Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9632/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(006)-5551/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)- 5551/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməsi və iddiaçıya qaytarılması, iddiaçıya cavabdehin mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız olduğundan ləğv edilməli, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(006)-5551/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi məhz iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmış mənzilin köhnə sakini olan cavabdehi həmin mənzilə dair qeydiyyatdan çıxartmaqla əlaqədar olaraq mənzilə dair istifadə hüququna xitam verilməsi tələbi ilə bağlıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdeh faktiki olaraq həmin mənzildə yaşamır, məhz həmin mənzilə dair tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsi əsasında cavabdeh həmin mənzili iddiaçıya təhvil verərək, həmin mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşlər. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri məhz formal olaraq qeydiyyatda qalmış, faktiki həmin mənzildə yaşamayan və həmin mənzilə dair əmlak hüquqları olmayan şəxsin mənzilə dair istifadə hüququna xitam verilməsi ilə bağlı olan hüquq münasibətləridir. Bu halda, məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilən müvafiq Qərarın tələbinə əsasən həmin hüquq münasibətlərinə məhz mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Kollegiya hesab edir ki, hazırki halda cavabdehin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması çəkişmə prinsipinə əməl olunmaqla araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(006)-5551/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(006)- 5551/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-9632/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9632/2021
21.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver