Məhkəmə qərarları › İş №2(103)-974/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-974/2024

23.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-974/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və pul tələbi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(004)-2302/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən, 210,3 m2 ümumi sahəyə malik mənzilin 2 otaq yaşayış sahəsi olmaqla 30,8 kv.m və 64.1 kv.m zirzəmi X2 adına, 66,7 kv.m sahəsi olan zirzəmi X5 adına rəsmiləşdirilmiş və sahəsi 20,9 kv.m. təşkil edən 1 otaqda isə İddiaçı1 5/12 hissədə payı, İddiaçı2 5/12 hissədə payı, İddiaçı3 1/12 hissədə payı və X1 1/12 hissədə payı olmaqla sadalananların ümumi paylı mülkiyyətindədir. Hazırda iddiaçılar, iş üzrə tərəflər arasında ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanda yerləşən 11 saylı mənzilin sahəsi 20,9 kv.m təşkil edən evin bir otağının hərraca çıxarılmasını tələb edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evdə yerləşən 11 saylı mənzilin sahəsi 20,9 kv.m təşkil edən sıxlaşdırılmış bir otağın mövcud bazar qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və satış pulunun paylarına mütənasib olaraq bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 13 saylı yaşayış evində yerləşən 11 saylı mənzil təcrid olunmuş sahələri 14 kv.m və 16.80 kv.m-dən ibarət 2 təcrid olunmuş otaqlardan, sahəsi 20.90 kv.m olan sıxlaşdırılmış 1 otaqlı mənzildən və ümumi istifadədə olan yardımçı sahələrdən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” ******* saylı Çıxarışı ilə Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 13 saylı evdə yerləşən 11 saylı mənzilin sahəsi 20,9 kv.m təşkil edən sıxlaşdırılmış bir otağına 5/12 hissədə İddiaçı1, 5/12 hissədə İddiaçı2, 1/12 hissədə açıq saxlanılmış, mərhum X1 varisi Cavabdeh, 1/12 hissədə İddiaçı3 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Qeyd olunan otağa hazırki iş üzrə cavabdeh X4 ilə birlikdə onların paylı mülkiyyət hüquqları təmin olunmuşdur. Dəfələrlə Cavabdeh edilmiş xəbərdarlıq və tələblərinə baxmayaraq sözügedən otaqdan Cavabdeh istifadə edir və onların həmin otaqdan hər hansı bir formada istifadələrinə imkan vermir. Bu hərəkətləri ilə cavabdeh otağa sahiblik və ondan istifadə barədə, habelə otağın bölünməsi və ya ondan payların ayrılması barədə heç bir razılığa gələ bilməmişlər. Otağın hazırki bazar qiymətinə uyğun paylara ayrılması barədə təkliflərinə cavabdeh münasibət bildirməmiş və öz hərəkətlərini davam etdirmişdir. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün paylı mülkiyyətdə olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 66 saylı rəyinə əsasən İddiaçı1 və digərlərin paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 kv.mtəşkil edən 1 otağının müqayisəli satışlar metodundan istifadə etməklə 13 iyul 2023-cü ilə hazırki bazar dəyəri 30000 manat, likvid dəyri 25000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(004)- 2302/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın bazar dəyərinin 30000 (otuz min) manat müəyyən edilməklə açıq hərracda satılması, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin 5/12 hisəsi İddiaçı1, 5/12 hissəsi İddiaçı2, 1/12 hissəsi İddiaçı3, 1/12 hissəsi isə Cavabdeh ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaitinin müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəlcə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-150/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin mülki işə əsasən mübahisəli ümumi paylı mülkiyyətdə olan otağın naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Mövcud vəziyyət tərəflərin mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaratdığından məhkəmə belə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və əldə olunmuş məbləğin tərəflərin paylarına mütənasib olaraq bölünməsi tələbi” ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Həmçinin Məhkəmə ekspertizanın verdiyi rəyin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2302/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə tapşırılmışıdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehin ekspertiza keçirilərkən orada iştirak etmədiyini, həmçinin həmin ekspertizanın şəffaf keçirilməməsini və orada hansısa maraqlar güdüldüyünü bildirmişdir. Tərəflər iştirak etmədən də ekspertiza keçirilə bilər. Amma ən azından ekspertizanın keçiriləcəyi gün daha öncədən tərəfə bildirilməli idi. Cavabdehin evdə olmadığı bir vaxtda ekspertizanın keçirilməsi və ya şəkillərin ümumiyyətlə ekspertin gəlib iştirak edərək şəkilləri çəkməsi cavabdehdə haqlı olaraq şübhə doğurur və cavabdeh düşünür ki, ekspert iddiaçı tərəfin maraqlarına xidmət etmişdir. Onu da qeyd edir ki, "xxxx" MMC-nin ekspertlərini İddiaçı1 şəxsən gətirmişdir. Cavabdeh buna görə də yenidən ekspertizanın keçirilməsini, onun valideynlərindən qalan yeganə mülkiyyətinin qiymətləndirilməsi üçün keçiriləcək ekspertizanın məhz dövlət ekspertiza mərkəzi tərəfindən aparılmasını da istəmişdilər. Cavabdeh tərəf ekspertin qoyduğu qiymətlə razı olmamışdır və bu gün də razı deyil. Daha sonra qətnamə ilə əsassız bir nəticəyə gəlinmişdir. Bu gün iddaçılar Cavabdeh dogulub böyüdüyü evlə baglı iddia qaldıraraq, onu bu ahıl yaşda mənzilin hərracda dəyərindən çox aşağı bir məbləğə satılaraq onu mənzilindən uzaqlaşdırmaq istəyirlər. İddaçıların hər biri maddi cəhətdən yaxşı imkana və şəraitə malikdirlər. Belə ki, İddiaçı3 Türkiyə Respublikasında yaşayır. Buna baxmayaraq Suraxanı rayonu, Yeni Günəşlidə yeni tikililərdə şəxsi evi var. Məsələdən də açıq aydın görünür ki, iddiaçılar cavabdehlə məhz prinsip aparırlar. Hal-hazırda mübahisə predmeti olan Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi 13 saylı evdə yerləşən 11 saylı mənzilin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” açıq hərracda satışından əldə ediləcək məbləğ çox gülüncdür. Həmin məbləğə Bakı şəhərində nə köhnə tikililərdə, nə də yeni tikililərdə mənzil əldə etmək qeyri-mümkündür. Nəzərə alınsa ki, bu gün Bakı şəhərində mənzillərin istər köhnə, istərsə də yeni tikililərdə satılan mənzillərin qiyməti çox bahadı. Bu gün Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2302/2023 saylı qətnaməsində qət edildiyi Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın açıq hərracda satışından cavabdehə düşəcək 2000-2500 manata 1 kv.m. belə əldə etmək qeyri-mümkündür. Bəs hərrac reallaşarsa, cavabdeh bu gün özünə necə mənzili ala biləcək. Hal hazırda bu məhkəmə qərarı ilə Cavabdeh olduqca əlverişsiz vəziyyətə salınmaqdadır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

“İcra haqqında” Qanun:

51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il Qərarı

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın bazar dəyəri 30000 (otuz min) manat müəyyən edilməsi hissəsində ləğv edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, 210,3 m2 ümumi sahəyə malik mənzilin 2 otaq yaşayış sahəsi olmaqla 30,8 kv.m və 64.1 kv.m zirzəmi X2 adına, 66,7 kv.m sahəsi olan zirzəmi X5 adına rəsmiləşdirilmiş və sahəsi 20,9 kv.m. təşkil edən 1 otaqda isə İddiaçı1 5/12 hissədə payı, İddiaçı2 5/12 hissədə payı, İddiaçı3 1/12 hissədə payı və X1 1/12 hissədə payı olmaqla sadalananların ümumi paylı mülkiyyətindədir. Zinyət İsmayılova vəfat edib, Cavabdeh onun qızıdır və halhazırda mübahisəli otaqdan istifadə edir. İlk öncə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 150/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin mülki işə əsasən mübahisəli ümumi paylı mülkiyyətdə olan otağın naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən paylı mülkiyyətdə olan payın açıq hərracda satılmasına qədər olan prosessual qaydalara iddiaçılar tərəfindən riayət edilmiş, heç bir nəticəsi olmadığından əmlakın açıq hərracdan satışa çıxarılması hazırki halda qanuni və əsaslıdır. Cavabdeh isə apellyasiya şikayətində iddiaçıların hər birinin maddi cəhətdən yaxşı imkana və şəraitə malik olmasını bildirməklə, qeyd etmişdir ki, iddiaçıların həmin mənzilə ehtiyacı yoxdur. Onun isə həmin mənzilə ehtiyacı vardır. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, tərəflərin mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yarandığından iddiaçılar ilk öncə əmlakın natura bölünməsini tələb etmiş, bu mümkün olmamışdır. Həmçinin qanunvericiliyin tələblərinə əsasən əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki vəziyyətdə isə iş materiallarında olan yazışmalarla müəyyən edilmişdir ki, cavabdeh kompensasiya vermək istəmir və belə olan halda da iddiaçılar hazırki tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi əmlakın açıq hərracda satılması və açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına uyğun olaraq bölüşdürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin faktiki halları baxımından hesab edir ki, Mülki Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq, mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılması üçün əsaslar olduğundan cavabdehin müzakirə edilən dəlilləri əsassız olmuş, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda satış qiymətinin müəyyən edilməsinin hüquqi əsası yoxdur. Apellyasiya şikayətinin “mənzilin qiymətləndirilməsi üçün təkrar ekspertiza keçirilməsi və real bazar qiymətinin müəyyən olunması” dəlili ilə bağlı kollegiya qeyd edir ki, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edərkən məhkəmənin həm də əmlakın hərracdan satış qiymətini müəyyənləşdirməli olması qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Əksinə, Mülki Məcəllənin 414.4-cü maddəsində hərracın auksion və ya müsabiqə formasında keçirildiyi, ən yüksək qiymət təklif etmiş şəxsin auksionda hərracı udmuş sayılacağı, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxsin isə müsabiqə üzrə hərracı udmuş sayılacağı müəyyənləşdirilmiş, beləliklə də, əmlakın hətta real dəyərindən də yüksək qiymətə satılması üçün imkan yaradılmışdır. Bundan başqa Mülki Məcəllənin 220-ci maddəsində paylı əmlakın açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılarkən əmlakın satış qiymətinin müəyyən edilməsi vəzifəsi müəyyən olunmamışdır. İcra icraatında əmlakın qiymətləndirilməsi əsasları və qaydaları da “İcra haqqnda” Qanunun 51-ci maddəsində müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilikdə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi nəzərdə tutulsa da əmlakın bazar dəyərinin müəyyən edilməklə açıq hərracda satılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən Qanunun 61.1, 61.2 və 51.1-ci maddələrinin tələbləri baxımından əmlakın açıq hərracdan satılması barədə məhkəmə qətnamələrinin icrası zamanı əmlakın qiymətinin müəyyən olunması icra məmurunun dəvət etdiyi qiymətləndirici tərəfindən həyata keçirilir. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, qiymət özlüyündə daşınmaz əmlak bazarında tələb və təklif əsasında formalaşmaqla yanaşı, sabit olmayıb, bir sıra amillərin təsiri altında dəyişə bilər. Açıq hərracda satılmalı olan əmlakın işə baxmış birinci instansiya məhkəməsində müəyyən edilən qiyməti, həmin qətnamənin qanuni qüvvəyə minərək, icra məmuru tərəfindən hərrac təşkilatına sifariş edilənədək dəyişməsi mümkündür. Xüsusilə, birinci instansiya məhkəməsinin qətnaməsindən yuxarı məhkəmə instansiyalarına şikayət verilməsi, icra icraatı mərhələsində mümkün obyektiv ləngimələr səbəbindən qiymətin müəyyən olunduğu tarixdən hərracın keçirilməsinədək kifayət qədər uzun müddət keçməsi gözləniləndir. Bu halda, ötən müddət ərzində əmlakın qiymətinin dəyişməsinə görə yenidən qiymətləndirilməsi üçün əsasların yaranması gözləniləndir ki, bu da birinci instansiya məhkəməsində aparılan qiymətləndirməni əhəmiyyətsiz etmiş olur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracda bazar qiymətinin müəyyənləşdirilməsi qətnamənin icra mərhələsində həyata keçirilməli olduğundan, birinci instansiya məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın bazar dəyərinin müəyyən edilməsi barədə düzgün olmayan nəticəyə gəldiyindən qətnamə həmin hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(004)- 2302/2023 nömrəli qətnaməsi qismən - Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 11 saylı mənzilin, sahəsi 20,90 m2 təşkil edən 1 otağın bazar dəyəri 30000 (otuz min) manat müəyyən edilməsi hissəsində ləğv edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar