Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-961/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əbilhəsən oğluna qarşı iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3 Əbilhəsən oğlunun, onun nümayəndəsi (vəkili) Vəkil3, digər Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 06 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 505 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı ilə “Turan” kiçik müəssisəsi tərəfindən abadlaşdırılaraq istifadələrində olan 1800 kvm torpaq sahəsi əsaslı tikinti işləri aparılmamaq şərti ilə müəssisənin istifadəsinə verilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesində yerləşən, ümumi sahəsi 387,2 kvm sahəsi olan qeyri yaşayış sahəsi “Turan” şəxsi kiçik müəssisəsinin balansındadır. Bakı şəhəri, Qaradağ rayonu, Bakı Salyan şossesi, “Dərin özüllər” zavodunun şimal-şərqində "xxxx" MMC-nin balansındadır. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 24-cü km, 10 ərazisində yerləşən 28,2 kv metr sahəsi olan, 2 mərtəbəli qeyri-yaşayış binası (həyətyanı tikili və qurğular daxil olmaqla) istifadə hüququ əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. (Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010). Nərimanov rayon prokurorunun xx.xx.2016-cı il tarixli cinayət işinin başlanması haqqında qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış 348-c-16 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində dindirilmişdir. Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədovun xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən Cavabdeh2 ağır xəstəliyi ilə əlaqədar istintaq proseslərində iştirak edə bilməməsi səbəbindən onun istintaq proseslərində iştirakı mümkün olanadək cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən, X3 (iddiaçının kürəkəni) Cavabdeh2 200000 manat məbləğində borc pul vermiş, borc alan həmin pulu xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əbilhəsən oğluna qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək surətdə 459000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2014-cü ilin noyabr aylarında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Qaradağ rayonu üzrə bölməsinin əməkdaşı Cavabdeh1 tez-tez iddiaçının yanına gələrək onun mülkiyyətində olan “Turan” k/m və "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin təcili olaraq özəlləşdirilməsini tələb etməyə başlamışdır. Həmin vaxtlarda onun özəlləşdirməni aparmaq üçün vaxtı və imkanı olmamışdır. Zahid isə öz tələbində israrlı olmuş, torpağın mütləq özəlləşdirilməli olduğunu bildirmişdir. Bir gün iddiaçı onunla oturub bu məsələni müzakirə etmək qərarına gəlmiş, görüş vaxtı ona iş adamı olmasını və belə işlərdən o qədər də anlamadığını, özəlləşdirmə ilə əlaqədar nə etməli və hara müraciət etməli olduğunu bilmədiyini, qanuni yollarla xərci, yaxud da rüsumun nə qədər olması da onun üçün qaranlıq bir məsələ olmasını söyləmişdir. Zahid müəllim ona problem olmadığını və bu işi BTİ-nin Maliyyə şöbəsinin müdiri Cavabdeh3 adlı şəxsin həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra Cavabdeh1 ona zəng edərək yanına gəlmiş, özəlləşdirmə ilə bağlı Məhəmmədlə danışdığını, Məhəmmədin 250000 manat istədiyini, ona həmin puldan vasitəçi kimi 10000 manat «şirinlik» verəcəyini demişdir. Zahidin dediyi məbləğlə razılaşmamış, Zahid ordaca Məhəmmədlə telefonla danışaraq məbləği 215000 manata endirmişdir. O, bu məbləğə razı olmuş, bir neçə gün ərzində 215000 manat puldan 200000 manatı yığıb toplamış və Zahidə Məhəmmədlə görüşə hazır olduğunu demişdir. Zahid də Məhəmmədlə əlaqə saxlamış və qərara gəlmişlər ki, 2014-cü ilin noyabr ayının 28-də BTİ-nin yanında görüşüb Məhəmmədin qəbuluna getsinlər. Danışdıqları tarixdə kürəkəni Ülvi ilə bərabər BTİ-yə getmişlər. Onları görən kimi Zahid pulu gətirdiklərini soruşmuş, Cavabdeh3 zəng edərək telefonda onların pulları və lazımı sənədləri gətirdiklərini söyləmişdir. Məhəmməd isə onları BTİ binasının qarşısında yerləşən bir ofisə göndərmiş, bildirmişdir ki, orada onun Elşən adlı bir işçisi işləyir, Elşən sənədləri və pulları yoxlasın, özü isə yarım saata Elşənin otağına gələcəkdir. Zahid telefonun səsini mikrofona qoyduğundan onlar Məhəmmədin dedikləri bu sözləri açıqca eşitmişlər. Bu vaxt o, Zahiddən pulun 50000 manatını indi, qalanlarını isə sonra vermək barədə Məhəmmədə deməsini xahiş etmişdir. Çünki görəcək başqa işləri də var idi. Zahid yenə Məhəmmədə zəng etmiş, dediyini ona çatdırmış, sonra «razı olmadı, hamısını indi vermək lazımdır, əks halda iş alınmaz, onsuz da sizə 50 min manat güzəşt edilib” demişdir. Bundan sonra o, Zahidin bələdçiliyi ilə kürəkəni Ülvi ilə bərabər BTİ binası ilə üzbəüzdə yerləşən Cavabdeh2 otağına daxil olmuşlar. Cavabdeh2 adlı şəxs öz otağında onları qəbul etmişdir. Söhbət zamanı Elşən “Məhəmməd müəllimin ona özəlləşmə üçün pul gətirəcəklərini və onun götürməsini bildirmiş, özü də bir azdan gələcəyini demişdir. Hətta Məhəmməd müəllim şəxsən ona tapşırmış və heç bir problem olmaz deyə əlavə etmişdir. İddiaçı də işin artıq yüz faiz həll olunacağını yəqin etmiş və Ülvi ilə Zahidin yanında 200000 manatı sayaraq Elşənə vermişdir. Bir azdan Məhəmmədin özü də Elşənin otağına gəlmiş, Məhəmməd otağa girəndə həmin pullar hələ Elşən tərəfindən sayılırmış. İddiaçı özəlləşmə sənədlərinin nə vaxt hazır olacağı barədə sual verdikdə, onlar bir aya hazır olacağını demişlər. Onlar ayrılmış və sonrakı günlərdə gözləməyə başlamışlar. Bir ay keçməsinə baxmayaraq həmin şəxslərdən bir xəbər çıxmamış, amma arada bir Məhəmməd və Zahidlə telefon əlaqələri olmuşdur. Mart ayının əvvəllərində Elşən və Zahid ona zəng edərək onu sənədlər və möhürlə bərabər Əmlak Komitəsinə dəvət etmişlər. Komitədə onlar iddiaçını müxtəlif otaqlara aparıb sənədlərə imza etdirmişlər. Sonra o çıxıb getmişdir. Aprel ayında Zahid gəlib iki dəfəyə ondan cəmi 10000 manat almış və bu pulun onunla Elşənə çatdığını demişdir. O da vermişdir. Lakin iş yenə uzanmağa başlamışdır. Narahat olduğunu görüb Zahid ona Məhəmmədlə görüşməyi məsləhət bimişdir. Məhəmmədlə əlaqə saxlayaraq onunla görüşmüş, əgər iş düzəlmirsə onda pullarını qaytarmasını demişdir. Məhəmməd isə ona “narahat olma pullar artıq yuxan dairələrə çatıb, hər şey yaxşı olar, sənədlərin hazırlanmasına çox qalmayıb və Elşənlə əlaqə saxla” demişdir. Bundan sonra o bir həftə dalbadal Elşənə, sonra isə Məhəmmədə zəng edərək onlardan işi tələb etmişdir. Bu zənglərin birində Elşən ona verdiyi 200000 manatın hamısını Məhəmməd müəllimə verdiyini, onluq heç nə olmadığını, ona qəpikquruş qaldığını etiraf etmişdir. Elşəni polislə hədələmiş, Elşən bundan bərk qorxmuş və onunla 200000 manatlıq formal borc müqaviləsi bağlamağı təklif etmişdir. O da əlacsız qalmış, heç olmazsa qarantiyası olsun deyə belə bir müqavilənin kürəkəni Ülvi ilə bağlamasına razı olmuşdur. Bundan əlavə Cavabdeh2 və Cavabdeh3 200000 manatın əvəzi olaraq ona girov kimi Qaraçuxur qəsəbəsində yerləşən bir fərdi evə dair “Çıxarış” və “Texniki pasport” təqdim etmişlər. Həmin evi adına keçirmək üçün isə X4 adlı bir şəxsin adından ona etibarnamə vermişlər. Lakin müqavilə bağlansa və ona “mənzil” verilsə də o, verdiyi pulun Məhəmmədlə Elşən tərəfindən ona qaytarılmayacağını hiss etmişdir. Amma yenə də işin düzələcəyinə ümid etmişdir. O, yenə də Cavabdeh3 və Cavabdeh2lə söhbət aparmış, tanışı Seyidlə onların görüşünə getmişdir. Görüş zamanı Məhəmmədə bildirmişdir ki, yaxınlarda iş düzəlməzsə polisə və Kərəm Həsənova şikayət edər. Bu dəfə onlar iddiaçını sakitləşdirmək məqsədi ilə ona böyük bir obyektin «Çıxarışını» və kürəkəninin adına baş etibarnamə verməyi təklif etmişlər. Bildirmişlər ki, əgər iş alınmazsa və pul batsa həmin obyekti özünə götürsün. Onlar həmin çıxarışı idiaçıya təqdim etmiş, o də başqa çıxış yolu olmadığından razı olmuşdur. Lakin bütün bunlar yalan imiş. Növbəti dəfə o, Elşənin yanına ofisinə gedən zaman Elşənin qaçıb gizləndiyini və yerinin də bilinmədiyini öyrənmişdir. Bundan sonra o, Elşənin onlara verdiyi obyektin sənədlərinin və etibarnamənin də saxta olmasını öyrənmişdir. Buna görə də o, izahat almaq üçün dərhal Məhəmməd müəllimi tapmış, o, isə özünü təmizə çıxarmaq üçün müxtəlif bəhanələr gətirməyə və and-aman içməyə başlamış, “pulu ona yox Elşənə verdiyni, gedib ondan almasını” demişdir. O da “axı mən Elşən adlı adam tanımırdım, sən məni onun yanına göndərdin və tapşırdın ki pulu ona verim. Elşən də ona bildirmişdir ki, pulu sənə verib, onunla Zahidə cəmi 10000 manat qalıb” demişdir. Bu zaman vəziyyətin belə olduğunu görən Zahid qorxudan aldığı 10000 manatı qaytaracağını demişdir. Sonradan o həqiqətən də özü üçün aldığı 10 min manatdan 9000 manatını oğlu vasitəsi ilə geri qaytarmışdır. İddiaçı 12 dekabr 2015-ci il tarixdə bu məsələ barəsində Korrupsiya İlə Mübarizə baş İdarəsinə ərizə ilə müraciət etsə də indiyə kimi bu barədə heç bir tədbir görülməmiş, heç bir təhqiqat işi aparılmamışdır. Lakin verdiyi ərizədən sonra onları Daşınmaz Əmlakın Dövlət Reyestr İdarəsinin Bakı Ərazi İdarəsinə dəvət etmişlər. Həmin idarənin rəisi Məhəmməd müəllimlə əlaqədar araşdırmanı o aparacaq. Lakin o da heç bir araşdırma aparmamışdır. Bundan sonra iddiaçı Nərimanov rayon prokurorluğuna ərizə yazmışdır. 01 iyul 2016 cı ildə Nərimanov rayonun o zamankı prokuroru Vüqar Əliyev tərəfindən bu fakt barasində Cinayət Məcəlləsinin 178.3.2 və 320.1 maddələri ilə ********* saylı cinayət işi başlanmış, istintaq aparılmış, bu işlə əlaqədar bütün şəxslər dindirilmiş və üzləşmələr olmuşdur. Həmin cinayət işinin istintaqı zamanı onun, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əbdülhüseyn oğlunun ifadələri alınmış, bundan əlavə iş üzrə 2-3 nəfər şahidlər də dindirlmişdir. Cavabdeh3 başqa, bütün cavabdeh və şahidlər məndən 200000 manat pulun alınaraq Talıbova verilməsini və Talıbovun bu işdə əsas təşkitalatçı olduğunu etiraf etmişlər. Bu barədə digər sübutlar da əldə olunmuşdur. Cavabdehlərin cinayət işi üzrə alınmış həmin ifadələri hazırda bu iş üzrə məhkəməyə təqdim olunmuşdur. Lakin cinayət işini aparan Nərimanov rayon müstəntiqi cavabdehlərə ititiham verməyərək həmin cinayət işini bir neçə dəfə Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci, daha sonra isə 53.1.4-cü maddəsi ilə dayandırmaq barədə qərarlar çıxartmışdır. Halbuki həm Cavabdeh3, həm də digərləri həmişə sağlam olmuşlar, onlarda heç bir xəstəlik olmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 onun işindən əlavə çoxlu digər cinayətləri də olmuşdur. Artıq 5 ildir ki, guya Cavabdeh2 sağalmaz xəstədir. Lakin pullarını alan, ona ziyan vuran təkcə Cavabdeh2 deyildir. Bu işdə ən əsas Cavabdeh3 və onun tamışı Cavabdeh1dir. Cinayət işini hər dəfə dayandıranda Əsgərovun onlara aid olmayan epizod və halları əsasən dayandırılır və ona vurulmuş külli miqdarda ziyan isə ödənilməmiş qalır. İddiaçının yenidən şikayətindən sonra Nərimanov rayon prokurorunun qərarı ilə istintaq bir daha təzələnmiş, İstintaq şöbəsi həmin faktı yenidən qeyri obyektiv araşdırmış və 19 iyun 2021 ci il tarixdə cinayət işi yenə də Cinayət Prosessual Məcəlləsinin 53.1.4-ci maddəsi ilə dayandırılmışdır. Halbuki Cavabdeh2 barəsində olan sair işlərin onun işinə heç bir aidiyyəti yoxdur. Onun digər işlərinə görə iddiaçıya vurulmuş ziyan araşdırılmır. Beləliklə, nə cinayət təqibi qaydasında, nə də sair formada o öz pulunu və ona vurulmuş sair ziyanları ala bilməmişdir. Lakin hər bir halda keçirilən istintaq zamanı ondan pul alma faktı istənilən halda sübut olunmuşdur. Bu fakt isə artıq məlumdur. Daha doğrusu, həm prokurorluqda, həm də polisdə araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək onların vasitəçiliyi ilə Cavabdeh3 ondan 200000 manat pulun alınması faktını təsdiq etmişdirlər. Cavabdehlərin ondan bu məqsədlə pul almaları faktını həm də şahid X3 və sair şəxslər da təsdiq etmişdir. 2016-cı ildə Azərbaycan manatı ABŞ dollarına nisbətdə daha baha idi. Cavabdehlərə 200000 manat vermək üçün o, 270000 ABŞ dollarını xırdalayıb manat edib onlara vermişdir. Həm də 2014-cü ildə hər iki obyektlərin özəlləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin 1998-ci il tarixli 93 saylı qərana əsasən ona məxsus torpaq sahəsini özəlləşdirmə məbləği cəmi 40000 manat təşkil edirdi. O, həmin zaman bu qiymətlə torpaqları özəlləşdirə bilərdi. Lakin cavabdehlər 2014-cü ildə ondan 200000 manat alaraq pulu özlərində saxlayandan sonra Nazirlər Kabinetinin özəlləşmə barədə 05 noyabr 2016-cı il tarixli 377 saylı qərar çıxartmış, son qərara isə özəlləşmənin məbləği dəfələrlə qaldırılmışdır. Yeni qərara əsasən o, «Turan» K/M məxsus sahəyə görə 216000 (iki yüz on altı min) manat, "xxxx" ə məxsus torpaq sahəsinə görə isə artıq 300000 (üç yüz min) manat -cəmi isə 516000 (beş yüz min) manat ödəməlidir. Cavabdehlər onun itirdiyi bütün məbləği ziyan kimi ödəməlidirlər.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(004)- 4969/2021 saylı qətnaməsi ilə (hakim G.Babazadə) iddia qismən təmin olunmuş, Cavabdeh2 200.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmənin eyni tarixli qərardadı ilə mülki iş üzrə cinayət əməllərinin olubolmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmış və qərardadın təsviri hissəsində göstərilən hərəkətlər barədə Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Cavabdeh1 yanında Cavabdeh2 torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 200000 manat məbləğində pulu verməsi məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatı və Cavabdeh2 vəkili və nümayəndəsinin izahatı, eləcə də iddiaçının pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı həmin şəxslərin vermiş olduqları ifadələri ilə öz təsdiqini tapmışdır. Eyni zamanda Cavabdeh1 izahatında həmin məbləğin Cavabdeh3 Əbilhəsən oğlunun Cavabdeh2 götürdüyünü görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində 200000 manat məbləğində pulun Zahidin vasitəsilə Elşənə verildiyini, Elşənin də sonra Cavabdeh3 verdiyini bildirsə də, pulun verilməsində onların yanında olmadığını qeyd etmişdir. Məhkəmə şahid ifadəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 200000 manat məbləğində pulun Zahidin vasitəsilə Elşənə verildiyini, Elşənin də sonra Cavabdeh3 verdiyini bildirsə də, pulun verilməsi zamanı həmin şəxslərin yanında olmadığını qeyd etdiyindən şahid ifadəsini sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus 200000 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh2 saxlanılmış, bununla da o, əssassız varlanmışdır ki, bu da cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Əbilhəsən oğluna aid hissədə məhkəmə araşdırmasında mövcud sübutlarla və tərəflərin izahatları ilə sübuta yetmədiyindən əsassız hesab etmiş və rədd edilməli olması qənaətinə gəlmişdir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İddiaçı və Cavabdeh2 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, məhkəmə iddianın predmeti ilə heç bir əlaqəsi olmayan normalara istinad etmişdir. Bu isə maddi və prosessual hüquq normalarının pozulmasıdır. Belə ki, cavabdehlərə qarşı verdiyi iddia ona qarşı törətdikləri delikt hadisəsidir və buna görə də iddiaçı onların hər birini vurulmuş ziyanda müştərək cavabdeh kimi qəbul etmişdir. Məhkəmə isə onun bu iddiasının predmetini olduğu kimi qəbul etməmişdir. Halbuki, cavabdehlərin törətdikləri mülki hüquq pozuntusu nəticəsində əmlakından məhrum olmuşdur. Cavabdehlər ümumi olaraq ona 459000 manat ziyan vurmuşlar.
10. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edərək göstərmişdir ki, qətnamədə göstərilən dəlillər mülki iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi sadəcə olaraq təhqiqat və istintaq materialları üzrə qəbul edilmiş qərarları qətnaməyə köçürmüşdur. İş materiallarından göründüyü kimi, pul vəsaiti iş üzrə digər cavabdehlərə verilsə də, məhkəmə 200000 manat vəsaitin ondan tutulması qənaətinə gəlmişdir. İş görmək adı altında pul verən və alan məlumdur, onun hər hansı bir sövdələşmədə iştirak etməsi isə sübut olunmur.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1041/21 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 10 oktyabr 2022-ci il tarixli, 2(102)-4020/2022 saylı qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov, Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1041/2022 nömrəli mülki iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
15. Cavabdeh2 nümayəndəsi iddiaçının apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını, təmsil etdiyi şəxsin apellyasiya şikayətinin isə təmin olunmasını xahiş etdi.
16. Cavabdeh3 apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
17. Digər Cavabdeh1 və nümayəndəsi də apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;
21. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən və qətnamə apellyasiya qaydasında həm iddianın təmin olunan, həm də rədd olunan hissələrində mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
29. Ali Məhkəmənin Mülki kollegiyası hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, işə baxan aşağı instansiya məhkəmələri tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İddia tələbini yalnız Cavabdeh2 qarşı təmin edən birinci instansiya məhkəməsi 200000 manatın bilavasitə onun tərəfindən alınmasını əsas sübut kimi qəbul etmiş, lakin həm Cavabdeh2, həm də digər şəxslərin pulun bir hissəsinin digər cavabdehlərə də çatması haqqında göstərdikləri halların sübut kimi qəbul olunmamasını, digər cavabdehlərin iddia tələbinə görə mülki məsuliyyət daşımamaları və iddiaçının hesabına əsassız olaraq varlanmadıqları barədə qənaəti əsaslandırmamışdır.
30. Kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişlərdən biri də işə yenidən baxılarkən cinayət işi üzrə istintaqın nəticəsinin öyrənilməsi barədədir.
31. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur.
32. İşə apellyasiya qaydasında yenidən baxılarkən Nərimanov rayon Prokurorluğuna sorğu verilmiş, sorğuya M/18 saylı, 28 yanvar 2023-cü il tarixli cavab məktubundan məlum olmuşdur ki, Nərimanov RPİ-nin İŞ-də İddiaçı ərizəsi əsasında Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və həmin cinayət işi xx.xx.2017ci il tarixdə CM-in 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə ********* saylı cinayət işi CM-in 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və iş üzrə əməl CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır.
33. Məhkəmə kollegiyası həmçinin müəyyən etdi ki, dayandırılmış həmin cinayət işində İddiaçı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış, lakin onun tərəfindən mülki iddia verilməmişdir.
34. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən 200000 manat pul torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar verilmişdir. İddiaçı Cavabdeh2 tanımamış, torpaq sahəsinin özəlləşdirilməsinə onu Cavabdeh1 cəlb etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirən ƏMDKnin əməkdaşlarıdır.
35. Baxılan iş üzrə iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir.
36. Mülki Məcəlləyə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).
37. Ali Məhkəmənin Mülki kollegiyasının hazırkı iş üzrə qərarının məzmunundan göründüyü kimi, kassasiya məhkəməsi tələbin hüquqi əsasının Mülki Məcəllənin əsassız varlanmanı nizama salan normaları təşkil etməsi və həmin normaların hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə tətbiqi ilə razılaşmışdır. Kassasiya məhkəməsinin razılaşmadığı hal sübut növlərindən biri olan izahat və ifadələrin, o cümlədən əsassız varlanma obyekti olan pulun bir hissəsinin digər cavabdehlərə çatması barədəki izahatların işə baxan məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsindən ibarətdir.
38. İşdən göründüyü kimi, hazırkı iş üzrə işdə iştirak edən şəxslərin hamısı, o cümlədən Cavabdeh2 hazırda icraatı dayandırılmış ibtidai istintaq zamanı dindirilmişlər.
39. İbtidai istintaq zamanı Cavabdeh2 iddiaçıdan 200000 manat pul aldığını, Cavabdeh3 tapşırığı ilə həmin pulun 195000 manatını ƏMDK-nin Tahir adlı əməkdaşına, 4000 manatını Cavabdeh3 verdiyini, özünə isə 1000 manat götürdüyünü göstərmişdir.
40. Hazırkı mülki işə baxılarkən Cavabdeh2 məhkəmə iclaslarında şəxsən iştirak etməmiş, etibarnamə üzrə nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Nümayəndəsi isə birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 iddiaçıdan 200 000 manat pul aldığını, lakin həmin pulu digər Cavabdeh3 verdiyini göstərmişdir.
41. Hazırkı apellyasiya baxışında isə nümayəndə Vəkil4 Cavabdeh2 həmin 200 000 manat pulun 195 000 manatını Cavabdeh3 göstərişi ilə kiməsə verdiyini bildirmişdir.
42. Cavabdeh1 də iddiaçının Cavabdeh2 200 000 manat pul verdiyini göstərmiş, həmçinin qeyd etmişdir ki, iddiaçıdan əlavə olaraq 10 000 manat borc almış, həmin pulun əvvəlcə 9000 manatını, sonra isə 1000 manatını qaytarmışdır.
43. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi bu halı təsdiq edərək Cavabdeh1 tərəfindən 10 000 manatın qaytarıldığını etiraf etmişdir.
44. Cavabdeh3 isə heç kimdən, o cümlədən Cavabdeh2 pul almadığını və ümumiyyətlə Cavabdeh2 tanımadığını göstərmişdir.
45. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh2 ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadə (İ cild, i.v.84-86) onun nümayəndəsinin hazırkı apellyasiya baxışı zamanı verdiyi izahatla, eləcə də İddiaçı və Cavabdeh1 izahatları ilə təsdiq olunduğundan həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir.
46. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 200 000 manat pulu Cavabdeh2 verməsi sonuncu tərəfindən etiraf olunduğundan iddiaçı həmin halı sübut etmək yükündən azad olur.
47. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
48. Cavabdeh2 iddiaçıdan aldığı 200 000 manat pulun 195 000 manatını digər Cavabdeh3 göstərişi ilə Əmlak Komitəsində çalışan Tahir adlı şəxsə verdiyini göstərsə də, işin bu halını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halın sübut edilməsi ilə bağlı sübutetmə yükü mülki prosessual qanunvericiliyin tələbinə görə onun üzərinə düşür.
49. Cavabdeh3 izahatında bu işə qarışmadığını, Cavabdeh2 pul almadığını və ümumiyyətlə Cavabdeh2 tanımadığını bildirsə də, onun bu izahatı işdə olan digər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası Cavabdeh3 ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni səmimi və inandırıcı saymır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Cavabdeh3 iddiaçının pulunun qaytarılması ilə bağlı danışıqlarda iştirakı, bunun digər cavabdehlərin və iddiaçının izahatları ilə təsdiq olunduğunu nəzərə alır.
50. Məhkəmə kollegiyası Cavabdeh2 200 000 manatı iddiaçıdan aldıqdan sonra onun 4000 manatını Cavabdeh3 verməsi ilə bağlı izahatını inandırıcı sayır və mötəbərliyini qəbul edir.
51. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
52. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
54. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
55. Məhkəmə kollegiyası sübutların tədqiqi nəticəsində bu qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Cavabdeh2 200 000 manat pul verməsi, Cavabdeh2 hər hansı hüquqi əsas olmadan həmin puldan 4000 manatı Cavabdeh3 verməsi, 196 000 manatı isə özündə saxlaması, eləcə də iddiaçının Cavabdeh1 10 000 manat verməsi və sonuncunun bu məbləği ona tam qaytarması işin müəyyən edilmiş hallarıdır. Cavabdeh2 iddiaçıdan aldığı 200 000 manatın 195 000 manatını Cavabdeh3 göstərişi ilə başqa şəxsə verdiyini göstərsə də, məhkəmə kollegiyasının təklif etməsinə baxmayaraq bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Ona görə də Məhkəmə kollegiyası Cavabdeh2 izahatının bununla bağlı hissəsini mötəbər sübut kimi qəbul etmir.
56. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məxsus 200 000 manat məbləğində pulun 196 000 manatı hər hansı hüquqi əsas olmadan Cavabdeh2, 4000 manatı isə Cavabdeh3 saxlanılmış, bununla da cavabdehlər əsassız varlanmışlar.
57. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən əsassız varlanma ilə bağlı maddi hüquq normalarına düzgün istinad etmiş olsa da, həmin normaları digər cavabdehə münasibətdə də tətbiq etməməklə səhvə yol vermişdir.
58. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilənlər nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmaması və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Yeni qətnaməyə əsasən əsassız varlanma obyekti olan 196 000 manat Cavabdeh2 və 4000 manat Cavabdeh3 tutulub iddiaçıya ödənilməlidir.
59. İddia tələbinin qalan hissəsi sübutlar təqdim olunmadığından rədd edilməlidir.
60. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə işin tədqiq olunmuş və müəyyən edilən hallarına, eləcə də kassasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında şərh olunan göstərişlərə uyğundur.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 196 000 (bir yüz doxsan altı min) manat və Cavabdeh3 Əbilhəsən oğlundan 4000 (dörd min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində İddiaçı və Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.