Məhkəmə qərarları › İş №2(103)-972/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-972/2022

17.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-972/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlkin iddia üzrə İddiaçı7 nümayəndəsi Nümayəndə2, ilkin iddia üzrə İddiaçı6 vəkili Vəkil3 və onun nümayəndəsi Nümayəndə1, ilkin iddia üzrə İddiaçı8 və ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyriləri iddia ərizəsi, iddia tələblərinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanda yerləşən çoxmənzilli kooperativ binasının həyətindən maşınları ilə istifadəyə (maşınla giriş-çıxışa və maşınların həyətdə saxlanmasına) yaradılmış maneçiliklərin, habelə liftlərə kart sisteminin quraşdırılmasının, eləcə də müqavilə bağlanmadan ümumi əmlakın saxlanması və kommunal xidmətlərə görə haqqın yığılmasının qanunsuz hesab edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanda yerləşən çoxmənzilli kooperativ binasının həyətində avtomaşınların saxlanması yerlərini məhdudlaşdıran və gediş-gəlişə maneçilik törədən üç daş hündürlüyündə quraşdırılmış lüzumsuz sahənin sökülərək əvvəlki vəziyyətinə gətirilməsinin cavabdeh "Bəm-Bəyaz“ MTK-ya həvalə edilməsi; Cavabdeh MTK-dan İddiaçı6 xeyrinə 2728 AZN məbləğində; X2 xeyrinə 1818.4 AZN məbləğində; İddiaçı3 Nəsrulla oğlunun xeyrinə 2232 AZN məbləğində; İddiaçı5 xeyrinə 342 AZN məbləğində; İddiaçı4 xeyrinə 1420 AZN; İddiaçı7 xeyrinə 2700 AZN məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsi, qarşılıqlı iddia tələbinin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək İddiaçı6 864 AZN, X1 470 AZN, İddiaçı3 Nəsrulla oğlundan 264 AZN, İddiaçı4 1666 AZN, İddiaçı2 4151 AZN məbləğdə pulun tutularaq Cavabdeh MTK-ya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 20 may 2021-ci tarixli qərardadı ilə İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyrilərinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı «öhdəliyin qoyulması və s.» tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) çoxmənzilli binanın sakinləri İddiaçı2 və qeyrilərinə qarşı «pul» tələbinə dair qarşılıqlı iddia barədə mülki iş üzrə icraata Cavabdeh MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) çoxmənzilli binanın sakini İddiaçı2 qarşı «pul» tələbinə dair hissədə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi - Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi və lift-kart sisteminin quraşdırılmasının Cavabdeh MTK-ya qadağan edilməsi; qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 02 iyul 2021-ci tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 20 may 2021-ci tarixli qərardadı ləğv edilmiş, iddia tələbinin çoxmənzilli binanın sakini İddiaçı2 qarşı «pul» tələbinə dair hissəsinə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 26 iyul 2021-ci il tarixli əlavə qətnaməsi ilə İddiaçı2 qarşı da qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 qətnamədən və əlavə qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərini bununla əsaslandırmışdır ki, məhkəmə qarşılıqlı iddianın rədd edilməsini yalnız onunla əsaslandırmağa cəhd edir ki, guya, binaya xidmət göstərilməsi ilə bağlı qiymətlərin müəyyən edilməsinə dair ümumi yığıncağın səlahiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İlkin iddiaçılar həmin protokolu mübahisələndirmədiyi və bu barədə lələb irəli sürmədiyi halda, məhkəmənin öz təşəbbüsü ilə həmin ümumi yığıncağın səlahiyyətli olmasına şübhə ilə yanaşması, hər şeydən əvvəl ciddi prosessual pozuntudur. Binaya xidmət göstərilməsi qiymətlərini müəyyən edən ümumi yığıncağın qərarı nə hazırki işdə iştirak edən sakinlər, nədə başqa şəxslər tərəfindən mübahisələndirilmədiyi, həminı qərarın ləğv edilməsi və ya etibarsız sayılması barədə hər hansı qərar, məhkəmə qətnaməsi olmadığı halda bu qərarın həqiqiliyi prezumpsiyasının olması aşkardır. Həmçinin nəzərə almaq lazımdır ki, Mülki Proscssual Məcəllənin 218.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal da baş verməmişdir, əks təqdirdə məhkəmə, iddia tələbindən kənara çıxdığını qətnamədə qeyd etməli və bunu əsaslandırmalı idi. Digər tərəfdən, hazırda qarşılıqlı iddia üzrə cavabdeh qismində çıxış edən şəxslərə dəfələrlə onların binaya xidmət üzrə borclarının olduğu bildirilsə də, həmin qiymətləri müəyyən edən ümumi yığıncağın qərarını mübahisələndirməmişlər, sadəcə, xidmət haqqını ödəməkdən yayınmışlar və bununla da, bir tərəfdən, ümumi yığıncagın qərarını mübahisələndirmək müddətini ötürmüşlər (Mülki Məcəllənin 354.1-ci mcıddəsi nəzərə alınmaqla)y digər tərəfdən qanunla üzərlərinə düşən vəzifələri yerinə yetirməmişlər. Məhkəmə nəzərə almamışdır ki, qarşılıqlı iddia üzrə cavabdehləri binaya xidmət göstərilməsi ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrdən "azad etməsi", binada yaşayan digər sakinlərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, o cümlədən, Mənzil Məcəlləsi ilə təsbit edilmiş hüquqlarının pozulmasına rəvac verir. Belə ki, binaya xidmət göstərilməsi üzrə xidmət haqlarının ödənilməsindən imtina, binanın texniki qurğu və avadanlıqlarına vaxtı-vaxtında qulluq və təmir edilməsini, zəruri hallarda yenisii ilə əvəz edilməsini, binanın sanitar- gigiyenik vəziyyətinin qanunla tələb edilən səviyyədə saxlanılmasını, sakinlərin mənzillərinə, digər əmlaklarına qanunsuz müdaxilələrin qarşısının alınması kimi mühüm əhəmiyyət kəsb edən tədbirlərin görülməsini təhlükə altına qoymuş olur. Qarşılıqlı iddiaçıları vəzifələrindən azad edən məhkəmə nəzərə almamışdır ki, həmin xərclər digər sakinlər tərəfındən ödənilmişdir. Məhkəmənin qarşılıqlı iddianı təmin etməməsi isə çoxmənzilli binanın idarə edilməsi üzrə həmin təminatların yerinə yetirilməsini də təhlükə altına qoymuş olur. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 qətnamədən və əlavə qətnamədən verdiyi apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi və şikayətlərin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı7 nümayəndəsi Nümayəndə2, ilkin iddia üzrə İddiaçı6 vəkili Vəkil3 və onun nümayəndəsi Nümayəndə1, ilkin iddia üzrə İddiaçı8 apellyasiya şikayətlərinə etiraz edərək rədd olunmasını xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər işdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi qeyd edilmişdir. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üçformada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 43-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə görə kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Mülki Məcəllənin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 229.1-ci maddəsinin tələblərinə əsasən yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin hüquqi şəxs olmayan yığıncağını təşkil edir. Göstərilən maddələrin məzmunundan göründüyü kimi yaşayış binasının tərkib hissələri olan mənzillərin mülkiyyətçilərinə mənsub olan, mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən, ümumi otaqlardan, dayaq konstruksiyalarından, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqdan ibarət olan ümumi mülkiyyətin hüquqi rejimi tənzim edilir. Belə ki, göstərilən əşyalar bina sakinlərinə ümumi paylı mülkiyyət hüququ əsasında mənsubdur. Belə mürəkkəb xarakterli mülkiyyət forması olan yaşayış binasının bütün mülkiyyətçiləri ümumi iradələrinə müvafiq olaraq idarə olunması üçün müəyyən qurum təşkil edirlər. Belə qurum yaşayış binasının tərkibində olan mənzillərin fərdi mülkiyyətçilərinin hüquqi şəxs olmayan toplusundan ibarət olan yığıncağıdır. Yığıncaq yaşayış binasının əmlakını idarə edir, onu yaxşı vəziyyətdə saxlanması üzrə işlərin aparılması üçün fond yaradır və s. Qərarlar yığıncaqda iştirak edən mülkiyyətçilərin səs vermələri yolu ilə qəbul edilir. Qeyd edilən maddi hüquq normalarından və eyni zamanda "xxxx" MTK-nın 2007-ci il tarixli nizamnaməsindən göründüyü kimi kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır və yaşayış binasının idarə edilməsi, cari işlərin həlli onun ümumi səlahiyyətlərinə aid edilmişdir. İş materiallarına əsasən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanda yerləşən binanın ərazisində binanın sakinlərinə maşınla girişçıxışına və maşınların saxlamasına maneçilik törədən "şlaqbaum" qoyulmuş, yaşayış binasında lift- kart sistemi quraşdırılmışdır. Məhkəmə qeyd edilən hərəkətlərin həyata keçirilməsinə hüquqi əsas sayılan ümumi yığıncağın qərarlarının əslini və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunması üçün ilk iddia üzrə cavabdehə şərait yaratsa da, həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı mübahisəli məsələlərə dair kooperativin üzvləri tərəfindən ümumi yığıncağının keçirilmədiyi, hər-hansı qərarın qəbul edilmədiyi müəyyən olunmuşdur. Halbuki, mülki qanunvericilikdə kooperativin fəaliyyətinə aid bütün məsələlərin onun üzvlərinin ümumi yığıncağı tərəfindən həll edilməsi barədə imperativ müddəa müəyyənləşdirilmişdir. Məhkəmə iddianın bu hissəsi ilə razılaşsa da qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia - neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Məhkəmə müvafiq iddia tələbini neqator iddia kimi qiymətləndirir. Hazırda iddiaçılar MTK-ya məxsus ərazidə törədilən maneələrin aradan qaldırılmasını tələb etmək üzrə subyektiv hüquqa malik olsalar da, MTK-ya aid olmayan ərazidə hər hansı hərəkətlərin həyata keçirilib-keçirilməməsinə məhdudiyyətin qoyulmasına dair iddiaları irəli sürməkdə haqlı sayıla bilməzlər. Belə ki, məhkəmə araşdırması zamanı yaşayış binasının yerləşdiyi əraziyə bitişik torpaq sahəsinin "xxxx" ASC-yə məxsus olması müəyyən edilmişdir. İş üzrə iddiaçıların isə, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla onlara məxsusluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin ASC-yə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 05/330 saylı Ayrıc Aktına əsasən ayrılmış ərazidə üç daş hündürlüyündə tikilmiş qurğunun sakinlərə avtomobillərinin saxlanmasına maneçilik törədildiyi üçün sökülərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddianı qaldırmaqla bağlı subyektiv hüquqları yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a ünvanında yerləşən binanın ərazisinə binanın sakinlərinə avtomobillərlə giriş-çıxışların və avtomobillərinin saxlamalarına maneçiliyin törədilməsi və lift-kart sisteminin quraşdırılması "xxxx" MTK-ya qadağan edilməlidir. İddianın "müqavilə bağlanmadan ümumi əmlakın saxlanması və kommunal xidmətlərə görə haqqın yığılmasının qanunsuz hesab edilməsi" hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin "b" yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməli, lakin çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair müqavilə bağlanarkən mənzil qanunvericiliyində öz əksini tapan müddəalar nəzərə alınmalıdır. Məhkəmə iddianın "xxxx" MTK-dan İddiaçı6 xeyrinə 2728 AZN məbləğində; X2 xeyrinə 1818.4 AZN məbləğində; İddiaçı3 Nəsrulla oğlunun xeyrinə 2232 AZN məbləğində; İddiaçı5 xeyrinə 342 AZN məbləğində; İddiaçı4 xeyrinə 1420 AZN məbləğində pulun tutulması" hissəsi ilə bağlı qeyd edir ki, tərəflər müqavilə münasibətlərinə girmədiklərindən hazırki mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən həll edilməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu iddiaçılar tərəfindən ödənilmiş pul vəsaiti hesabına cavabdehin qanunusz olaraq varlanması öz təsdiqini tapmadığından müəyyən olunmur. Belə ki, yaşayış binasının birgə idarə edilməsi, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək ehtiyacı çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid birgə xərclərdə (cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları) iştirak etmək zərurətini yaradır. Məhkəmə qarşılıqlı iddia ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının iddianın əsası kimi istinad etdiyi "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncaq iclasının 09 avqust 2018-ci il tarixli, 03 nömrəli protokolun "xxxx" MTKnın möhürü ilə təsdiq olunmuş surətindən görünür ki, həmin iclasda "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərindən istifadələrində olan mənzillər üçün 09 avqust 2018-ci il tarixdən 6-cı mərtəbəyə qədər 1 kv.m. üçün 0,50 manat, 6-cı mərtəbədən yuxarıda yaşayan sakinlərdən 1 kv.m. üçün 0,60 manat məbləğində pulun yığılması qərara alınmışdır. Mülki Məcəllənin 111.2-ci maddəsinə əsasən, kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericiliyə əsasən, kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Məhkəmə qeyd edir ki, ümumi yığıncağın səlahiyyətli olub-olmamasının müəyyən edilməsi üçün "xxxx" MTK-ya ümumi yığıncağının sözügedən protokolunun tərtibatı ilə əlaqədar yığılan sənədlərin təqdim edilməsinə zərurət yaransa da, həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Bundan başqa iş materiallarında tərəflər arasında bağlanmış yalnız "Kooperativ Mənzil Tikinti Haqqında" müxtəlif tarixli müqavilələrin surətləri mövcuddur ki, həmin müqavilə mübahisə predmeti olan mənzilin ilk iddia tələbi üzrə iddiaçıların mülkiyyətinə verilməsi ilə bağlıdır. Həmin müqavilədə kommunal xidmətlərə görə ödəniləcək məbləğlər barədə hər hansı müddəa qeyd edilməmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından isə görünür ki, mənzil tikinti kooperativi üzvlərinin kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən həyata keçirilir. Bunun üçün isə payçıların (mənzil mülkiyyətçilərinin) yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. 09 avqust 2018-ci il tarixli ümumi yığıncağın protokolundan görünür ki, qərar 40 nəfər tərəfindən imzalanmışdır. Məhkəmə tərəfindən isə MTK-nın payçılarının sayı müəyyən edilmir. İlk iddia tələbi üzrə iddiaçılar ilə MTK arasında kommunal xidmətlərin ödənilməsini tənzimləyən hər hansı müqavilə də yoxdur. Belə olan halda səlahiyyətli olub-olmaması müəyyən edilməyən protokollara əsasən müəyyən edilən məbləğlərə əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur İş materiallarından görünür ki: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5313/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ''Bəm-Bəyaz" MTK-nın X4 qarşı “kommunal xidmət haqları üzrə borc” tələbinə dair ilk, iddiaçı X3 cavabdeh ''Bəm-Bəyaz" MTK-ya qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə ilkin və qarşılıqlı iddiaların təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2894/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı7 apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı7 qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair ilkin iddiasının təmin edilməməsi qət edilmişdir. Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2, 135.2.3 və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün -mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayətlərində göstərilən dəlilləri qətnamənin və əlavə qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Belə ki, apellyasiya şikayətlərinin obyektini qətnamənin və əlavə qətnamənin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, qarşılıqlı iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddia tələbinin qanuni əsası kimi Mənzil Məcəlləsinin 122.3, 135.1, 135.2, 135.2.3, 135.2.4, 137.6, 137.10, 140.1, 142.1-ci maddələri nəzərdən keçirilə bilər. Ancaq faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Hazırki işdə faktiki hallar qeyd olunan maddi hüquq normalarının şərtləri ilə uzlaşmır, eyni zamanda qarşılıqlı iddia üzrə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə qarşılıqlı iddianın əsaslılığı da aradan qalxır. İkincisi, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, mənzil tikinti kooperativi üzvlərinin kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən həyata keçirilir. Bunun üçün isə payçıların (mənzil mülkiyyətçilərinin) yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. 09 avqust 2018-ci il tarixli ümumi yığıncağın protokolunda isə qərarın 40 nəfər tərəfindən imzalandığı görünür. Mənzil mülkiyyətçiləri ilə MTK arasında kommunal xidmətlərin ödənilməsini tənzimləyən hər hansı müqavilə də yoxdur. Belə olan halda səlahiyyətli olub-olmaması müəyyən edilməyən protokola görə müəyyən edilən məbləğlərə əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün əsaslar ola bilməzdi ki, məhkəmə də haqlı olaraq qarşılıqlı iddianı təmin etməmişdir. Əksinə həm iş materiallarından, həm də ilkin iddiaçıların apellyasiya baxışı zamanı verdikləri izahatlardan bəlli oldu ki, onlar kommunal xidmət haqqı kimi MTK-ya mənzilin sahəsindən artıq məbləğdə kommunal haqq ödəmişlər. Düzdür, ilkin iddia üzrə MTK-ya qarşı həmin məbləğin geri qaytarılması barədə iddiaları təmin edilməsə də, qətnamənin həmin hissəsindən şikayət verilmədiyi üçün qeyd olunan hissə üzrə qətnamə yoxlanılmır. Bununla yanaşı, ilk iddiaçılar artıq MTK-nın onlardan kommunal xidmət haqqı tələb etmək üçün heç bir subyektiv hüquqa malik olmadıqlarını da bəyan etdilər. Çünki, artıq özlərinin binanın idarə edilməsi üçün idarəedici təşkilat yaratdıqlarını söylədilər. MTKnın nümayəndəsi və vəkili tərəfindən bu fakt təkzib edilmədi. Bu halın özü də qarşılıqlı iddianın əsassızlığına dəlalət edir. Üçüncüsü, tərəflər arasında kommunal xidmətlərə dair müqavilənin bağlanmaması da qarşılıqlı iddianın əsassızlığına dəlalət edir. Çünki, MTK mənzil mülkiyyətçiləri ilə müqavilə bağlamaq istəyinə yaxud buna cəhd etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya baxışı zamanı da MTK-nın nümayəndəsi və vəkili hansı səbəbdən mənzil mülkiyyətçiləri ilə müqavilə bağlamaq istəmədiyini də kifayət qədər aydın şəkildə məhkəmənin diqqətinə çatdırmaq istəmədi. Müqavilə bağlamaq MTK-nın yaxud hansısa idarəedici təşkilatın istəyinə uyğun deyil, Mənzil Məcəlləsinin imperativ tələblərinə əsasən bağlanmalı idi. Buna görə də qarşılıqlı iddianın rədd edilməsini bu əsas da zəruri etmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər mübahisələndirdiy hissələrdə qətnamənin və əlavə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamələr mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi və 2(006)-1146/2021 saylı, 26 iyul 2021-ci il tarixli əlavə qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar