Məhkəmə qərarları › İş №2(103)-9686/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9686/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9686/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Şəfiqə Nağıyevanın, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Zbeydat Muradovanın Cavabdeh Abdin-Nasir qızına qarşı “mənzildən çıxarılma tələbinə dair” ilk və Cavabdeh Abdin-Nasir qızının cavabdeh Zbeydat Muradovaya qarşı “mənzilə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı 2(008)-2180/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Abdin-Nasir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zbeydat Muradova Cavabdeh Abdin-Nasir qızına qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abdin-Nasir qızının əmlakı və uşaqları 26.06.2013-cü il təvəllüdlü X4 və 29.08.2016-cı il təvəllüdlü X5 ilə birlikdə ona məxsus ünvan 1-dan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, ev 10 Zbeydat Muradovanın xüsusi mülkiyyətindədir. Həmin ev 1980-ci il tarixdə Zbeydat Muradovanın adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X2 Qeysəddin 29.09.2012-ci il tarixdə Muradova (Nurəliyeva) Günayla ailə həyatı qurmuş, yaşamağa yerləri olmadığından və kirayə yaşamaq imkanları olmadığından Zbeydat Muradova onların onunla birlikdə ona məxsus evdə müvəqqəti yaşamalarına icazə vermişdir. Lakin sonradan oğlunun həyat yoldaşı üstünə hücum edib, dəfələrlə onu təhqir edib döydüyündən, şəxsiyyətini alçaltdığından dəfələrlə onlara evini tərk etməyi bildirmişdir. Cavabdeh Abdin-Nasir qızı iddiaçı Zbeydat Muradovanın ailə üzvü deyildir və iddiaçının mənzilində qeydiyyatda yoxdur. Bu səbəbdən Cavabdeh Abdin-Nasir qızı uşaqları və əmlakları ilə birlikdə onun xüsusi mülkiyyətində olan evdən çıxarılmalıdırlar. Həmçinin, Cavabdeh Abdin-Nasir qızı cavabdeh Zbeydat Muradovaya qarşı “mənzilə köçürülmə tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları 26.06.2013-cü il təvəllüdlü X1, 29.08.2016-cı il təvəllüdlü X3 onunla birlikdə qeydiyyatda olduğu Sabunçu rayonu, Ramana qəsəbəsi, 10 saylı evə köçürülməyi və ödədiyi 10 manat dövlət rüsumunun Muradova Zibeydətdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı Zbeydat Muradova öz iddia ərizəsində etik normalardan kənara çıxmış və boşboğazlıq etmişdir. İddia ərizəsində onun ünvanına yaraşmayan sözlər yazmışdır. İddiaçı ərizəsində onun ailə üzvü olmadığını və yuxarıda qeyd edilən ünvanda pasport qeydiyyatında olmadığını və onun təhqir edərək dələlərlə döydüyünü, şəxsiyyətini alçatdığını qeyd etmişdir. Ona elə gəlir ki, iddaçının psixoloji problemleri vardır. Çünki iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. O, 29.09.2012-ci ildə iddiaçının oğlu X6 ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra həmin ünvandakı mənzilə gəlin köçmüş və orada 10 ay yaşadıqdan sonra həmin evə pasport qeydiyyatına alınmışdır. Onun hal-hazırda qeydiyyatda olduğu ünvandakı evdə uşaqları ilə birlikdə qanuni yaşamaq hüququ olmasına baxmayaraq, mülkiyyətçi ona qarşı heç bir səbəb olmadan onu qanunsuz olaraq həmin evdən uşaqları ilə birlikdə çıxarmışdır. Həmin gün bununla bağlı o, "102” xidmətinə şikayət etmişdir. Lakin sonradan şikayətini geri götürmüşdür. Lakin bundan sonra da iddiaçı öz əməllərindən əl çəkmədi və polislər getdikdən sonra yenə həmin formada onu təhqir etməyə və şantaj etməyə davam etdi. Onu uşaqları ilə birlikdə evdən çıxartdıqdan sonra iddiaçının oğlu ona qarşı nikahın pozulması tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin o, boşanmaq istəmir. Məhkəmədən uşaqları ilə birlikdə sözügedən evə köçürülməsini xahiş edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh Abdin-Nasir qızının uşaqları 26.06.2013-cü il təvəllüdlü X4 və 29.08.2016-cı il təvəllüdlü X5 və əmlakı ilə birlikdə Zbeydat Muradovaya məxsus Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi,V.Vəliyev küçəsi, 10 nömrəli evdən çıxarılması, Cavabdeh Abdin-Nasir qızının Zbeydat Muradovaya qarşı “mənzilə köçürülmə tələbinə dair” qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh Abdin-Nasir qızı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh hazırda həmin ünvanda qeydiyyatdadır, lakin evdən qovulduğu üçün valideynlərinə məxsus balca bir evdə iki uşağı ilə birlikdə yaşamaq məcburiyyətində qalmışdır. Onun uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması ədalətsizlikdir, kirayə yaşamağa isə maddi imkanı yoxdur. İddiaçı onların qohumluq əlaqələrinin olmadığını qeyd etsə də, evdən çıxardığı uşaqlar onun nəvələridir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Ş.Nağıyeva apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi,V.Vəliyev küçəsi, 10 nömrəli ev 18.01.2021-ci ildə Zbeydat Muradovanın adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Ramana qəsəbəsi üzrə nümayəndəliyin 10.12.2020-ci il tarixli arayışından görünür ki, Zbeydat Muradova həqiqətən ünvan 1-da yaşayır. İşdə olan 25.11.1980-ci il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, Zbeydat Muradovanın adına ünvan 1 ünvana dair çıxarış verilmişdir. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, 10 nömrəli ev 10 ilk iddia üzrə iddiaçı Zbeydat Muradovanın mülkiyyətindədir. Cavabdeh Abdin-Nasir qızı mübahisəli evdən hər hansı bir hüquq əldə etmədən istifadə etdiyindən və həmin evin mülkiyyətçisi olan iddiaçının xüsusi mülkiyyət hüququnu həyata keçiriməsinə maneçilik yaratdığından ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qanunauyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmin Məcəllənin 30.4-cü maddəsi əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli və s. qərarlarında da ifadə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən mülkiyyətçinin oğlu ilə 29.09.2012-ci il tarixdə nikaha daxil olduqdan sonra Cavabdeh Zbeydat Muradovaya məxsus mübahisəli mənzilə köçərək orada yaşamışdır. Beləliklə hazırki mülki mübahisə üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, ilk iddia üzrə Cavabdeh Zbeydat Muradovanın ailə üzvü deyil və 2012-ci ildə həmin mənzilə gəlin köçərkən və daha sonrakı vaxtlarda, onun istifadə hüququnun yaranması üçün mülkiyyətçinin rəsmi razılığı olmamışdır. Cavabdeh qeyd edilən mənzilə köçürülməsi barədə iddiası təmin edilə bilməz. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(008)- 2180/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar