Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9775/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "X3" MMC-yə (3-cü şəxs: "xxxx" MMC) qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çlxarılma və mənzilin boşaldılması tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(001)- 4623/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "X3" MMC-yə qarşı qarşı iddia ərizəsi və sonradan iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında 05.08.2013-cü ildə Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində ATS-in qərbində tikintisini həyata keçirdiyi 19 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 64 saylı mənzillə təmin olunmasına dair müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Kazımovski küçəsi, bina 54-56, blok A, mənzil 64-dən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.08.2021-ci ildə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış 04.12.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın və texniki pasportun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə nisbətdə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(001)-4623/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh1 məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(001)-4623/2021 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qarşılıqlı iddianın əsası məhkəmənin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında istinad etdiyi halların heç biri ilə üst-üstə düşmür. Bu iddia “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.05.2014-cü il tarixli qərarının müəyyən etdiyi hüquqi mövqeyə görə həll edilməlidir. Qarşılıqlı iddia mülki hüquqi müqavilədən irəli gəldiyi üçün mülki icraat qaydasında baxılmalıdır. Eləcə də qarşılıqlı iddianın verilməsi üçün əsas məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Sadalanan səbəblərə görə qarşılıqlı iddia icraata qəbul olunmalı və ilkin iddia ilə birlikdə baxılmalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(001)- 4623/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh və 3-cü şəxsin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə, 17-ci bəndinə yeni redaksiyada verilmişdir.) Həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən MPM-nin 155.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsində mübahisələndirilən çıxarış inzibati akt əsasında aparılmış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir, qeydiyyat hər hansı mülki-hüquqi əqd əsasında aparılmayıb və belə olan halda qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin gəldiyi həmin qənaəti əsaslı sayır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(001)-4623/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9775/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9775/2021
05.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver