Məhkəmə qərarları › İş №2(103)-9779/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9779/2021

08.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9779/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(008)- 1959/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qalıdraraq ünvan 1 ünvanında yerləşən 2 otağın hər birinə ayrıca giriş-çıxış qapısının müəyyən edilməsi, 2-ci mərtəbədə cavabdehin köçürüldüyü otağa ayrıca giriş qapısının açılması, evin hər bir istifadəçisinə ayrıca kommunal xidmətlərinin (su, qaz, işıq, telefon) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, qeyd edilən evi əri ilə birlikdə almış və yaşamışlar. Ev 2 mərtəbəli evdir. Əri öz anasını birinci mərtəbədə yerləşdirmişdir. Ərinin birinci arvadından olan qızı Cavabdeh1 həmin evdə heç bir zaman yaşamamğına baxmayaraq iddiaçıdan xəbərsiz evə qeydiyyata düşmüş, sonradan atası bəzən Günayı həmin evə gətirmiş, Günay birinci mərtəbədə nənəsinin yanında olurdu. Əri 2016-cı ilə ölmüşdür. Günay məhkəmə qətnaməsi əsasında həmin evə köçürülmüşdür. İcra məmurları tərəfindən Qünay ikinci mərtəbəyə köçürülmüş, halbuki o, nənəsinin yanında birinci mərtəbədə yaşamışdır. Evin kommunal xidmətlərinin haqqını cavabdehlər ödəmirlər. Bundan başqa, Günay hər gələndə iddiaçı ilə mübahisə edir, nənəsi Cavabdeh2 ilə birlikdə hədə-qorxu gəlirlər. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(008)-1959/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(008)-1959/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik tələb etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının yaşadığı evdə həmin evdən istifadə edənlər arasında istifadə qaydası müəyyən edilməli və hər bir evin isifadəçisinə kommunal xətlər ayrılmalı və evin 2-ci mərtəbəsində iddiaçı ilə birlikdə istifadə evdən Cavabdeh1 arasında evə giriş çıxış ayrılmalıdır. İddiaçı bu barədə cavabdehə bildirməyinə baxmayaraq, cavabdeh onun təklifinə əhəmiyyət vermir və əksinə olaraq ona bildirir ki, o həmişə evin bölünməsinə və evə ayrıca giriş-çıxış düzəldilməsinə imkan verməyəcəkdir. Tərəflər arasında gələcəkdə heç bir problem olmasın deyə sözügedən evdə istifadə qaydası müəyyən edilməli, evin 2-ci mərtəbəsində hər birinin otağına ayrıca giriş-çıxış müəyyən edilməli və evin kommunal xətləri ayrı- ayrılıqda quraşdırılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X2 apellyasiya şikayəti müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(008)-1959/2021 saylı qətnaməsi iddianın Cavabdeh2 aid təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). ünvan 1 ünvanında yerləşən ev (sonradan – mübahisəli ev) özbaşına tikilidir. İddiaçı və Cavabdeh1 həmin evdə qeydiyyatdadılar. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 istifadə hüququnun mövcud olmaması və qeydiyyatdan çıxarılması barədə İddiaçı iddiası rədd edilmiş, mübahisəli mənzilə köçürülmə barədə Cavabdeh1 iddiası təmin edilmişdir. İddiaçının izahatına görə, Cavabdeh1 ikinci mərtəbəyə köçürülmüşdür, halbuki məhkəmə qətnaməsində Günayın evin hansı hissəsinə köçməsi barədə göstəriş olmamışdır. Hazırda iddiaçı 2 otağın hər birinə ayrıca giriş-çıxış qapısının müəyyən edilməsi, 2-ci mərtəbədə cavabdehin köçürüldüyü otağa ayrıca giriş qapısının açılması, evin hər bir istifadəçisinə ayrıca kommunal xidmətlərinin (su, qaz, işıq, telefon) ayrılmasını istəyir. Məhkəmə aşağıda qeyd olunan hüquqi əsaslara görə iddianın əsassız və qanunsuz olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edildiyi kimi, mübahisəli ev iddiaçının adına dövlət qeydiyyatından keçməmişdir. Belə bir iddianın qaldırılması üçün iddiaçının mülkiyyətçi və ya qanuni sahib olması vacibdir. Yuxarıda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində İddiaçı iddiasının rədd edilməsi üçün əsaslardan biri onun Günaya qarşı iddia qaldırmaqda subyektiv hüququnun olmaması olmuşdur. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin evdə İddiaçı və Cavabdeh1 ilə yanaşı 16 nəfər qeydiyyatdadılar və onların heç birinin yaşayış sahəsin üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddia ilə də müraciət edə bilməzdi. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməməklə, düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(008)- 1959/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar