Məhkəmə qərarları › İş №2(103)-965/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-965/2025

10.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-965/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1756/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də həkim-laborant vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin 07 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

3. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli aktında qeyd edilir ki, X3 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 07 saylı xx.xx.2024-cü il tarixli əmr ləğv edilərək, İddiaçı işə bərpa olunmuşdur.

4. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış 22 may və 29 may 2024-cü il tarixli məktublarda iddiaçıdan öz əmək funksiyalarını yerinə yetirməsi üçün işə çıxması xahiş olunmuşdur.

5. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, buraxılmış məcburi iş günlərinə görə 5.400 manat və iş saatından artıq işlədiyi əlavə saatlara görə 2.500 manat pulun, 10.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 04. 11.2022-ci tarixindən etibarən ünvan 1 ünvanında yerləşən Cavabdeh Klinikasında həkim-laborant vəzifəsində işə başlamış və xx.xx.2024-cü il tarixinədək qədər həmin klinikada həmin vəzifədə işləmişdir. Cavabdeh klinikasında işə qəbul edilərkən onunla yazılı əmək müqaviləsi bağlanmamış və o işə hansı şərtlərlə qəbul edildiyindən, əməyə hansı şərtlərlə cəlb edildiyindən tamamilə xəbərsiz olmuşdur. Cavabdeh Klinikasının rəhbəri əcnəbi olmaqla uzun müddətdir Azərbaycanda yaşayan X6 adlı şəxs ona yüksək əmək haqqı təklif etmiş və onun tapşırığı ilə, nahar fasiləsi olmadan, hər gün səhər saat 08:00-dan axşam saat 21:00-a, bir çox hallarda isə saat 22:00-a qədər iş yerində olmaqla işləmiş, hətta başqa işçilərin də vəzifə öhdəliklərini yerinə yetirməklə onlara və şirkətin işlərinə kömək etmişdir. İddiaçının şlədiyi müddətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində qeyd olunmuş, eləcə də müqavilə üzrə bütün öhdəliklərini vaxtında, dəqiqi və təxirə salmadan yerinə yetirmişdir, əmək funksiyaları Azərbaycan Respublikasının Əmək məcəlləsinin 57-ci maddəsində qeyd olunmuş tələblər üzrə deyil, müəssisə rəhbərinin şəxsi mülahizəsiəsasında müəyyən edilmiş və o əməyə cəlb olunarkən həm qanunla müəyyən edilmiş iş vaxtından artıq işləmişdir, iş vaxtı heç vaxt nöqsana yol verməmiş və heç vaxt müəssisənin maraqlarına zidd hərəkət etməmişdir. Lakin bütün bunlara baxmayaraq, onun əmək müqaviləsinə qanuna zidd əsaslarla, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan əlavə də, onun əmək müqaviləsinə xitam verildikdən sonra öyrənmişdir ki, əməkhaqqı olaraq standart 2.800 manat aldığı halda, onun əməkhaqqı üzrə dövlət büdcəsinə ödənişlər daha az məbləğdə hesablanmış və bununla da həm onun hüquqları pozulmuş, həm də dövlət büdcəsinə ödənilməli olan ödənişlər gizlədilərək tam şəkildə ödənilməmişdir, eləcə də İddiaçı dəymiş mənəvi ziyan olaraq 10.000 AZN olan pulun Cavabdeh Klinikasının rəhbəri X6 adlı şəxsdən tutularaq ona ödənilməsini xahiş edir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin xx.xx.2024-cü il tarixli əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğv edilməsi və buraxılmış məcburi iş günlərinə görə 5400 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən o, həkim-laborant vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda, iddiaçının əmək müqaviləsi üzrə yerinə yetirilməli olan öhdəlikləri vəzifə təlimatında öz əksini tapmış və iddiaçı təlimatı imzalayaraq məlumatlandırılmışdır. Lakin iddiaçı həm əmək müqaviləsi, həm də vəzifə təlimatı üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə intizam tənbehi almış, lakin heç bir nəticə çıxarmamışdır. xx.xx.2024-cü il tarixdə ona töhmət elan edilmişdir. Bu azmış kimi xx.xx.2024-cü ildə icazə almadan, heç bir üzrlü səbəb bildirmədən iş yerini tərk etmiş və ona həvalə edilmiş öhdəlikləri yerinə yetirməmişdir. Həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə X3 Xidmətinə müraciət etmiş, onun şikayəti araşdırılmış, xx.xx.2024-cü ildə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh MMC xx.xx.2024-cü il tarixli əmrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qüvvədən salındığı müəyyən edilmiş və bu barədə Xidmət tərəfindən iddiaçı məlumatlandırılmışdır. Xidmətin müvafiq qərarından sonra Cavabdeh MMC tərəfindən iddiaçının işdən azad olunması ilə bağlı xx.xx.2024-cü il tarixli əmr ləğv edilmiş və iddiaçı işə bərpa olunmuşdur. Bundan sonra dəfələrlə iddiaçıya öz əmək funksiyalarını yerinə yetirməsi üçün işə çıxması barədə xəbərdarlıqlar olunsa da, iddiaçı işə çıxmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1756/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Rüstəmli) iddia təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda xx.xx.2024-cü il tarixli əmrin ləğv olunmasını istəyir. Halbuki, iş materiallarından göründüyü kimi, həmin əmr X3 Xidmətinin tərtib etdiyi inzibati protokol əsasında ləğv edilmiş və işçi işə bərpa olunmuşdur. Sonuncu dəfə isə işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə bu səbəbdən qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli əmr qüvvədə deyil və işəgötürənin özü tərəfindən ləğv edilmişdir. Belə olan halda, qüvvədə olmayan və əvvəlcədən ləğv edilmiş əmrin məhkəmə qaydasında ləğv edilməsi yolverilməzdir. Başqa sözlə, artıq mövcud olmayan əmrin məhkəmə qaydasında mübahisələndirilməsi əsassızdır.

12. Məhkəmə eyni zamanda iddia tələbinin “buraxılmış məcburi iş günlərinə görə 5400 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, tələbin bu hissəsi xx.xx.2024-cü il tarixli əmr əsasında yarandığından və tələb həmin hissədə əsassız sayıldığından qeyd olunan hissədə də əsassız hesab edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2, 45.1-ci maddələrinə, 70-ci maddəsinin “ç” bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyindən, o, şikayət ərizəsi ilə X3 Xidmətinə müraciət etmiş, həmçinin mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərmişdir. Lakin şikayət ərizəsi ilə X3 Xidmətinə müraciət etsə də, həmin orqan tərəfindən xx.xx.2024-cü ildə Cavabdeh MMC barəsində inzibati protokol tərtib edilməsindən və tərtib olunmuş həmin protokoldan sonra xx.xx.2024-cü il tarixdə işəgötürən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli öz əmrini ləğv etməsi və onu əvvəlki işinə bərpa etməsindən məlumatlı olmamışdır. Bundan əlavə, qətnamədə qeyd edilir ki, guya Cavabdeh MMC tərəfindən ona 22 may və 29 may 2024-cü il tarixli məktublar ünvanlanmış və orada öz əmək funksiyalarını yerinə yetirməyi üçün işə çıxmağı xahiş olunmuşdur. Halbuki, həmin məktublar formal olaraq tərtib olunmuş, həmin məktubların ona rəsmi olaraq göndərilməsi və onun tərəfindən qəbul edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə isə bu hallara əhəmiyyət vermədən cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Bundan əlavə, məktubla bərabər cavabdehə onun əlaqə nömrəsi məlum olduğu üçün ona məxsus nömrə ilə əlaqə saxlanılsaydı, X3 Xidməti tərəfindən CavabdehMMC barəsində inzibati protokol tərtib edilməsindən və tərtib olunmuş həmin protokoldan sonra Cavabdeh MMC-nin onun barəsində olan xx.xx.2024-cü il tarixli əmrini guya ləğv etməsi və onu əvvəlki işinə bərpa etməsindən məlumatı olardı. Bundan əlavə, hazırki mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olması səbəbindən ilk əvvəl mediasiya vasitəsi ilə həll edilməsi nəzərdə tutulduğu üçün tərəfindən mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilmiş, təklifdə mediasiyaya dair qeyd-şərtdə 13 saylı Mediasiya təşkilatı qeyd edilmiş, cavabdeh tərəfindən isə təklifə əhəmiyyət verilməmiş və 13 saylı Mediasiya təşkilatı isə ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi cavabdeh orqana xx.xx.2024-cü il tarixdə göndərmiş və bu barədə də ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışında qeyd etmişdir. Həmçinin, mediator həmin vaxt onun yanında cavabdeh orqanla telefonla əlaqə saxlayaraq iclasda iştirak edib-etməyəcəklərini araşdıran zaman onlar iştirak etməyəcəklərini qeyd etsələr də, onun barəsində olan CavabdehMMC-nin xx.xx.2024-cü il tarixli əmrini xx.xx.2024-cü il tarixdə ləğv etməsi və onu əvvəlki işimə bərpa etməsi barədə hər hansı bir məlumat verməmişlər. Buradan da aydın olur ki, cavabdeh orqan onun məhkəməyə müraciətindən sonra formal olaraq guya barəsində olan xx.xx.2024-cü il tarixli əmrini ləğv etməsi və əvvəlki işinə bərpa etməsi, o, işə gəlmədiyi üçün isə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verməsi barədə formal sənədləşmə aparmış, məhkəmə isə bu halların mövcud olmasına baxmayaraq işin hallarını araşdırmadan cavabdehin xeyrinə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf iddiaçıya əmr ləğv edildikdən sonra 22 may və 29 may tarixlərində məktub göndərildiyini bildirir. Lakin həmin məktubların iddiaçıya çatdırılmasına dair hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçıya hər hansı zəng olunmamış, onunla əlaqə saxlanılmamışdır. Hesab edir ki, cavabdeh tərəf iddiaçının məhkəməyə müraciət etdiyindən məlumat aldıqdan sonra formal olaraq bu cür məktubları hazırlamışdır. Bundan başqa, cavabdeh tərəf iddiaçının işlədiyi dövrlərdə ona töhmət tədbirləri tətbiq edildiyini bildirsə də, iddiaçı işlədiyi dövrdə hər hansı intizam pozuntusu baş verməmişdir. İkinci əmri mübahisələndirmirlər. İddiaçı 5.400 manat pulu əmrdən əvvəl gördüyü işlər üçün tələb edir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, idarədə işə daxil olarkən və işdən çıxarkən barmaq izi ilə qeydiyyat aparılırdı. O, nəzərdə tutulandan artıq işləmişdir. Tələb olunan 5.400 manat pul 02 fevrala qədər nəzərdə tutulan ödənişlərdir. Həkim-lobarantın vəzifəsi analiz etməkdir. Klinika TƏBİB-in 10 xəstəxanasını icarəyə götürüb, həmin xəstəxanaların idarəsini o, həyata keçirtmişdir. 10 ədəd laboratoriya yaratmışdır. Bütün təchizatını həyata keçirtmişdir. Ona direktorluq təklif olunsa da, qəbul etməmişdir. Çünki preparatlar standarta uyğun deyildi, cavabdehlik daşımaqdan qorxmuşdur.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir və apellyasiya şikayətində əks olunanlar formal xarakter daşıyır. İddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Cavabdeh tərəfindən məhkəməyə müvafiq sənədlər təqdim olunmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsi bağlanmış və vəzifə təlimatları ilə tanış olmuşdur. Lakin iddiaçı bildirir ki, əmək müqaviləsi bağlanılmadan işə qəbul edilmişdir. Bu halı həqiqətə uyğun hesab etmir. İddiaçı onların təqdim etdiyi sənədlərin sonradan tərtib olunduğunu bildirir. İddiaçı ilə bağlı əmək müqaviləsi işə bərpa olunanda, ləğv olunanda müvafiq informasiya sistemində onların qeydiyyatı aparılır. İddiaçının işə bərpa olunmaq kimi niyyəti yoxdur, o başqa bir yerdə işləyir. Bu səbəblə birinci instansiya məhkəməsində məhkəmə iddiaçıya iddia tələbini dəqiqləşdirmək üçün vaxt verdi və iddiasını baxılmamış hesab etdi. Lakin iddiaçı görünür bununla razılaşmamışdır. Birinci instansiya məhkəməsində iddiaçının işdən çıxarılmasının əsaslı və ya əsassız olması araşdırılmadı. Sadəcə iş materialları əsasında xx.xx.2024-cü il tarixli əmrin artıq olmadığı müəyyən olunduğu üçün məhkəmə yekun məhkəmə aktı qəbul etdi. Yekun məhkəmə aktının qəbul edilməsindən əvvəl də məhkəmə yenidən təklif etsə də, iddiaçı tərəf israrla həmin əmrin ləğv edilməsini istədi.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümyaəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmri əsasında həkim-laborant vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, lakin sonradan sözügedən əmr ləğv edilmiş və işəgötürən iddiaçını əvvəlki işinə bərpa etmişdir.

27. Bundan sonra, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

28. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli əmr ləğv edildiyindən, həmin əmrin məhkəmə qaydasında yenidən ləğv edilməsi barədə tələb təmin oluna bilməz.

29. İddiaçı apellyasiya şikayətində cavabdehin xx.xx.2024-cü il tarixli əmrindən məlumatlı olmadığını bildirsə də, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən həmin əmrin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılması istisna edilmir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının suallarına cavab olaraq iddiaçı və onun nümayəndəsi (vəkili) bildirmişlər ki, cavabdehdən tələb olunan 5.400 manat mübahisələndirilən xx.xx.2024-cü il tarixli əmr verilənədək iddiaçının nəzərdə tutulandan artıq işlədiyinə görə tələb edilən məbləğdir.

31. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, onun bu tələbi də təmin oluna bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1756/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar