Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9601/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı2, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” barədə ilk, Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(011)-5438/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra, iddiaçı), Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh, cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(011)- 5438/2020 saylı qətnaməsi ilə həm ilk, həm də qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(011)-5438/2020 saylı qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qayatrılmışdır. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 01.07.2021-ci il tarixdə təkrarən apellyasiya şikayəti vermiş və şikayətə prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə 28.12.2020-ci il tarixdə cavabdehin nümayəndəsinin elektron kabinetinə yerləşdirilsə də, bu barədə məlumat sistem vasitəsilə elektron qaydada bildirilməmiş, buna görə də prosessual müddət üzürlü səbəbdən 3 gün ötürürlmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(011)-5438/2020 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə rədd olunaraq, apellyasiya şikayəti geri qayatrılmışdır. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamə cavabdehə poçt vasitəsilə göndərilməmiş və elektron kabinetə yerləşdirilməsi barədə hər hansı məlumat daxil olmamışdır. Göründüyü kimi, qətnamə qanunvericilikdə nəzərdə tutulmuş qaydada çatdırılmamış, buna görə də cavabdeh 10.02.2021-ci il tarixdə qətnamənin verilməsi üçün məhkəməyə müraciət etmişdir. Pandemiya şəraiti ilə əlaqədar məhkəmə dəftərxanası sənəd qəbul etmədiyi üçün şikayət məhkəmənin inzibati binasında yerləşən poçt qutusuna atılmışdır. 25.02.2021-ci il tarixli apellyasiya şikayəti itirilsə də, digər apellyasiya şikayəti təqdim olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasından iştirak edən cavabdehin nümayəndəsi və vəkili, şikayəti müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Suala cavab olaraq bildirmişdir ki, qətnamə onun elektorn kabinetində yerləşdirilməmişdir. Bu səbəbdən də, sonradan qətnamənin surətinin təqdim olunması barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2, məsələnin həllini məhkəmə kollegiyasının mülahisəzinə buraxdığını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər İddiaçı1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(011)-5438/2020 saylı qərardadı ləğv edilməli, iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 134.1 və 134.1.5-ci maddəsinin tələbinə görə, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, … aktlarını rəsmi qaydada verməlidir. MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq hesab edir ki, işdə olan sənədlərə əsasən, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti veriməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyü qənaətinə gəlmək mümkün deyildir. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Prosessual müddətlərin bərpası məsələsinə o zaman baxıla bilər ki, müvafiq müddət həqiqətən buraxılmış olsun. Əks halda (müddət ötürülməmişdirsə), müddətin bərpa olunmasına da ehtiyac yoxdur. Göründüyü kimi, məhkəmə ilk növbədə prosessual müddətinin ötürülübötürülməməsini tam və ətraflı yoxlamalıdır. Əks halda məhkəmə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. İşdə olan sənədlərdən isə görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli qətnaməsinin surəti 07.12.2020-ci il tarixli məktubla tərəflərə, o cümlədən cavabdehə qarşılıqlı iddia ərizəsində qeyd etdiyi ünvan (ünvan 1ndərilsə də, çatdırılması mümkün olmamışdır. Sonradan cavabdeh 16.02.2021-ci tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla, hazırda ünvan 2 ünvanında yaşadığını bildirərək, qətnamənin surətinin ona həmin ünvan üzrə göndərilməsini xahiş etmiş və məhkəmə tərəfindən 25.05.2021-ci il tarixli məktubla xahişi təmin edilmişdir. Cavabdehin apellyasiya şikayəti isə, məhkəməyə 16.04.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, sözügedən qətnamənin surəti cavabdehə iki dəfə ayrı-ayrı ünvanlar üzrə poç orqanı vasitəsilə göndərilsə də, işdə onun çatdırılması barədə hər hansı məlumat yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən qətnamənin surəti cavabdehə ikinci dəfə qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu tarixdən (16.04.2021-ci il) sonra (25.05.2021-ci il) göndərilmişdir. Bundan başqa, məhkəmə apellyasiya şikayətinin 25.02.2021-ci il tarixdə poçt orqanına təhvil verildiyini bildirsə də, Kollegiya hesab edir ki, bununla bağlı istinad etdiyi qəbz (səh.115) bu halın müəyyən edilməsi baxımından mötəbər hesab edilə bilməz. Ona görə ki, həmin qəbz yalnız cavabdehin nümayəndəsi və vəkili tərəfindən imzalanmaqla, onda aid olduğu sənədin (apellyasiya şikayəti) Xətai Rayon Məhkəməsinin məsul işçisi tərəfindən qəbul edilməsi ilə bağlı hər hansı təsdiqedici əlamət (imza, möhür və s.) əks olunmamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi, yuxarıda qeyd olunan ziddiyyətli məqamların heç birinə diqqət etmədən, cavabeh tərəfindən prosessual müddətin ötürülməsi qənaətinə gələrkən qətnamənin surətinin onun nümayəndəsinin elektron kabinetinə 28.12.2020-ci il tarixdə yerləşdirilməsinə istinad etmişdir. Halbuki, həm işdə olan sənədlərdən, həm də bu iş üzrə “Ekektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmiş məlumatlardan bu faktın doğruluğu təsdiq olunmur. Belə olan halda, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müddətin ötürülüb-ötürülmədiyi məsələsini və müsbət halda bunun üzrlü səbəblərini tam və hərtərəfli araşdırmamışdır. Ona görə də, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” barədə ilk, Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(011)-5438/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(011)- 5438/2020 saylı qərardadı ləğv edilsin, mülki iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün (ərizəyə yenidən baxılması üçün) həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9601/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9601/2021
21.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver