Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-971/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı “evin girovdan azad edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzilin girovdan azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi ilə, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(004)-3534/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh QSC ilə Cavadov Natiq Səfiyar oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 004R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavadov Natiq Səfiyar oğlu və İddiaçı müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi yaranmış 15306,86 manat məbləğində əsas borcu, 3928,45 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 19335,31 manat məbləğində borcun, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutularaq iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, cavabdehlərdən tutulmalı olan borcun məbləğinin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilin ilkin satış qiymətinin 22000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan İddiaçı və ailə üzvləri X4, X6, X8, X5 ən geci bir ay ərzində mənzilin boşaldılaraq, həmin mənzildən çıxarılması qət edilmişdir. 2.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi 22 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icraya yönəldilmişdir. 3.xx.xx.2022-ci il tarixli, 09/22 nömrəli hərracın yekunları barədə protokola əsasən ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət olan mənzil 14025 manata Cavabdeh QSC-yə satılmışdır. 4.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23, mənzil –xüsusi mülkiyyət hüququ ilə Cavabdeh QSC-nin adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
5. 063850 nömrəli, xx.xx.2023-cü il tarixli Cavabdeh QSC-nin Cavadov Natiq Səfiyar oğluna ünvanlanmış məktubuna əsasən xx/xx/2019-cu il tarixli kredit müqaviləsi üzrə 18000 AZN məbləğində kredit öhdəliyinin tam olaraq yerinə yetirildiyi bildirilmişdir. 6.İddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Cavadov Natiq Səfiyar oğlu onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında olan mənzili girov qoyaraq kredit götürmüşdür. Cavadov Natiq Səfiyar oğluna kredit müqaviləsi üzrə öhdəliklərini icra etdiyi və bununla əlaqədar bank tərəfindən ona xx.xx.2023-cü il tarixli məktub verildiyi bildirilmişdir. Hhəmin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında ümumi sahəsi 55 kv.m. olan mənzilin girovdan azad olunması barədə notariat ofisinə məktub verilməsi, həmin mənzilin girovdan azad olunması üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir.
7. xx.xx.2024-cü il tarixli, xx/xx-281577/5 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin məktubuna əsasən cavabdehlərdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan İddiaçı və ailə üzvləri X4, X6, X8, X5 ən geci bir ay ərzində mənzilin boşaldılaraq, həmin mənzildən çıxarılmalı olduğundan icra sənədinin icrasının xx.xx.2024cü il saat 15:00-a təyin olunması borclu və onun ailə üzvlərinə bildirılmişdir.
a)Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı Cavabdeh QSC-yə qarşı “evin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 saylı mənzilin girovdan azad edilməsi və həmin evə dair sənədlərin ona qaytarılması öhdəliyinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı X9 "xxxx" ASC-dən kreditə pul götürmək istədiyini, lakin bank tərəfindən girov qoyulması üçün hər hansı bir əmlakın adının rəsmiyyət xatirinə girov müqaviləsində göstərilməyin vacib olduğunu bildirmişdir. O, ondan mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23-ü banka girov qoymağa razılıq verməyimi xahiş etmişdir. O, onun heç bir məsuliyyət daşımayacağını və bank qarşısında olan öhdəliyin də onun tərəfindən tam şəkildə icra olunacağını bildirmişdir. O, da bir yaxın tanış, qonşu kimi ona inanaraq mülkiyyətində olan mənzilin banka girov qoyulmasına razılıq vermişdir. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada maddi çətinliklər yarandığı kimi onlarda da maddi çətinliklər olmuş, Cavadov Natiq tərəfindən bank qarşısında olan öhdəliklərin yerinə yetirilməsində problemlər yaranmışdır. Buna görə də bank onlara qarşı məhkəməyə iddia ərizəsi vermiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1815/2021 saylı qətnaməsi ilə bankın iddiası təmin edilmiş və onlardan 19365 manat məbləğində pulun tutularaq banka ödənilməsi qət edilmişdir. Həmçinin bu qətnamə ilə borcun onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Bu yaxınlarda Cavadov Natiq Səfiyar oğlu bank qarşısında öhdəliklərini icra etmiş, bununla əlaqədar ona bank qarşısında olan öhdəliyinin tam şəkildə icra olunması ilə əlaqədar xx.xx.2023-cü il tarixli məktub da verilmişdir. O, bu məktubu əsas tutaraq "xxxx" QSC-yə müraciət etmişdir. O, müraciətində artıq onun evi ilə girov kimi təmin olunmuş kreditin tam şəkildə ödənildiyini və bununla əlaqədar olaraq onun mənzilinin girovdan azad olunması üçün müvafiq tədbirlər görülməsini və evə dair sənədlərinin ona qaytarılmasını xahiş etmişdir. Lakin əfsuslar olsun ki, banka olan müraciətindən artıq 1 ay vaxt keçməsinə baxmayaraq, bu günə kimi ona rəsmi cavab verilməmişdir. Ona görə də o, məcbur olub bankın Baş ofisinə getmişdi. Lakin orada onu aldadaraq bildirmişdilər ki, guya xx.xx.2024-cü il tarixində onun ev ünvanına cavab məktubu göndərmişlər. Lakin o, onların evin ərazisinə xidmət edən poçt əməkdaşları ilə maraqlandıqda, belə bir məktubun gəlmədiyini bildirmişlər. Əfsuslar olsun ki, cavabdeh qanunla üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, müxtəlif bəhanələrlə bundan boyun qaçırır. Bir halda ki, Cavadov Natiq Səfiyar oğlu tərəfindən bank qarşısında olan öhdəlikləri tam şəkildə icra olunmuşdur. Təbii ki, əgər bu öhdəlik yerinə yetirilməsəydi, onda bank tərəfindən Cavadov Natiqə belə bir məktubun verilməsi qeyrimümkün idi. "xxxx" qarşısında olan öhdəliklər tam şəkildə icra olunmuşdur. Bu halda həmin öhdəliyin təminatı kimi girov qoyulmuş onun mülkiyyətində olan mənzil də girovdan azad edilməli və müvafiq ipoteka müqaviləsinə xitam verilməklə evə dair sənədlərlə ona qaytarılmalıdır. 10.Cavabdeh QSC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, iddianı qəbul etmirlər, iddia tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh QSC ilə X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004R********** saylı krеdit razılaşması əsasında sonuncuya 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) manat məbləğində krеdit verilmişdir. Krеdit müqaviləsi üzrə Cavadov Natiq Səfiyar oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh İddiaçı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin krеdit müqaviləsi üzrə Cavadov Natiq Səfiyar oğlunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 3M-1825 saylı ipoteka müqaviləsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində yerləşən 23 nömrəli binanın, 55 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclular tərəfindən kredit borcu vaxtında ödənilmədiyindən bank aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1815/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavadov Natiq Səfiyar və İddiaçı müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi 15306,86 manat əsas borcu, 3928,45 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 19335,31 manat məbləğində borc, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişin qeydə alınmasına görə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməsi; borcun ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında yerləşən 55 kv.m ümumi sahədən ibarət mənzilinə yönəldilməsi; həmin mənzil açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 22000 manat müəyyən edilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən gec bir ay ərzində mənzilin boşaldılması, İddiaçı və ailə üzvləri X4, X6, X8, X3 həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmişdir. Keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan banka təklif edilmiş, bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun bir hissəsi qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Hazırda əmlak Bankın mülkiyyətindədir. Əmlak bankın mülkiyyətinə götürüldükdən sonra borclular tərəfindən icra sənədi üzrə qalıq borc ödənildiyindən həmin kredit razılaşması üzrə borcun qalmaması barədə məktub verilmişdir. Borclular əmlak hərrac yolu ilə bankın mülkiyyətinə götürüldükdən sonra icra sənədi üzrə qalıq borcu ödəmişlər. Bu mənzilin girovdan azad edilməsinə əsas vermir. Əmlak qanuni əsaslarla, hərrac yolu ilə bankın mülkiyyətinə götürülmüşdür, hazırda da banka məxsusdur. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixinə saat 11:45-ə təyin edilmiş məhkəmə iclasının cavabdeh bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 oktyabr 2024-cü il tarixli, 2(004)-3534/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Aydan Oruclu) iddia tələbinin təmin edilməməsi edilmişdir. 12.Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh QSC ilə Cavadov Natiq Səfiyar oğlu arasında kredit müqaviləsi bağlanılmış, kredit müqaviləsinin təminatı olaraq X5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyinə görə Cavabdeh QSC “borc tələbi, tələbinin ipoteka predmetinə yönəldilməsi, əmlakın boşaldılması və istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh QSC ilə Cavadov Natiq Səfiyar oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 004R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavadov Natiq Səfiyar oğlu və İddiaçı müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 15306,86 manat əsas, 3928,45 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 19335,31 manat məbləğində borcun, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınmasına görə ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının tutularaq iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, cavabdehlərdən tutulmalı olan borcun məbləğinin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilin ilkin satış qiymətinin 22000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət mənzilinə yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan İddiaçı və ailə üzvləri X4, X6, X8, X5 ən geci bir ay ərzində mənzilin boşaldılaraq, həmin mənzildən çıxarılması qət edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 23 ünvanında yerləşən 55 kv.m. ümumi sahədən ibarət olan mənzil xx.xx.2022-ci il tarixdə 14025 manata Cavabdeh QSC-yə satılmış və xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh QSC-nin adına qeydiyyata alınmışdır. 13.Hazırda İddiaçı əmlakının girovdan azad edilməsi və evin sənədlərinin ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini Cavabdeh QSC tərəfindən Cavadov Natiq Səfiyar oğluna ünvanlanmış məktubda xx/xx/2019-cu il tarixli kredit müqaviləsi üzrə 18000 AZN məbləğində kredit öhdəliyinin tam olaraq yerinə yetirildiyinin qeyd olunması və bank qarşısında olan öhdəliyin tam şəkildə yerinə yetirilməsi ilə əsaslandırmışdır. 14.Qanunvericiliyin mənasına görə ipotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. 15.İş materiallarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilməmiş və qətnamə 22 noyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə tutulmalı olan borc məbləği İddiaçı məxsus ipoteka predmeti olan mənzilə yönəldilmiş, həmin mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaiti hesabına kredit borcu bağlanmış, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması ilə ipotekaya xitam verilmişdir. 16.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 17.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir.Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 19.Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab etmişdir ki, iddiaçı X5 Cavabdeh QSC-yə qarşı evin girovdan azad edilməsi və həmin evə dair sənədlərin ona qaytarılması öhdəliyinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 319.1, 527.1, 528, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.7, 1.0.8, 3.1, 10.1, 34.1, 41.1, 42.8, 59.3, 48.1.3, 48.1.3, 59.3, 59.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21.Qətnamədən İddiaçı Azad oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, mülki işin sənədlərindən də görünür ki, cavabdeh tərəfindən onun banka borcunun olmaması və kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə icra olunması barədə məktubu təqdim edilmişdir. Təbii ki, əgər bu müqavilə üzrə öhdəliklər yerinə yetirilməsə idi, onda bank tərəfindən ona belə bir məktub verilməzdi. O, da bankın bu məktubunu əsas götürərək bankda girovda olan mənzilinin girovdan azad edilməsi və mənzilə dair sənədlərin ona qaytarılması barədə ərizə ilə banka müraciət etmişdir. Lakin bank tərəfindən əsassız olaraq ərizəsi təmin edilməmişdir. İddia ərizəsi məhkəmə baxışı zamanı bank tərəfindən məhkəməyə etiraz təqdim edilmiş və həmin etirazda Cavadov Natiq Səfiyar oğlu tərəfindən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar onun mülkiyyətində olan bu mənzilin məhkəmə qətnaməsi əsasında hərraca çıxarıldığı və hərraca satılmadığına görə bankın özünə təklif olunduğu və bundan sonra həmin bu mənzilin bankın mülkiyyətinə keçdiyi göstərilmişdir. Onun ümumiyyətlə bu proseslərdən məlumatı olmamış və ona məxsus olan evin bankın mülkiyyətinə keçməsindən xəbərsiz olmuşdur. Eyni zamanda bu işlə əlaqədar hərracın keçirilməsindən də məlumatı yoxdur. Əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və tələsik bir qətnamə qəbul olunmuşdur. Buna görə də hesab edir ki, işin bütün halları yenidən araşdırılmalı və onun iddia ərizəsi təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. İşin hallarından da görünür ki, bank qarşısında olan öhdəliklər tam şəkildə icra olunmuşdur. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən buna diqqət yetirilməmiş və bununla da AR MM-nin 528-ci maddəsinin tələbləri pozulmuşdur. Onlar tərəfindən bank qarşısında olan öhdəliklər tam şəkildə icra olunduğu üçün bank tərəfindən onun mülkiyyətimdə olan mənzil girovdan azad edilməli və ona qaytarılmalı idi. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu hallarına düzgün qiymət verilməmiş və bununla da AR MM-nin 529-cu maddəsinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinə təqdim etdikləri etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 27.Maddə 317.2.Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 28.Maddə 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 29.Maddə 527.1.Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 30.Maddə 528.Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 31.Maddə 1.0.1.İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 32.Maddə 1.0.7.İpoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. 33.Maddə 1.0.8.Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. 34.Maddə 3.1.İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 35.Maddə 10.1.İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 36.Maddələr 34.1 və 34.1.1.Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. 37.Maddə 41.1.İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 38.Maddə 42.8.Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 39.Maddə 48.1.3.Tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda ipotekaya xitam verilir. 40.Maddə 59.3.İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayətinin dəlilləri həcmində tam olaraq yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 46.Məhkəmə kollegiyasının iclasında sübutların araşdırlması ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh QSC-dən görürülmüş kredit üzrə zamin olmaqla yanaşı, evini ipoteka ilə yüklü etmişdir. Qüvvədə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Banka olan kredit borcunun həmçinin zamin kimi İddiaçı tutulması və tutmanın onun mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, mənzilin boşaldılması qət olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1815/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilməmiş və qətnamə 22 noyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə tutulmalı olan borc məbləği İddiaçı məxsus ipoteka predmeti olan mənzilə yönəldilmiş, həmin mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaiti hesabına kredit borcu bağlanmış, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması ilə ipotekaya xitam verilmişdir. Hal-hazırda həmin mənzil hərracdan satış yolu ilə Cavabdeh QSC-nin mülkiyyətindədir. 47.Göründüyü kimi, ipoteka predmeti olan mənzil qüvvədə olan məhkəmə qətnaməsinin icrası qaydasında borcun ödənilməsinə yönəldilmmiş, açıq hərracdan satılmışdır. 48.Kollegiya hesab edir ki, məhkəmə iddiaçının tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. 49.Kollegiya apellyatorun “onun hərracın keçirilməsindən də məlumatının olmaması, hərracın düzgün keçirilməməsi” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının hərrajın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmədə tələbi olmamış, məhkəmə verilmiş tələb daxilində işə baxmışdır. 50.Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(004)-3534/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 51.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 52.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 54.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(004)-3534/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov