Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-969/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, onun nümayəndəsi (vəkili) X1, Üçüncü şəxs "xxxx" MTK-nın qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pay hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 6046/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pay hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin, 133 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə cavabdehin pay hüququnun müəyyən edilməsi, azyaşlı övladları 30.09.2016-cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 6046/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia qismən təmin olunaraq, cavabdehin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 53, 133 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129,M11, m6) tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylara bölünməsi, həmin əmlak üzərində iddiaçının ½ pay hüququ və cavabdehin ½ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması, iddiaçının azyaşlı övladları 30.09.2016-cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, işə onun iştirakı olmadan baxılması, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində nikahda olduqları dövrdə qeydiyyatdan keçməsinə baxmayaraq, bundan xeyli əvvəl 26.02.2007-ci il tarixdə tərəfindən alınması və dəyərinin 2007-2009-cu illərdə ərzində hissə-hissə tam şəkildə ödənilməsi, tərəflərin ümumi birgə mülkiyyəti olmaması, iddiaçının birbaşa həmin mənzilə gəlin gəlməsi, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi (vəkili), apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, suallara cavab olaraq bildirmişlər ki, cavabdeh mübahisəli mənzili "xxxx" MTK-dan 26 fevral 2007-ci il tarixli müqaviləyə əsasən almış, təmir etdikdən sonra 2010-cu ildən orada yaşamağa başlamışdır. İddiaçı 2015-ci ildən cavabdehlə nikaha daxil olduqdan sonra həmin mənzilə gəlin köçmüş, nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının mənzildən çıxartmamış, sonuncu özü uşaqları ilə birlikdə çıxmış və hazırda atası evində yaşayır, lakin iddiaçının mülkiyyətində və ya qanuni istifadəsində hər hansı daşınmaz əmlakın olmasına dair sübutları yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisəli mənzilin cavabdeh tərəfindən "xxxx" MTK-dan 2007-ci il alınması, dəyərinin hissə-hissə 31.10.2009cu il tarixədək tam ödənilməsi, iddiaçının 2015-ci ildən cavabdehlə nikaha daxil olduqdan sonra həmin mənzilə gəlin köçməsi, həmin vaxtı mənzilin təmirli vəziyyətdə olması ilə bağlı cavabdeh tərəfin dəlillərinin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmirlər. Lakin, mənzil üzərində cavabdehin mülkiyyət hüquqları birgə nikah dövründə dövlət qeydiyyatına alındığından hesab edir ki, tərəflərin birgə mülkiyyəti yaranmışdır. Bununla yanaşı, iddiaçının yaşamağa digər yaşayış sahəsi yoxdur, məcburiyyət qarşısında qalaraq müvəqqəti olaraq atası evində yaşayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi isə mübahisənin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, suallara cavab olaraq bildirmişdir ki, MTK-da olan sənədlərə əsasən müəyyən olunur ki, sözügedən mənzil 26 fevral 2007-ci il tarixli müqaviləyə əsasən 81345 manata Cavabdeh satılmış və həmin tarixdən hissə-hissə ödənişlər edilməklə 31.10.2009-cu il tarixdə dəyəri tam şəkildə ödənilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməlidir. İşin mübahisəsiz hallarına əsasən, tərəflər 12.05.2015-ci il tarixdə nikaha daxil olmuş və bu nikahdan 30.09.2016-cı il tarixdə Arzum, 09.09.2019-cu il tarixdə isə Rolan adlı iki uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pisləşmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli, 2(006)-3413/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalması qət edilmişdir. İddiaçı hazırda uşaqları ilə birlikdə atasına məxsus evdə yaşayır. Həmçinin, üçüncü şəxs qismində icraata cəlb edilmiş "xxxx" MTK-nın nümayəndəsinin (qanuni təmsilçi) izahatından və digər sənədlərdən görünür ki, "xxxx" MTK ilə hazırkı iş üzrə Cavabdeh arasında bağlanmış 26.02.2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən, MTK mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən yaşayış binasında 11-ci mərtəbədə yerləşən 133 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) cavabdehə (payçı) verməyi, sonuncu isə mənzil üçün şərtləşdirilmiş məbləği (81.345 manat) vaxtında ödəməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən verilmiş 15.11.2021-ci il tarixli, 15/11-2021 saylı arayışdan görünür ki, cavabdeh aralarında bağlanmış 26.02.2007-ci il tarixli müqavilənin əlavəsi olan Şəxsi vərəqə (iş materiallarına əlavə edilmişdir) əsasında 31.10.2009-cu il tarixdə mənzilin dəyərini tam ödəmişdir, MTK-ya borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli məktubdan görünür ki, “Super İnşaat" MTK-nın 5 nömrəli protokolundan 30.09.2019-cu il tarixli çıxarışa və 36/09 nömrəli, 30.09.2019-cu il tarixli maliyyə arayışına əsasən sözügedən mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı mübahisə predmeti olan mənzilin ər-arvadın birgə nikah dövründə alındığına istinad edərək, ümumi birgə mülkiyyət hesab edilməsini və üzərində 2/3 hissədə pay hüququnun müəyyən edilməsini tələb edir. Cavabdeh isə, mənzilin tərəfindən dəyəri tam şəkildə ödənilməklə nikahdan əvvəl alındığını, iddiaçının həmin mənzilə gəlin köçdüyünü, mənzilin yerləşdiyi bina istismara gec verildiyindən daşınmaz əmlakın dövlət reyestrində nikah dövründə qeydiyyata alındığını bildirərək, iddiaya etiraz edir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin (bundan sonra, MM) 225.1-ci və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin (bundan sonra, AM) 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-in 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), habelə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. AM-in 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Birinci instansiya məhkəməsi əsassız olaraq mübahisə predmeti olan mənzili üzərində cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tarixinə əsaslanaraq onun ər-arvadın ümumi birgə mülkiyyəti hesab etmiş və tərəflər arasında bərabər paylarla bölmüşdür. Məhkəmə kollegiyası, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini hazırkı işin hallarına tətbiq edərək aşağıdakılara əsasən rayon məhkməsinin mövqeyi ilə razılşamır. Belə ki, qanunverici hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün aşağıdakı şərtlərin olmasını zəruri hesab etmişdir: - əmlakın nikah müddətində əldə olunması, - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması, - əmlakın əvəzli, yəni nikah müddətində ər-arvadın (onlardan birinin) əvəzli əqdlər əsasında əldə olunması. Baxılan işdən isə görünür ki, mübahisə predmeti olan mənzil cavabdeh tərəfindən iddiaçı ilə nikaha daxil olmasından xeyli əvvəl, yəni 26.02.2007-ci il tarixdə "xxxx" müqaviləyə əsasən "xxxx" MTK-dan alınmış və 31.10.2009-cu il tarixdə dəyəri tam şəkildə ödənilmişdir. MM-in həmin vaxt qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, cavabdeh mübahisəli mənzilin pay haqqını nikahdan əvvəl tam şəkildə ödəməklə, əmlaka mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda, yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən, həmin mənzil cavabdehin şəxsi mülkiyyəti olmaqla tərəflərin ümumi birgə mülkiyyəti hesab edilmir. İddiaçı isə 12.05.2015-ci il tarixdə cavabdehlə ailə quraraq, mübahisəli mənzilə köçməklə, orada yaşamağa başlamışdır. Göründüyü kimi, iddia - mübahisəli mənzil üzərində payların müəyyən olunması hissəsində tam əsassızdır, bu səbəbdən də təmin oluna bilməz. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında mənzildən istifadə etmək hüququ ilə bağlı münasibətin yarandığı vaxt (2015-ci il) qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ...Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Lakin, nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, şəxs, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü kimi mənzildən istifadə etmək hüququ əldə etsə də, ailə münasibətlərinə xitam verilməsi bu hüququn itirilmiş sayılması üçün əsasdır. İddiaçı isə bunun əksini (yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşmanın olması və s.) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə, Kollegiya, vurğulayır ki, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarı). Plenum istinad olunan qərarında, həmçinin göstərmişdir ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Hazırkı işin halları baxımından məhkəmə kollegiyası, iddiaçının himayəsində iki azyaşlı uşağının olmasını, onlarla birlikdə valideynlərinə məxsus evdə yaşamasını, özünə məxsus ayrıca yaşayış sahəsi olmamasını (bu barədə sübut təqdim olunmamışdır) nəzərə alaraq hesab edir ki, cavabdehə məxsus mübahisə predmeti olan mənzildən bir il müddətinə müvəqqəti istifadə hüququ saxlanılmaqla, azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidir. Bu qənaətə gələrkən Kollegiya, onu da nəzərə alır ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanılmaqla (müvəqqəti) köçürülməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, çünki qanunverici belə bir səlahiyyəti məhkəməyə tanımışdır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadından da görünür ki, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə məhkəmələr keçmiş ailə üzvünün onun tərəfindən müvafiq tələbin verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilənləri nəzərə almamış, işə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalı, iddiaçının mübahisəli mənzildən bir il müddətinə müvəqqəti istifadə hüququ saxlanılmaqla, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin müddətə sözügedən mənzilə köçürülməli, iddia qalan hissələrdə rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pay hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 6046/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(006)- 6046/2021 saylı qətnaməsi ləğv edilsin, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 53 saylı evin, 133 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M11, mənzil 6) istifadə hüququ bir il müddətinə müvəqqəti saxlanılmaqla, himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları - 30.09.2016-cı il təvəllüdlü X3 və 09.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə qeyd olunan müddətə həmin mənzilə köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-969/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-969/2022
21.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver