Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9688/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi və akt qeydinin bərpa edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə məhkəmələr arasında yaranmış işin ərazi aidiyyəti barədə fikir ayrılığına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi və akt qeydinin bərpası barədə” ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək atasının Kəlbəcər rayonu Almalı kəndində anadan olması, atasının Ərizəçi və anasının Ziba Novruzova olması faktının müəyyən edilməsi və bu barədə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı ilə ərizə əsasında xüsusi icraata qaydasında başlanmış mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Ərizəçi ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 309.1cu maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə isə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Buna görə də iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Sabunçu Rayon Məhkəməsi Göygöl Rayon Məhkəməsinin fikri ilə razılaşmayaraq iş üzrə qəbul etdiyi 30.07.2021-ci il tarixli qərardad ilə işin ərazi aidiyyəti üzrə yaranmış fikir ayrılığının həll edilməsi işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Ərizəçi yuxarıda qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyatında olsa da, Göygöl MKTİB-i tərəfindən verilmiş 17.04.2021-ci il tarixli 1645 nömrəli arayışdan görünür ki, Ərizəçi hazırda ünvan 3 ünvanda yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. MPM-nin 37-ci maddəsinə görə isə, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Buna görə də hazırki işə ərazi aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsi tərəfindən deyil, Göygöl Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərazi aidiyyəti üzrə baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Ərizəçi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, ev 18, mənzil 33 ünvanda yaşayış yeri üzrə qeydiyyatında olsa da, Göygöl MKTİB-i tərəfindən verilmiş 17.04.2021-ci il tarixli, 1645 nömrəli arayışdan görünür o, hazırda ünvan 3 ünvanında yaşayır. Hər iki məhkəmə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad etdiyindən Məhkəmə bildirir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında təsbit edilmiş hüquqi mövqeyi və MPM-nin “Ərazi aidiyyəti” adlı İV Fəslinin tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, mülki prosessual normalar “rəsmi qeydiyyat yeri”, “yaşayış yeri” və “olduğu yer” anlayışlarını bir birindən fərqləndirərək bəzi hallarda ərizəçiyə və ya iddiaçıya onun qeydiyyatda olduğu yer üzrə deyil, faktiki olduğu yeri üzrə məhkəməyə müraciət etmək imkanını verir. Ərizəçi də, hazırda Göygöl şəhərində yaşamasını əsas götürərək məhz Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, MPM-nin 39-ci maddəsinə əsasən işə Göygöl Rayon Məhkəməsində baxılmalıdır və Göygöl Rayon Məhkəməsi ərizəni icraata düzgün götürmüşdür. Bu hal müəyyən edildiyindən hesab edilməlidir ki, Göygöl Rayon Məhkəməsi işi ərazi aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi və akt qeydinin bərpa edilməsi barədə” ərizəsinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9688/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9688/2021
24.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver