Məhkəmə qərarları › İş №2(103)-9669/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9669/2021

28.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9669/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin qaytarılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2(009)-2324/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2(009)- 2324/2021 saylı qərardadı ilə (hakim İlkin Rüstəmli) iddia ərizəsi qaytarılmış və iddiaçıya yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, e-2(009)-2324/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticə yanlışdır. Belə ki, Yasamal rayonu Hüseyn Cavid 115 ünvanında AMEA-ya bağlı İnstitutlar yerləşir. AMEAnın Rəyasət heyəti və onun əsas idarələri, o cümlədən iddiaçının işə bərpa olmaq istədiyi İşlər İdarəsi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşir. Bunu iddia ərizəsinə və bu şikayətə əlavə edilən http://science.gov.az/az/contact internet saytından çıxarmış çıxarışdan da görmək olar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili), şikayətin dəlillərinə uyğun izahat verərək, məhkəmə kollegkiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmış və suallara cavab olaraq bildirmişdir ki, iddiaçının işə bərpa olmaq istədiyi İşlər İdarəsi Səbail rayonu ərazisində yerləşir. Onlara qarşı olan işlərə adətən Səbail Rayon Məhkəməsində baxılır. Məhkəmə kollegiyası, izahatları dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi, iddia ərizəsini geri qaytararkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının hüquqi ünvanı Bakı şəhəri, Hüseyn Cavid 115 olmaqla, Yasamal rayonunun inzibati ərazisinə aiddir. Bu səbəbdən də iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməməklə Səbail Rayon Məhkəməsinə verildiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən rayon məhkəməsinin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı AMEA-nın hər hansı bir institutuna deyil, AMEA-nın Rəyasət Heyətinin aparatının İşlər İdarəsinin müdiri vəzifəsinə işə bərpa olunmasını xahiş edir. Şikayətə əlavə olunmuş http://science.gov.az/az/contact internet saytından çıxarışdan görünür ki, AMEA-nın Rəyasət heyəti və onun əsas idarələri Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşir. Eyni zamanda, “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, AMEA-nin İşlər İdarəsinin hüquqi ünvanı ünvan 3iya məhkəməsi AMEA-nın hüquqi ünvanının Yasamal rayonunun inzibati ərazisində yerləşməsini göstərsə də, bununla bağlı işdə hər hansı sübut mövcud deyildir. Belə olan halda rayon məhkəməsinin mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, ərazi aidiyyəti məsələsi iddia ərizəsinin icraata qəbul olunmasından sonra da yoxlanıla bilər. Bu səbəbdən də əgər məhkəmə baxışı zamanı mötəbər sübutlarla iddia ərizəsinin səhvən icraata qəbul olunması müəyyən olunarsa, müvafiq qərar qəbul olunması istisna edilmir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı “qərarın ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e-2(009)- 2324/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunsun. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, e- 2(009)-2324/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar