Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9689/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(008)-848/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən ona məxsus 0,03 ha torpaq sahəsindən, qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən torpq sahəsinin 19.04.2018-ci il tarixdən mülkiyyətçisidir. Cavabdeh həmin torpaq sahəsi üzərində 50 kv.m sahəni zəbt edən, iddiaçıya aid olmayan qanunsuz tikili inşa etmiş və qeyri-yaşayış sahəsi kimi istifadə edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək X10 ilə İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına dair bağlanmış 07.04.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 0,01 ha torpaq sahəsi ona məxsusdur, 2010cu ildən həmin sahənin mülkiyyətçisidir. İddiaçı oranı qanunsuz özəlləşdirmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(008)-848/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsi cavabdehin hesabına sökülməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(008)- 848/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni ləğv edib, işə yenidən baxmaqla iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə prosesi dövründə cavabdeh tərəfindən X11 ilə X10 arasında, habelə X10 ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsızlığı mübahisələndirilsə də, məhkəmə bu hissədə ümumiyyətlə araşdırma aparmadan qarşılıqlı iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Bundan əlavə cavabdeh məhkəmə prosesi dövründə faktiki olaraq 2010-cu ildən etibarnamə əsasında X3 aldığı və həmin vaxtdan faktiki olaraq onun mülkiyyətində və istifadəndə olan cavabdehə məxsus 0,1 ha torpaq sahəsini saxta yollarla X4 adına özəlləşdirmiş təqsirkar şəxsləri müəyyən etməklə barələrində cinayət-hüquqi tədbir görülməsinə dair şikayət ərizəsi ilə aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinə və Sabunçu rayon Prokurorluğuna müraciət etmişdir. Sabunçu rayon 12-ci Polis Bölməsində araşdırma aparılır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işin obyektiv araşdırılması üçün şikayət araşdırılıb yekun qərar qəbul edilənədək mülki işin icraatının dayandırılmasını xahiş etsə də, məhkəmə ümumiyyətlə işin obyektiv araşdırılmasında maraqlı olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə X5 məhkəmə iclasında iştirakını təmin etməmiş və bunda maraqlı olmamışdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan: Torpaq Komitəsi tərəfindən verilmiş JN seriyalı, 28185D №-li, 21.02.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhdətnamə, DƏDRX tərəfindən verilmiş ******* №-li, 29.06.2011-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 sot torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. Ağayev Canbulat 08.10.2010-cu il tarixdə Torpaq Komitəsi tərəfindən verilmiş JN seriyalı, 28185D №-li, 21.02.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhdətnaməyə əsasən həmin torpağın 0,01 ha hissəsinə dair 50 il müddətinə Cavabdeh etibarnamə vermiş, bu zaman Ağayev Canbulatın həyat yoldaşı 0,12 ha torpağın 0,01 ha hissəsinin satıılmasına razılıq vermişdir. Cavabdeh həmin 0,01 ha torpaq hissəsini satın almış hesab etmiş və onun üzərində qeyri-yaşayış sahəsi inşa etdirmişdir. X7 mülkiyyətində olan torpağın yarısını DƏDRX tərəfindən verilmiş ******* №-li, 29.06.2011-ci il tarixli Çıxarış əsasında 03.11.2011-ci il tarixdə satmış, yarısını öz mülkiyyətində saxlamışdır. Belə ki, həmin 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsini Ağayev X1, 0,03 ha hissəsini X2, 0,06 ha hissəsi özünün mülkiyyətində qalmışdır (15 saylı notariat kontorunda təsdiqlənmiş AN-İ seriyalı ******* №-li, 03.11.2011-ci il tarixli alğı-satqı müqaviləsi). İşdə materiallarında olan DƏDRX tərəfindən verilmiş ******* №-li, 19.04.2018-ci il tarixli Çıxarışdan görünür ki, X10 isə ona məxsus 0,03 ha torpaq sahəsini 07.04.2018-ci il tarixdə 14 saylı notariat kontorunda təsdiqlənmiş AN-İ seriyalı, ******* №-li alğı-satqı müqaviləsi əsasında hazırki iş üzrə İddiaçı satmışdır. Hazırda həmin 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mübahisəli torpağın üzərində iddiaçıya məxsus ev var, küçə ilə sərhəd hissəsində cavabdehə məxsus qeyri-yaşayış sahəsi olmaqla, həmin qeyri-yaşayış sahəsinə dair cavabdehdə hər hansı bir sənəd mövcud deyildir. Birinci və apellyasiya instansiyası məhkəməsində işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, Cavabdeh satın aldığını iddia etdiyi 0,01 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin ərazi hüdudlarında yerləşir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X9 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və həmin reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh 08.10.2010-cu il tarixdə adına verilən etibarnamə əsasında həmin torpağa dair sərəncam vermək imkanı olmuş, lakin o, bunu etməmişdir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. MM-nin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kollegiya qeyd edir ki, sökülməsi tələb edilən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində və lazımi icazələr olmadan inşa edilmişdir. Odur ki, həmin tikili iddiaçının mülkiyyət hüquqlarını pozduğundan cavabdehin hesabına sökülməlidir. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə gorə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli vəya coxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya daha zox tərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən muqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə muqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütovlukdə muqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə muqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən muqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı munasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, Kollegiya hesab edir ki, X10 ilə İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına dair bağlanmış 07.04.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsaslar müəyyən olunmur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət rüsumu ilə bağlı məsələni düzgün həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(008)- 848/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9689/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9689/2021
03.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver