Məhkəmə qərarları › İş №2(103)-963/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-963/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-963/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əsədulla qızına qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4549/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehdən beh məbləğinin 2 misli kimi 4000 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4549/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 443.1, 491; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia qismən əsaslıdır. Mülki qanunvericilik bir sıra müqavilələrin, xüsusilə də, daşınmaz əmlaklara dair müqavilələrin xüsusi formasını - yazılı formada və notarial qaydada təsdiq edilməsini müəyyən etməklə, qeyd edilən qəbildən olan əmlakların mülki dövriyyədə iqtisadi dəyərinin daha yüksək olmasını, daşıdığı riskləri, eyni zamanda dövlətin də bu qəbildən olan əmlakları xüsusi qeydiyyata almasını nəzərə alır. Digər bir tərəfdən, qanunvericilik daşınmaz əmlaklarla bağlı qeyd edilən xüsusi qaydanı müəyyənləşdirməklə, eləcə də, müqavilənin bağlanmasının vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə (notariusun) həyata keçirilməsini müəyyənləşdirməklə həm də, müqavilə tərəflərinin müqavilə şərtlərini əvvəlcədən daha ətraflı düşünməsinə, nəticələrini əvvəlcədən görməsinə və daha qəti qərara gəlməsinə imkan yaratmaq məqsədi güdür və müqavilə bağlayan tərəflərin mənafelərinə xidmət edir. Hazırki mübahisəyə gəldikdə isə, iddiaçı cavabdehlə bağlanmış müqaviləni Mənzilə dair bağlanmış beh müqaviləsi hesab edir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının dəlili o zaman əsaslı sayıla bilərdi ki, xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə notarial qaydada təsdiq edilmiş olsun. Çünki qanunvericilik daşınmaz əmlaka sərəncam verilməsi ilə əlaqədar bağlanmalı olan beh müqaviləsinə dair daha bir imperativ şərt irəli sürür ki, bu da bu tipli müqavələrin notarial qaydada təsdiq edilməsi ilə bağlıdır. Lakin işin mübahisəsiz halıdır ki, xx.xx.2023-cü il tarixli müqavilə daşınmaz əmlak olan mənzilə sərəncam verilməsinə aid olsa da, notarial qaydada təsdiq edilməmişdir. Beləliklə, tərəflər beh müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun bağlamamaqla, həmin müqavilənin bağlanmasına aid tələbləri pozmuşlar. Lakin məhkəmə qeyd edir ki, sözügedən müqavilə qanunvericilikdə müəyyən edilmiş forma tələblərinə uyğun bağlanmasa da, müqavilənin əhəmiyyətsizliyinə səbəb olmur. Belə ki, tərəflər arasında pul məbləğinin iddiaçı tərəfindən cavabdehə məhz, Mənzilin alınmasına dair gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasının təminatı məqsədilə verilməsi ilə bağlı mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, hazırki mübahisəyə baxılarkən yalnız müqavilənin bağlanma formasına dair şərtlərin pozulması ilə kifayətlənməməli, eyni zamanda tərəflərin müqavilənin bağlanması ilə bağlı niyyətləri, sonrakı hərəkətləri və onların iradə ifadəsinin həqiqi məzmunu da nəzərə alınmalıdır.İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin mülkiyyətində olan Mənzili almaq istəmiş, bu məqsədlə gələcəkdə aralarında alğı-satqı müqaviləsinin bağlanması üçün 2000 manat məbləğində pul vəsaiti vermişdir. Eyni zamanda, məhkəmə iclasında izahatı alınmış şahidlər də, pul vəsaitinin məhz mənzilə dair gələcəkdə alğı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin icrası məqsədilə verildiyini təsdiq etmişlər, tərəflər arasındakı beh müqaviləsinin bağlanma şərtinə uyğun olaraq notarial qaydada təsdiq edilmədiyindən, eyni zamanda, tərəflər də bunun əksini sübuta yetirə bilmədiklərindən mübahisəyə Mülki Məcəllənin 491.3-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edilən müddəanın mənasına görə əgər, beh müqaviləsinin notarial qaydada təsdiq edilməməsi nəticəsində verilmiş pul məbləğinin beh olub-olmamasına şübhə yarandıqda və əksi sübuta yetirilmədikdə pul məbləği avans kimi verilmiş sayılır. Avans sözünün izahlı lüğətdə mənası "müəyyən xərclər üçün qabaqcadan verilən pul” kimi ifadə edilmişdir. Başqa sözlə, avans əvvəlcədən ödənilmiş xərclər kimi başa düşülür. Yəni, alınmış hər hansı bir əşyanın ödənilməsi öhdəliyi olan tərəfin öhdəliyinin icrasına başlamazdan əvvəl ödəməli olduğu xərcin bir hissəsini hələ əşyanı əldə etmədən ödədiyi xərcidir. Behlə avansın əsas fərqi isə ondan ibarətdir ki, beh öhdəliyin təminatı kimi çıxış etdiyi halda, avansın belə bir xüsusiyyəti yoxdur. Məhz buna görə də, qanun öhdəliyin kim tərəfindən pozulmasından asılı olaraq, behin qaytarılması şərtlərini fərqləndirmişdir. tərəflərin öhdəliklərinin son müddəti kimi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir (müqavilənin 2.11-ci bəndi). Bu müddət ərzində tərəflər Mənzilə dair alğı-satqı müqaviləsi bağlanmasını öhdələrinə götürmüşlər. Cavabdeh iddiaçının müqavilə bağlandıqdan 10 gün sonra Mənzili almaqdan imtina etdiyini bildirsə də, işin mübahisəsiz halıdır ki, müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı müqavilə müddəti bitməmiş, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə onun müəyyən etdiyi notariusda Mənzilə dair alğı-satqı müqaviləsinin bağlanması barədə təklifini göndərməklə öhdəliyini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirsə də, cavabdeh bu təklifə cavab verməməklə hərəkətsizlik etmiş, bununla da müqavilənin bağlanmasına dair öhdəliyini pozmuşdur. Başqa sözlə cavabdeh Mənzilə dair alğı-satqı müqaviləsini bağlamağa borclu olduğu halda, bu öhdəliyinin icrasından yayınmış, iddiaçının ödədiyi 2000 manat pulu qaytarmamaqla ona maddi zərər vurmuşdur. Beləliklə, iddia qismən edilməklə iddiaçı tərəfindən ödənilmiş 2000 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, 60 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 50%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Tərəflər arasında broker Şahid vasitəçiliyi ilə xx.xx.2023-cü il tarixdə 1066 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən onlar cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin 76 000 manata satılması barədə alğısatqı müqaviləsi bağlamaq öhdəliyi götürmüşlər; - Müqaviləyə əsasən xx.xx.2023-cü il tarixədək Mənzilə dair alğı-satqı müqaviləsi bağlanılaraq notarial qaydada təsdiq olunmalı idi. İddiaçı gələcəkdə bağlanacaq daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təminatı kimi cavabdehə 2000 manat “beh” ödəməyi öhdəsinə götürmüş və 2000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayəti təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4549/2023 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd olunaraq iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyanın 60; Mülki Məcəllənin 417, 491.2; Mülki Prosessual Məcəllənin 8, 14.2, 76, 77-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilənin adından göründüyü kimi bu beh müqaviləsidir. Beh müqaviləsinin şərtlərinə əsasən əgər beh verən qaydaları pozarsa onda beh müqaviləsi beh alanda qalır. İş materiallarından da görünür ki, dindirilmiş şahidlər də, eyni zamanda ev alış- satış üzrə vasitəçi(rieltor) ifadə verərək bildirmişlər ki, beh müqaviləsinin şərtlərini beh verən, yəni ev alan pozmuşdur. Belə olan halda, pul qayıda bilməz. Məhkəmənin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul olunmalıdır. İddia tələbi təmin edilməməlidir. Qanunvericiliyin tələblərinə əsasən, beh verən öhdəliyini icra etməzsə, zərərin əvəzini beh alana ödəməlidir. İş materiallarından da görünür ki, beh müqaviləsinin şərtlərini beh verən pozmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara hüquqi qiymət verilməmişdir. Tərəflərin bağladığı müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 491-ci maddəsi ilə, yəni beh müqaviləsi adlandırılmışdır. Belə ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, düzgün və ədalətli qərarın çıxarılmasında maraqlı olmamışdır. Məhkəmənin sonda gəldiyi nəticə əsassızdır. İddia təmin olunmamalıdır. Belə ki, qanunvericiliyin tələblərinə görə, beh müqaviləsinin şərtlərinə əsasən, əgər beh verən qaydaları pozarsa onda beh müqaviləsi beh alanda qalır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etməklə, şikayətin məzmununa uyğun izahat vermiş, Xətai rayon Məhkəməsinin tərəflər arasında bağlanmış müqaviləni avans kimi qiymətləndirsə də, tərəflər arasında bağlanan müqavilənin adından da göründüyü kimi beh müqaviləsi olduğunu, müqavilə öhdəliklərini isə qarşı tərəfin pozduğunu, birinci instansiya məhkəməsi icraatı zamanı şahid ifadəsi ilə bunun təsdiq edildiyini və qanunvericiliyin tələblərinə əsasən beh müqaviləsini pozan tərəfin məsuliyyət daşıdığını bildirmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh aralarında olan razılaşmanı iddiaçı tərəfin pozduğunu, ailələrində yaranmış problem səbəbindən evi ala bilmədiklərini qeyd etdiklərini və verilmiş 2000 manat beh məbləğini geri tələb etdiklərini bildirmiş və iddiaçı tərəfindən ona verilmiş 2000 manat beh məbləğini şəhərdən kənarda ev almaq üçün başqa bir şəxsə beh kimi verdiyini və həmin şəxsin onun zənglərinə cavab vermədiyini, verdiyi məbləği geri ala bilmədiyini, özünün də ziyana düşdüyünü qeyd etmişdir. Qarşı tərəfin mənzilin alınmasından imtina etməsi isə telefon yazışmaları ilə sübuta yetirilir. Suallara cavab olaraq bildirmişdir ki, qarşı tərəfin dəfələrlə pulu qaytarmadığı üçün onu hədə-qorxu gəlməklə təhqir etmələri səbəbindən əsəbləşib evi yüz min manatdan aşağı satmayacağını telefonda yazmış, lakin hədə və təhqirlərlə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

11. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə istinadən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin şikayətə münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Avans kimi qəbul edilməsi halı ilə iddiaçı razılaşmış, cavabdeh isə pul vəsaitinin beh kimi qəbul edilməsi ilə əlaqədar qarşılıqlı iddia verməmişdir. Cavabdehin apellyasiya şikayəti şahid ifadəsinə və telefon yazışmalarına istinad edilsə də, onların mötəbər sübut kimi qəbul edilməsi, qanunla müəyyən edilmiş sübutetmə vasitələri ilə təsdiq edilməli olduğundan və razılaşma notariat qaydada təsdiq edilmədiyindən yolverilməzdir.

12. Mülki Məcəllənin tələblərinə əsasən (560.2) Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

13. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4549/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar