Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-969/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2020-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla bağlanmış “xxxx” xitam verilməsi barədə cavabdeh MMC üzrə verilmiş 09.07.2020-ci il tarixli, 59 nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki işinə bərpa edilməsi, mənəvi ziyana görə 20.000 manat məbləğində pulun və qanunsuz işdən çıxarılmaqla əlaqədar məcburi işburaxmaya görə işə bərpa edilən günədək orta əmək haqqı müqabilində ödənilən məbləğin cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 01.02.2019-cu il tarixdə əmək müqaviləsi ilə cavabdeh MMC-də çapçı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, fəaliyyət göstərdiyi müddət ərzində fəaliyyətində hər hansı nöqsan aşkar edilməmiş, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmişdir. Son zamanlar Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər ilə bağlı olaraq iddiaçıya hər gün işə çıxmamaqla bağlı göstəriş verildiyindən iddiaçı gündəlik işə çıxmırdı. Yalnız bütün əməkdaşların daxil olduğu “Whatsapp” mobil tətbiqində yaradılmış qrupda işçilərin işə çağırılması barədə məlumat yerləşdirildiyi zaman işə çıxırdı. 07.07.2020-ci il tarixdə saat təxminən 09 radələrində MMC-də sex rəhbəri vəzifəsində çalışan Fərid İsayev iddiaçıya zəng edərək işə gecikdiyi barədə iradını bildirdi. İddiaçı, Fərid İsayevə bildirmişdir ki, bu barədə “Whatsapp” qrupunda hər hansı məlumat mövcud deyil. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, səhər saat 07:30 radələrində qrupda bu barədə məlumat yerləşdirilmişdir. Təxminən 1 saat sonra işə çatan zaman F.İsayev iddiaçı ilə kobud danışmağa davam etmişdir. Bu zaman iddiaçı, F.İsayevə bildirmişdir ki, işə gəlmək barədə məlumatlar qrupa hər zaman bir gün öncədən yerləşdirilir. Məlumat yerləşdirilən zaman o, yuxuda olmuşdur. Daha sonra iddiaçı işdən çıxmağı barədə ərizə yazaraq ofisi tərk etmişdir. Lakin 2 gün sonra “xxxx” şəxsi kabinetinə daxil olan zaman iddiaçıya məlum oldu ki, MMC-nin rəhbərliyi onunla bağlanmış “xxxx” heç bir əsas olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 09.07.2020-ci il tarixdən xitam verilmişdir. Buna görə də, iddiaçı hesab edir ki, o, məhkəmə qaydasında əvvəlki vəzifəsində işə bərpa olunmalı, məcburi işburaxmağa görə itirdiyi əmək haqqı ona ödənilməlidir. Bundan başqa iddiaçı bildirir ki, cavabdeh MMC-nin rəhbərliyinin qanunsuz hərəkəti nəticəsində o, mənəvi zərər çəkmişdir ki, həmin zərərin əvəzinin ödənilməsi məqsədi ilə MMC-dən onun xeyrinə 20.000 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı tərəfindən mübahisələndirilən və MMC üzrə verilmiş 09.07.2020-ci il tarixli 59 saylı əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki işinə bərpa edilməsini, MMC tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün və işə bərpa edilən günədək əmək haqqının ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. İş üzrə cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəssisə ərazisində müşahidə kameraları quraşdırılmışdır. Sözügedən kameralara ay ərzində baxış keçirilir. 09.07.2020ci il tarixdə kameralara növbəti baxış keçirilərkən iddiaçının və MMC-nin digər əməkdaşı Aytac Həsənzadə tərəfindən özbaşınalığa yol verilməsi, sifariş əmri olmadığı halda onlar tərəfindən kənar işin yerinə yetirilməsi aşkar edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş və video müşahidələr MMC-nin direktoruna təqdim edilmişdir. Nəticədə iddiaçı ilə MMC arasında bağlanmış “xxxx” xitam verilmişdir. Göstərilənlərə əsasən MMC hesab edir ki, iddiaçının işdən azad edilməsi qanuni olmuş, lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiq və təsvirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın növbəti iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, o, apellyasiya baxışının növbəti iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ******* saylı “xxxx” görünür ki, İddiaçı 01.02.2019-cu il tarixdə 11 saylı əmrlə MMC-də çapçı peşəsi üzrə işə qəbul edilmişdir. 09.07.2020-ci il tarixli “Aktdan” görünür ki, 09.07.2020-ci il tarixində iş ərazisində və icra intizamına nəzarət edilməsi məqsədi ilə aparılan video müşahidələrə növbəti aylıq baxış keçirilərkən İddiaçı və X2 tərəfindən 11-12 iyun 2020-ci il tarixlərində müvafiq sifariş əmri olmadığı halda öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə özbaşına olaraq icraya yönəldiyi və bu barədə müəssisədaxili hər hansı bir məlumatın olmadığı aşkarlanmışdır. Odur ki, kamera müşahidələri əsasında aşkarlanmış bu hal aktla rəsmiləşdirilmiş və akt qeyd olunan kamera müşahələrinin görüntüləri də birlikdə baxılması üçün müəssisənin direktoruna təqdim edilməsi qərara alınmışdır. Rayon Məhkəməsi qeyd etmişdir ki, 1 ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, İddiaçı öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə edilməsi faktı aşkarlanmamışdır. 09.07.2020-ci il tarixli 59 saylı “Əmrdən” görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə xxxx 09.07.2020-ci il tarixdən xitam verilmişdir. Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 01.02.2019-cu il tarixdə əmək müqaviləsi ilə cavabdeh MMC-də çapçı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, fəaliyyət göstərdiyi müddət ərzində fəaliyyətində hər hansı nöqsan aşkar edilməmiş, işçilərlə arasında heç bir narazıçılıq olmamış, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmişdir. İddiaçı ərizə ilə könüllü işdən azad olunması barədə ərizə yazmışdır. Tərəflər belə ərizənin yazılmamasını mübahisələndirməmişlər. Bununla belə cavabdeh 09.07.2020-ci il tarixdə xxxx Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 09.07.2020-ci il tarixdən xitam verilmişdir. Həmin əmrin verilməsinə əsas 09.07.2020-ci il tarixində iş ərazisinda və icra intizamına nəzarət edilməsi məqsədi ilə aparılan video müşahidələrə növbəti aylıq baxış keçirilərkən İddiaçı və A.Həsənzadə tərəfindən 11-12 iyun 2020-ci il tarixlərində müvafiq sifariş əmri olmadığı halda İddiaçı və A.Həsənzadə tərəfindən öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə özbaşına olaraq icraya yönəldiyi və bu barədə müəssisədaxili hər hansı bir məlumatın olmadığı aşkarlanması ilə bağlı 09.07.2020-ci il tarixli akt olmuşdur. Cavabdeh tərəfindən kamera müşahidələri əsasında aşkarlanmış bu hal aktla rəsmiləşdirilmiş və akt qeyd olunan kamera müşahidələrinin görüntüləri iddiaçı tərəfin bunu sübut kimi qəbul etdiyindən və mübahisələndirmədiyindən CD disklə məhkəmə iclasında baxış keçirilmiş və İddiaçı öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə edilməsinə dair həmin videogörüntülərdə hər hansı hal aşkar edilməmişdir. Məhkəmə, Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, Rayon Məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, işin 45-50-ci vərəqlərində olan fotoşəkillərdən müəyyən olunur ki, cavabdehə aid iş yerində videomüşahidə kameraları var və işçilər də bundan məlumatlıdır. İşdə olan videogörüntülərdən və MMC-nin Sifariş jurnalından çıxarışdan dəqiq müəyyən edilir ki, İddiaçı və A.Həsənzadə tərəfindən 11-12 iyun 2020-ci il tarixində görülən iş müəssisəyə aid iş olmamışdır və onlara müəssisənin rəhbərliyi tərəfindən belə bir göstəriş verilməsi iş materialları ilə təsdiq edilmir. Qeyd edilən hallar apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən CD diskdə olan videogörüntülərə baxış zamanı da müəyyən edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “Ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “C” bəndinə görə, işçinin təqsirli hərəkətləri (kərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verilmişdir və bu səbəbdən cavabdeh onunla bağlanmış xxxx xitam verməkdə haqlı olmuşdur. MMC-nin 09.07.2020-ci il tarixli 59 saylı əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün hər hansı əsas müəyyən edilmir. İddiaçının qeyd edilən əsas tələbi əsassız hesab edildiyindən həmin tələbdən törəmə olan iddianın qalan hissəsi də əsassız hesab edilməlidir. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir; həmin nəticə işin müəyyən edilmiş hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri mülahizə xarakteri daşımır. MPM-nin 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-969/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-969/2021
05.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver