Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9683/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(008)-2968/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh X2 (bundan sonra, cavabdeh) qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun və övladlarının cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 27.07.2003-cü il tarixdə nikaha daxil olaraq mübahisə predmeti olan evə gəlin köçmüş və bu nikahdan 24.04.2004cü il təvəllüdlü Məryəm Məhərrəmova və 26.09.2006-cı il təvəllüdlü Nigar Məhərrəmova adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulmuşdur. Hazırda uşaqları ilə birlikdə valideynlərinin yanında qalsa da, çətinlik çəkir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(008)- 2968/2021 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia təmin edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddiaçının keçmiş ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququnu itirməsi, cavabdehin evin mülkiyyətçisi olmaması, iddiaçı ilə münasibətlərinin münaqişəli olması, birlikdə yaşamalarının uşaqların psixologiyasına mənfi təsir göstərməsi və s. kimi əsaslandırmışlar. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, cavabdehlə nikaha daxil olduqdan sonra mübahisəli ünvana gəlin köçmüş, nikahları pozulduqdan sonra isə 2019-cu ildə uşaqları ilə birlikdə evdən çıxaraq valideynlərinin yanında yaşamaq məcburiyyətində qalmışdır. Hazırda isə kirayədə yaşayır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, mübahisə predmet olan ünvan 1 ünvanında yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı, 18.07.2003-cü ildə cavabdehlə nikaha daxil olaraq, həmin evə gəlin köçmüş və 24.04.2004-cü ildə Məryəm, 26.09.2006-cı ildə isə Nigar adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulması və birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanınqa qalması qət edilmişdir. Bundan sonra, iddiaçı cavabdehlə arasında olan münaqişələr nəticəsində uşaqları ilə birlikdə evdən çıxmaq məcburiyyətində qalmışdır. Mübahisəli hal isə ondan ibarətdir ki, iddiaçı nikahları pozulduqdan sonra cavabdehlə birlikdə uzun müddət yaşadığı evdən çıxaraq uşaqları ilə birlikdə valideynlərinin yanında qalmağa məcbur olduğunu bildirərək, həmin evə köçürülməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, iddiaçı ilə boşandıqları üçün onun evdən istifadə hüququnu itirdiyini və münasibətləri münaqişəli olduğu üçün birlikdə yaşamalarının qeyri-mümkün olduğunu bildirir. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəli evin özbaşına tikili statusuna malik olmasına baxmayaraq, həmin evə gəlin köçməklə uzun müddət orada yaşayaraq cavabdehlə birgə təsərrüfat apardığından onun evə köçürülmə barədə iddiası əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə, hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırkı iş üzrə müəyyən olunmalı olan əhəmiyyətli hal - iddiaçının mübahisəli yaşayış sahəsinə köçərək uzun zaman ərzində oradan yaşayış sahəsi kimi istifadə etməsi, beləliklə kifayət qədər davamlı əlaqələrinin mövcudluğudur (cavabdeh də apellyasiya şikayətində iddiaçının uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamasını mübahisələndirmir). İddiaçının tələbi mübahisəli yaşayış sahəsinə hər hansı əmlak (əşya) hüquqlarının tanınması deyil, məhrum edildikləri yaşayış yerinə köçürülməsindən ibarətdir. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da, şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Bu hal, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Baxılan işdə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı 2003-cü ildən həmin ünvana köçərək orada yaşamağa başladığından və ev xüsusi mülkiyyətdə olmadığından mübahisə yuxarıda sadalanan hüquq normaları ilə yanaşı, qanunun analogiyası üzrə bu və ya digər şəxsin istifadəsində olan yaşayış sahəsinə köçürülməni təmin edən normaları özündə əks etdirən 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq da araşdırılmalıdır. Həmin Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. Cavabdeh mübahisəli evdə yaşayaraq ondan bir iqtisadi dəyər kimi yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulması, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisə predmeti olan evə köçürülməsini qət etməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(008)-2968/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(008)- 2968/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9683/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9683/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver