Məhkəmə qərarları › İş №2(103)-9726/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9726/2021

29.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9726/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh1 Əliəkbər oğlunun iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3380/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh1 Əliəkbər oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Babayeva (Hacıyeva) İlhamə Bəylər qızına və Cavabdeh6 qarşı istifadə hüququna xitam verilməsi, evdən çıxarılma, əmlak və ya dəyərinin alınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə vəsatətlə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan ünvan 1 ünvanda olan evin üzərinə həbs qoyulması, mülkin dağıdılması, yararsız hala salınması, sökülməsi və sair hərəkətlərin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, əmlaklarının satılmasının, dağıdılmasının, yararsız edilməsinin, məhv edilməsinin cavabdehlərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3380/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən 52 saylı evin üzərinə həbs qoyulması, həmin daşınmaz əmlakın sökülməsi, yararsız hala salınması iş üzrə cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, mübahisə predmetinə daxil olan əmlakların: mebel dəstinin ( 1 ədəd taxt, 2 ədəd kreslo, 1 ədəd termo, 1 ədəd divan, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd divar mebeli, 1 ədəd kamot), yataq dəstlərin ( 4 ədəd yorğan, 2 ədəd döşək, 6 ədəd balınc, 6 dəst yataq mələfələri, 10 dəst yorğan-döşk üzləri, 10 dəst balınc üzləri), 4 dəst pərdələrin, 6 ədəd çılçırağın, mətbəxt əşyaların, 1 ədəd “Nord” markalı soyuducunun, 1 ədəd “samsung” markalı televizorun, 1 ədəd “Foton” markalı televizorun, 1 ədəd “Orski” markalı soyuducunun, 4 ədəd (2x3) xalçaların, 3 ədəd (3x4) xalçaların, 2 ədəd (2.5x4) palazların, 1 ədəd “Samsung” markalı paltaryuyan maşının, təsərrüfat əşyaların (siyahıya alınmaqla) satılması və yararsız hala salınmasının cavabdehlərə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh1 Əliəkbər oğlu tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, qərardadının ləğv edilməsi və iddianın təmin tədbirinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3380/2021 saylı 17 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli 2(003)-3380/2021 saylı qərardadından Cavabdeh1 Əliəkbər oğlunun verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Əliəkbər oğlu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3380/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş seriya FM 026280 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən 52 saylı ev İddiaçı adınadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizə təmin edilməklə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən 52 saylı evin üzərinə həbs qoyulmalı, həmin daşınmaz əmlakın sökülməsi, yararsız hala salınması iş üzrə cavabdehlərə və digər şəxslərə qadağan edilməli, mübahisə predmetinə daxil olan əmlakların (siyahıya alınmaqla) satılması və yararsız hala salınması cavabdehlərə qadağan olunmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3380/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 Əliəkbər oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3380/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar