Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-968/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «artıq ödənilmiş pulun qaytarılması, mənzilin sahəsinin hesablanması, müqavilə şərtinin nəzərə alınması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X5 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1834/2022 saylı, 05 noyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" MMC ilə X4 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 1/85 saylı alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7 saylı girişin 16-cı mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 73,5 m2-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və mənzilə görə 121.275 manat məbləğində pul ödəməyi öhdəsinə götürür.
2. "xxxx" MMC tərəfindən tərtib edilmiş CDĞ seriyalı, 442574 saylı, xx.xx.2018-ci il tarixli və CDĞ seriyalı, 442653 saylı, xx.xx.2018-ci il tarixli kassa mədaxil orderlərinə görə X4 qeyd edilən müqavilə üzrə "xxxx" MMC-nin hesabına müvafiq olaraq 51.000 manat və 70.000 manat məbləğində pul mədaxil etmişdir.
3. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında 7 saylı girişin 16-cı mərtəbəsində 73,5 m2dan ibarət mənzilin dəyəri X4 tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur.
4. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 1/95 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7 saylı girişin 16-cı mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 73,5 m2-dən ibarət mənzili X2 mülkiyyətinə verməyi öz üzərinə götürmüşdür. X1 ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək onunla Cavabdeh MMC arasında bağlanılmış 04 sentyabr 2018-ci il tarixli, 1/85 saylı Müqavilə ilə onun mülkiyyətinə verilməsi nəzərdə tutulmuş Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 7 saylı girişin 16-cı mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 73,5 m2 -dan ibarət mənzili bacısı İddiaçı adına dəyişdirilməsini xahiş etmişdir. Ərizə nəzərə alınmaqla, İddiaçı ilə müqavilə bağlanılır.
5. xx.xx.2019-cu il tarixli maliyyə arayışına görə, sözügedən mənzilin dəyəri (mənzilin əvvəlki sahibi X4 tərəfindən ödənildiyi üçün) İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və X4 üçüncü şəxs qismində cəlb edilməklə) artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli 1/95 nömrəli müqavilə üzrə tərəfindən artıq ödənilmiş 23.281,5 manatın Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında (hal-hazırda Cavabdeh) 13 noyabr 2019-cu il tarixdə bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi sahəsinin 1 m2-nin qiyməti 1.650,0 manat (bir min altı yüz əlli manat) müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 121.275,0 (yüz iyirmi bir min iki yüz yetmiş beş) manat təşkil edir. Müqavilə üzrə onun üzərində ödənilməmiş öhdəliyi qalmamış, "xxxx" Mənzil Tikinti Kooperativi isə müqavilənin 1.2-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, mənzili ona təhvil versə də, mənzilin ümumi sahəsini müqavilədə nəzərdə tutulduğu ölçüdə ona təhvil verməmişdir. Belə ki, o, mənzili təmir etmək istədiyi zaman, mütəxəssislər tərəfindən mənzilin sahəsi ölçülərkən, mənzilin terras nəzərə alınmadan ümumi sahəsinin 56,9 m2 olması, terrasın isə sahəsinin 8,3 m2 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “04” dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Yəni, ona təhvil verilmiş mənzildə terrasın sahəsi hesablanarkən onun sahəsinin mövcud qanunvericiliyin tələbinə əsasən 2,49 m2 (8,3 m2*0,3=2,49) olması, ümumilikdə isə mənzilin ümumi sahəsinin 59,39 m2 olması müəyyən edilmişdir. Lakin, Cavabdeh mənə məktubla müraciət edərək, müqavilə üzrə onun mülkiyyətinə ümumi sahəsi 73,5 m2 olan mənzil verilməsi nəzərdə tutulsa da, ona ayrılan mənzilin ümumi sahəsinin daha çox olmasını bildirib, mənzil sahəsinə görə yaranan qiymət fərqinin ödənilməsini tələb etmişdir. Ona verilən mənzilin ümumi sahəsinin 73,5 m2 deyil, məhz 59,39 m2 olmasını Cavabdehnə bildirərək, qalan məbləği cavabdehdən tələb etdikdə isə, cavabdeh ona mənzilin kommunal xidmətlərindən (elektrik enerjisi, qaz və sudan) istifadə etməsinə məhdudiyyətlər yaratmış, aralarında yaranmış mübahisəni bu yolla öz xeyrinə həll etməyə cəhd etmişdir. Göründüyü kimi 13 noyabr 2019-cu il tarixli 1/95 nömrəli müqavilədə Cavabdeh tərəfindən ona təhvil verilmiş mənzilin ümumi sahəsi mənzilin faktiki sahəsindən 14,11 m2 artıq olmaqla, 73,5 m2 göstərilmiş və həmin ölçülərə uyğun qiymət hesablanıb, ondan alınmışdır. Yəni, mənzilin sahəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun surətdə ölçülərək hesablandığı zaman mənzilin ümumi sahəsinin 59,39 m2 olması, dəyərinin isə 97.993,5 manat olması müəyyən edilmişdir. Ona görə də həmin müqaviləyə əsasən Cavabdeh ona ümumi sahəsi 73,5 m2 olan mənzil verməli olduğu halda, ona ümumi sahəsi 59,39 m2 olan mənzil vermiş, ondan 59,39 m2 olan mənzilin dəyəri kimi 97.993,5 manat məbləğində pul vəsaiti almalı olduğu halda, 73,5 m2 olan mənzilin dəyəri kimi 121.275,0 manat məbləğində pul vəsaitini almış, nəticədə isə hüquqi əsas olmadan ondan əlavə olaraq 23.281,5 manat məbləğində pul vəsaiti-almışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1834/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi; ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 50 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin mübahisələndirilməyən hallarından görünür ki, "xxxx" MMC ilə X4 arasında xx.xx.2018-ci il tarixli, 1/85 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7 saylı girişin 16-cı mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 73,5 m2 -dan ibarət mənzili tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və mənzilə görə 121.275 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. X4 xx.xx.2018-ci il tarixli, 1/85 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” müqavilə üzrə MTK qarşısında yaranmış öhdəliyini tam şəkildə icra etmişdir. İşin mübahisələndirilməyən hallarından həmçinin görünür ki, 04 sentyabr 2018-ci il tarixli, 1/85 saylı müqavilə ilə X2 mülkiyyətinə verilməsi nəzərdə tutulmuş mənzil onun ərizəsinə əsasən İddiaçı adına dəyişdirilmiş, İddiaçı ilə MMC arasında bu barədə yenidən müqavilə bağlanmış, mənzilin dəyəri əvvəlki sahibi X4 tərəfindən tam ödənildiyi üçün, MMC tərəfindən İddiaçı mənzilin dəyərinin tam ödənildiyi və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcunun olmadığı barədə maliyyə arayışı verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəfindən artıq ödənilmiş 23.281,5 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ödənilməsi tələb edilən məbləğ iddiaçının istinad etdiyi hallara görə müqavilə şərtləri ilə əhatə olunmadığı üçün hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi tətbiq edilməlidir. İddiaçı da iddia ərizəsində sözügedən maddələrə istinad edir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi, bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması kimi şərtlərin mövcudluğu vacibdir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən iddia tələbinin keçərliliyi qanunda nəzərdə tutulmuş və yuxarıda qeyd edilən dispozitiv şərtlərin həm də eyni vaxtda olmasından asılıdır. Hazırkı işdə isə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Çünki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən edildiyi kimi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7 saylı girişin 16-cı mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 73,5 m2 -dan ibarət mənzilə dair müqavilə ilkin olaraq X4 ilə cavabdeh arasında bağlanılmış, mənzilin dəyəri X4 tərəfindən cavabdehin hesabına tam şəkildə mədaxil edilmiş və bu barədə ona "xxxx" MMC tərəfindən müvafiq mədaxil qəbzləri və maliyyə arayışı verilmişdir. Daha sonra X4 Cavabdeh MMC-yə (indiki MTK-ya) ərizə ilə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanılmış 04 sentyabr 2018-ci il tarixli, 1/85 saylı müqavilə ilə mülkiyyətinə verilməsi nəzərdə tutulmuş mənzilin İddiaçı adına dəyişdirilməsini xahiş etmiş, bunun nəticəsində MMC ilə İddiaçı arasında müqavilə bağlanılmış, ona cavabdeh tərəfindən eyni məzmunlu maliyyə arayışı verilmişdir. Maliyyə arayışının verilməsinə əsas mənzilin dəyərinin əvvəlki sahibi X4 tərəfindən tam ödənildiyi olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən "xxxx" MTK-ya müvafiq məbləğdə pul ödənilməsi və bununla da cavabdehin İddiaçı hesabına əsassız olaraq varlanması halları öz təsdiqini tapmamışdır. İddiaçının X2 onun qardaşı olmasına və buna görə də 04 sentyabr 2018-ci il tarixli, 1/85 saylı müqavilə üzrə pulun onun tərəfindən qardaşı vasitəsilə ödənilməsinə dair irəli sürdüyü dəlili isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakteri daşıyır. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının müqavilə şərtləri ilə əhatə olunmayan məbləğdə ödənilmiş pulun geri qaytarılmasını tələb etmək hüququ yoxdur. İddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından cavabdeh tərəfindən həmin hüququn pozulması da mümkün deyildir. Çünki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi.
13. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin sonuncu iclası ilə əlaqədar elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində hazırki tarixdə məhkəmə iclasında iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat və ya sübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə.4431. və 443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zrərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın başqa hüquqi əsasla yenidən rədd edilməsi üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. İddiaçının apellyasiya şikayətinin həm nəticə hissəsindən, həm də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Hazırki iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi hüquq normasının pozuntusu istisna olmaqla düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Lakin işin faktiki halları yuxarıda qeyd edilən yaxud digər maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından haqlı sayılmır.
23. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 13 noyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən qüsurla yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər, ancaq müqavilənin məzmunundakı şərtlər daha çox podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Göründüyü kimi, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirdiyini cavabdehin isə öhdəliyini qüsurla icra etdiyini, buna baxmayaraq nə bu qüsuru aradan qaldırdığını, nədə onun aradan qaldırılması üçün aldığı muzdun qüsur həcmində hissəsini ona qaytarmadığını, bundan yayınmağa çalışdığı üçün də hazırki iddianı irəli sürdüyünü qeyd edir.
24. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ilkin məhkəmə tikintitexniki ekspertizasının 10/2215 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, inşa edilən çoxmənzilli yaşayış evinin 7 saylı girişinin, 16-cı mərtəbəsində, 1 otaqdan ibarət mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın tələbləri nəzərə alınmaqla hesablandıqda 59,9 kv.metr olduğu müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli 1/95 nömrəli müqavilənin şərtlərinə əsasən, sözügedən mənzilin sahəsi çöl divarların ortasından hesablandığı qeyd olunmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin ("Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları") 59.3 bəndinə əsasən, Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablandığını nəzərə alaraq göstərilən mənzilin ümumi sahəsi Cavabdeh tərəfindən “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na əməl edilməklə ölçülmədiyi müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, rəy aydın və tam olmadığından formalaşmış məhkəmə təcrübəsinə əsasən ekspertiza qarşısında qoyulan hazırkı suallara uyğun əlavə ekspertiza rəyi alınmalıdır. Əlavə məhkəmə tikinti texniki ekspertizanın 10/4005 saylı, 02 oktyabr 2023-cü il tarixli ekspert rəyində qeyd edilir ki;
1. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş çoxmənzilli binanın 7 saylı girişinin, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, vəs. altı isə nəzərə alınmaqla), azalma əmsalları tətbiq olunmadan faktiki olaraq sahəsi 64,7 kv.metr təşkii edir. 2.Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş çoxmənzilli binanın 7 saylı girişinin, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı mənzİİin müqavilənin 2.2-ci bəndinə əsasən, yəni çöl divarların ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları tətbiq olunmadan sahəsi 73,5 kv.metr təşkil edir.
3. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş çoxmənzilli binanın 7 saylı girişinin, 16- cı mərtəbəsində yerləşən 1 otaqlı mənzilin müqavilənin 2.2-ci bəndinə əsasən, yəni çöl divarların ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(İar)ın, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, azalma əmsalları tətbiq olunmadan sahəsi 70,4 kv.metr təşkil edir.
26. Göründüyü kimi, əlavə ekspertizanın rəyi ilə tərəflərin könüllü müqavilə bağlaması və öhdəliklərini müqavilə şərtlərinə uyğun tam icra etməsi təsdiq olunur. Belə ki, cavabdeh müqavilə şərtlərində göstərilən ölçüdə mənzili iddiaçıya təhvil verib yoxsa yox, əlbətdə ki, onun tərəfindən öhdəliyin tam və qüsursuz icra olunması sübut edilməlidir. Bu halı sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşürdü ki, qeyd olunduğu kimi buda ekspert rəyi ilə təsdiq olunur. Belə ki, mənzilin sahəsinin ölçüsündə yaranmış fərqlə bağlı mənzil satılarkən tərəflər arasında hansısa başqa razılaşma olmuşdursa həmin şərtlərin müqaviləyə daxil edilməsində yaxud edilməməsində hər hansı bir maneə yox idi. Çünki, tərəflər arasında onsuzda mübahisəli mənzillə bağlı razılaşmaları özündə əks etdirən yazılı müqavilə bağlanırdı. Məhz buna görə də tərəflər müqavilənin 2.2-ci bəndində mənzilin sahəsinin çöl divarların ortasından hesablanacağı barədə razılığa gəlmişlər. Başqa sözlə, mənzilin sahəsinin çöl divarların ortasından hesablanacağı barədə şərt müqavilədə əksini tapmışdır.
27. Cavabdeh tərəfindən müqavilə qüsurla icra olunmuşdursa, bu öhdəliyin lazımınca icra edilməməsi deməkdir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, yəni işi qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi kimi başa düşülür. Ona görə də iddiaçı cavabdehdən müqavilə öhdəliyini qüsurla icra etdiyinə görə pul tələb edə bilər. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini qüsurla icra etməsi təsdiq olunmur.
28. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndindəki normaların tələbləri əslində şikayətin açıq-aşkar əsaslı olduğunu təsdiq etmir. Çünki, həmin qaydalarda tikinti obyektinin(mənzilin) sahəsinin və həcminin hesablanması qaydasının tələblərinin nəzərə alınması üçün tərəflər müqavilənin 2.2-ci bəndində mənzilin sahəsinin çöl divarların ortasından hesablanacağı barədə razılığa gəlməməli idilər. Ancaq hazırkı işdə ələavə ekspertiza qarşısında qoyulan suallar da məhz qeyd ounan qanunvericilik aktlarının tələblərinə və müqavilə şərtinə uyğun qoyulmuş və ekspert tərəfindən də ayrı-ayrılıqda mənzilin sahəsi həm müqavilə şərtinə uyğun, həm də qanunvericilikdə nəzərdə tutulan qaydada hesablanaraq rəy verilmişdir. Məhkəmə tərkibi isə tərəflərin müqavilə şərtlərində könüllü olaraq razılaşdırdıqları şərt əsasında hesablanmış nəticəni düzgün hesab və qəbul edir. Bu nəticə də müqavilədə nəzərdə tutulan mənzilin ümumi sahəsi ilə eyni olduğundan, yəni 73,5 kv.metr olduğundan cavabdehin müqavilədən irəli gələn öhdəliyini qüsursuz icra etdiyini təsdiq etmiş olur. Bu cür nəticə Ali Məhkəmənin icraatında olmuş mübahisələr üzrə də mövcud məhkəmə praktikasına uyğun sayılır. 29.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, müqavilədən irəli gələn öhdəliklər və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
30. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi iddianı rədd etsə də maddi hüquq normalarının tələblərini pozmuş, yəni qanunu səhv təfsir edərək iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüququnun olmadığını əsas gətirərək iddianı rədd etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisəli mənzilə dair ilkin müqavilə üçüncü şəxs Rizvan Sultanovla bağlanmış, mənzilin dəyəri sonuncu tərəfindən cavabdehin hesabına tam şəkildə mədaxil edilmiş və bu barədə ona mədaxil qəbzləri və maliyyə arayışı verilmiş, sonradan Rizvan Sultanovun ərizəsinə əsasən MMC ilə İddiaçı arasında müqavilə bağlanılmış, ona cavabdeh tərəfindən eyni məzmunlu maliyyə arayışı verilmiş, maaliyyə arayışının verilməsinə əsas mənzilin dəyərinin əvvəlki sahibi X4 tərəfindən tam ödənildiyi olmuş, ona görə cavabdehin İddiaçı hesabına əsassız olaraq varlanması halları öz təsdiqini tapmamış, iddiaçının X2 onun qardaşı olmasına və buna görə də 04 sentyabr 2018-ci il tarixli, 1/85 saylı müqavilə üzrə pulun onun tərəfindən qardaşı vasitəsilə ödənilməsinə dair irəli sürdüyü dəlili isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakteri daşıyır. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının müqavilə şərtləri ilə əhatə olunmayan məbləğdə ödənilmiş pulun geri qaytarılmasını tələb etmək hüququ yoxdur. İddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından cavabdeh tərəfindən həmin hüququn pozulması da mümkün deyildir. Çünki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun.
31. Əlbətdə ki, ilk baxışdan birinci instansiya məhkəməsinin qənaəti açıq-aşkar əsassız görünməyə bilər. Lakin iddiaçı ilə üçüncü şəxs Rizvan Sultanovun qardaş-bacı olması və üçüncü şəxsin ödədiyi vəsaitin iddiaçının vəsaiti olması işin mübahisəli halı deyildir. Bunu cavabdeh tərəf də mübahisələndirmir. İddiaçının hazırki iddiası subyektiv hüquqa görə deyil, digər əsasla, yəni əsassız olduğuna görə rədd edildiyi yaxud əsaslı olduğuna görə təmin edildiyi halda onsuzda üçüncü şəxs Rizvan Sultanovun eyni məzmunlu müqaviləyə istinad edərək məhkəmədə iddia irəli sürməsinin də heç bir nəticəsi olmayacaqdır. Çünki, işin hallarından, o cümlədən iddiaçı və üçüncü şəxs Rizvan Sultanovun izahatlarından bəlli olur ki, mübahisəli mənzillə bağlı cavabdehə bir dəfə vəsait ödənilmiş və bu vəsaitin iddiaçı yaxud üçüncü şəxs Rizvan Sultanov tərəfindən ödənilməsinin yaxud kimin vəsaiti olması hazırki iddianın əsaslılığı baxımından heç bir əhəmiyyət kəsb etmir. Bir daha qeyd olunur ki, birinci instansiya məhkəməsinə də bəlli idi ki, iddiaçı və üçüncü şəxs vahid mövqedən çıxış etdiyi üçün hazırki iddia irəli sürülmüşdür. Bu cür iddianın subyektiv hüququn yaranmamasına görə rədd edib, üçüncü şəxs tərəfindən yenidən iddia irəli sürülməsinə hüquqi imkan yaradılması da açıq-aşkar prosessual qənaət prinsipinə uyğun deyildir. Onsuzda məhkəmə yaranmış mübahisəyə bir iddia çərçivəsində baxıb yekun nəticəyə gələ bilərdi. Bunun üçün ona mülki prosessual qanunvericilik hüquqi mexanizm verir. Başqa sözlə, məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
32. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1834/2022 saylı, 05 noyabr 2022ci il tarixli qətnaməsi ləğv edilməli və iddia başqa əsasla təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1834/2022 saylı, 05 noyabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin və iddia yenidən başqa əsasla təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları da iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.