Məhkəmə qərarları › İş №2(103)-967/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-967/2022

07.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-967/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayədəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kommunal xidmətlərə görə 4.099,96 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. İddia onunla əsaslandırılıb ki, iddiaçı 28.03.2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İddiaçının nizamnaməsində onun fəaliyyət predmeti və məqsədi Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev № 2A ünvanındakı daşınmaz əmlak kompleksini birgə idarə etməkdən, binanın ümumi əmlakının istismarından və s. ibarətdir. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 218,35 kv.m olan 7 №-li mənzil cavabdehin mülkiyyətindədir. Mənzilin mülkiyyətçisi olaraq cavabdehin kommunal haqları ödəmək öhdəliyi yaranmışdır. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcları ödəməkdən yayınır. İddiaçının İdarə Heyətinin 28.12.2016-cı il tarixli 5 saylı iclas protokoluna görə, iclasda aylıq kommunal xidmət haqlarının dəyişdirilməsi qərara alınmış və həmin haqlar belə müəyyən edilmişdir: Sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik və daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,90 manat; sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,50 manat; sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan ilk günədək mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,35 manat. Cavabdehin kommunal xərclər üzrə borcu 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər 4.099, 96 manat təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,35 manat olmaqla hesablanmışdır. Nəsimi Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, 4.099,96 manat məbləğində pul cavabehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayədəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinin əsssız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 06.03.2015-ci il tarixli reyestr çıxarışına görə ünvan 2 ünvanında yerləşən 7 №li mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 218,35 kv.metr, yaşayış sahəsi 123,8 kv.metr, yardımçı sahəsi 94,55 kv.metdir. İddiaçının İdarə Heyətinin 28.12.2016-cı il tarixli, 5 saylı iclas protokoluna görə, iclasda aylıq kommunal xidmət haqlarının dəyişdirilməsi qərara alınmış və həmin haqlar belə müəyyən edilmişdir: Sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik və daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,90 manat; sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,50 manat; sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan ilk günədək mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,35 manat. Cavabdeh bu qərarı məhkəmə qaydasında mübahisələndirməyib. İddiaçının verdiyi maliyyə arayışına görə, cavabdehin kommunal xərclər üzrə borcu 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər 4.099,96 manat təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,35 manat olmaqla hesablanmışdır. İddiaçı cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmiş, lakin cavabdeh yaranmış borc məbləğini ödəməmişdir. Apellyasiya şikayətində cavabdehin istinad etdiyi dəlillərdən biri ondan ibarətdir ki, cavabdehlə müqavilə bağlamaq iddiaçının vəzifəsi olsa da iddiaçı həmin vəzifəsini yerinə yetirməyib. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələrindən biri Mənzil Məcəlləsinin 123.0.2-ci maddəsində belə göstərilib: mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamaq. Müqavilə bağlamaq vəzifəsinin iddiaçı tərəfindən pozulduğu müəyyən edilmir. Belə ki, müqavilə bağlamaq Mülki Məcəllənin 390-cı maddəsində azadlıq kimi müəyyən edilib. Bu, ümumi qaydadır, yəni hər bir şəxs azad surətdə müqavilə bağlaya və ya müqavilə bağlamaqdan imtina edə bilər. Umumi qaydadan fərqli olaraq, müqavilə bağlamaq Mənzil Məcəlləsinin 123.0.2-ci maddəsində ona görə vəzifə kimi müəyyən edilib ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin həmin cəmiyyətin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə müqavilə bağlamaqdan imtina etmək səlahiyyəti yoxdur. İddaçının cavabdehlə müqavilə bağlamaqdan imtina etdiyini təsdiq edən sübut yoxdur, bu isə onu təsdiq edir ki, cavabdehin özü müqavilə bağlamaqdan yayınır. Beləliklə, məhkəmə Mənzil Məcəlləsinin 29, 45, 122, 135-138-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiaya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar