Məhkəmə qərarları › İş №2(103)-9701/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9701/2021

08.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9701/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(010)- 4873/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaqdan çıxarılması və sahibliyinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədbəyli Bəxtiyar Fəti oğlunun ona məxsus Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsinin sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 2,5 sot torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 29 iyun 2017-ci il tarixli Çıxarış mövcuddur. Belə ki, 2016-cı ilin iyun ayının əvvələrində o, 2,5 sot torpaq sahəsində tikilmiş fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən almışdır. Lakin həmin torpaq sahəsi cavabdehin sahibliyində olsa da, Maraqlı şəxs mülkiyyətində olduğundan alqı-satqı müqaviləsi onunla Maraqlı şəxs arasında bağlanmışdır. Cavabdeh evi boşaldılması üçün 15-20 günlük vaxt istəsə də, o, 2 ay müddətinə ona vaxt vermişdir. Bundan sonra özü işləmək üçün Türkiyə Respublikasına getmişdir. Orada işlədiyi müddətdə Bakı şəhərinə gələ bilməmiş, lakin bu müddətdə də cavabdeh evi boşaltmamışdır. 2019-cu ilin iyul aylarında o, Bakı şəhərinə qayıtmış, lakin cavabdeh evi boşaltmaqdan imtina edərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. Nəticədə ona məxsus torpaqdan və üzərində olan tikilidən istifadə edə bilmir və bu da onun mülkiyyət hüquqularının pozulmasına gətirib çıxarır. Ona görə də iddia tələbinin təmin olunması və Cavabdehr Fəti oğlunın ona məxsus Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsinin sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(010)- 4873/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyyətində olan Bakı şəhəri Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin İddiaçı sahiblliyinə verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4873/2021 saylı iş üzrə 11.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə işə baxarkən hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir, prinsiplərini pozmuş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə nəticələnən qanunsuz və əsasız məhkəmə qətnaməsi qəbul etmişdir. O, Maraqlı şəxs adlı şəxsdən 2008-ci ildə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi cənub qərb hissəsində 0,025 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində tikilmiş, 1 mərtəbəli, 3 otaq, 1 zal, mətbəx, hamam-tualeti, şüşə eyvanlı 5 daş önündə tikilmiş kürsülü evi, bu evə bitişik əl damını 35 000 ABŞ dollarına və evin qabağında inşa edilmiş 50,0 kv.m mağazanı isə 20 000 manata almışdır. Bu əmlaklardan 0.025 ha torpaq sahəsinə Maraqlı şəxs adına 23.11.2004-cü il tarixdə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir, digər əmlaklar özəlləşdirilməmişdir. Cavabdeh göstərilən əmlakları Maraqlı şəxs alanda torpağın sənədini ondan almamış və onlar ailəvi dost oduqlarından demiş ki, qoy bütün səndlər onda qalsın. Cavabdeh 2016-cı ildə bu əmlakları Türkiyədə yaşayan kəndçiləri İddiaçı 84 000 manata satmaq üçün onunla razılığa gəlmişlər və o, ümumi məbləğdən 5 000 manatını cavabdeh ona vermiş, qalan pulları isə Türkiyədən ona göndərəcəyini bildirmiş və o, öz ailəsi ilə birlikdə burada yaşamağa davam etmişlər. Cavabdeh İddiaçı ilə bu əmlakların satışı barədə gəldikləri sövdələşməni, 84 000 manatdan 5 000 manatını Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində ona verdiyini, qalan pulu isə Türkiyədən ona göndərəcəyini, öz ailəsi ilə birlikdə pul tam ödənilənək burada yaşayacaqlarını Maraqlı şəxs bildirmiş və Maraqlı şəxs İddiaçı etibarnamə verməsinə razılıq bildirmiş. Maraqlı şəxs 24.05.2016-cı ildə Bakı şəhəri 9 saylı notariat kontorunda İddiaçı oğluna etibarnamə vermişdir. 06.06.2016-cı il tarixdə isə həmin notariat kontorunda İddiaçı ona etibarnamə verərək 0.025 ha torpaq sahəsindən 50 kv.m-nə dair bütün təşkilatlarda sənədləşmə işlərinin aparılmasına mənə səlahiyyətlər vermiş. Bundan sonra Maraqlı şəxs və İddiaçı 10.06.2016-cı il tarixdə Bakı şəhəri 13 saylı notariat kontoruna gedərək bu əmlakların 5 000 manata alqı-satqısını etmişlər. Alqı-satqıdan 5-6 ay sonra bunu Qalib cavabdehə bildirmiş və Telman isə onun telefonlarına cavab verməmişdir. 2019-cu ildə isə İddiaçı ona qarşı Bakı şəhəri Suraxanı rayon məhkəməsində iddia qaldıraraq “Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılmağını və torpağın sahibliyinə verilməsi”ni xahiş etmişdir. Bakı Suraxanı rayon məhkəməsinin 11.10.2019-cu il tarixli qətnaməsi ilə onun bu iddiası təmin edilmişdir. İddiaçı xeyrinə məhkəmə qətnamə çıxarandan sonra ona pulun qalığını nəyə görə tam ödəmədən məhkəməyə müracət etdiyini, 3 il ərzində niyə məhkəməyə müraciət etmədiyini, dələduzluq etdiyini, bunun tərəfkərindən mübahisələndiriləcəyini bildirdikdə, onlara cavab verərək bildirmiş ki, bunu mübahisələndirə bilmərik, ona görə ki, sənədin etibarsızlığı ilə bağlı iddialar 1 il ərzində irəli sürülə bilər, artıq müddət keçmişdir. Burdan da belə bir nəticəyə gəlmək olur ki, İddiaçı düşünərək 3 ildən sonra iddia qaldırmışdır ki, cavabdeh və Qalib tərəfindən ona qarşı etibarsızlıqla bağlı məhkəmədə iddia qaldıra bilməsinlər. İddiaçı niyyətindən 2019-cu ildə məhkəmədə məlumatı olduğundan hesab edir ki, onun etibarsızliqla bağlı mülahizəsi əsassızdır və bu müddət tərəfindən buraxılmamışdır. Bildikləri kimi göstərilən əmlakların dəyəri 5000 manata ola bilməz, bunu cavabdeh İddiaçı özü də yaxşı bilir. Ona görə də hazırkı iş üzrə eyni zamanda əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmalı və 2016-2019-cu illərdə bazar qiymətinə uyğun Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi cənub qərb hissəsində 0.025 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində tikilmiş ev-5 daşın üstündə, 1 mərtəbəli, 3 otaqdan, 1 zal, mətbəx, hamam-tualet, şüşəli eyvan, evə bitişik əl damı və evin qabağında 50 kv.m mağazanın qiyməti müəyyən edilməlidir. Onunla İddiaçı arasında əmlakın satışı razılaşdırılarkən onların yanlarında X10, X8 və X11 olmuşlar. Şahid qismində X10, X8, X3 rayonu, Yeni Suraxanı qəsəbəsi cənub qərb hissəsində 0.025 ha torpaq sahəsi və bu torpaq sahəsi üzərində tikilmiş ev-5 daşın üstündə, 1 mərtəbəli, 3 otaqdan, 1 zal, mətbəx, hamam-tualet, şüşəli eyvan, evə bitişik əl damı və evin qabağında 50 kv.m mağazanı İddiaçı ilə 84 000 manata razılaşdıqlarını, həmin puldan 5 000 manatını İddiaçı cavabdehə verdiyini, pulun qalan 79 000 manatını isə Türkiyədən hissə-hissə göndərəcəyini vəd etdiyini təsdiq edirlər. Eyni zamanda İddiaçı barəsində dələduzluq maddəsi ilə cinayət işinin başlanması barədə tərflərindən aidiyyatı qurumlara müraciət olunmuşdur. Hazırda isə Maraqlı şəxs tərəfindən cavabdeh qismində İddiaçı qarşı Bakı şəhəri Suraxanı rayon məhkəməsində “alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair" iddia ərizəsi müraciət olunmuşdur. Eyni zamanda məhkəmə qətnaməsi ilə maraqlarına toxunan şəxs kimi qətnamənin surətinin verilməsi Suraxanı rayon məhkəməsinin 11.10.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün həmin məhkəməyə ərizə ilə müraciət olunmuşdur. İddiaçı öz hüquqlarını həyata keçirərkən ona ziyan vurmaqla hüquqdan sui-istifadə etmiş və cavabdehə əmlakın razılaşdıqları məbləğindən 84 000 manatdan cəmi 5000 manat vermiş, qalan 79000 manat məbləğində pulu verməmiş və ziyan vurmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 10 iyun 2016-cı il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsi 10 iyun 2016-cı ildə satıcı Maraqlı şəxs tərəfindən 5.000 manata alıcı İddiaçı satılmışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 13 saylı Notariat Kontorunda bağlanmış və 4Ə-101 reyestr nömrəsi ilə reyestrdə qeyd edilmişdir. Həmin Müqavilənin 8-ci bəndindən görünür ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqularından azad mənzili verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan RX seriyalı 1092269№-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsinin cənub qərb hissəsində yerləşən 0.025 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə 29 iyun 2017-ci ildə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə dövlət reyestrində 641 nömrəli reyestr kitabının 60666 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Yuxarıda təsvir olunanlara əsasən birinci instansiya məhkəməsinin iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, RX seriyalı 1092269№-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi isə cavabdehin sahibliyində və istifadəsində olsa da, cavabdehin mübahisəli torpaq sahəsinə hüquqlarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı və cavabdeh iddiaçının tələbinə əsasən onun torpaq sahəsindən çıxarılması və torpaq sahəsi iddiaçının sahibliyinə verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyyətində olan Bakı şəhəri Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinin İddiaçı sahiblliyinə verilməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(010)-4873/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar