Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9724/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(003)-926/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dönuzkökəltmə (Südçülük) sovxozunda yerləşən 3 otaqlı evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 30.12.2007-ci il tarixli, 1090 saylı sərəncamı ilə keçmiş Donuzkökəltmə sovxozunun 19.08.1991-ci il tarixli 108 saylı əmrinə əsasən sovxozun ərazisində yerləşən 0,02 ha torpaq sahəsində onun tərəfindən tikilimiş fərdi yaşayış evinin rəsmiləşdirilməsinə və istismara qəbul edilməsinə icazə verilmişdir. Ev kommunal xidmətlərlə təchiz edilmiş və orada yaşamağa başlamışdır. 2017-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2019-cu il tarixdə azadlığa çıxmışdır. Cavabdehlər onun uzaq qohumlarıdır. Cavabdehlərin başqa yaşayış yerləri olmadığından o, cəzaçəkdiyi müddətdə onun evində yaşamalarına icazə vermişdir. Azadlığa çıxdıqdan sonra onlara evini tərk etmələrini bildirsə də, onlar gedəcək yerləri olmamaqla maddi imkanları aşağı olduğundan evindən çıxmaqdan imtina etmişlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(003)-926/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı həmin torpaq sahəsinin yalnız 0,02 ha hissəsini aldığından onun adının 0,08 ha torpaq sahəsi ayrılan şəxslərin siyahısında olmaması normaldır. Hətta həmin torpaq sahəsi iddiaçıya ayrılmasa da, torpaq sahəsi üzərində fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi mübahisəsizdir. Belə ki, yuxarıda istinad olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 30.12.2007-ci il tarixli, 1090 saylı sərəncamından da müəyyən olunur ki, həmin sərəncamın qəbulu zamanı sözügedən torpaq sahəsində iddiaçı tərəfindən inşası başa çatmış fərdi yaşayış evi artıq mövcud olmuşdur. Sərəncamda xüsusi olaraq göstərilir ki: 0,02 ha torpaq sahəsində inşası başa çatmış fərdi yaşayış evinin iddiaçı tərəfindən rəsmiləşdirilməsinə və istismara qəbul edilməsinə icazə verilmişdir. Əgər həqiqətən də cavabdehlərin iddia etdiyi kimi ev onlar tərəfindən inşa edilmişdirsə, niyə sərəncamın onların ikisindən birinin adına deyil, məhz iddiaçının adına verilməsi ilə bağlı suala cavabdehin nümayəndəsi və vəkili qeyri-müəyyən cavab verərək, guya həmin vaxt onların şəxsiyyət vəsiqələrində hansısa problem olduğunu qeyd etmişdir. Cavabdehlərin 2017-ci il tarixdən indiyədək həmin torpaq sahəsini və mübahisəli evi öz adlarına rəsmiləşdirməyə çalışmaması, bununla bağlı hər hansı cəhd etməməsi, kommunal xidmətlərin hamısının iddiaçının adına olması-cavabdehlərin mübahisəli torpaq sahəsi və evə dair hər hansı bir sənədinin olmaması iddianın əsaslı olduğunu təstiq edir. Bundan başqa, cavabdehlərin iddiaçının keçmiş həyat yoldaşının qohumları olması, mübahisəli evin eyni ev olması proses iştirakçıları tərəfindən mübahisələndirilməmiş, əksinə mübahisəli evin eyni ev olmasını təstiqləmişdir. Cavabdehlər tərəfindən məhkəmədə şahid qismində dindirilmiş şəxslərin iddiaçını həmin evdə görmədiyini bildirməsi, həmin evin iddiaçıya məxsus olmadığına dəlalət edə bilməz. Şahidlər evin tikilməsi ilə bağlı detallara isə heç nəyi xatırlamadıqlarını bildirərək, ümumi cavablar vermişlər. Həmin şahidlər cavabdehlərin həmkəndlisi olduğundan və ifadələri qeyri-müəyyən olduğundan işin hallarının qiymətləndirilməsi zamanı obyektiv sübut sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməklə, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X6 apellyasiya qəbul etmədi, şikayətin təmin edilməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehlərdən Ramin iddiaçının keçmiş həyat yoldaşının qardaşı olmuşdur. Onun qeydiyyatı Naxçıvanda olduğu üçün, torpağı iddiaçının adına rəsmiləşdirmişlər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq, məhkəmə iclasında iştirakının təmin edilməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinindən götürülmüş Abşeron rayon Donuzkökəltmə sovxozunun 19.08.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən, Abşeron rayon İcraiyyə Komitəsinin 26.03.1991-ci il tarixli, 47 saylı qərarına və sovxozun həmkarlarının 16.08.1991-ci il tarixli, 7 saylı protokoluna əsasən işçi İddiaçı şəxsi tikinti üçün, 0,02 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinindən götürülmüş Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 23.10.2007-ci il tarixli, 654-A saylı rəyinin surətindən görünür ki, keçmiş Donuzkökəltmə sovxozunun 19.08.1991-ci il tarixli, 108 saylı əmri, eskiz layihəsinə əsasən İddiaçı məxsus torpaq üzərində inşa etdirdiyi yaşayış evinin rəsmiləşdirilməsinə və istismarına qəbul edilməsini xahiş etmiş və tərəflərindən Donuzkökəltmə sovxozu ərazisində inşa edilmiş tikiliyə baxış keçirilmişdir. Təqdim edilmiş sənədlərə və inşa edilmiş qeyri-yaşayış binasına baxış rəyinə əsasən İddiaçı məxsus ümumi sahəsi 0,02 ha olan fərdi yaşayış evinin rəsmiləşdirilməsinə və istismara qəbul edilməsinə etiraz edilməmiş, bu barədə sərəncam verilməsi təklif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinindən götürülmüş Abşeron rayon İcra Hakimiyyəti Başçının 30.12.2007-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncam İddiaçı keçmiş Donuzkökəltmə Sovxozunun 19.08.1991-ci il tarixli, 108 saylı əmri ilə keçmiş Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,02 ha torpaq sahəsində inşası başa çatmış fərdi yaşayış evinin rəsmiləşdirilməsi və istismara qəbul edilməsi haqqında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxiv İdarəsinin 17.05.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19.08.1991-ci il tarixli, 108 saylı əmri ilə vətəndaşlara 0,08 ha torpaq sahəsi ayrılmıdşır. Həmin əmrlə torpaq sahəsi ayrılmış şəxslər siyahısında İddiaçı adı aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxiv İdarəsinin 25.05.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19.08.1991-ci il tarixli, 108 saylı əmri ilə vətəndaşlara 0,08 ha torpaq sahəsi ayrılmıdşır. Həmin əmrlə torpaq sahəsi ayrılmış şəxslər siyahısında İddiaçı adı aşkar edilməmişdir. Lakin Abşeron rayon İHB-nın 30.12.2007-ci il tarixli, 1090 saylı sərəncamı ilə vətəndaş İddiaçı məxsus torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin rəsmiləşdirilməsi barədə sərəncam və 23.10.2007-ci il tarixli, 645-A saylı istismara qəbul edilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, o, cavabdehlərin qonşuluğunda yaşayır. Onları 2008-ci il tarixdən orada görmüşdür. Surxayı isə ümumiyyətlə tanımır. Cavabdehləri iki qızları bir oğulları vardır məktəbə gedirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, o, ustadır. 2006-2007-ci illərdə o, Ramil tərəfindən evin tikilməsinə cəlb edilmişdir. Ev iki mərtəbədən ibarətdir. Evin tikintisində 2 ay müddətində iştirak etmişdir. Evin tikilməsinə dair məsrəflər Ramil tərəfindən qarşılanmışdır. Surxayı tanıyır. Belə ki, onun Gənclikdə yerləşən evində təmir-tikinti işlərində iştirak etmişdir. Surxay mübahisə edilən evdə yaşamamışdır. Ev tikilən zaman Ramil öz ailəsi ilə birlikdə qonşuluqda kirayədə yaşamışdır. Həmin vaxt onların iki qızları var idi. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, qanuni sahibliyində (mülkiyyətində) olduğunu iddia etdiyi torpaq sahəsinə üzərində onun tərəfindən inşa edilmiş evə bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin, eləcə də çıxarılma tələb etdiyi evə hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Beləki işin araşdırılmış halları ilə iddiaçıya sözügedən torpaq sahəsinin ayrılması barədə hər hansı hüquq müəyyən edici sənəd mövcud olmamaqla yanaşı, onun tərəfindən tikilməsi iddia edilən evində istismara qəbul edilməsi barədə İcra hakimiyyətinin sərəncamı olmasına baxmayaraq, həmin evin məhz cavabdehlərin faktiki istifadəsində olan ev olması işin halları ilə təsdiqini tapmır. Əksinə həmin cavabdeh tərəfin şahidləri tərəfindən verilmiş ifadələrdə də, həmin evin cavabdehlərdən Ramil tərəfindən tikilməsi və uzun müddətdir orada yaşaması müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, sözügedən torpaq sahəsi və iddianın predmeti olan evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, hətta evin üzərində inşa edildiyi torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, apellyasiya mərhələsində də, cavabdehin nümayəndəsi və vəkili mübahisələndirilən torpaq sahəsinin cavabdeh Ramilin qeydiyyatı Naxçıvan MR-da olduğu üçün, keçmiş qohumu olan iddiaçının adına alındığını qeyd etmişdir. Beləliklə, iddiaçının mübahisələndirdiyi evin yerləşdiyi torpaq sahəsi ilə cavabdehlərin yaşadığı evin yerləşdiyi torpaq sahəsinin eyni olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəf torpaq sahəsinin Ramil tərəfindən tanımadıqları şəxsdən aldıqlarını bildirməklə, bu barədə məhkəməyə mötəbər heç bir sübut təqdim etməmişlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, iddiaçının adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin aylırması barədə Abşeron rayon Donuzkökəltmə sovxozunun 19.08.1991-ci il tarixli, 108 saylı əmri Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxiv İdarəsində mövcuddur. Kollegiya qeyd edir ki, iddiaçı həmin torpaq sahəsinin yalnız 0,02 ha hissəsini aldığından, onun adının 0,08 ha torpaq sahəsi ayrılan şəxslərin siyahısında olmaması, həmin əmrin mövcud olmaması kimi qəbul edilə bilməz. Buna görədə, kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış, bunun əksini cavabdeh tərəf sübut etməmiş, ümumiyyətlə cavabdeh tərəf özünün həmin torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu ilə bağlı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı halda, iddia tələbinin qanuni əsasını MM-nin 157.2-ci maddəsi təşkil edir. Belə ki, iddiaçı cavabdehlərin qanunsuz sahibilyindən öz əmlakını geri tələb edir. Evlə bağlı qeyd olunmalıdır ki, Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 23.10.2007-ci il tarixli, 654-A saylı rəyinə əsasən keçmiş Donuzkökəltmə sovxozunun 19.08.1991ci il tarixli, 108 saylı əmri, eskiz layihəsinə əsasən İddiaçı məxsus torpaq üzərində inşa etdirdiyi yaşayış evinin rəsmiləşdirilməsinə və istismarına qəbul edilməsini xahiş etmiş və tərəflərindən Donuzkökəltmə sovxozu ərazisində inşa edilmiş tikiliyə baxış keçirilmişdir. Təqdim edilmiş sənədlərə və inşa edilmiş qeyri-yaşayış binasına baxış rəyinə əsasən İddiaçı məxsus ümumi sahəsi 0.02 ha olan fərdi yaşayış evinin rəsmiləşdirilməsinə və istismara qəbul edilməsinə etiraz edilməmiş, bu barədə sərəncam verilməsi təklif edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçının 30.12.2007-ci il tarixli sərəncamına əsasən İddiaçı keçmiş Donuzkökəltmə Sovxozunun 19.08.1991-ci il tarixli, 108 saylı əmri ilə keçmiş Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,02 ha torpaq sahəsində inşası başa çatmış fərdi yaşayış evinin rəsmiləşdirilməsi və istismara qəbul edilməsi haqqında verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Göründüyü kimi, iddiaçı ona ayrılmış torpaq sahəsində tikdiyi evin rəsmiləşdirilməsinə və istismarına qəbul edilməsini xahiş etmiş, tikili özbaşına tikili olmamaqla, bu barədə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi 23.10.2007-ci il tarixli, 654-A saylı rəy vermiş, Abşeron rayon İcra Hakimiyyəti Başçısı 0,02 ha torpaq sahəsində inşası başa çatmış fərdi yaşayış evinin İddiaçı adına rəsmiləşdirilməsi və istismara qəbul edilməsi haqqında 30.12.2007-ci il tarixli sərəncam vermişdir. Digər tərəfdən işdə olan sənədlərlə müəyyən olunur ki, cavabdehlər Naxçıvan MR, Şərur rayonu, Xanlıqlır kəndində qeydiyyatda olmaqla, mübahisəli evin kommunal xidmətləri iddiaçının adınadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya cavabdehlər tərəfindən təqdim olunmuş, məhkəmədə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, qonşuluqda yaşayan şahid X1 iddiaçını həmin evdə görmədiyini bildirməsi, həmin evin iddiaçıya məxsus olmamasının sübutu kimi qəbul edilə bilməz. Digər şahid X3 cavabdehlərin qeydiyyatda olduğu Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla, tikilinin cavabdeh Ramin tərəfindən tikilməsi ilə bağlı verdiyi ifadə cavabdehlərin mənafeyinə uyğun olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, cavabdeh tərəf evin onlar tərəfindən tikilməsini təsdiq edə biləcək şahid qismində qonşuluqda yaşayan şəxsləri birinci instansiya məhkəməsinə dəvət etməmişlər. Kollegiya hesab edir ki, evin iddiaçıya məxsus olması tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün, təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(003)- 926/2021 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dönuzkökəltmə (Südçülük) sovxozunda yerləşən 3 otaqlı evdən çıxarılsınlar. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9724/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9724/2021
24.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver