Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9613/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər: İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "ümumi mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında bölüşdürülməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-1825/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri Xətai rayonu X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş vəsaitin yarısının İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan mənzil (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) Cavabdeh ilə İddiaçı nikah dövründə əldə etdikləri əmlakdır, həmin mənzil məhkəmə qərarı ilə ümumi birgə mülkiyyətdə olan əmlak kimi hər iki tərəf üçün ½ hissə müəyyənləşdirilmişdir, tərəflərin pay üzərində hüquqları 25.05.2018-ci il tarixli müqaviləyə əsasən dövlət reyestrində qeydə alınaraq rəsmiləşdirilmişdir, bundan sonra Xətai rayon Məhkəməsində paylar müəyyən olunmuş, iddiaçı mənzilin naturada bölünməsi və ya bu mümkün olmadıqda hərracda satılaraq əldə olunmuş vəsaitin ona ödənilməsi üçün müraciət etsə də, hər iki tələb rədd edilmişdir, belə ki, tikinti-texniki ekspertizanın rəyinə əsasən mənzili naturada bölmək mümkün olmaması əsası ilə birinci tələbi, mənzilin hərracda satılması üçün ilk öncə qarşı tərəflə razılığa gəlinməli, bu mümkün olmadıqda isə məhkəməyə müraciət edilməli olduğundan isə ikinci tələbi qəbul edilməmişdir, nəticədə İddiaçı mənzilin hərracda satılması ilə bağlı cavabdehə yazılı qaydada müraciət etsə belə, müraciətləri nəticə verməmiş və beləliklə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-1825/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş vəsaitin ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh ödənilməsi, mənzilin ilkin satış qiymətinin 209.000 (iki yüz doqquz min) manat müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-1825/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilmiş yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən, sahəsi 95 kv.m olan mənzilin paylı mülkiyyətçisi olan iddiaçının (½ hissə} payının naturada ayrılması, naturada bölgü mümkün deyilsə, mənzilin satılması, satılmasından əldə edilmiş pulun paylara uyğun, yəni ½ hissəsinin ona verilməsi barədə əvvəllər də iddia qaldırmış, Xətai rayon Məhkəməsinin qətnaməsi ilə həmin iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Xətai rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı tərəf eyni predmetlə və eyni tərəflər arasında baxılmış iş üzrə yenidən iddia qaldırmışdır. Bu səbəbdən iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Həmçinin, məhkəmə tərəfindən ekspertiza rəyində göstərilən 209.000 manat məbləğ sübut kimi qəbul edilmişdir, halbuki qeyd edilən məbləğ reallığa uyğun deyildir və qiymətləndirmə düzgün aparılmamış, qiymət az hesablanmışdır . Mənzilin yerləşdiyi ərazi, təmiri və s. amillər nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil üzərində ½ hissədə Cavabdeh, digər ½ hissədə isə İddiaçı pay hüququ vardır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)2952/2019 saylı 17.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cımərtəbəsində yerləşən 95 kv.m olan mənzilin paylı mülkiyyətçisi olan iddiaçının ½ hissədə payının naturada ayrılması və ya naturada bölgü mümkün deyilsə, mənzilin satılması və satılmasından əldə edilmiş pulun paylara uyğun, yəni ½ hissəsinin ona verilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan 24.11.2020-ci il tarixli Cavabdeh ünvanlanmış bildiriş məktubundan və 27.11.2020-ci il tarixli poçt qəbzindən görünür ki, ona düşən payın alınması və ya ümumi olaraq mənzili sataraq əldə olunmuş vəsaitin hər kəsə paylara uyğun bölüşdürülməsi barədə müraciət olunmuş, əks halda mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, həmin bildirişlər cavabdehə göndərilmişdir. İş materiallarında olan Hüquq və X1 Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 20.05.2021-ci il tarixli, 20 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin hazırki bazar məbləğinə uyğun olaraq satış qiyməti 209000,00 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzil (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı pay hüququ ilə məxsusdur, əmlakın naturada ayrılması mümkün deyil, tərəflər arasında mənzilin satılması ilə bağlı razılıq əldə olunmamışdır, sözügedən mənzilin bazar qiymətinə uyğun olaraq satış qiyməti 209.000,00 manat təşkil edir. Bununla belə, paylı əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına müvafiq olaraq bərabər bölünməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğru olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. ...Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m olan mənzilin paylı mülkiyyətçisi olan iddiaçının ½ hissədə payının naturada ayrılması və ya naturada bölgü mümkün deyilsə, mənzilin satılması və satılmasından əldə edilmiş pulun paylara uyğun, yəni ½ hissəsinin ona verilməsi barədə iddia tələbinin rədd edilməsinə dair Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)2952/2019 saylı 17.12.2019-cu il tarixli qətnaməsi iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalarına ardıcıllıqla riayət edilməməsi ilə əsaslandırılmışdır. İş materiallrından görünür ki, iddiaçı ümumi mülkiyyətdə olan payının müqabilində ona 100.000 manat ödənilməsinə dair Cavabdeh 24 noyabr 2020-ci il tarixdə müraciət etmiş, lakin cavabdeh tərəfindən bu müraciətə cavab verilməmişdir. Həmçinin, müəyyən edilir ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması mümkün deyildir və bu mənzilin satılması ilə bağlı tərəflər arasında razılıq əldə olunmamışdır. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı eyni predmetə dair eyni tələb irəli sürmüş olsa da, hazırkı iddianın əsası fərqli olmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin hazırki iş üzrə icraata xitam verilməsinə dair dəlili əsassız olmuşdur. Həmçinin, cavabdeh apellyasiya şikayətində mənzilin ilkin satış məbləğinin reallığa uyğun olmadığını və qiymətləndirmənin düzgün aparılmadığını bildirmiş, lakin bu halı təsdiq edən sübut (alternativ qiymətləndirmə aktı və s.) təqdim etməmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış kompleksinin 7-ci blok, 6-cı mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan mənzilin (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Yaşıl Ada küçəsi ev 1, 99 saylı mənzil) açıq hərrac vasitəsilə 209.000 manata satılmalı və satışdan əldə olunmuş vəsaitin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(011)-1825/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9613/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9613/2021
04.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver