Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9728/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə (maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2746/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş ərizə üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, onun 1991-ci ilin oktyabr ayında polis nəfəri kimi Goranboy rayonunun Todan kəndində ezamiyyətdə olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(007)- 2746/2021 nömrəli qərardadı ilə Ərizəçi 1991-ci ilin oktyabr ayında polis nəfəri kimi Goranboy rayonunun Todan kəndində ezamiyyətdə olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi ilə bağlı mülki iş üzrə hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmışdır. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(007)-2746/2021 nömrəli qərardadının ləğv edilərək, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Həmin ərizəni qeyd olunan qərardaddan verilən şikayət kimi qiymətləndirən birinci instansiya məhkəməsi 27 avqust 2021-ci il tarixli qərardadla onu təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə apellyasiya şikayətində həmçinin şikayət verən şəxsin tələbi göstərilməlidir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Adı çəkilən Məcəllənin 398-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüquqları vardır. Beləliklə, prosessual qanunvericiliyə görə qərardaddan şikayət vermiş şəxsin tələbləri aşağıdakılardan birinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir – qərardadı tamamilə və ya qismən ləğv etməklə yeni qərardadın çıxarılması, yaxud qərardadın dəyişdirilməsi. Ərizəçi ərizəsinin məzmunundan görünür ki, Ərizəçi ərizəyə mahiyyətə üzrə baxılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin tələblərinə cavab verməyən həmin ərizəni şikayət kimi qiymətləndirərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 364-cü maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və qanunun mənasına görə, məhz müəyyən olunmuş tələblərə cavab verən şikayət həmin Məcəllənin 269.3-cü maddəsində göstərilən əsaslar olduqda apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi ərizəsi qərardadlardan verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Ərizəçi ərizəsi üzrə apellyasiya qeyrimümkün hesab edilməli və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2746/2021 saylı qərardadından verilən, şikayət kimi qiymətləndirilən ərizəsi üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9728/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9728/2021
13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver