Məhkəmə qərarları › İş №2(103)-9700/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9700/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9700/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Bəxtiyar Abbasovun və onun vəkili Emin Zeynalovun, Cavabdeh Böyükağa qızının iştirakı ilə, İddiaçı Böyükağa oğlunun Cavabdeh Böyükağa qızına qarşı «tikinti faktının müəyyən edilməsi və məsrəflərin əvəzinin ödənilməsi» tələbinə dair 2(004)-4961/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Böyükağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Böyükağa oğlu Cavabdeh Böyükağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda apardığı tikinti faktının müəyyən edilməsi, tikintiyə və bağ evinin yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzi kimi 42000 manat məbləğin Cavabdeh Böyükağa qızından onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X1 ünvan 2 ünvanda 22 sot bağı olmuşdur. İddiaçı uşaqlıq vaxtlarından orada yaşamışdır. Atası bağın tikilisi ilə birlikdə 8 sot hissəsini iddiaçıya vermiş, bağın yuxarı hissəsində isə qardaşı üçün ev tikdirərək qardaşına vermişdir. 1993-cü ildə atası vəfat edəndən sonra, bağ atasının adına Bağlar İdarəsi ilə bağlanmış müqavilə əsasında olduğu üçün müqavilə iddiaçının anası X3 adına sənədləşdirilmişdir. Həmin vaxtdan iddiaçı anası və ailəsi ilə birlikdə qeyd olunan bağda yaşamışlar. Həmin illər ərzində iddiaçı öz gücü və maliyyə vəsaiti hesabına bağda yeni otaqlar, mətbəx, hamam-sanitar qovşağı, 2 mərtəbəli külafirəngi, quyu, səki, kölgəlik və sair tikdirmişdir. Eləcə də atasından qalan 1 otaqlı evin damını, döşəməsini, divarların hər iki tərəfdən malasını sökdürüb, yenidən tikdirmişdir. Bağda 50-yə qədər meyvə və yaşıllıq ağacları əkmişdir. 2018-ci ildə bağı anasının adına özəlləşdirmişdir ki, sonra bağ övladlar arasında bölünə bilinsin. Bacısı olan cavabdeh isə anasını aldadaraq bağı bağışlama müqaviləsi əsasında öz adına keçirmişdir. Göstərilənlərə əsasən 1993-2018-ci illər ərzində bağda aparılmış tikinti faktının müəyyən edilməsi və həmin tikinti işləri və ümumilikdə bağ evinin yaxşılaşdırılması üçün iddiaçı tərəfindən çəkilmiş məsrəflərin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı Böyükağa oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, təqdim olunmuş sübutlar əsasında tikinti faktının müəyyən edilməsi və məsrəflərin əvəzinin ona ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur, yalnız cavabdehin izahatı əsas tutulmuşdur, qətnamədə tikinti faktının müəyyən edildiyi qeyd edilsə də, cavabdeh əsassız varlanmış şəxs hesab olunmamışdır. Məhkəmə işi tam və hərtərəfli araşdırmamış, tərəflərin hansı hüquqi münasibətdə olması qiymətləndirilməmiş, iş üzrə normativ-hüquqi aktların tətbiq edilməli olduğunu düzgün müəyyən etməmiş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı, həmçinin onun vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin 24.09.2020-ci il tarixli məktubundakı məlumatlara əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1220 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə X5 arasında 24.01.2000-ci il tarixli 5752 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 1220 saylı bağ evi və 0,22 ha torpaq sahəsi 22.07.2016cı il tarixdə X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1220 saylı bağ evi və ümumi sahəsi 0,22 ha olan torpaq sahəsi notariat kontorunda təsdiq olunmuş 21.10.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına keçmiş və 02.11.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İstinad olunan normaların tələbinə əsasən yalnız hüquqi əsas olmadan varlanmış şəxs əsassız varlanmış şəxs hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan - tərəflərin izahatlarından, DƏDRXnın 1 Bakı Ərazi İdarəsinin məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanda yerlşən bağ evi hüquqi əsasla, yəni bağışlama müqaviləsinə əsasən cavabdehin mülkiyyətinə keçmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən həmin bağda müəyyən təmir tikinti işləri həmin bağ cavabdehin mülkiyyətinə keçənədək həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh əsassız varlanmış şəxs olmadığından iddiaçı ona qarşı tikinti faktının müəyyən edilməsi və tikinti üçün çəkilmiş məsrəflərin əvəzi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı rədd etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Böyükağa oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(004)- 4961/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar