına görə məsuliyyəti məhz Bələdiyyə daşıyır, ondan icarə haqqı almaq isə bələdiyyənin hüququdur. Əgər tərəfindən bələdiyyəyə həqiqətən də icarə haqqı ödənilməmişdirsə, bunu qanunvericiliklə müəyyən edilmiş qaydada Bələdiyyə ondan tələb edə bilər ki, bu məsələlərin də iddiaçılara və hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. İddiaçıların həmin torpaq sahəsinin cüzi hissəsinin belə onlara aidiyyəti ilə bağlı hər hansı qanuni əsası-sənədi-sübutu mövcud deyildir. Onunla bələdiyyə arasında qanunauyğun qaydada müqavilə bağlanmış, həmin müqavilə hazırda da qüvvədədir, müqavilə digər iştirakçısı tərəfindən mübahisələndirilməmişdir və həmin müqavilənin dövlət reyestrində qeydiyyata alınmaması heç bir halda onların ziyanına qiymətləndirilə bilməz.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3533/2022 nömrəli, 24 may 2022-ci tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən 400 kv.m torpaq sahəsini xx.xx.2005-ci il tarixdən xx.xx.2054-cü il tarixədək İddiaçı icarəyə vermişdir. İcarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Göründüyü kimi, mübahisəli torpaq sahəsi apellyatora məxsus deyil və həmin torpaq sahəsinə dair tərəflərin adına heç bir hüquq müəyyənedici sənəd yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli icarə müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən halları nəzərə alaraq apellyatorun iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat:
17. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, onun iddiasına aid hissədə ləğv edilərək, həmin hissədə yeni qərar qəbul edilməsini, onun iddiasının təmin edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5150/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3533/2022 nömrəli, 24 may 2022- ci il tarixli qətnaməsinin İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunmasına aid hissədə ləğv edilməsi və həmin hissədə iş yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.
19. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd edib ki, iş materiallarından göründüyü kimi iddiaçı Z.X3 ilə bağlanmış 25 oktyabr 2005-ci il tarixli, 05/82 saylı icarə müqaviləsinə əsasən onun icarəsinə verilmiş, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin, cavabdehlər tərəfindən zəbt olunmuş hissəsi üzərində hüquqlarının bərpa olunmasını (cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsini) tələb edir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən mövqeyi bundan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Çünki, torpaq sahəsinə hüquqlar müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Torpaqdan istifadə hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir (31-ci paraqraf). Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, icarə müqaviləsi də əqdlərin bir növüdür. Doğrudur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı). Lakin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan və ya digər qanuni qüvvəyə malik olan qərar əsasında əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Bununla belə, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.” Buna görə də iddiaçının icarəsində verilmiş torpaq sahəsinə dair hüquqlarının qorunması üçün verdiyi iddianın torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmaması əsası ilə rədd edilməsi əsassız olmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi apellyatora məxsus deyil və həmin torpaq sahəsinə dair tərəflərin adına heç bir hüquq müəyyənedici sənəd yoxdur. Eyni zamanda müəyyən edilir ki, “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli icarə müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir. Məhkəmə kollegiyası bu cür əsaslandırma ilə də razılaşmır. Çünki, icarə müqaviləsinin hüquqi qüvvəsini, müqavilə barədə bələdiyyənin vergi-uçot bazasında məlumatın olmamasından asılı edən hüquq norması yoxdur. İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməməsi isə, Torpaq Məcəlləsinin 73-cü maddəsində icarə müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmiş olsa belə, bu cür hüquqi nəticə müqavilə tərəfinin təşəbbüsü ilə tətbiq olunur. Baxılan işdə isə, bələdiyyənin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi müəyyən olunmur. Bundan başqa, məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, iş materiallarından göründüyü kimi, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, daha sonra notariat qaydasında təsdiq edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, ölçüsü isə 0,01936 ha göstərilmişdir (DƏDRX-nin xx.xx.2021-ci il tarixli, **********14 saylı məktubu, səh. A1, 118). Göründüyü kimi Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında 0,01936 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydiyyata alınmışdır. Lakin məhkəmə bu torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydiyyata alınması üçün əsas olmuş hüquqi faktın nədən ibarət olmasını müəyyən etməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında arxiv sənədlərində torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydiyyatı üçün başqa əsaslar yox, yalnız iddiaçı ilə bağlanmış icarə müqaviləsi əsas götürülmüşdürsə (çıxarışda torpağın dövlət mülkiyyəti kimi qeyd olunması nəzərə alınmaqla), bu hala qiymət verilməli, həmin ölçüdən artıq qalan torpaq sahəsinin həqiqətən də cavabdehlər tərəfindən istifadə edilib edilmədiyi müəyyən edilməlidir. Məhkəmələrin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
21. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi.
23. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan digər şəxslər və nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
26.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:
Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən, yəni İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunmasına aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi üçün əsasdır.
29. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
31. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini hazırki apellyasiya icraatının predmeti olan qətnamənin bir hissəsi, yəni İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunmasına aid hissədə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya icraatının predmeti olan hissəsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
32. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
33. Torpaq sahəsinin boşaldılmasına dair iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
34. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar apellyasiya icraatının predmeti olan torpaq sahəsinin boşaldılması hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
35. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan göstərişlər verilmişdir.
36. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin İddiaçı Cavabdeh1 və X4 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və.s dair iddiasının rədd olunmasına aid hissədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.
37. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
38. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, İddiaçı iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın rədd olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əslində iddiaçının niyyəti əvvəlcədən cavabdehlərin ona ayrılmış torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılmasına və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə nail olmaq olmuşdur.
39. Hazırki apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən mübahisə predmeti olan 400 kv.m torpaq sahəsinin(faktiki 200 kv.m torpaq sahəsinin) mülkiyyət növü, yəni dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olması və hansı şəxsin yaxud qurumun sahibliyində yaxud istifadəsində olduğu, kateqoriyası və təyinatı və digər məsələlər barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı ünvan 4 ünvanında yerləşən, xx.xx.2014-cü ildə İddiaçı, xx.xx.2017ci ildə alqı-satqı və ipoteka müqaviləsi əsasında X2 mülkiyyətinə keçmiş fərdi yaşayış evinin (çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, ölçüsü 0,01936 ha. göstərilmişdir) - xx.xx.2014-cü ildə İddiaçı adına ilk dəfə mülkiyyət hüququ əsasında qeydiyyatdan keçərkən 0,01936 ha. ölçüdə olan torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması üçün əsasın (hansı hüquqmüəyyənedici sənəd və.s olmuşdursa təsdiq edilmiş surətləri məhkəməyə göndərilməklə suala cavab verilməklə) nə olması; bu əsasın İddiaçı ilə ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilə(çıxarışda torpağın dövlət mülkiyyəti kimi qeyd olunması nəzərə alınmaqla) olub-olmaması; İddiaçı ilə ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilə(çıxarışda torpağın dövlət mülkiyyəti kimi qeyd olunması nəzərə alınmaqla) əsasında mübahisə predmeti olan torpaq sahəsi icarəyə verilə bilməsinin mümkünlüyü barədə mütəxəssis (mühəndis, ekspert) rəyi alınmalıdır.
40. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 28 mart 2023-cü il tarixli məktubla sənədlər və mütəxəssis rəyi göndərilmiş və Rəydə göstərilir ki: - ünvan 5 ünvanında yerləşən xx.xx.2014-cü ildə İddiaçı xx.xx.2017-ci ildə alqı- satqı və ipoteka müqaviləsi əsasında X2 mülkiyyətinə keçmiş fərdi yaşayış evi xx.xx.2014-cü ildə İddiaçı adına ilk dəfə mülkiyyət hüququ əsasında qeydiyyatdan keçərkən 0.01936 ha. ölçüdə olan torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması üçün əsas İddiaçı ilə Bakı şahəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış "Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 05/82 nömrəli müqavilə olmamışdır. Belə ki, İdarənin arxivində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmasına dair Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 182 nömrəli sərəncamı mövcuddur. Həmin sərəncamda İddiaçı istifadəsində olan torpaq sahəsini Nəsimi rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/82 saylı müqaviləsi ilə rəsmiləşdirilməsi qeyd olunmuşdur. Qeyd olunan sərəncamın surəti rǝyǝ əlavə olunur; - Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 200,0 kv.m sahə Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş cizgidə istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiya fərqli olduğundan sahənin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Sualda qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən fərdi yaşayış evi hazırda **********48-10301 reyestr nömrəsi ilə X2 mülkiyyətindədir; - Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindan başa çatdırılmadığından qeyd edilən məsələyə münasibət bildirmək mümkün olmamışdır. 41.Göründüyü kimi, mütəxəssis rəyində bir tərəfdən fərdi yaşayış evi xx.xx.2014-cü ildə İddiaçı adına ilk dəfə mülkiyyət hüququ əsasında qeydiyyatdan keçərkən 0.01936 ha. ölçüdə olan torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması üçün əsas İddiaçı ilə Bakı şahəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış "Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 05/82 nömrəli müqavilə olmadığı, digər tərəfdən isə İdarənin arxivində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmasına dair Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014cü il tarixli, 182 nömrəli sərəncamının mövcud olduğu, həmin sərəncamda İddiaçı istifadəsində olan torpaq sahəsini Nəsimi rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/82 saylı müqaviləsi ilə rəsmiləşdirilməsi qeyd olunur. Rəyə əlavə edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 182 nömrəli sərəncamında həqiqətən də İddiaçı istifadəsində olan torpaq sahəsini Nəsimi rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/82 saylı müqaviləsi ilə rəsmiləşdirilməsi qeyd olunur. Demək, fərdi yaşayış evinin qeydə alınması üçün İcra Hakimiyyəti sərəncamında iddiaçının istifadəsində olan torpaq sahəsinin Bələdiyyə ilə bağladığı müqavilə ilə rəsmiləşdirildiyini qəbul və təsdiq etmişdir. Əks halda İcra Hakimiyyəti torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi və hazırda mübahisə predmeti olan hissələrinin hansı orqana yaxud şəxsə məxsus olduğunu və iddiaçıya hansı əsasla və məqsədlə verildiyini(ayrıldığını) sərəncamında göstərməli idi. Ancaq sərəncamda yalnız Bələdiyyə ilə bağlanmış müqavilə göstərilir, demək, mübahisə predmeti olan torpağın da Bələdiyyəyə aid olduğunu dövlət adından səlahiyyət verilmiş Yerli İcra Hakimiyyəti orqanı etiraf və təsdiq etmiş olur.
42. Hazırki apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi də xx.xx.2014-cü il tarixli, 182 nömrəli sərəncamda göstərilənlərin həqiqiliyini, eləcə də mübahisə predmeti olan torpağın Nəsimi Bələdiyyəsinə məxsus olduğunu, Bələdiyyənin də torpağı iddiaçıya verməsinin etibarlı olduğunu, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci ildə torpaqların yeni yaradılmış bələdiyyələrə xəritə ilə verildiyini təsdiq etdi. Həqiqətən də işə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 919 nömrəli Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvi verilməsi haqqında Sərəncamı ilə Nəsimi rayonu üzrə 233,63 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Nəsimi Bələdiyyəsində təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində mübahisə predmeti olan 200,0 kv.m torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti olmasını göstərməsi düzgün olmamışdıir.Çünki, həmin sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməməsi, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını istisna etmir. Birdəki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanuna əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanının bir qurumudur. Əgər belə olmasaydı onda qeyd olunan İdarə məhkəmə sorğusundakı 4-cü suala dəqiq cavab verməli idi, ancaq verməyib və göstərir ki, Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından qeyd edilən məsələyə münasibət bildirmək mümkün olmamışdır.
43. Hazırki apellyasiya baxışı zamanı iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X6 da məhkəmə iclasında iştirak etməsə də ərizə və ona əlavə edilmiş sənədlərlə məhkəməyə müraciət edərək göstərir ki, fərdi yaşayış evi iddiaçının adına qeydiyyata alınarkən Nəsimi rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/82 saylı icarə müqaviləsi qeydiyyat üçün əsas olmuş, fərdi yaşayış evi ona satıldıqdan sonra, iddiaçı icarə müqaviləsi əsasında istifadə və sahibliyində olan torpaq sahəsini onun istifadəsinə verəcəyini öhdəsinə götürmüşdür. İddiaçının icarə haqqı ödəməməsi barədə Nəsimi Bələdiyyəsinin mövqeyi qanunsuz və əsassızdır(ərizəyə ödəniş barədə qəbz əlavə etmişdir). Həmçinin yerli özünü idarə orqanlarının sənədləri 5 ildən sonra dövlət arxivinə təhvi verilməlidir. Nəsimi Bələdiyyəsi tərəfindən həmin sənədlər təhvil verilməyibsə və naməlum şəraitdə saxlanılırsa onda təqdim etdiyi məlumat sübut kimi qəbul edilməməlidir.
44. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli ünvandakı torpaq sahəsinə yerində baxış da keçirildi. Baxış zamanı müəyyən edildi ki, torpaq sahəsi düzbucaqlı şəklində yerləşir, yəni torpaq sahəsinin bir tərəfinin avtomobil yoluna paralel, digər tərəfi ücüncü şəxsə aid tikilinin divarına paralel yerləşir, digər tərəfi iddiaçının üçüncü şəxs Nazim Şahbazova satdığı fərdi yaşayış evinə, əks tərəfi isə cavabdehin giriş darvazasından avtomobil yoluna qədər olan yola paralel yerləşir, torpaq sahəsinin kənarları çəpərlənmədiyi müəyyən edildi. Göründüyü kimi, yerli baxış zamanı da mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus evə bitişik olduğu təsdiq olundu. Bu cür vəziyyətdə cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi olmadan iddiaya etirazı başadüşülən olmamışdır. Torpaq sahəsi uzun illər ərzində cavabdeh tərəfin faktiki istifadəsində olması da əraziyə baxış zamanı müəyyən edilmədi. Ən azından bu illər ərzində torpaq sahəsi cavabdeh tərəfin istifadəsində idisə, hansısa formada bunu, yəni kənarlarının çəpərlənərək mühafizə və istifadə olunduğunu müşahidə etmək olardı.
45. Göründüyü kimi, qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə mövqeyi və gəldiyi nəticə düzgün olmamışdır.Başqa sözlə iddianın təmin edilməsi üçün əsas olduğu halda məhkəmə bunu etməmişdir.
46. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Apelyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan, yəni İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunması hissəsində ləğv edilməli və həmin hissədə idda tələbi təmin edilməli; İddiaçı ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanda icarəyə verilmiş 400(dörd yüz) kv.m torpaq sahəsinin zəbt olunmuş hissəsindən(200 kv.m.hissədən)cavabdehlər Cavabdeh1 və X5 çıxarılmalı və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir.
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan, yəni İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə idda təmin edilsin. İddiaçı ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanda icarəyə verilmiş 400(dörd yüz) kv.m torpaq sahəsinin zəbt olunmuş hissəsindən(200 kv.m.hissədən)cavabdehlər Cavabdeh1 və X5 çıxarılsın və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.