Məhkəmə qərarları › İş №2(103)-9705/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9705/2021

13.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9705/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(011)-5415/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilən şikayət ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın 2-ci mərtəbəsində, qapı 1 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinə açılmış giriş-çıxış qapısının (ərazisinin) cavabdehlərin öz vəsaiti hesabına binanın ilkin layihəsinə uyğun olaraq hörgü ilə bağlanması və vurulmuş mənəvi ziyana görə hər birinə 10.000 manat olmaqla, ümumilikdə cavabdehlərdən birgə şəkildə 40.000 manat məbləğində kompensasiya tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bununla yanaşı İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin ikinci mərtəbədə saxlanılmasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, ünvan 1 ünvanında yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsi qərara alınmışdır. Məhkəmənin baxış iclasında iddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 20 aprel 2017-ci il tarixli, seriya RX ******* saylı çıxarışın və 11/883 nömrəli texniki pasportun etibarsız hesab edilməsi, 2-ci mərtəbədə liftin qarşısında mövcud olan və ümumi istiafdə üçün nəzərdə tutulmuş 20 kv.m sahədən ibarət hollun cavabdehlərin hesabına bərpa edilərək həmin sahənin ümumi istifadəyə verilməsi, binanın 2-ci mərtəbəsində, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinə açılmış giriş-çıxış qapısının cavabdehlərin öz vəsaiti hesabına bağlanması və vurulmuş mənəvi ziyana görə iddiaçıların hər birinə 10000 manat olmaqla, ümumilikdə cavabdehlərdən birgə şəkildə 40000 manat məbləğində kompensasiya tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsi təqdim edərək, ərizədə göstərilən xüsusatları təsdiq etmişdir. Vəkil2 etiraz ərizəsində göstərmişdir ki, iddia tələbi əsassızdır, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin gözəllik salonu kimi istifadə edilməsi heç kimin hüquqlarını pozmur, bunanın ümumi təhlükəsziliyinin qorunmasına, kənar şəxslərin ümumi istifadədə olan sahəyə daxil olmaqla uşaqların ərazidə istirahətinin təşkilinə, sakinlərin liftdən və ərazidən istifadə etməsinə heç bir təsir göstərmir. Halhazırda heç bir əsas olmadan gözəllik salonuna liftdən giriş-çıxış bağlandığından sahibkarlıq fəaliyyəti göstərən şəxs kimi cavabdehin hüquqları pozulur, maddi ziyan vurulur, işgüzar nüfuzuna böyük zərər dəyir. Bununla yanaşı, nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, hal-hazırda gözəllik salonunun işləməməsini, bunun isə böyük zərər vurmasını əsas gətirməklə iddianın təmin tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 ərizəsi təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş ünvan 1 ünvanında yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsindən ibarət olan iddianın təmini tədbirinin ləğv olunması qərara alınmışdır. İddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5415/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək, şikayət ərizəsində göstərmişdir ki, məhkəmənin 19.08.2021-ci il tarixli, 2(011)-5415/2021 saylı qərardadı ilə iddianın təmini tədbirinin ləğvi barədə qərardad əsassızdır və ləğv edilməlidir. Şikayətçi şikayətini "xxxx" MMC-dən alınmış 23 avqust 2021-ci il tarixli, 471 nömrəli mütəxəssis rəyi ilə əsaslandıraraq, ərizədə göstərmişdir ki, iddianın təmini tədbiri barədə ərizədə də qeyd etdikləri kimi cavabdehlər qanunsuz olaraq iddiaçıların ümumi istifadəsində olan yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş bloka qeyri-yaşayış sahəsi olan ikinci mərtəbədən qapı açmış və hazırda qanunsuz olaraq yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən və mövcud liftdən istifadə etməklə qeyri-yaşayış sahəsinə gediş-gəlişi təmin etmişlər və həmin ərazidən öz kommersiya məqsədləri üçün istifadə edirlər. Həmin salona günün müxtəlif saatlarında çoxsaylı müştərilər, eləcə də salon üçün zəruri mal və avadanlıqların çatdırılması üçün ayrı-ayrı şirkətlərin nümayəndələri gəlirlər. Bu isə binanın sakinləri kimi onların normal həyat şəraitlərinin pozulmasına səbəb olmaqla, binanın ümumi təhlükəsizliyinin qorunmasında, uşaqların ərazidə normal istirahətinin təşklində və ailə üzvlərinin liftdən və ərazidən istifadəsində çoxsaylı narahatlıqların yaranmasına səbəb olur. Qeyd etdiyi xüsusda dəfələrlə həm bina sakinləri ilə həmin salona gələn ayrı-ayrı şəxslər arasında həm binanın mühafizəçiləri ilə salona gəlib gedən şəxslər arasında, həm də salonun mülkiyyətçisi ilə binanın sakinləri arasında narazılıqlar, söz-söhbət və münaqişələr olmuşdur. Binanın sakinləri mənzillərə gedib gəlmək üçün daim liftdən istifadə etdikləri üçün salona gələn müştərilərlə liftdə rastlaşırlar və bütün münaqiçələr bu zaman baş verir. Bütün bunlar sakinlərin normal məişət şəraitinin, təhlükəsizliyinin pozulmasına səbəb olur. Hesab edirlər ki, yuxarıda sadalanan səbəblərə görə iddianın təmini tədbirinin ləğvinə dair ərizə rədd olunmalıdır. Göstərilənlərə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(011)-5415/2021 saylı qərardadının ləğv edilməklə ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(011)-5415/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddiaçılar tərəfindən verilmiş şikayətə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın dəyişdrilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5415/2021 saylı, 19.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsinin baxış iclasında tərəflərin izahatlarından və işdə olan sübutlardan (fotoşəkillərdən) müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən gözəllik salonu kimi istifadə edilən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbədə yaşayış mənzilləri mövcud deyil, həmçinin lift açıldığında salonun yalnız qəbul şöbəsi (reseption) görünür. Eyni zamanda məhkəmə kollegiyası nəzərə alır ki, iddia ərizəsi verilərkən, həmçinin məhkəmənin hazırlıq və baxış iclaslarında iddiaçılar tərəfindən onlara dəyən zərərlə bağlı sübutlar təqdim edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş ünvan 1 ünvanında yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsindən ibarət olan iddianın təmini tədbirinin ləğv olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı, 19.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar