Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-962/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “ pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3336/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər “ Optimal Elektronika “ MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 29 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən 200000 ABŞ dolları borc, borca görə əlavə illik 5% hesablanmaqla 4166 manat məbləğində pul, əldən çıxmış faydaya görə 10000 manat pul və iddia ərizəsinə görə ödənilmiş 645 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 29 sentyabr 2022-ci il tarixli, Borcun ödənilməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrası üzrə əqd bağlanmış və Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdehlərin 200000 ABŞ dolları məbləğində borcun geri qaytarılmasında yaşadığı maliyyə çətinliyi səbəbindən, cavabdehin sifariş olunmuş və dəyəri ödənilmiş ona məxsus və Gürcüstan Respublikasının Poti şəhərində gömrükdə saxlanılan malları borcun qarşılığında iddaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mallar cavabdeh tərəfindən Azərbaycan Respublikasına daxil edildikdən sonra iddiaçıya təhvil veriləcəkdir və sözü gedən mallara qarşı heç bir tələbi olmayacaqdır. Müqavilənin 8.2-ci maddəsinə əsasən bu müqavilə tərəflər arasında 1.1-ci bənddə nəzərdə tutulan borc öhdəliyini təsdiq edən əsas razılaşmadır. Müqavilənin 8.4-cü maddəsinə əsasən isə bu müqaviləyə xitam verilməsi və ya tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi cavabdehlərin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan borc öhdəliyindən azad etmir. Həmçinin müqavilənin 8.5-ci maddəsinə əsasən Cavabdeh2 MMCnin təsisçisi və direktoru Cavabdeh1 (Ş/V:AA*******) öhdəlik götürür və təminat verir ki, bu müqavilənin 1.1-ci bəndində qeyd olunan borc Cavabdeh2 MMC tərəfindən bu müqavilədə nəzərdə tutulan qaydada və ya digər qaydada cari ilin sonunadək (xx.xx.2022) qaytarılmadıqda o fiziki şəxs olaraq borcun ona məxsus olduğunu qəbul edir, təsisçisi və direktoru olduğu Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və onun tərəfindən qaytarılacaqdır. İddiaçı tərəfindən nəzərdə tutulan malların gətirilməsi tələb edilsə də, Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 şirkətinin, eləcə də özünün maddi vəziyyətinin gərgin olduğunu əsas gətirərək, 200000 ABŞ dolları borcun nağd qaydada ödəyəcəyini bildirmiş, lakin bu günədək hər hansı ödəniş etməmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3336/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 29 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən 200000 ABŞ dolları pul (qətnamənin icra ediləcəyi günə uyğun manatın məzənnəsinə müvafiq olaraq), borca görə əlavə illik 5% hesablanmaqla 4166 manat məbləğində pul və ödənilmiş 645 manat dövlət rüsumunun 600 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 439.3, 449.1, 472.1, 472.2, 472.3, 739, 740.2, 882, 1091.1, 1091.2, 1092, 1092.1.1, 1092.1.2, 1095, 1096.1, 1096.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında uzun müddətdir ki, birgə fəaliyyət münasibətləri vardır (müvafiq biznes fəaliyyəti ilə məşğul olurlar). Tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş 29 sentyabr 2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən müəyyən edilir ki, Cavabdeh2 MMC İddiaçı 200000 ABŞ dolları həcmində borcunun olduğunu qəbul etmiş və həmin məbləğin əvəzinə müvafiq əşyaları iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 həmin öhdəlik üzrə birgə məsuliyyət götürməklə zamin qismində müqavilə münasibətlərinə daxil olmuşdur. Lakin, cavabdehlər (əsas borclu və zamin) müqavilə üzrə öhdəliklərinə əməl etməmişlər. Sözügedən əsas borcun yaranmasına əsas olan müvafiq müqavilələrin şifahi formada bağlanması ehtimal edilir (yazılı müqavilə təqdim edilməmişdir, bu da müqavilələrin etibarsızlığına və əsassız varlanmaya dəlalət edir). Lakin, məhkəmə mübahisəni etibarsızlıq kontekstindən yox, tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli müqavilə şərtləri və borcun etirafı çərçivəsində həll etməyi qanuni və əsaslı hesab edir. Cavabdehin vəkili tərəfindən həmin öhdəliyin icrası ilə bağlı müvafiq qəbzlər təqdim edilsə də, müəyyən edilir ki, sözügedən qəbzlər üzrə ödəniş tarixləri 2019- cu ilə aid olsa da, həmin öhdəliyin tənzimlənməsi ilə bağlı müqavilə 29 sentyabr 2022-ci il tarixdə bağlanmışdır. Deməli, sözügedən qəbzlər üzrə ödənişlər tərəflər arasında mövcud olmuş digər biznes münasibətlərinə aid edilməli, konkret öhdəlik üzrə 200000 ABŞ dolları öhdəliyin hissəvi icrası kimi nəzərə alınmamalıdır. Odur ki, iddia tələbi 200000 ABŞ dollarının geri qaytarılması və cavabdehlər tərəfindən öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı əlavə illik 5% hesablanmaqla 4166 manat hissəsində əsaslı hesab edilməlidir. İddia tələbi əldən çıxmış fayda qismində 10000 manat pulun tutulması hissəsində sübuta yetirilmir, iddiaçı tərəfindən bu barədə sübut təqdim edilməmiş, əsaslı mülahizələr bildirməmişdir. Odur ki, iddia tələbi sözügedən hissədə təmin edilməməlidir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırki iddia tələbi üzrə öhdəliyinin icrasının təmin edilməsinin sübut edilməsi yükü cavabdehin üzərindədir.Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Cavabdehlər tərəfindən mülki iş üzrə icraatın dayandırılması istiqamətində vəsatətlər verilsə də, məhkəmə tərəfindən vəsatətlər təmin edilməmişdir. Belə ki, əqdin etibarsızlığı ilə xüsusata hazırki tələbin əqdə əsaslanması nəzərə alınmaqla məhkəmənin öz təşəbbüsü ilə hüquqi qiymət verilmiş və tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli müqavilə etibarlı hesab edilmişdir (etibarsızlıq xüsusatı müəyyən edilmir). Həmçinin, vəkil tərəfindən verilmiş vəsatət üzrə müqaviləyə xitam verilməsi xüsusatı ilə bağlı əgər öhdəliyə xitam verilməsi halları mövcuddursa da, cavabdeh həmin halları hazırki mübahisə üzrə təqdim etməli və öhdəliyin icra olunub-olunmamasına hazırki mülki iş üzrə məhkəmə tərəfindən hüquqi qiymət verilməli idi. Tərəflər prosessual hüquqlarından sui-istifadə etməməli, məhkəmə isə süründürməçiliyə şərait yaratmamaqla “prosessual qənaət” prinsipinin tələblərinə əsasən mülki iş üzrə tələbə ağlabatan müddətdə baxaraq qərar qəbul etməli, ədalət mühakiməsi üzrə üzərinə düşən vəzifələri layiqincə icra etməlidir. Vəkil Nümayəndə xx.xx.2024-cü il tarixdə keçirilmiş sonuncu məhkəmə iclasında məhkəmənin cavabdeh tərəfin hüquqlarının təmin edilməsinə maneə törətdiyini bildirsə də, məhkəmə izah edir ki, mülki iş üzrə məhz cavabdeh tərəfin iştirakını təmin etmək məqsədilə ümumilikdə 4 (dörd) hazırlıq, 2 (iki) məhkəmə baxış iclası keçirilmişdir. Həmin iclasların 2-sində həmin vəkil iştirak etməmişdir. Vəkil isə xx.xx.2024-cü il tarixdə mülki iş üzrə icraata qoşulmuş, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində daxil edilmişdir. Yəni, vəkilin 3 ay 28 gün müdafiə imkanı olmuşdur. Bu müddət ərzində vəkil elektron sistemə həm sübutlarını əlavə etmək, həm qarşılıqlı iddia vermək və digər prosessual hüquqlarından tam sərbəst istifadə etmək imkan olmuşdur. Lakin, bunları etməmişdir. Vəkil bunu onunla izah etmişdir ki, fəaliyyət göstərməyən müəssisə barədə sübutları (ödəniş qəbzləri, gömrük bəyannamələri və s.) toplayıb təqdim etmək çətindir, uzun zaman tələb edilir. Məhkəmə də izah edir ki, məhkəmə mülki işə müəyyən edilmiş prosessual müddətlər (4 ay) daxilində baxıb qərar qəbul etməlidir .
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş 29 sentyabr 2022-ci il tarixli müqaviləsinin 8.2-ci maddəsinə əsasən bu müqavilə tərəflər arasında 1.1-ci bənddə nəzərdə tutulan borc öhdəliyini təsdiq edən əsas razılaşmadır. Həmin Müqavilənin 8.4-cü maddəsinə əsasən isə bu müqaviləyə xitam verilməsi və ya tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi cavabdehlərin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan borc öhdəliyindən azad etmir. Həmin Müqavilənin 8.5-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 (Ş/V:AA*******) öhdəlik götürür və təminat verir ki, bu müqavilənin 1.1-ci bəndində qeyd olunan borc Cavabdeh2 MMC tərəfindən bu müqavilədə nəzərdə tutulan qaydada və ya digər qaydadacari ilin sonunadək (xx.xx.2022) qaytarılmadıqda o fiziki şəxs olaraq borcun ona məxsus olduğunu qəbul edir, təsisçisi və direktoru olduğu Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və onun tərəfindən qaytarılacaqdır ; - cavabdeh tərəfindən təqdim edilmiş 2019-cu il tarixə aid olan müxtəlif ödəniş qəbzləri əlavə edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh1 Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 3336/2024saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, məhkəmə xərci olan 376 manat vəkil xərci, 317 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəlləsinin 387.2, 387.3, 399, 406.3, 471; Mülki Məcəlləsinin 88, 254.1.4, 71.1; “Məhkəmə Qətnaməsi haqqında” haqqında AliMəhkəmənin Plenum qərarının 2.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından apellyasiya qaydasında ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İddiaçı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyət arasında olan razılaşmaya əsasən İddiaçı Cavabdeh2 fəaliyyətinin daha da genişləndirilməsi üçün 200000,0 ABŞ dolları məbləğində Cavabdeh2nə yatırım edir və müabilində yatırım etdiyi məbləğin 10% i həcmində əlavə gəlir alır. İddiaçı həmin vəsaiti Cavabdeh2nə yatırım edibdir və əvəzində həm əsas pulunu, həm də faiz hissəsini tam şəkildə almışdır. Pandemiya dövründə Cavabdeh2 gəlirləri ciddi şəkildə aşağı düşmüş və bu geriləmə nəticəsində 2022-ci ilin sonlarına yaxın şirkət fəaliyyətini dayandırmağa məcbur olubdur. Qeyd etdiyi kimi şirkətin geriləməsi nəticəsində şirkət debitorlar və kreditorlarla son haqq-hesab etməli idi. Cavabdeh İddiaçıla Cavabdeh2 rəhbəri arasında olan iş münasibətləri dostluğa keçdiyi üçün onlar arasında etimad olmuşdur. 2022-ci ilin sentyabr ayında Rais Cavabdeh2 rəhbərinin ona olan etibarından sui istifadə edərək bildirdi ki, şirkətə qoyduğu əsas pulu götürmək istəyir. Şirkətin rəhbərliyi də ona bildirmişdir ki, haqq hesab aparmamış, şirkətin sənə ödədiklərini, sənin şirkətə ödədiklərinin sənədlərini yoxlamadan haqq hesab aparmaq çətin olacaq bu dəqiqə. İddiaçı isə bildirib ki, onlar iş partnyoru olmaqdan da əlavə dostuq, xaricdən idxal etdiyin, lakin şirkətin maliyyə çətinliyi ilə bağlı Gürcüstan respublikasında qalan mallarını o xərcini çəkib ölkəyə gətirsin, həmin malları o götürsün, ondan sonra hesablaşsınlar. Bu təklif şirkətə də xeyir edən bir təklifdir deyə razılşama olubdur. Çünki daşıma şirkətləri birdən-birə Ukrayna-Rusiya müharibəsi səbəbindən daşıma xərclərini 4 dəfədən çox qaldırmışdır. Həmin dövrdə də şirkətin Poti limanında qalan mallarını gətirdə bilmək üçün şirkətin maddi imkanı yox idi. Ona görə də Rais ilə gələcəkdə haqq-hesab etmək şərti ilə Cavabdeh2 rəhbəri bununla razılaşmalı olub. Müqavilə bağlandıqdan bir müdddət sonra İddiaçı son haqq hesab haqq-hesab aparılması təklif edilsə də o haqq-hesab etməkdən yayınmışdır həmişə. Mübahisəli müqavilənin 1.1-ci maddəsində də əsasən “Bu əqdə əsasən Birinci tərəf İkinci tərəfdən biznesinin inkişafı üçün fərqli-fərqli tarixlərdə və məbləğdə aldığı ümumilikdə 200000 ABŞ dolları məbləğində borcun geri qaytarılmasında yaşadığı maliyyə çətinliyi səbəbindən, Birinci tərəfindən sifariş olunmuş və dəyəri ödənilmiş ona məxsus və Gürcüstan Respublikasının Poti şəhərində gömrükdə saxlanılan malları borcun qarşılığında ona təqdim etməyi öhdəsinə götürür.” Müqavilədən də görsəndiyi kimi fərqli-fərqli vaxtlarda və məbləğdə ümumilikdə 200000 ABŞ dolları vəsait iddiaçı tərəfindən Optimal Elektronikə ödənilmişdir. Həmin məbləğlərin geri qaytarılması barədə qəbzləri məhkəməyə təqdim etsə də məhkəmə bunları nəzərə almamışdır. Bundan başqa tərəflərindən gömrük bəyannamələrinin təqdim edilməsi üçün, şahidlərin dinlənilməsi üçün, müdafiələrini qurmaq üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş etsələr də, onlara vaxt verməmişdir. İş Ali Məhkəmədən qayıtdıqdan sonra onlara cəmi bir dəfə şərait yaradılmışdır ki, o da sonuncu iclas olmuşdur. Bununla yanaşı Məhkəmə Mülki Məcəllədən 2005-ci ildən çıxarılan normada olan termindən istifadə edərək borcun etirafından dövlət adından çıxarılan qətnamədə bəhs etməsi hesab edirlər ki, hakimin təcrübəsizliyinin və ya iddiaçı tərəflə qeyri -prosessual əməkdaşlığa cəlb edildiyi ehtimalını daha da gücləndirir. Bu hissəyə qiymət vermək üçün də hakim barəsində xüsusi qərardad çıxarılıb Məhkəmə Hüquq Şurasına göndərilməlidir. Məhkəmə tərəflərin öhdəliklərinə diqqət yetirərkən iddiaçının öhdəliklərinə ümumiyyətlə diqqət ayırmaması məhkəmənin bərabərlik prinsipini pozması kimi qiymətləndirilməlidir. İddiaçı müqavilə üzrə öhdəliklərini necə və nə vaxt icra etmişdir? Müqavilə üzrə əgər iddiaçı öhdəliklərini icra etmişdirsə cavabdeh də öhdəliklərini icra etmiş olur. Belə ki, müqavilənin 1.2-ci maddəsinə əsasən ikinci tərəf bu əqdə əsasən birinci tərəfə məxsus olan bu əqdin 3.1-ci bəndində nəzərdə tutulan malların Azərbaycan Respublikasına (bundan sonra – ölkəyə) gətirilməsi üzrə bu əqdin 3.3-cü bəndində nəzərdə tutulan xərcləri qarşılayacağını öhdəsinə götürür. Həmin xərclərin qarşıladığını iddiaçı məhkəmədə necə sübut etmişdir? Məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə borc müqaviləsi qismində qiymət verməsi təəcüblüdür. Belə ki, müqavilə borc müqaviləsi deyil tərəflərin qarşılıqlı vəzifələrini və öhdəliklərini özündə əks etdirən müqavilədir. Məhkəmə qətnaməsində elə təsəvvür yaradır ki, müqavilə üzrə yalnız cavabdehlərin öhdəliyi vardır. Lakin müqavilənin 1.2-ci bəndində iddiaçıya məxsus olan öhdəliyinin icra edib etməməsini məhkəmə araşdırmamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, Cavabdeh1 zamin qismində iştirak etmişdir. Lakin müqavilənin girişində və imzalar hissəsində müqavilənin üç tərəfli müqavilə deyil, ikitərəfli müqavilə olduğu görsənir. Sual olunur ki, müqavilə üzrə Cavabdeh1 zamin qismində iştirak etmişdirsə fiziki şəxs olaraq öz adından da niyə müqaviləni imzalamamışdır. Məhkəmə qətnamənin 5-ci səhifəsində qeyd edir ki, cavabdehin vəkili tərəfindən həmin öhdəliyin icrası ilə bağlı müvafiq qəbzlər təqdim edilsə də, müəyyən edilir ki, sözügedən qəbzlər üzrə ödəniş tarixləri 2019- cu ilə aid olsa da, həmin öhdəliyin tənzimlənməsi ilə bağlı müqavilə 29 sentyabr 2022- ci il tarixdə bağlanmışdır. Deməli, sözügedən qəbzlər üzrə ödənişlər tərəflər arasında mövcud olmuş digər biznes münasibətlərinə aid edilməli, konkret öhdəlik üzrə 200000 ABŞ dolları öhdəliyin hissəvi icrası kimi nəzərə alınmamalıdır.Lakin Məhkəmə müqavilənin 1.1-ci maddəsində iddiaçıdan müxtəlif vaxtlarda, yəni əvvəllər aldığı borcdan söhbət gedir ki, bunu məhkəmə nəzərə almamış və ya yuxarıda qeyd etdiyi kimi tərəflərin hüquq bərabərliyini pozaraq nəzərə almaq istəməmişdir. Bundan başqa Optimal Elektronika MMC müqavilə üzrə öhdəliyinin yerinə yetirdiyi üçün, Yasamal rayon Məhkəməsində işə baxan hakimin qərəzliliyini, tərəflərdən təqdim edilmiş əsaslı vəsatətlərin təmin edilmədiyini, işə tam, hərtərəfli və obyektiv baxılmayacağını gördükdən sonra Xətai rayon Məhkəməsində müqavilənin ləğv edilməsinə dair iddia irəli sürmüşdür. Həmin iddia icraata götürüldükdən sonra həmin işə baxılıb qurtarana qədər icraatın dayandırılması barədə vəsatət versə də vəsatətlərini təmin edilməmişdir. Bu da Mülki Prosessual Məcəllənin 251.1.4-cü maddəsinin tələblərinin Məhkəmə tərəfindən pozulmasının bariz nümunəsi olmaqla bərabər hakimin qərəzli olduğunu bir daha təsdiq edir. 5.Cavabdeh "xxxx" digər cavabdehlər eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-3336/2024saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, məhkəmə xərci olan 376 manat vəkil xərci, 317 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər X2 və İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1711/2025 saylı işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “ pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-962/2025 saylı mülki iş üzrə icraatın dayandırlması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1711/2025 saylı işi üzrə xx.xx.2025ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-8744/2024 saylı işi üzrə qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətlərini əsassız hesab etdiyini, tərəflər arasında bağlanmış müqavilənin şərlərinin iddiaçı tərəfindən tam yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən yerinə yetirilmədiyini, cavabdehlərin süni şəkildə apellyasiya şikayətləri verərək və dəfələrlə təxirlə bağlı ərizələr yazaraq məhkəmə prosesini uzatmağa çalışdıqlarını qeyd etmiş, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
9. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC –nin nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Üzrlü səbəblər təqdim edilmədiyindən cavabdehlərin və onların nümayəndəsi vəkil Nümayəndə iştirakı olmadan prosesin keçirilməsi qərəra alınmışdır. Apellyasiya baxışının hədləri: 10.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2 əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.1092.3 Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 12.Beləliklə, müqaviləyə əsasən cavabdehlərin 200000 ABŞ dolları məbləğində borcun geri qaytarılmasında yaşadığı maliyyə çətinliyi səbəbindən, cavabdehin sifariş olunmuş və dəyəri ödənilmiş ona məxsus və Gürcüstan Respublikasının Poti şəhərində gömrükdə saxlanılan malları borcun qarşılığında iddaçıya təqdim etmək öhdəliyi icra edilməmiş,cavabdehlər müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, bu barədə sübutedici mötəbər dəlillər təqdim etməmişlər. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayətləri üzrə yalnız müxtəlif suallar qoyulmuş və bu suallara cavab tapmaq üçün cavabdehlər tərəfindən müzakirəyə təkzibedilməz sübutlar təqdim edilməmişdir. 13.Apellyasiya şikayətləri əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3336/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.