Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9759/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Yuliya Sadikovanın, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakı tələb olunur, lakin həmin tələbə riayət edilməsini təsdiq edən arayış möhür ilə təsdiq edilməyib. Hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 152.1.6-1-ci maddəsinin göstərişinə istinad olunub. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, MPM-in 4.6-cı maddəsinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 152.1.6-1-ci maddəsinə görə isə “Mediasiya haqqında” Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı həmin qaydaya əməl edib və müvafiq sənədi, yəni “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə” 16.08.2021-ci il tarixli arayışı iddia ərizəsinə əlavə edib (iş v. 57). Həmin arayış məhkəməyə təqdim edildiyi zaman onun möhürü olmayıb. “Mediasiya haqqında” Qanunda arayışın möhürlənməsi birbaşa nəzərdə tutulmayıb. Lakin sənədlərin rəsmiləşdirilməsi qaydaları onun möhürlənməsini tələb edir. Odur ki, “Mediasiya haqqında” Qanunda “arayış” deyildikdə möhürlü arayış nəzərdə tutulur, arayışa möhür vurulmasının qanunda xüsusi qeyd olunmasına zərurət yoxdur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı arayışa möhür vurulmamasına görə məsuliyyət daşımır. İddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edildikdən sonra iddiaçı eyni arayışın möhürlü nüsxəsini əldə edib və qərardaddan verdiyi şikayətə əlavə edib (iş v. 56). Bu isə onu təsdiq edir ki, iddiaçı həqiqətən də üzərinə düşən vəzifəni yerinə yetirib, yəni məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak edib. Belə halda birinci instansiya məhkəməsi öz qərardadını ləğv etməli və iddia ərizəsini icraata qəbul etməli idi. Bu qayda MPM-in mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin mənasından irəli gəlir. MPM-də müəyyən olunmuş normalar məhkəmələr tərəfindən formal deyil, qanunvericinin nəzərdə tutduğu məna və məqsədlərə uyğun tətbiq edilməlidir. Beləliklə, qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9759/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9759/2021
01.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver