Məhkəmə qərarları › İş №2(103)-967/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-967/2025

19.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-967/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı QƏTNAMƏ İş № 2(103)-967/2025 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3035/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən stajçı kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri, Sabunçu rayon X7 Məşğulluq tədbirləri sektorunun məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən sınaq müddətinə tutduğu vəzifəyə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən sınaq müddəti saxlanılmaqla Xidmətin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci və 17.1-ci maddələrinə əsasən daimi dövlət qulluğuna qəbul edilmişdir və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı 1 ay sınaq müddəti olmaqla, 3 ay müddətinə X1 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin qurumun Təhlil və tərəfdarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən filial 4 saylı Ərazi Məşğulluq filialıadlandırılmışdır. xx.xx.2022ci il tarixdə iddiaçı Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı AR Əmək Məcəlləsinin 68-cimaddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti dövründə iddiaçı dəfələrlə özünü peşəkar işçi kimi göstərmiş və peşəkarlıq səviyyəsinin yoxlanılması üçün keçirilmiş test imtahanından yüksək nəticələr əldə etmişdir (3 imtahandan 40 mümkün baldan 21 və 29-u, sonuncu dəfə 50 mümkün baldan 37-i toplamışdır) Məhz bu imtahanların nəticələrinə əsasən iddiaçıya mükafatlar verilmişdir. Təsadüfi deyil ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirildikdən 1 il 4 ay sonra, xx.xx.2023-cü il tarixdə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X15 arasında xx.xx.2020-ci il tarixdə sınaq müddəti ilə müqavilə bağlanmışdır. İddiaçı inzibati vəzifə tutmuş dövlət qulluqçusu olduğu və daimi dövlət qulluğuna qəbul edildiyi üçün Agentlik tərəfindən onunla sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşlədiyi müddətdə iddiaçının heç bir nöqsanı olmamış və vəzifə funksiyalarını layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X15 yaradılana qədər iddiaçı dövlət qulluğunda inzibati vəzifələrtutmuşdur və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Lakin buna baxmayaraq iddiaçı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X15 arasında xx.xx.2020-ci il tarixdə sınaq müddəti ilə müqavilə bağlanmışdır. Cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün iddiaçı Bakı şəhəri, 16 saylı Mediasiya Təşkilatına müraciət etsə də mübahisə öz həllini tapmamışdır və iddiaçıməhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa iddiaçı vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 172/3-4- 421/2024 nömrəli əmrin surətini cavabdehdən tələb etsə də, əmrin surətinin ona təqdim edilməsindən imtina edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçı sonuncu dəfə dövlət qulluğunda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsində çalışmış və həmin vəzifədə olarkən dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı 1 ay sınaq müddəti olmaqla, 3 ay müddətinə X1 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Qeyd edilən hallardan müəyyən olunur ki, iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X12 ilk əmək fəaliyyətinə başladığı dövrdə o, dövlət qulluğunda çalışdığı vəzifə ilə eyni xarakterli vəzifəyə təyin edilmişdir. İddiaçının əmək kitabçasında onun daimi dövlət qulluğuna qəbul edilməsi barədə qeyd vardır və bu həm onun sonuncu dəfə dövlət qulluğunda tutduğu vəzifənin, həm də X6 X12 tutduğu vəzifənin daimi xarakter daşıdığını göstərir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3035/2024 saylı qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia ərizəsi təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2024-cü il tarixli, 172/3- 4-421/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehndə Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə bərpa edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 45.4, 47-ci maddənin “f” bəndi, 68.2-ci maddəsinin “b” bəndi, 73.1, 83-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək qanunvericiliyi baxımından müddətli əmək müqaviləsinin bağlanma hallarından biri də məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müvafiq müqavilənin bağlanmasıdır. Hazırkı mübahisə üzrə isə həmin razılıq əldə edilərək müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli 2(102)-1278/2024 nömrəli Qərarı ilə müvafiq baxılan işə münasibətdə müəyyən olunmuşdur ki, əgər tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsidirsə, bu zaman işəgötürən tərəfindən müvafiq müqavilənin müddətin bitməsi əsası ilə xitam edilməsi qanunvericiliyin tələblərinin pozulması anlamına gəlmir. Göründüyü kimi birinci instansiya məhkəməsi Ali Məhkəmənin bu tipli işlər üzrə müvafiq qərarlarla yaratmış olduğu təcrübəni nəzərə almamış, iş üzrə mövcud hüquqi təcrübə ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Hazırkı mübahisədə iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsi uydurma əqd olaraq qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən işçinin müddətli əmək müqaviləsinə razılığının olub-olmaması işçinin müddətli əmək müqaviləsinə dair iradə və motivinin olubolmaması ilə əlaqələndirilmiş və hazırkı halda işçinin müddətli əmək müqaviləsi ilə bağlı iradə və motivinin olmaması, bu baxımdan da onun müddətli əmək müqaviləsi bağlanılmasına razılıq vermədiyi ehtimal edilmişdir. Nəzərə alınmalı məqam ondan ibarətdir ki, iddiaçı tərəfindən onun cavabdehlə müddətli müqavilə bağlanması ilə əlaqədar iradəsinin olmaması nə iddia ərizəsində mübahisələndirilmiş, nə də məhkəmə icraatı zamanı sözügedən iradəyə cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində xələl gəlməsi ilə bağlı aidiyyəti sübutlar təqdim olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 35, İV hissə. Əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

13. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

14. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

15. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

16. Maddə 68.2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması ona xitam verilməsinin əsaslarından biridir.

17. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

18. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Maddə 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

29. X6 X15 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 3 ay müddətinə Agentliyin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.

30. İddiaçı məxsus olan xx.xx.2017-ci il tarixli, ******* saylı əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli, ********** saylı əmrə əsasən AR ƏƏSMN yanında Dövlət Məşğulluq xidmətinin X7 Məşğulluq tədbirləri sektoru məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, ********** saylı əmrə əsasən Xidmətin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixdə **********3 saylı əmrə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş (dövlət qulluğuna xitam verilməklə), xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, **********2 saylı əmrə əsasən Agentliyin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, **********0 saylı əmrə əsasən Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli, ********** saylı əmrinə əsasən Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə eyni tarixli əmrlə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 saylı əmrə əsasən AR ƏM-in 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

31. AR ƏƏSMN-in tabeliyində X1 xx.xx.2020-ci il tarixli, **********2 nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığına əsasən 3 ay müddətində Agentliyin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.

32. AR ƏƏSMN-in tabeliyində X1 xx.xx.2020-ci il tarixli, **********0 nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, Mahmudova X4 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir.

33. AR ƏƏSMN-in tabeliyində X1 xx.xx.2022-ci il tarixli, **********9 nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir.

34. AR ƏƏSMN-in tabeliyində X1 xx.xx.2022-ci il tarixli, 3-17-2/3-4-1120/2023 nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir.

35. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b bəndi əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir.

36. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 1 nömrəli, xx.xx.2020-ci il tarixli razılığa əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsi dəyişdirilərək o, X1 4 saylı Ərazi Məşğulluq Mərkəzinin filialının Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.

37. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 2 nömrəli, xx.xx.2021-ci il tarixli dəyişikliyə əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsi dəyişdirilərək “3 ay” sözləri “2 ay” sözləri ilə əvəz edilmişdir.

38. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli, xx.xx.2021-ci il tarixli dəyişikliyə əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsi dəyişdirilərək “2 ay” sözləri “12 ay” sözləri ilə əvəz edilmişdir.

39. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 4 nömrəli, xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsi dəyişdirilərək o, X1 Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

40. Apellyator öz şikayətini belə əsaslandırmışdır ki, əmək qanunvericiliyi baxımından müddətli əmək müqaviləsinin bağlanma hallarından biri də məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müvafiq müqavilənin bağlanmasıdır. və hazırkı mübahisə üzrə isə həmin razılıq əldə edilərək müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin kollegiya apellyatorun bu mövqeyi ilə razılaşmır.

41. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

42. Hazırk işin faktiki hallarından göründüyü kimi, iddiaçı AR ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin nəzdində fəaliyyət göstərən qurumlarda ümumilikdə 2019-cu ildən 2024-cü ilədək işləmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə AR ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə daimi dövlət qulluğuna qəbul olunmuş və cəmi 27 gün sonra öz arzusu ilə xx.xx.2020-ci il tarixdə öz ərizəsi ilə dövlət qulluğuna xitam verilməklə işdən azad edilmiş, 5 gün sonra yəni– xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə yeni yaranmış “X6” X12 müddətli əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi iki dəfə yenidən 3 ay müddətinə uzadıldıqdan sonra, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən müqavilənin müddəti 2 ay müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən müqavilənin müddəti 12 ay müəyyən edilmiş bundan sonra da 3 dəfə 12 ay olmaqla müddət uzadılmış və xx.xx.2024-cü il tarixdə sonuncu uzadılma müddəti bitdiyindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir

43. Qanunvericiliyin tələblərindən də göründüyü kimi şəxs müvafiq müsabiqədən keçdikdən sonra onun əmək fəaliyyəti hansısa müddətlə məhdudlaşmamaqla həmin qanunla nəzərdə tutulmuş xitam hallarına kimi qüvvədə olur və bu da onun müddətsiz olduğunu deməyə əsas verir. Lakin hazırki işin hallarından görünür ki, işçi daimi dövlət qulluğuna qəbul olunduqdan qısa müddət sonra öz ərizəsi ilə dövlət qulluğuna xitam verilməsini xahiş etmiş və yeni yarandılmış müəssisədə müddətli əmək müqaviləsi bağlamışdır.

44. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

45. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

46. Qəbul etdiyi əmrin qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi daşıyan işəgötürənin nümayəndəsi tərəflər arasında qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsinin bağlamasını bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan tərəflər arasında sonradan bağlanan əmək müqaviləsində hansı səbəbdən müqavilənin müddətli bağlamasına dair hər hansı bir şərt göstərilməmişdir. Əksinə, istər yeni yaradılan publik hüquqi şəxslə bağlanılan əmək müqaviləsindən, istərsə də tərəflərin izahatlarından müəyyən olunur ki, işçinin əmək funksiyalarına müəyyən müddətə deyil, icrası müddətsiz xarakter daşıyan işlər daxildir və ləğv edilmiş müəssisədə dövlət qulluqçusu kimi daşıdığı vəzifə öhdəlikləri ilə eynilik təşkil etmişdir.

47. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasına yol verilir. Lakin tərəflər arasında bağlanan əmək müqaviləsindən bu prinsipə əməl edilməsi, yəni daimi dövlət qulluğunda olan bir işçinin işlədiyi müəssisə ləğv edildikdən sonra hansı səbəbdən daimi xarakter daşıyan işlərə görə müddətli əmək müqaviləsi bağlamağa razı olması bu müqavilədən müəyyən olunmur.

48. Kollegiya hesab edir ki, müddətsiz və daimi dövlət qulluğunda çalışan işçinin sonradan struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda bir neçə dəfə 2 və 3 aylıq, daha sonra 3 dəfə 12 aylıq müddətə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, həmin Məcəllənin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

49. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə daimi dövlət qulluğunda çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

50. Məlum olduğu kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur. İşçinin daimi dövlət qulluğunda xüsusi müddətlə məhdudlaşmadan işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətlətlə əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

51. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

52. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

53. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər də işçinin xeyrinə həll olunmalıdır.

54. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair əsaslı olan tələblərini təmin etməkdə haqlı olmuşdur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

56. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

58. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3035/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar