Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-972/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)-3455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Dövlət Neft Şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətiin Baş Ofisində Sağlamlı və Əməyin Təhlükəsizliyi İdarəsinin sağlam iş şəraitinin təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 30 dekabr 2021-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilməsinə, SOCAR və Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X5 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsinə dair göstəriş verilmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdənçıxma müavinətdən qanunsuz olaraq vergi tutulduğunu bildirir və tutulmuş bu məbləğin ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hesablanmış orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətdən gəlir vergisi qismində əsassız olaraq çıxılmış 3103,06 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. SOCAR ilə Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X5 tələbinə uyğun olaraq İddiaçı orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdənçıxma müavinəti ödənilmişdir. Lakin, müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. İddiaçı dəfələrlə cavabdeh təşkilata müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müxtəlif bəhanələrlə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002)-3455/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən İddiaçı xeyrinə 3103,06 (üç min yüz üç manat altı qəpik) manat tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" ARDNŞ ilə Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi bağlanmışdır. Bu saziş Əmək Məcəlləsinin 3.7-ci bəndində nəzərdə tutulmuş işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. Həmin sazişə əsasən işçiyə pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən çıxdığı halda müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi zamanı verginin işçidən tutulması heç bir halda tərəflər arasında bağlanmış kollektiv sazişin məqsədinə uyğun gəlmir. Belə ki, qeyd edilən kollektiv saziş işçi üçün əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri nəzərdə tutur. Eyni zamanda Əmək Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə də həmin qanunvericilikdə işçilərin hüquq və təminatlarının minimum səviyyəsi müəyyən olunmuş, başqa sözlə, işəgötürən tərəfindən öz təşəbbüsü ilə işçilər üçün daha geniş təminatlar müəyyən oluna bilər. Belə olan halda, yəni işəgötürənin öz təşəbbüsü ilə işçilər üçün əlavə təminatlar verildikdə bununla bağlı ortaya çıxa biləcək vergi və ya sair maliyyə yükünün işçinin üzərinə qoyulması həm əmək qanunvericiliyinin, həm də hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Hazırkı işin halları baxımından işçiyə ödənilmiş müavinətdən verginin tutulması üçün əsasların həqiqiətən olduğu halda isə, bu işçidən yox, həmin sazişi bağlamış əmək müqaviləsinin güclü tərəfi olan və həmin maliyyə və vergi yükü ilə bağlı riskləri görən işəgötürəndən tutula bilər. Nəzərə alınmalıdır ki, sazişi bağlamaq işəgötürənin hüququdur. Məhkəmə cavabdehin iddiaya etirazında iddia müddətinin ötürülməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti şamil olunmur. Çünki, iddiaçı cavabdeh qurumla əmək münasibətində olmuş olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilən qeyd olunan müavinət artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçilərin hüquqlarının hər cür pozuntularını aradan qaldırılması ilə bağlı tələblərə isə iddia müddəti tətbiq edilə bilməz, bu cür tələb həm də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsinin maddi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.7, 7.1,7.3, 12-ci maddələri və Mülki Məcəllənin 384.0.4-cü maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcələsində işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi, bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur, lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməyib. Buna baxmayaraq SOCAR-da işləyən şəxslərin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, yuxarıda qeyd edilən X5 tələblərinə uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilərkən ona qeyd edilən Sazişin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ödənilərkən işəgötürən tərəfindən qanunvericiliyin və tərəflər arasında imzalanmış qeyd edilən razılaşmanın tələblərinə uyğun olaraq işçinin gəlir vergisi tutulmuş və ödənişlər aidiyyəti üzrə aparılmışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləği SOCAR öz hesabında deyil, dövlət bücəsinə köçürmüşdür. Buna səbəb isə Azərbaycan Respublikası Vergi qanunvericiliyin tələbidir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə görə hüquqi səxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləgvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə isçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcələsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. Lakin bu iş üzrə ödənilmiş müavinətin vergidən azad olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bununla yanaşı iddiaçı qanunvericiliklə bu mübahisələrlə bağlı müəyyən edilmiş iddia müddətini ötürüb. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilməsindən söhbət gedə bilməz. Bundan başqa hazırkı mübahisə çərçivəsində Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya ödənilmiş məbləğ onun muzdlu işdən gəlirinə aiddir və məlumdur ki, həm Konstitusiyaya, həm də Vergi Məcəlləsinə əsasən hər bir şəxs əldə etdiyi gəlirindən müvafiq vergiləri dövlət büdcəsinə ödəməlidir. Burada işəgötürən qismində çıxış edən Dövlət Neft Şirkəti həm də vergi agenti hesab olunur və qanunla müəyyən edilmiş vəzifəsinə uyğun olaraq iddiaçıya ödədiyi vəsaitdən Vergi Məcəlləsinin 101-ci maddəsində qeyd edilən faizləri tətbiq etməklə gəlir vergisini tutub büdcəyə ödənilməsini təmin etmişdir. Qeyd olunanlardan göründüyü kimi Dövlət Neft Şirkəti ilə iddiaçı arasında vergitutma ilə bağlı bütün münasibətlər yalnız qanunla, yəni Vergi Məcəlləsi ilə tənzimlənir, həmçinin tətbiq edilən güzəştlər də yalnız həmin Məcəllədə əks olunur. Vergi Məcəlləsindən kənar heç bir işəgötürən və işçi arasında bağlanmış müqavilə, işəgötürənin hər hansı bir qərarı və tərəflərin qarşılıqlı razılaşması əsasında ödənilən vəsaitdən verginin tutulub tutulmaması, yəni vergi azadolması və güzəşti nəzərdə tutula bilməz. Bununla yanaşı anoloji qərarlarda məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Qeyd olunan qətnamələrin işə baxan məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən onlara hər hansı bir münasibət bildirilməmişdir. Eyni zamanda iddiaçının əmək müqaviləsinə xitam verilərkən onunla işəgötürən arasında xx.xx.2021-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmanın 2.1-ci bəndində iddiaçıya hesablanmış vəsaitdən gəlir vergisi tutulduqdan sonra qalan məbləğin ödənilməli olması öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, sözügedən razılaşma iddiaçı tərəfindən imzalanmış və 1 nüsxəsi götürülmüşdür. Qeyd olunan razılaşmanın surəti cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən qeyd olunan sübuta qiymət verilməmişdir. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixində işdən azad olunmasına baxmayaraq müvafiq iddia tələbi ilə məhkəməyə 1 illik müddət keçdikdən sonra, başqa sözlə desək iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-972/2024 saylı qərardadı ilə mülki işin icraatı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmışdır. İş üzrə icraatın dayandırılmasına olan zərurət aradan qalxdığından Bakı Apellyasiya Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(103)-972/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və mülki işə baxılması üçün təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Xurşudov Zamiq Fərman oğlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 15 aprel 2024-cü il tarixli qərarı Əmək Məcəlləsi: 3.7-ci bəndinə görə, kollektiv saziş- müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır. 7.1-ci maddəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7.3-cü maddəsinə görə, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. 12-ci maddəsinə əsasən kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxildir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. 77-ci maddədə əmək müqaviləsinə başqa əsaslarla (Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işçilərə müavinətlərin ödənilməsi nəzərdə tutulmuşdur. Vergi Məcəlləsi: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Mülki Prosessual Məcəllə: 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Dövlət Neft Şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3 cü hissəsinə əsasən, yaşa görə əmək pensiyasına çıxdığına görə ləğv edilib, ona orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin ödənildiyi qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı arasında bağlanmış 27 sentyabr 2011-ci il tarixli 870 nömrəli əmək müqaviləndən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətiin Baş Ofisində Sağlamlı və Əməyin Təhlükəsizliyi İdarəsinin sağlam iş şəraitinin təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi tərəflərin razılığı ilə 27 sentyabr 2011-ci il tarixdən 1 il müddətinə 27 sentryabr 2012-ci il tarixinədək bağlanmışdır. Əmək haqqı 1170 manat təşkil edir. İş materiallarından görünür ki, 30 dekabr 2021-ci il tarixli SOCAR**********00070020B00356 nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilməsinə, SOCAR və Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X5 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsinə dair göstəriş verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İddiaçı arasında 30 dekabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair müqavilənin 2.1-ci bəndində qeyd olunur ki, işəgötürən bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçi orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10332,23 manat işdənçıxma müavinəti hesablamağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunverciliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. İş materiallarında olan haqq-hesab vərəqəsinin məzmunundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində müavinət 14512,25 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin 3873,49 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 18 avqust 2023-cü il tarixdə verilmiş cavab məktubunda İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin 14512.25 manat, bu müavinətdən tutulmuş gəlir vergisinin məbləğinin 3378,06 manat olduğu qeyd olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər həlli üçün mediatora müraciət etmiş və 50 manat məbləğində mediator xərci ödəmişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətiin Baş Ofisində Sağlamlı və Əməyin Təhlükəsizliyi İdarəsinin sağlam iş şəraitinin təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, 30 dekabr 2021-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilməsinə, SOCAR və Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün X5 tələblərinə uyğun olaraq işçinin orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinətinin ödənilməsinə dair göstəriş verilmişdir. Hazırda İddiaçı işdənçıxma müavinətdən qanunsuz olaraq vergi tutulduğunu bildirir və tutulmuş bu məbləğin ona ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməsi işin mübahisəsiz hallarıdır. Əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar işəgötürən tərəfindən işçiyə müavinətlərin, eləcə də işdənçıxarma müavinətlərinin ödənilməsi isə işçilər üçün təminatlardan biridir. Belə ki, işdənçıxarma müavinətinin hansı hallarda və miqdarda ödənilməsi isə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənmiş və Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə başqa əsaslarla (Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işçilərə müavinətlərin ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilmiş müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işçinin iradəsindən və təqsirindən asılı olmadığına görə, həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işçiyə bir sıra təminatlar verilməklə yanaşı, ona işdənçıxarma müavinətinin ödənilməsi də işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, bu da işçinin işini itirməsi və daimi gəlirdən məhrum olması ilə əlaqədar yaranan mənfi nəticələri yüngülləşdirmək, habelə yeni iş axtardığı müddət ərzində ona maddi dəstək vermək məqsədi daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz. Belə ki, istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə: Əmək Məcəlləsinin 77-ci maddəsi ilə işçiyə verilən təminatlar sırasında işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi halda işəgötürən tərəfindən ona işdənçıxarma və ya hər hansı digər müavinətin ödənilməsi ilə bağlı işəgötürənin öhdəliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz.O da qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Müraciətdə qaldırılan məsələ də məhz işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən könüllü olaraq ödənilmiş kompensasiyanın Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi üzrə gəlir vergisindən azad edilmiş ödənişlər kateqoriyasına aid olub-olmaması ilə bağlıdır. Əmək münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir.Həmin normaya görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə, məhz Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin, həmçinin həmin maddənin 7-ci hissəsi ilə müəyyən edilən işçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Belə ki, əvvəldə də göstərildiyi kimi, bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması, eləcə də ölümü səbəbindən ailəsinin üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bu ödəmələrin gəlir vergisindən azad edilən ödənişlər kateqoriyasına aid edilməsi dövlətin vətəndaşların layiqli həyat səviyyəsinin qayğısına qalması və sosial müdafiəsinin təmin edilməsi ilə bağlı vəzifəsinin icrasına yönəlmişdir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir.Beləliklə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə fiziki şəxslərin gəlir vergisindən azad edilmiş gəlirlərinə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə), “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və 74-cü maddəsinin birinci hissəsinin “e” (işçi vəfat etdikdə) bəndləri ilə xitam verilən hallarda işəgötürən tərəfindən işçiyə ödənilən müavinətlər aid edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 15 aprel 2024-cü il tarixli qərarına istinad etməklə, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsinin onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilməsini və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə almaqla hesab edir ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış etdiyindən, həmçinin işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilmədiyindən hazırda iddiaçıya ödənilən məbləğ Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə aid olmamışdır. Başqa sözlə, əmək münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir. Göründüyü kimi, istinad edilənlərə əsasən iddiaçıya ödənilmiş vəsaitin işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə aid olması və həmin ödəmə Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad olması müəyyən edilmədiyindən, həmin vəsaitdən ödənilmiş gəlir vergisinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan iddia müddətinin tətbiqindən imtina edilməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dövlət Neft Şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Dövlət Neft Şirkəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(002) 3455/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “İddiaçı hesablanmış orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətdən gəlir vergisi qismində əsassız olaraq çıxılmış 3103,06 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov