Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9625/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, ev 9, mənzil 5a; Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi; “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ¼ hissədə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmini tədbiri haqqında ərizə verərək, sözügedən əmlak üzərinə həbs qoyulması, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, ev 9, mənzil 5a və Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsində təmir-tikinti işləri aparılmasının cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, 1998ci il buraxılışlı “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin DYP-nin cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, ev 9, 5a saylı mənzil; Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsi və “Volkswagen Passat” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi, ev 9, 5a saylı mənzil və Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1053 saylı bağ sahəsində təmir-tikinti işlərin aparılmasının cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh3, şikayət verərək, qərardadın ləğv olunması, iddianın təmin tədbirinin ləğv edilərək, mübahisə predmeti olan əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslanıdırlmışdır ki, Cavabdeh3, əri Akif Yusif-zadənin vəfatından sonra 7 saylı notariat kontoruna müraciət etmiş və qanun üzrə vərəsələrin dairəsini müəyyən edilərək ərindən qalan miras əmlaka dair övladlarının imtina ərizələri əsasında onun adına vərəsəlik şəhadətnaməsi verilmiş, reyestrdə tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Avtomobil ərinin ilinədək satılmış və hazırda başqa şəxsin mülkiyyətindədir. Xəzər Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya vurğulayır ki, qərardadı şikayət verənin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instaniya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyri-mümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırda iddiaçı, mübahisə predmeti olan əmlak üzərində ¼ hissədə vərəsəlik hüququnun müəyyən edilməsini tələb edir və işə baxılıb qurtaranadək, həmin əmlakın üzərinə həbs qoyulmasını xahiş edir. Kollegiya hesab edir ki, tələb haqlı sayılacağı halda, qətnamənin real şəkildə icrasının təmin edilməsi üçün mübahisə predmeti olan daşınar və daşınmaz əşyaların mövcudluğunun qorunub saxlanması və vicdanlı üçüncü şəxslərə keçməsinin qarşısının alınması üçün üzərlərinə həbs qoyulması əsaslıdır və iddianın təmini tədbirinin mahiyyətinə və məqsədinə uyğun gəlir. Çünki, qeyd olunan əmlaka sərəncam veriləcəyi təqdirdə, iş üzrə qəbul olunacaq qətnamənin icrası ya çətinləşəcək, ya da mümkünsüz olacaq. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında MPM-in 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.” Kollegiya, şikayətin dəlillərinə münasibətdə vurğulayır ki, Cavabdeh3, mübahisə predmeti olan avtomobilin özgəninkiləşdirildiyini və hazırda başqa şəxsin mülkiyyətində olduğunu bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Şikayətin digər dəlilləri isə işin mahiyyəti üzrə baxışında araşdırılmalı hallar olmaqla, iddianın təmin tədbiri haqqında ərizənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3424/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9625/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9625/2020
23.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver