Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9777/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Ərizəçi Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının nümayəndəsi Məmmədova Yeganə Bayram qızının iştirak ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5090/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadından ərizəçi Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı (maraqlı şəxs qismində Bakı Dövlət Universiteti cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, lakin məhkəmənin 11 iyun 2021-ci il tarixli, 2(001)-5090/2021 saylı qərardadı ilə ərizə geri qaytarılmış və ərizəçiyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizələrin yaşayış yeri üzrə məhkəməyə verilməli olduğu izah edilmişdir. Hazırda ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(001)-5090/2021 saylı qərardadından şikayət verərək həmin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Olduğu yer üzrə də Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Xocasən qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14- 15-14-18/72 nömrəli, 24 may 2001-ci il tarixli arayışını ərizəyə əlavə etmişdir. Onun rəsmi qeydiyyatı Gədəbəy rayonu olsa da, 2000-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində ailəsi və ikiazyaşlı övladı ilə birlikdə yaşayır. Göründüyü kimi, qanunvericilikdə də qeydiyyatda olduğu deyil, olduğu yer üzrə ərizənin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını istisna edən hal yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5090/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(001)- 5090/2021 saylı qərardadının ləğv edilməsi, ərizəçi Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının (maraqlı şəxs qismində Bakı Dövlət Universiteti cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, ərizəçinin təhsil müəssisəsini bitirməsi ilə bağlı sənədin verilməsindən imtina edildiyi təqdirdə həmin sənədi verməli olan inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilməsi izah edilmiş, şikayətin digər hissədə təmin edilməməsi, ərizəçi Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə qaytarılması qərara alınmışdır. Qərardaddan ərizəçi Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı şikayət verərək, həmin qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmağa davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5090/2021 saylı 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının nümayəndəsi Məmmədova Yeganə Bayram qızı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5090/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 14.1. və 114.1.2-cİ maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, məhkəmə tərəfindən xüsusi icraat qaydasında hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, habelə ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 9 və V bəndlərinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar sayılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2, 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halda birinci instansiya məhkəməsi ərizəsinin icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdır. Eyni zamanda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya izah edilməlidir ki, o, təhsil müəssisəsini bitirməsi ilə bağlı sənədin verilməsindən imtina edildiyi təqdirdə həmin sənədi verməli olan inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilər. Şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5090/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5090/2021 saylı 16 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9777/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9777/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver