Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-973/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 oğlunun, Cavabdeh X4 nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 QSC-nin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı Arezoo Razavi Khabirin cavabdehlər Cavabdeh1 QSC-yə və X6 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2(011)-3778/2023 nömrəli qətnaməsindən Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia edir ki, birgə nikah dövründə əldə olunmuş əmlak onun həyat yoldaşı cavabdeh X7 tərəfindən ipoteka ilə Cavabdeh1 QSC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanılarkən onun razılığı alınmadığına görə hesab edir ki, həmin ipoteka müqaviləsi etibarsız sayılmalıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Arezoo Razavi Khabirin cavabdehlər Cavabdeh1 QSC-yə və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü tarixli, 01M000001568 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Afşin Firuzmənd arasında xx.xx.2011-ci il tarixdə İran İslam Respublikasında nikah bağlanmışdır. xx.xx.2013-cü il tarixdə Firuzmənd Afşin ilə Bank arasında 01L000004827 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin təminatı olaraq xx.xx.2013-cü tarixli, 01M000001568 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan əmlak xx.xx.2011-ci il tarixdə onunla Firuzmənd Afşinin birgə vəsaiti hesabına xx.xx.2011-ci il tarixdə əldə edilmişdir. Lakin, ipoteka müqaviləsi iddiaçının hüquqlarını pozmaqla rəsmiləşdirilmişdir. İpoteka müqaviləsi bağlanan vaxt iddiaçının razılığı alınmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2(011)- 3778/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, X7 ilə Cavabdeh1 QSC arasında xx.xx.2013-cü tarixdə bağlanmış 01M000001568 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisəyə iki aspektdən yanaşılaraq hüquqi qiymət verilməlidir: birincisi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçı ilə Afşin Firuzməndin birgə əmlakı (ər-arvadın birgə əmlakı) olubolmaması; ikincisi, qeyri-yaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız olub-olmaması. Mübahisənin birinci aspekti ilə bağlı məhkəmə qeyd etmişdir ki, həm Mülki Məcəllənin 225.1, həm də Ailə Məcəlləsinin 32.2-ci maddələrində əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən edilmişdir: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur.İş materialları əsasında müəyyən edilir ki, iddiaçı ilə Afşin Firuzmənd xx.xx.2011-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində nikaha daxil olmuşlar. Mübahisəli Qeyri-yaşayış sahəsi isə onların birgə nikahda olduqları vaxt, yəni xx.xx.2011-ci il tarixdə əldə olunmaqla, Afşin Firuzməndin adına dövlət qeydiyyatına alınmışdır. Mübahisəli əmlakın onların birgə qazancları hesabına əldə edilməsini istisna edən əsaslar isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, qeyri-yaşayış sahəsi iddiaçı ilə Afşin Firuzməndin ümumi birgə əmlakıdır.Qeyri-yaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məsələyə hüquqi qiymət verilməsindən əvvəl məhkəmə hesab etmişdir ki, mübahisənin xarakteri nəzərə alınmaqla, əqdlərin etibarsızlığına dair təsnifata diqqət yetirilməsi zərurdir. Mülki Məcəllədə etibarsız əqdlərin əhəmiyyətsiz və mübahisələndirilən olmaqla iki forması fərqləndirilir. Qanunun mənasına görə əhəmiyyətsiz əqd ilk başdan belə, heç bir hüquqi nəticə yaratmayan, hüquqi baxımdan mövcud olmayan, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq öz-özlüyündə etibarsız olan əqddir. Mübahisələndirilən əqd isə mübahisələndirilənə qədər müəyyən bir hüquqi statusa (hüquqi qüvvəyə) malik olan, mübahisələndirildikdə isə əvvəldən (bağlandığı andan) etibarsız hala gətirilən əqddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadında etibarsız əqdlərin əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər olmaqla 4 növü fərqləndirlir. Qərardadda müəyyən edilən hüquqi mövqeyə görə əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur. Əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 - 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Şərh edilən hüquqi mövqedən çıxış edərək belə nəticə əldə olunur ki, iddiaçı ilə Afşin Firuzməndin ər-arvad olmaları və ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin onların birgə əmlakları olması nəzərə alınmaqla, mübahisələndirilən ipoteka müqaviləsi ümumi mənada müvafiq razılığın olmaması ilə bağlanan, daha da konkretləşdirilsə, natamam əqddir. Başqa sözlə, natamam əqd birgə olan əmlaka dair sərəncam vermək hüququna malik mülkiyyətçilərdən yalnız birinin iradəsi ilə bağlanan, digər mülkiyyətçinin (yaxud mülkiyyətçilərin) iradəsindən kənar (digər mülkiyyətçilərin xəbəri olmadan, yaxud onların etibarından sui-sitifadə etməklə və s.) bağlanan əqdlər hesab oluna bilər. Məhkəmə qeyd etmişdir ki, əqdin bağlanması zamanı iradə ifadəsi əqdi etibarlı edən ən mühüm şərtlərdən biridir. İradə ifadəsi yalnız şəxsin əqdi bağlamaq istəyindən doğduğu halda real, başqa sözlə həqiqi (etibarlı) ola bilər. Hər hansı şəxsin əqdi bağlamaq istəyi həm zahirən (görünən), həm də daxilən mövcud (arzulanan) olmalı və hər iki əlamət birbirini tamamlamalıdır. Əks halda, əqd yalnız zahirən etibarlı kimi görünəcək, daxilən isə onu bağlayan şəxsin arzsundan doğmayacaq və nəticədə etibarlı olmayacaqdır. Əqdin natamam şəkildə bağlanılması da həmin əqdə dair digər hüquq sahibinin iradəsini əks etdirmir. Bağlanmış belə əqdlər zahirən etibarlı kimi görünsə də, hüquqi baxımdan daxilən yarımçıq (natamam) olur. Baxılan mübahisə üzrə Afşin Firuzmənd tərəfindən bağlanmış ipoteka müqaviləsi də natamam əqd hesab olunmalıdır. Belə ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi onunla iddiaçının birgə əmlakı (ər-arvadın birgə əmlakı) olsa da, həmin əmlakın ipotekaya qoyulmasına dair sərəncam hüququndan yalnız bir mülkiyyətçi - Afşin Firuzmənd istifadə etmiş, iddiaçının isə mülkiyyətində olan əmlakın yüklü edilməsinə dair heç bir razılığı alınmamışdır. Yəni, qeyri-yaşayış sahəsinin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi iddiaçının iradəsindən kənar baş vermişdir. Qeyri-yaşayış sahəsi iddiaçı ilə Afşin Firuzməndin birgə əmlakıdır, həmin əmlaka dair onun mülkiyyətçilərinin payları isə ayrılmamışdır. Bu halda, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə dair müqavilənin qismən etibarsız hesab edilməsi həmin əmlaka dair istənilən hüququ həyata keçirməyi, hüquqi baxımdan qeyri-mümkün edir. Həmin qətnamədən Cavabdeh1 QSC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onun əsaslandırılmışdır ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Hazırki iş üzrə mötəbər sübutlar Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış və cavabdehin şəxsiyyət vəsiqəsidir ki, hər iki sənədlə həmin dövrdə Firuzmənd Afşinin subay olduğu və nikahının olmadığı təsdiq olunur. Məhkəmə hansı səbəbə görə İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsi tərəfindən verilmiş 2 ədəd arayışın mötəbər sübut qismində qəbul edilməsini, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatların mötəbər sübut qismində qəbul edilib qiymətləndirilməməsini qətnamədə ümumiyyətlə əsaslandırmamışdır. X14 Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsi tərəfindən verilmiş arayışda Firuzmənd Afşinin şəxsiyyət vəsiqəsi yeni nəsil şəxsiyyət vəsiqəsi kimi qeyd olunmuşdur. (AA*******) 2013-cü ildə isə yeni nəsil şəxsiyyət vəsiqələri hələ mövcud deyildi. Məhkəmənin qətnaməsində istinad etdiyi nikah şəhadətnaməsi elektron iş materiallarında mövcud deyildir. Elektron iş materiallarında yalnız İran İslam Respublikasının Konsulluq şöbəsi tərəfindən verilmiş 2 ədəd arayış mövcuddur. Halbuki MPM-nin tələblərinə görə sənədlər yalnız elektron qaydada məhkəməyə təqdim edilməli və yalnız elektron qaydada təqdim edilmiş sənədlərə istinad edilməlidir. Qətnamədə qeyd edilir ki, “məhkəmə ehtimal edir ki, qeyri-yaşayış sahəsi iddiaçı ilə Firuzmənd Afşinin birgə mülkiyyətindədir və əmlak onların birgə qazancları hesabına əldə edilmişdir. Məhkəmənin bu ehtimalı heç bir mötəbər sübutla təsdiq edilmir. Qətnamə ehtimallar üzərində qurula bilməz. Məhkəmə əmlakın hüquqi vəziyyəti ilə bağlı DƏDRX-dən müvafiq sənədləri tələb etməmiş və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini yoxlamamışdır. Həm qeydiyyat şöbəsinin, həm də arxiv idarəsinin sorğuya cavab olaraq verdiyi məlumatlardan görünür ki, belə bir nikah qeydə alınmamışdır. DƏDRX-ə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan əmlak X4 adına Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1114 nömrəli (sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaşa torpaq sahəsinin ayrılması barədə) sərəncamına, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 118 nömrəli (istehsalat sahəsinin layihələşdirilməsinə və tikintisinə razılıq barədə) sərəncamına və yerli icra hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəyə əsasən qeydiyyata alınmışdır. Bütün bunlar da onu göstərir ki, cavabdeh Firuzmənd Afşin bank qarşısında kredit öhdəliklərinin icrasından yayınmaq üçün bu oyunu qurmuşdur. Məhkəmə ipoteka müqaviləsi bağlanarkən Firuzmənd Afşinin evli olduğu qənaətinə gəlsə də onun həmin dövrdə dövlət orqanlarına və banka yalnış məlumatlar təqdim etməsini araşdırmamış və bu barədə heç bir tədbir görməmişdir. Hesab edirlər ki, cavabdeh X7 dövlət orqanlarını və bankı aldatdığından, qəsdən natamam və düzgün olmayan məlumatlar təqdim etdiyindən onun əməllərində cinayət əlamətləri vardır. Ona görə də onun barəsində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluğa göndərilməlidir. Bundan başqa iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, o artıq əqdi mübahisələndirmək üçün müddəti ötürmüş və bu hüququnu itirmişdir. Hazırki məsələdə məhkəmə tərəfindən kəsici müddət tətbiq edilərək iddia rədd edilməli idi. Lakin məhkəmə bu hissədə düzgün araşdırma aparmamışdır. Tərəflər arasında ipoteka müqaviləsinin etibarlılığı və qanuniliyi digər mülki iş üzrə artıq yoxlanılmış, həmin müqavilələrə hüquqi qiymət verilmiş və həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəsini almışdır. Lakin işə baxan Xətai Rayon Məhkəməsi təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, yalnız iddiaçının təqdim etdiyi İran İslan Respublikasının səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlara əsaslanaraq iddianı təmin etmişdir. Göründüyü kimi ciddi bir mübahisənin həllinə məhkəmə olduqca səthi yanaşmış, iddiaçı tərəfindən təqdim olunan natamam, həqiqiliyi şübhə doğuran sənədləri sübut növü kimi qiymətləndirmiş, lakin bank tərəfindən təqdim edilmiş işin həqiqi hallarını özündə əks etdirən sübutları düzgün qiymətləndirməmiş, mübahisənin düzgün həlli üçün ətraflı araşdırma aparmalı olduğu halda aparmamış və yekunda ehtimallara əsaslanan qətnamə qəbul etmişdir. Bank ilə Firuzmənd Afşin arasında ipoteka müqaviləsi bağlanarkən DƏDRX-dən əmlak üzərində hər hansı üçüncü şəxsin hüquqlarının və ya həbs və məhdudiyyətin olmaması barədə arayış təqdim edilmişdir. Həmin dövrdə və daha sonra keçən müddət ərzində əmlakın Firuzmənd Afşinin mülkiyyətində olması barədə çıxarış ilə bağlı hər hansı məhkəmə mübahisəsinin olması və ya üzərində hər hansı digər şəxslərin hüquqlarının olması barədə heç bir məlumat mövcud olmamışdır. Bununla yanaşı Bank hazırki halda vicdanlı əldə edən hesab olunur və onun pozulmuş hüquqları bərpa olunmalıdır. Mübahisəli əmlakın iddiaçı ilə cavabdehin birgə mülkiyyəti dövründə və birgə qazancları hesabına əldə edilməsi həmçinin iddiaçının iş üzrə birgə mülkiyyətçi olması halı iş materialları və iddiaçı tərəfindən təsdiq edilmiş sənədlərlə sübut olunmur. Lakin məhkəmə heç bir əsaslı dəlil olmadığı halda iddiaçı tərəfindən bu halların sübuta yetirilməsi qənatinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Ailə Məcəlləsi: 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırma aparmamış, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh Firuzmənd Afşin iddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, onların nikahı Tehran şəhərində 150 nömrəli Nikah evində 2343 nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Firuzmənd Afşinin mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər Firuzmənd Afşinlə Cavabdeh1 QSC arasında xx.xx.2013-cü il tarixində bağlanmış 01L000004827 saylı kredit xətti müqaviləsinin təminatı olaraq Bankla "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, eyni zamanda həmin tarixdə X11 arasında 01M000001568 saylı ipoteka müqaviləsi bağlanmış müqaviləyə əsasən Firuzmənd Afşinə məxsus qeyri-yaşayış sahəsi müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq, qiyməti 1 176 600 manat olmaqla, ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü xx.xx.2013-cü il tarixində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Daha sonra tərəflər arasında 3 Kredit razılaşması bağlanmış, Bank tərəfindən Firuzmənd Afşinə xx.xx.2014-cü il tarixdə bağlanmış 1-ci kredit razılaşmasına əsasən 48 ay müddətinə, illik 1,25%-lə 500 000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə bağlanmış 2-ci kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 1,9167%-lə 10 000 ABŞ dolları və xx.xx.2015-ci il tarixli Kredit Razılaşmasına əsasən 12 ay müddətinə, illik 1,1667%-lə 250000 ABŞ dolları kredit verilmişdir. Sonrakı Kredit Razılaşmalar üzrə qaytarılacaq kreditin təminatı qeyri-yaşayış sahəsi olmuşdur. Bundan başqa tərəflər arasında bir çox məhkəmə mübahisəsi olmuş, həmçinin 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1188/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi ilə borcun ümumi məbləği 844848,81 ABŞ dolları, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat, borcu qaytarılma müddəti 42 ay (xx.xx.2020-xx.xx.2023) müəyyən edilmişdir. Həmçinin, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri mübahisə predmeti ilə bağlı onun iddiasına əsasən keçirilmiş hərracı mübahisələndirmiş, iddia təmin olunmasına baxmayaraq, sonradan keçirilmiş yeni hərracın nəticələrinə əsasən sözügedən predmet Cavabdeh1 QSC-nin mülkiyyətinə keçmişdir. Göründüyü kimi, hazırda mübahisələndirilən ipoteka müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh1 QSC-dən götürülmüş kredit vəsaitinin təminatı olmuşdur. Hazırda iddiaçı tələbində ipoteka müqaviləsinin etibarsızlığını qeyd olunan əmlakın xx.xx.2011-ci il tarixdə onunla Firuzmənd Afşinin birgə vəsaiti hesabına xx.xx.2011-ci il tarixdə əldə edilməsi ilə, yəni, ipoteka müqaviləsinin onun hüquqlarını pozmaqla rəsmiləşdirilməsi, ipoteka müqaviləsi bağlanan vaxt iddiaçının razılığı alınmaması ilə əsaslandırır. Birinci instansiya məhkəməsi də qeyd olunan əsasla iddia tələbini təmin etsə də, məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməyərək səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, cavabdeh Firuzmənd Afşin iddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmaları Tehran şəhərində 150 nömrəli Nikah evində 2343 nömrə ilə qeydiyyata alınmışdır. Mübahisələndirilən ipoteka müqaviləsi isə xx.xx.2013-cü tarixdə bağlanmışdır. Lakin birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinin xx.xx.2011-ci il tarixdə əldə olunmaqla, Afşin Firuzməndin adına dövlət qeydiyyatına alınmasını, beləliklə də, iddiaçı ilə Afşin Firuzməndin ümumi birgə əmlakları olması nəticəsinə gəlsə də,mübahisəli əmlakın onların birgə qazancları hesabına əldə edilməsinin əsaslarının nədən ibarət olması qətnamədə görünmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin obyektiv həllinə nail olmaq üçün müvafiq sorğular verməmiş və mübahisəli qeyri-yaşayış sahəsinin Afşin Firuzməndin adına dövlət qeydiyyatına alınması barədə sənədlər araşdırılmamışdır. Halbuki, Daşınmaz Əmlakın dövlət Kadastrı Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi Binəqədi şossesi, 1-ci küçə, 3-cü döngə 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə X4 adına Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1114 nömrəli (sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaşa torpaq sahəsinin ayrılması barədə) sərəncamına, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 118 nömrəli (istehsalat sahəsinin layihələşdirilməsinə və tikintisinə razılıq barədə) sərəncamına və yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz layihəyə əsasən xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin öz təşəbbüsü ilə verilmiş sorğuya alınan cavabda eyni ilə öz əksini tapmışdır. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1114 nömrəli sərəncamına əsasən X4 adına qeydiyyata alınmışdır. 2002-ci ildə tikinti işləri başa çatmış və özəlləşdirməsinə razılıq verilmişdir. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.2-ci maddələrində əmlakın ərarvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən edilmişdir: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur. Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin nikah müddətində əldə olunması müəyyən edilməmişdir. Bundan əlavə, X7 Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.2013-cü tarixdə ipoteka müqaviləsi bağlanarkən onun, xx.xx.2013-cü il tarixli AZE №13027955 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi mövcud idi və həmin şəxsiyyət vəsiqəsində X4 ailə vəziyyəti “subay” olaraq qeyd edilmişdir. Göründüyü kimi, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Hazırki iş üzrə mötəbər sübutlar Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış və cavabdehin şəxsiyyət vəsiqəsidir ki, hər iki sənədlə həmin dövrdə Firuzmənd Afşinin subay olduğu və nikahda olmadığı təsdiq olunur. Belə olan halda X7 ilə Cavabdeh1 QSC arasında xx.xx.2013-cü tarixdə bağlanmış 01M000001568 saylı ipoteka müqaviləsi bağlanan zaman iddiaçının razılığı tələb olunmalı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün vacib məqam olan – qeyri-yaşayış sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasını araşdırmayaraq iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materialları ilə mübahisələndirilən ipoteka müqaviləsinin başqa əsasla etibarsız hesab edilməsi üçün hallar müəyyən edilməmiş, eləcə də iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, X7 ilə Cavabdeh1 QSC arasında xx.xx.2013-cü tarixdə bağlanmış 01M000001568 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Apellyasiya şikayətində cavabdeh tərəf həmçinin iddia müddətini mübahisələndirsə də məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsası olması müəyyən edilmədiyindən, iddia müddəti məsələsinə qiymət verilməsinə zərurət yoxdur. Bundan başqa apellyasiya şikayətinin məzmununda cavabdeh tərəf həmçinin iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin həmin dəlilini vəsatət kimi qiymətləndirir və qeyd edir ki, işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri müəyyən edilmədiyindən iş üzrə xüsusi qərardadın çıxarılması məqsədəmüvafiq olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddia tələbi göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2(011)- 3778/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Arezoo Razavi Khabirin cavabdehlər Cavabdeh1 QSC-yə və X6 qarşı “X7 ilə Cavabdeh1 QSC arasında xx.xx.2013-cü tarixdə bağlanmış 01M000001568 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə