Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9617/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)- 3843/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun və ailə üzvlərinin (arvadı X5 və qızı X3) ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanında ailə üzvü kimi anası Cavabdeh ilə yaşamış, sonradan ailə quraraq ailəsi ilə birgə həmin ünvanda yaşamağa davam etmişdir. X11 da hal-hazırda həmin mənzildə onunla bərabər qeydiyyatdadır. X7 isə ailə quraraq ailəsi ilə başqa ünvanda yaşamış, lakin nikahı pozulduqdan sonra geri dönərək onlarla birgə yaşamağa başlamış, bir müddət sonra isə münasibətləri pozulmuş, qardaşı mənzilin ona çatası olduğunu bildirmiş və yaşlı anası ilə onun arasında olan münasibətlərə mənfi təsir göstərmişdir. Münasibətlərin daha da pisləşməməsi üçün iddiaçı ailə üzvləri ilə birlikdə bir neçə günlük istirahət üçün şəhəri tərk etmiş, qayıdanda ona məlum olmuşdur ki, qapının açarı dəyişdirilmişdir. Həmin vaxtdan o, yaşadığı mənzildən istifadə hüququndan məhrum olunmuş və kirayədə qalmaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)- 3843/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddiaçının azyaşlı uşağı 25.02.2012ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv, iddianın tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti, məhkəmənin hazırlıq iclasında və birinci məhkəmə baxışında cavabdehin iştirakının təmin olunmaması, buna baxmayaraq, nümayəndəsinin ikinci məhkəmə baxışında qarşılıqlı iddia verməsinə prosessual müddətin ötürülməsi səbəbilə məhdudiyyət qoyulması, bundan sonra iddiaçının və azyaşlı qızının istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə yeni iddia qaldırmasına baxmayaraq, məhkəmə tərəfindən həmin işə baxılıb qurtaranadək bu işin icraatının dayandırılması barədə vəsatətinin əsassız olaraq təmin olunmaması, həmin iddianın təmin olunacağı halda bu iş üzrə qəbul ediləcək qətnamənin icrasının əhəmiyyətsiz olacağı ilə əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, iddiaçının və azyaşlı qızının mübahisəli mənzilə istifadə hüquqları vardır. Hazırda isə cavabdehlə aralarında münaqişələr olduğundan bir yerdə yaşamaları qeyri-mümkündür. Ona görə də, cavabdeh onların mülkiyyətində olan mənzilə köçürülməsinin qarşısını almaq üçün kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi barədə ayrıca iddia qaldırmışdır. Bu səbəbdən də, həmin iş üzrə yekun qərar qəbul edilənədək bu iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüquq olmasına baxmayaraq, o hazırda həmin mənzildən məhrum olmuşdur. 2020-ci ilin dekabr ayında evdə yaranmış münaqişələrlə bağlı ailəsi ilə birlikdə bir neçə günlük rayona getmiş, qayıdanda isə mənzilin açarı dəyişdirilmiş və onlar evə buraxılmamışlar. Cavabdehin onlara qarşı qaldırdığı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiasının isə bu işlə hər hansı əlaqəsi olmadığından, iş üzrə icraatın dayandırılmasına əsas yoxdur. Odur ki, göstərilənlər nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil xüsusi mülkiyyət hüquu ilə cavabdehə məxsusdur (əsas: DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 29.06.2021-ci il tarixli, **********50 saylı məktubu). İddiaçı və 25.02.2012-ci il təvəllüdlü X11 uzun müddət anasına məxsus həmin mənzildə yaşamış, lakin sonradan yaranmış ailədaxili münaqişələr nəticəsində 2020-ci ilin dekabr ayında mənzildən çıxmaq məcburiyyətində qalaraq, cavabdeh tərəfindən mənzildən məhrum edilmişlər. Hazırda iddiaçı, mübahisəli mənzilə istifadə hüquqlarının olmasına istinad edərək, məhkəmə qaydasında oraya köçürülmələrini tələb edir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın bu hissədə təmin olunması barədə gəldiyi qənaət əsaslıdır. Belə ki, Mülki Məcəllənin mənzildən istifadə hüququnu tənzimləyən 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. ...mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. ... MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Baxılan işdən görünür ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehin ailə üzvü olmaqla (oğlu), uzun müddət onunla birgə yaşamış və 2020-ci ilin dekabr ayında mənzildən iradəsi xaricində çıxmaq məcburiyyətində qalmışdır. Bu halda, qanunverici MMin 228.5-ci maddəsinin 1-ci cümləsinin tələbləri baxımından iddiaçının yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu tanıyır və bunun üçün həmin Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsini tələb etmir. İddiaçının 25.02.2012-ci il təvəllüdlü X11nın mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə münasibətdə isə, məhkəmə kollegiyası, onun doğulduğu andan etibarən iddiaçı və cavabdehlə birlikdə qeyd olunan mənzildə yaşaması faktını nəzərə alaraq, hesab edir ki, istər Mülki Məcəllənin qeyd edilən normaları, istərsə də həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından istifadə hüquqlarının mövcudluğu müəyyən olunur. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Digər qohumlar” anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). 25.02.2012-ci il təvəllüdlü Nəzrin Əkbərova mübahisəli mənzilin mülkiyyətiçisi olan cavabdehin nəvəsi olmaqla qeyd edilən kateqoriya şəxslərə aid olduğundan onun da sözügedən mənzilə istifadə hüququ vardır. Kollegiya, bu qənaətə gələrkən, onu da nəzərə alır ki, Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Göründüyü kimi, istifadə hüququ sahibin könüllü surətdə daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə onun istifadə hüququna qanuna əsasən xitam verilmiş hesab olunur. Hazırkı işin halları baxımından isə iddiaçının azyaşlı qızı ilə birlikdə 2020-ci ilin dekabr ayından mənzildə yaşamamları onların istifadə hüquqlarına xitam verilməsinə əsas olan hal kimi qiymətləndirilə bilməz. Ona görə ki, iddiaçının qızı ilə birlikdə mübahisəli mənzili iradəsi xaricində tərk etməsi, cavabdehin onları mənzilə buraxmaması və daimi yaşayış yerlərinin olmaması işin mübahisəsiz hallarıdır. Bununla yanaşı, cavabdeh də onların yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğunu qəbul edir (belə ki, istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə iddia irəli sürmüşdür). Odur ki, məhkəmə kollegiyası, qeyd olunanları birlikdə qiymətləndirərək, iddiaçı MM-in 157.2-ci və 158.4-cü maddələrinə əsasən azyaşlı qızı ilə birlikdə qeyd olunan mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Həmin maddələrin tələblərinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4). Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, cavabdeh hazırda iddiaçının və onun azyaşlı qızının mübahisəli mənzilə istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə onlara qarşı qaldırdığı iddiaya baxılıb qurtaranadək bu iş üzrə icraatın dayandırılmalı olduğunu bildirsə də, rayon məhkəməsinin bu barədə vəsatəti təmin etməməsi əsaslı olmuşdur. Belə ki, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Bu maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa işüzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Baxılan işdə isə, hazırkı mübahisənin (istifadə hüququ sahiblərinin mənzilə köçürülməsi) həlli iddiaçının və azyaşlı qızının mənzilə istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi barədə işə baxılmasından hər hansı cəhətdən asılı olmamaqla, əks nəticə yaşayış sahəsinin tərkib hissəsinə istifadə hüququ olan şəxslərin hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması demək olardı. Eyni zamanda, yaşayış sahəsinə istifadə hüququ olan şəxslərin oraya köçərək yaşamaları, sonradan məhkəmə qərarına əsasən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və həmin şəxslərin oradan çıxarılması imkanını aradan qaldırmır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)- 3843/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(001)- 3843/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9617/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9617/2021
05.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver