Məhkəmə qərarları › İş №2(103)-970/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-970/2021

18.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-970/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı "direktor kimi səlahiyyətlərinə xitam verilməsi və pul tələbinə" dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-168/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı – Cavabdeh1 MMC-yə qarşı «direktor kimi səlahiyyətlərinə xitam verilməsı və pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin iyul ayının 23-dən Cavabdeh1 MMC-də direktor kimi fəaliyyətinə xitam verilməsi və cavabdehdən 95.810 manat maddi, 20.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə cavabdeh olan Cavabdeh2 atası İlham Muradovla 1987-ci ildən dostluq münasibətlərində olub. Aralarında daim mehriban münasibətlər olmaqla bir-birlərinə etibarı tam olub. 2017-ci ilin mart ayının sonlarında İlham Muradov oğlu ilə birgə onunla görüşərək, ona ailələrinin gəlir əldə etməsi üçün yaratdıqları və təsisçisi Cavabdeh2 olduğu Cavabdeh1 MMC-də direktor vəzifəsində işləməyə və tam olaraq işi öz rəhbərliyi altna alaraq, fəaliyyət göstərəcəkləri yeri öz vəsaiti hesabına abadlaşıdrmağı təklif etmişdir. Bunun müqabilində isə əldə edəcəkləri gəlirlərdən ona 30% vəsait verməyi söz vermişlər. Bu şirkətin fəailiyyət sahəsilə maraqlandıqda, ona məlum olmuşdur ki, şirkətin Xaçmaz rayonu Seyidlərkəndyeri kəndində «Malibu» ailəvi istirahət məkrəzi mövcuddur və həmin mərkəz əsasən yay mövsümlərində fəaliyyət göstərir. İlham və Cavabdeh2ların təklifləri ona maraqlı gəldiyindən, bu haqda onlarla ətraflı danışmağa başlamış, onlarla apardığı danışıqlardan sonra, təklif irəli sürmüşdür ki, bankdan kredit vəsaiti götürərək istirahət mərkəzində əsaslı təmir işləri aparıb bir çox istirahət otaqları və kotecləri yenidən quraraq yay mövsümündə tam fəailiyyətə başlasınlar. Qarşı tərəf onun təklifilə razılaşmışlar. Bu ərəfədə kredit vəsaitinin alınması üçün, o, Cavabdeh1 MMC-nin adında olan əmlaklarla bağlı sənədlərlə birlikdə “xxxx”ın Mərkəzi filialına müraciət etmişdir. Təqdim etdiyi sənədlərə baxış keçirildikən sonra bankdan kredit vəsaitinin alınması üçün sənədlər köhnə formada olduğundan, onların yenisi ilə əvəz edilməsinə zərurətin yarandığını bildirmişlər. Bu sənədlərin yenisinin alınması ilə maraqlındıqda, buna uzun zaman lazım olduğunu bildikdə, o, öz təşəbbüsü ilə İlham və Cavabdeh2lara özünə məxsus olan bağ torpaqlarını girov qoyaraq şirkətin adına kredit vəsaiti götürüb təmir işlərinə başlamaqları, həmçinin əlavə şəxsi vəsaitini qoymağını, sonradan gəlir əldə edilən an ilk növbədə onun vəsaitlərinin qaytarılmasını təklif etmişdir. Murad atasının göstərişi ilə aprel ayının ortalarında onun şirkətə direktor təyin olunması barədə əmr vermişdir. Direktor təyin edildikdən və bankdan kredit vəsaiti götürməsi üçün sənədləşmə işlərinə başladıqdan sonra, ona məlum olmuşdur ki, şirkətin vergiyə, digər şəxslərə, keçmiş işçilərə və keçmiş direktora ödənilməmiş borcları qalmışdır. 2017-ci ilin aprel ayının sonlarından bankdan kredit götürülməsinin uzun çəkəcəyini gördükdə, o, öz şəxsi vəsaitini istirahət mərkəzinin təmirinə, yaranmış borcların ödənilməsinə sərf etməyə başlamışdır. Bir çox şəxslərdən nisyə mal götürərək, istirahət mərkəzinin təmirinə başlamışdır. Nəticə etibarı ilə, uzun sürən sənədləşdirmələrdən sonra, o, xx xxxx 2017-ci il tarixdə bankla kredit müqaviləsi bağlamağa nail olmuş və xx.xx.2017ci ildə şirkətin hesabına 25.000 manat kredit vəsaiti tam köçürülmüşdür. Həmin vəsaiti əldə etdikdən sonra, bu vəsaitləri bank xərcləri çıxılmaq şərti ilə istirahət mərkəzinin təmir işlərinə, borclarının ödənilməsinə yönəltmişdir. Qısa müddət ərzində mərkəzin çox hissəsini təmir edərək, orada istirahət üçün kifayət qədər yaxşı şərait yaratmışdır. 2017-ci ilin iyul ayının ortalarında şirkətin təsisçisi olan Cavabdeh2 atası və İlham Muradov ona istirahət mərkəzinin sahəsində guya qızıl güllər baxımsız qaldığını bildirirək ona qarşı ilk iradlarını bildirmişlər. Bundan sonra, o, istirahət mərkəzində digər şəxslərə əsassız iradlar bildirərək, ona düzgün işləmədiyini, işçilərin oğru olduqlarını, onların məkanlarına yaxşı baxmadığını əsas gətirərək onunla mübahisələr etməyə başlamışdır. Sonradan, İlham və Cavabdeh2lar ona məlumat vermədən restoran və istirahət mərkəzinin rəhbərliklərini dəyişmişlər. İlham Muradovdan ona məlumat vermədən nədən bunu etdiyini soruşduqda, o, özünün şəxsi işi olduğunu və necə istəyir, o şəkildə mərkəzi işlədəcəyini bildirmişdir. O, burada artıq işləyə bilməyəcəyini gördükdə, yeni gəlmiş şəxslərlə tanış olmadan, iyul ayının 23-də Bakıya gələrək şirkətin möhürünü, tutduğu vəzifədən onu azad etməsi ilə bağlı ərizəni, maliyyə hesabatını şirkətin təsisçisi olan Cavabdeh2 atasının yanında təqdim etmiş və İlham Muradovdan onun tərəfindən təmirə və borcların ödənilməsinə yönəldilmiş vəsaitlərini, həmçinin bağ sahələrini girov qoyaraq bankdan götürülmüş kredit vəsaitinin ödənilməsini tələb etmişdir. Murad və İlham Muradovlar qısa müddət ərzində borclu olduqları vəsaitləri ödəyəcəklərinə söz vermişlər. Bundan sonra onun həmin şirkətdə fəaliyyətinə faktiki olaraq xitam verilmiş və o, artıq həmin istirahət mərkəzinə getməmiş və onların işləri ilə maraqlanmamışdır. Bundan sonra, xx xxxxxx 2017-ci il tarixdə İlham Muradov yaşadığı Nardaran qəsəbəsində yerləşən bağ massivində olan evinə gələrək, ondan asan imzanı verməsini istəmiş və o, bunun hansı məqsədlə ona lazım olduğunu soruşduqda, o, vergidən yoxlamanın gəlməsi gözlənildiyini və yenidən asan imza alınması vaxt apardığından, yeni işçilərin işə götürülməsi və digərlərinin işdən çıxarılması üçün asan imzanın ona lazım olduğunu bildirmişdir. Murad və İlham Muradovlar xərclənmiş şəxsi vəsaiti və banka olan borc məbləğini ödəməyə söz versələr də, bununla bağlı onlar tərəfindən heç bir tədbir görülməmiş və bu günə qədər nə onun şəxsi vəsaiti, nə də ki, bankın borcu ödənilməmişdir. İşlədiyi dövr üçün istirahət mərkəzinə xərclədiyi vəsaitlərlə bağlı bildirir ki, istirahət mərkəzinin fəaliyyəti ilə bağlı ona ümumilikdə 73.700 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğə 25.000 manat «xxxx» ASC-nin Xətai filialından özünə məxsus olan bağ sahələrini girov qoyaraq itsirahət mərkəzi olan Cavabdeh1 MMC-nin adına götürülmüş kredit vəsaitləri, ona hesablanmış 3.000 manat faiz və 500 manat cərimə məbləğləri də daxildir. Hazırki vaxtda, bank tərəfindən ona və Cavabdeh1 MMC-yə qarşı məhkəmədə iddia irəli sürülərək, 18108,09 manat əsas, 1724,87 manat faiz borcu və 30 manat dövlət rüsumunun ödənilməsi, həmin məbləğin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 875a və 876 saylı bağ sahələrinə yönəldilməsi xahiş edilmişdir ki, məhkəmə özünün qəbul etdiyi xx.xx.2018-ci il tarixli 2(009)-896/2018 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsini qət etmişdir. Ona dəymiş maddi ziyan vəsaitinin tərkibinə, tərəfindən istirahət mərkəzinin təmiri üçün alınan tikinti materiallarına, təmiri aparan ustalara ödənilən vəsaitlər, vergi borclarına, sərf olunmuş elektrik enerjisinə görə borclara və digər xərclərə sərf edilən vəsaitlər də daxildir. İşlədiyi dövr üçün şirkətin direktoru olsa da, ona həmin dövr üzrə heç bir vəsait, yəni əmək haqqı, həmçinin vəd edilmiş ümumi gəlirlərdən 30% vəsaitlər ödənilməmişdir. Nəticə etibarı ilə, o, əldə edəcəyi gəlirlərdən də məhrum olunmuşdur. Yuxarıda göstərdiyi kimi, 2017-ci ilin iyul ayının 23-dən bu şirkətə rəhbərlik etməsə də və həmin dövrdən şirkətin fəaliyyətinin ona heç bir aidiyyatı olmasa da, bu günə qədər rəsmi orqanlarda şirkətin direktoru olaraq onun adı və soyadı keçir. 2018-ci ilin sentyabr ayında yaşadığı ünvana Nəsimi rayon Məhkəməsi tərəfindən qətnamə göndərilmiş və həmin qətnamə ilə şirkətin direktoru olaraq onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Nəsimi rayon məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli 2(006)-5445/2018 saylı qətnaməsi ilə Cavabdeh1 MMC-nin direktoru olaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Bundan sonra, 2018-ci ilin oktyabr ayının ortalarında 3 saylı Ərazi Vergilər İdarəsindən adına xx.xx.2018-ci il tarixli məktub göndərilərək, həmin məktubda Cavabdeh1 MMC-nin dövlət büdcəsinə 22.316,01 manat məbləğində vergi borcunun yarandığı göstərilmişdir. Yuxarıda göstərdiyi kimi, o, Cavabdeh1 MMC-nin direktoru olaraq tutduğu vəzifədən könüllü azad edilməsilə bağlı 2017-ci ilin iyul ayının 23-də təsisiçi və iş üzrə cavabdeh olan Cavabdeh2 ərizə yazmasına, şirkətin möhürünü təqdim etməsinə baxmayaraq, təsisçi bu günə qədər onun işdən getməsini rəsmiləşdirməmiş, onu tutduğu vəzifədən azad etməmişdir. Nəticə etibarı ilə, həmin dövrdən bu günə qədər şirkətin fəaliyyətində onun adından aparılan bütün imzalar saxtalaşdırılaraq adından icra edilmişdir. Göründüyü kimi, cavabdehlər ona maddi ziyanla yanaşı, həm də mənəvi ziyan da vurmuşlar ki, bu ziyanlara görə də cavabdehlik daşımalıdırlar. Belə ki, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində ona qarşı məhkəmələrdə ona aidiyyatı olmayan əsassız tələblər irəli sürülmüşdür ki, həmin tələblər məhkəmə tərəfindən təmin edilməklə, onun hüquqları kobud şəkildə pozulmuşdur. Haqlı olduğu halda, öz haqlarını müdafiə edə bilməməyinin səbəbi də cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. O, dəfələrlə Cavabdeh2 və onun atası İlham Muradova müraciətlər edərək, yaranmış borcların ödənilməsini, onun formal olaraq tutduğu vəzifədən azad edilməsini tələb etsə də, cavabdeh və onun atası pullarının olmadığını bildirirərək, qısa müddət ərzində bu pozuntuları aradan qaldıracaqlarını vəd etməklə kifayətlənmişlər. Göründüyü kimi, onun hüquqları pozulmaqda davam etdirilir və pozuntuların aradan qaldırılması üçün cavabdehlər tərəfindən heç bir tədbirlər görülmür. İstirahət mərkəzinin təmirinə və onun borclarının ödənilməsinə tərəfindən ümümilikdə 73.700 (bankdan götürülmüş keridt vəsaiti daxıl) manat xərcləndiyindən, bu vəsaitlər faktiki olaraq müəssisənin gəlirləri hesab olunur. Hətta cavabdehlər işlədikləri dövrdə gəlir əldə etmədiklərini sübut etsələr belə, faktiki olaraq onlar mövsümü 73.700 manat gəlirlə başa vurmuşlar. Belə olan təqdirdə əldə etdikləri razılığa əsasən, həmin məbləğin 30% hissəsi, yəni 22.110 manatı ona ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(009)-168/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Cavabdeh1 MMC-nin direktor kimi fəaliyyətinə xx xxxx 2017-ci il tarixindən xitam verilməsi, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-168/2020 saylı qətnaməsinin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iş üzrə iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı işə baxan məhkəməyə iddianın əsasını təşkil edən sənədlərin surətlərini (onların əslinə məhkəmə tərəfindən baxış keçirilmiş və qəbul edilmişdir), həmçinin Cavabdeh1 MMC-nin banka olan borcunun ödənilməsini təsdiq edən bank sənədini təqdim etsə də, məhkəmə işin bu hallarını ümumiyyətlə nəzərə almamış və qətnamənin əsaslandırma hissəsində iddianın pul tələbi hissəsində sübuta yetirilməməsinə istinad edərək, həmin hissələrdə onun iddia tələbinin təmin edilməməsini qət etmişdir. İşə baxan birinci instansiya məhkəməsinin hakimi işə bir tərəfli qaydada yanaşaraq, təqdim edilmiş sübutları araşdırmadan, onun təqdim etdiyi sənədlərə əhəmiyyət vermədən, cavabdehin bir dəfə də olsun belə, məhkəmə iclasında iştirak etməməsini, iddiaya dair etirazını təqdim etməməsini nəzərə almamış və nəticədə cavabdehin mənafeyini üstün tutaraq, onun xeyrinə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq, xxxxdan xx xxxxxx 2021-ci il tarixdə verilmiş çıxarışı təqdim edərək cavabdeh MMC-nin 20400 manat borcunun iddiaçı tərəfindən ödənildiyini qeyd etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator öz apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən, hazırkı apellyasiya baxışının predmetini mübahisələndirilən qətnamənin maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməməsinə dair hissəsi təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Cavabdeh1 MMC-nin nizamnaməsinə edilmiş xx xxxx 2012ci il tarixli dəyişiklikdən görünür ki, Cəmiyyətin payçısı Cavabdeh2dur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı xxxx ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və İddiaçı qarşı iddiası təmin edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə 18108,09 manat əsas borc və 1724,87 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən 875a və 876 saylı bağ sahələrinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, iddiaçı xxxx ASC ilə Cavabdeh1 MMC arasındaxx xxxx 2017-ci il tarixdə 25.000 manat pulun verilməsinə dair kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı olaraq Bankla Cavabdeh2 və İddiaçı arasında zaminlik müqavilələri bağlanmış, həmçinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən 875a və 876 saylı bağ sahələrinə dair xx xxxx 2017-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır. İş materiallarında olan xxxx ASC tərəfindən verilmiş Cavabdeh1 MMC-yə məxsus bank hesabından xx.xx.2017 – xx.xx.2021-ci illəri əhatə edən çıxarışdan görünür ki, MMCyə xx.xx.2017-ci il tarixdə 25.000 manat kredit verilmiş, həmin müddət ərzində kredit üzrə xx.xx.2017-ci ldə 4557,00 manat (ödəniş Əziz Məmmədov tərəfindən edilmişdir), xx.xx.2017-ci ildə 4595,40 manat ödəniş (ödəniş X3 tərəfindən edilmişdir) aparılmışdır. İş materiallarında olan xxxx ASC tərəfindən verilmiş Cavabdeh1 MMC-yə məxsus bank hesabından xx.xx.2019 – xx.xx.2020-ci illəri əhatə edən çıxarışdan görünür ki, həmin müddət ərzində xx.xx.2019-cu il tarixdə İddiaçı bankda olan hesabına 20.400 manat pul mədaxil edilmiş, xx.xx.2019-cu ildə həmin məbləğ kredit ödənişi kimi zaminin hesabından silinmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdə İddiaçı hesabına 1500 manat mədaxil olmunmuş və elə həmin gün, qeyd olunan məbləğin 772,00 manat hissəsi kreditin ödənişi kimi zaminin hesabından silinmiş, qalan 728,00 manat isə cari hesabdan məxaric olunmuşdur. İş materiallarında olan İddiaçı Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli yazılı ərizədən görünür ki, İddiaçı MMC-nin banka olan borcunun onun tərəfindən ödənilməsi barədə əsas borcluya məlumat vermiş və həmin məbləğin ona geri ödənilməsini tələb etmişdir. Ərizə poçt vasitəsilə xx.xx.2020-ci ildə Cavabdeh1 MMC-nin təsisçisinə təqdim edilmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında şahid qismində iştirak edən X4 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, İddiaçılə dostluq münasibətlərində olmuşdur. xx xxxx 2017-ci il tarixdə Vaqifin xahişi ilə onun əvəzindən xxxxa 4557 manat pul ödənişi etmişdir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən xxxx ASCdən 25.000 manat məbləğində kredit götürülmuş, həmin kreditin təminatı olaraq İddiaçı ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış, həmçinin İddiaçı məxsus olan daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin qüvvədə olduğu müddətdə, xx.xx.2017-ci il tarixdə İddiaçı öz tanışı X1 vasitəsilə bir dəfə 4557,00 manat banka ödəniş etmiş, sonradan MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, Bank məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən borclu MMC-dən və zaminlərdən yaranmış borcun tutulması, tutmanın ipoteka predmeti olan və İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklara yönəldilməsi qət edilmişdir. Lakin sonradan İddiaçı Cavabdeh1 MMC-nin banka olan borcunu öz vəsaiti hesabına ödəmiş və ümumilikdə, 2019-cu ilin dekabr ayında Banka ümumilikdə 21.172,00 (20400,00 + 772,00) manat ödəniş etmişdir. Zəmin İddiaçı banka olan kredit borcunun onun tərəfindən ödənilməsi barədə borclu Cavabdeh1 MMC-yə yazılı məlumat vermişdir. Beləliklə, müəyyən edilir ki, İddiaçı Cavabdeh1 MMC ilə xxxx ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə zamin olaraq, Banka ümumilikdə 25.729,00 (20400,00 + 772,00 + 4557,00) manat ödəniş edilmişdir. İddiaçı tərəfindən banka edilmiş ödənişin 728,00 manat hissəsinin kim tərəfindən və hansı məqsədlə cari hesabdan məxaric edilməsi aydın olmadığından, həmçinin hesabdan çıxarışda bu məbləğin kredit borcuna silinməsi göstərilmədiyindən, həmin məbləğin kredit borcuna ödənilməsinə yönəldilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsaslanır və onları mötəbər hesab edir. Belə ki, iddiaçı tərəfindən müvafiq ödənişlərin edilməsi kreditor Bank tərəfindən verilmiş yazılı sübutlarla (bank hesabına dair çıxarışlar) öz təsdiqini tapır. Məhkəmə kollegiyası şahidin ifadəsini də mötəbər sübut kimi qəbul edərək onun verdiyi ifadənin işin digər halları ilə uzlaşdığını və digər sübutlarla bir-birini tamamladığını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 476-cı maddəsinə əsasən borclunun öhdəliyi icra etməsi barədə zaminə məlumat verilməsi Zaminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal zaminə məlumat verməlidir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanan normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh1 MMC-nin Banka olan kredit borcunu ödədiyindən, həmin borc tələbi onun tərəfindən ödənilmiş həcmdə İddiaçı keçmiş və bu məbləğin cavabdeh MMC-dən tələb etmək hüququ olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 onun tərəfindən istirahət mərkəzinin təmirinə və onun borclarının ödənilməsinə sərf etdiyi 73.000 manat məbləği tələb etməsi ilə bağlı iddiasını araşdıraraq onu əsaslı hesab etmir. Belə ki, iddiaçı göstərilən məbləğin onun tərəfindən istirahət mərkəzinə xərclənməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sübut kimi istinad etdiyi qaimələrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qaimələr sənədlərin surəti olmaqla, qanunvericiliyinə müvafiq qaydada təsdiqlənməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, həmin qaimə fakturaların həqiqiliyinin müəyyən edilməsi mümkün olmamışdır. İddia tələbinin 20.000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair bağlı hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin tələbini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edliən qanunvericilik aktlarından və onların icrası məcburi xarakter daşıyan hüquqi şərhlərindən görünür ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək onları qismən əsaslı hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını maddi ziyanın tutulması hissəsində düzgün müəyyən etməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməyərək həmin hissədə iddianı təmin etməməklə səhv nəticəyə gəlmiş, mənəvi ziyan tələbinə dair hissədə isə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(009)-168/2020 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilsin. Cavabdeh1 MMC-dən 25.729,00 (20400,00 + 772,00 + 4557,00) manat maddi ziyanın əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar