Məhkəmə qərarları › İş №2(103)-976/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-976/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-976/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(“mənzildən çıxarılma”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3034/2022 saylı işi üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus, xüsusi mülkiyyəti olan ünvan 1, mənzil 40-dan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinə etiraz etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3034/2022 saylı işi üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 29, 71; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Sporronq və Lonnpot İsveçə qarşı” işi üzrə Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işi üzrə Qərarına; Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə "Marks Belçikaya qarşı” işdə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2, 152.1, 152.5, 157.2, 157.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia təmin edilməlidir. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mənzilə qeydiyyatı və istifadə hüquqları olmadığından, Cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Tərəflər faktiki nikah münasibətlərində olmuş və bu münasibətlərdən üç övladları olmuşdur. Lakin tərəflərin rəsmi nikahları olmamışdır. Belə ki, tərəflər arasında mənzilin mülkiyyətçisi arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmamış və cavabdehin istifadə hüququ tanınmamış, cavabdehin sözügedən mənzilə münasibətdə hər hansı əşya hüququnun olmadığını, cavabdehin halhazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsinin mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozduğunu və mənzilin hazırda İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh etirazında mübahisəli mənzilin təmir etməsinə dair göstərdiklərinə münasibətdə isə, qeyd olunan hal məhkəmə iclasında sübuta yetirilməmiş, cavabdeh isə bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmiş, cavabdehin göstərdikləri iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - ünvan 1 ünvanında yerləşən 86,8 kv.m ümumi sahəsi olan 40 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyət kimi daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır; tərəflərin faktiki nikah münasibətlərindən X5 X2 və X4 müvafiq olaraq xx.xx.2009-cu il, xx.xx.2011-ci il və xx.xx.2014-cü il tarixlərdə doğulmuşlar (iş səh. 4, 6, 7, 8). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, Nizami rayon Məhkəməsinin 2(007)-3034/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228; Mülki Prosessual Məcəlləsinin 14, 217 maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasındakı ailə münasibətləri 2008-ci ildə yarandığından və iddiaçının özünündə etiraf etdiyi kimi onlar faktiki nikahdan sonra həmin mənzilə köçüb orda yaşadıqlarından və tərəflərin hazırda yetkinlik yaşına çatmayan 3 övladları olduğundan hazırki mübahisəyə baxan 1-ci instansiya məhkəməsi MM-nin 228-ci maddəsini tətbiq etməklə hüquqi qiymət verməli idi. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2 maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair razılaşma olmadıqda bu hüquqa mülkiyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi, tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mənzil faktiki olaraq iddiaçının xüsusi mülkiyətində olmuş olsa da, 1-ci inistansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər nikaha daxil olduqdan sonra cavabdeh iddiaçının (mülkiyətçinin) razılığı əsasında həmin mənzilə gəlin köçmüş və orada yaşamağa başlamışdır. Hazırda həmin mənzildə cavabdehin cehiz əşyaları var və mənzildə iddiaçı ilə birlikdə uzun illər birgə təsərüffat idarə etmişlər. Hesab edir ki, belə olan halda onun həmin mənzildən istifadə hüququ yaranmışdır və 1-ci inistansiya məhkəməsinin onun mənzildən çıxarılmagıyla bağlı qəbul etdiyi hüquqi mövqe düzgün olmamışdır. Azərbaycan Respublikası MM-nin 228.5. maddəsinə əsasən, “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istiiadə etmək hüququna malikdirlər”. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə dair xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, MM-nin 228.5-ci maddəsinin Mülkiyətçinin razılığı” müddəası həmin məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydada təsdiqlənin razılaşmanı nəzərdə tutduğunun, MM-nin 228.5-ci maddəsinin“ Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasının Azərbayacan Respublikası Konsititusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası MM-nin 228.2 maddəsinə uyğun həll edildiyi göstərilmişdir. məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflər arasında olan fatki hüquq münasibətləri düzgün təhlil edilməmiş, nəticədə tətbiq edilən hüquq normalarıda yalnış tətbiq edilmişdir. 1-ci inistansiya məhkəməsi tərəflər arasında olan bütün faktiki halları araşdırmamışdır. Belə ki, faktiki hallar dedikdə tərəflərin faktiki nikahda olmalarını, onların faktiki nikahlarından 3 övladlarının olmasını eyni zamanda Cavabdeh İddiaçı ilə 2008-ci ildə toy edildikdən sonra həmin mənzilə məhz iddiaçının təşəbbüsü və razılığı ilə köçməsini, orda iddiaçı ilə birlikdə yaşayaraq birgə təsərrüfat aparmasını və hal-hazırda həmin mənzildə yaşamasını araşdırmamışdır, bu hallara hüquqi aspektdən yanaşmaqla düzgün qiymət verilməli birgə təsərüffat aparılması hətda ailə olmağımız artıq həm cavabdeh həm də məhkəmələr tərəindən müəyyən edilməsi yəni tərəflrərin rəsmi nikahı olmasa da, onların rəsmi şəkildə ailə qurmaları təkzib edilmədiyindən ailə münasibətlərini tənzimləyən qanunvericiliyin normaları faktiki nikah münasibətlərinədə şamil edilməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 40 saylı mənzildə, cavabdeh Bərdə rayonu Həsənqaya kəndində qeydiyyatdadırlar.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 tərəflər arasında nikahın olmadığını, cavabdehin onun himayəsində olan övladı ilə birlikdə uzun müddət Bərdədə, hal-hazırda isə Bakıda yaşadığını, iddiaçının özünün kirayədə qaldığını,mübahisəli mənzilin iddiaçının atasının xidməti mənzili olduğunu, atası vəfat etdikdən sonra anasının öz payından iddiaçının xeyrinə imtina etdiyini,öz payını oğluna bağışladığını,mənzilin nikah dövründə əldə edilmədiyini, miras əmlak olduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mənzili 2013-cü ildə atası rəhmətə getdikdən sonra vərəsəlik qaydasında əldə etdiyini bildirmişdir. 9.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-158, 178, 213, 225, 228, Mənzil Məcəlləsinin 30-34, Ailə Məcəlləsnin 31-37; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

12. Nəzərə alınmalı olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir; 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır; 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair) 2 noyabr 2010-cu il Qərarı ilə faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələrin qanunvericiliklə tanınmadığı qeyd edilmişdir. Ona görə apellyasiya şikayətində qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddesinin münasibətlərə təfsir edildiyi təqdirdə belə. cavabdehin hüquqları müəyyən edilmir. Belə ki, tərəflər arasında qohumluq münasibətləri və yaşayış sahəsindən istifadə üçün razılaşma rəsmiləşdirilməmişdir.

16. Mülki Məcəllənin 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

17. Diqqətə çatdırılmalıdır ki, hazırki mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyyətdə olması, cavabdehin mülkiyyətçiyə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə faktiki nikah münasibətləri üzrə (sənədsiz evə belə) hər hansı hüquqi nəticələrin doğurmadığı müəyyən edilir. Apellyator tərəfindən iddiaçı ilə münasibətlər zamanı əmlak hüquqlarının yaranmasının mübahisələndirilməməsi bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir.

18. Kollegiya qeyd edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3034/2022 saylı işi üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar